Rafiq Əliyev: «Mən oynayarkən bir uşağa çevrilirəm»
   
   Akytor Rafiq Əliyev. Kino rollarının yarıdan çoxu mənfi qəhrəmanlardır. Amma bilənlər bilir - yalnızca səsinə və görkəminə görə onu sevimli adamlar kateqoriyasına aid etmək olur. Belə adamları ən çox uşaqlar sevir. Bütün bu sevimliliyi, nəşəliliyi ilə o, Nazim Hikmətin vaxtilə Mikayıl Rəfiliyə aid etdiyi «yepyekə bir oyuncaq» bənzətməsini xatırladır. Ona görə də rollarını, mənfisinə-müsbətinə baxmadan sevmək olur. Ona görə də “İbrus”dakı qəhrəmanı Tartüf Aqayeviçi tamaşanın sonunadək şübhə yeri qoymadan sevirlər.
   Aktyorluğa gəlincə isə ona «çiyninə bütöv bir filmin, bütöv bir tamaşanın yükünü götürə biləcək bir qiqant» epiteti uyğun gəlir.
   Bir müsahibə girişi üçün yazılanlar çox şişirdilmiş olmasın. Amma bir halda ki, aktyor, rejissor, prodüser, müəllim, xalq artisti Rafiq Əliyevin nə az-nə çox, altmış yaşı tamam olur, bu deyilənlər də azdır.
   
   - Rafiq müəllim, altmış yaş bir az ağır səslənir. Necədir sizinçün, özünüzü bu yaşda hiss edirsinizmi ki?

   - Yox, yox, heç özümü altmış yaşında hiss etmirəm. Daxildən o altmış yaşa yaxın durmaq istəmirəm. Hərəkət etmək istəyirəm (gülür). Altmış yaş bir az adamı qorxudur.
   - Yəqin gəlişmiş bir yaşdır ona görə...
   - Hə də, nəsə yekuna yaxınlaşmış bir rəqəmdir.
   - Bu, həm də elə bir yaşdır ki, yanına gələn jurnalist belə sual verəcək - necə düşünürsünüz, bu yaşadək aktyor kimi, ümumiyyətlə, yaradıcı insan kimi özünüzü, öz imkanlarınızı realizə edə bilmisinizmi?
   - Yox, yox, yenə də yox. Edə bilməmişəm. Dərd orasındadır ki, mənim fəaliyyətim rus dili ilə bağlıdır. Fəaliyyətə 1975-ci ildə Gənc Tamaşaçılar Teatrında başlamışam. Təəssüflər olsun ki, rus bölməsindəki tamaşalara bir o qədər də diqqət yetirmirdilər. İndi elə deyil. Mənimsə əsas oynadığım rollar Gənc Tamaşaçılar Teatrının rus bölməsində olub. Bu altmış illiyə görə material toplamaq istəyirdim ki, kiməm, nə etmişəm, nəyə gəlib çıxmışam. Gözəl tamaşalardan - bunların çoxu da Azərpaşa Nemətin quruluş verdiyi tamaşalar idi («Bumbaraş», «Buraxılışdan sonrakı gecə, «Ötən ilin son gecəsi», «Necəsən, cavan oğlan?») və orada baş rolları oynayırdım - çox az material tapdım. «Üç muşketyor»da Aramisi, «Aprel səhəri»ndə Müseybi, «buratino»da Karabas-Barabsı xatırlada bilərəm...Təssüflər olsun ki, o tamaşalardan heç nə qalmayıb. Necə deyərlər, hamısı keçmişə gömüldü, heç yerdə qeyd olunmadı. Tək-tük şəkillər qalıb. Amma son iki-üç ildə fəaliyyətim yenidən yüksəldi. Rüstəm İbrahimbəyovla birgə 2000-ci ildə “İbrus” teatrını yaratdıq və indi orada çalışıram.
   Bir il əvvəl isə Teatr Xadimləri İttifaqında «Zəfər Teatrı»nı yaratdıq. Bu teatrın hələ ki, iki tamaşası var - biri «Kaktus gülü» adlanır. Orada mən aktyor kimi iştirak edirəm, «Afinalı Timon» tamaşasının isə prodüseriyəm.
   - Bəs Gənc Tamaşaçılar Teatrı?
   - Orada mən quruluşçu rejissor kimi fəaliyyət göstərirəm. Bu teatrın islahatlardan əvvəlki vaxtlarında - rus bölməsi olanda rejissor kimi 20-ə yaxın tamaşam var idi. Bu teatrın rus bölməsini Rus Dram Teatrına birləşdirdikdən sonra mən rejissor kimi bir boşluğa gəlib çıxdım. Gənc Tamaşaçılar Teatrında bir tamaşam - Süleyman Rustəmin pyesi əsasında hazırlanan «Çimnaz xanım yuxudadır» komediyası. Vəssalam. Amma “İbrus”da aktyor və rejissoram, burada aktyor və prodüserəm. İncəsənət Universitetinin estrada aktyorluğu fakültəsində dərs deyirəm. Gələn il buraxılış kursumdur.
   - Hərçənd, bunlar epizodik olmasa da, ikinci dərəcəli rollardır - «Ərazi»dəki ağsaqqal obrazı istisna olmaqla... Bu film sizin işinizin hesabına janr, ideya və ifadəlilik baxımından bütövlənib. Hərçənd ideyanın özündə bir ziddiyyət var.
   - Əlbəttə, bu sual filmin rejissoruna aiddir daha çox. Mən «Ərazi»də rola bir qədər qrotesk əlavə etmişəm.
   - Ümumiyyətlə, ağsaqqal anlayışına münasibətiniz necədir? Zidd fikirləriniz yoxdur ki?
   - Ağsaqqal böyük deməkdir. Əlbəttə, ağsaqqal ağsaqqal sözünə layiq olanda. Böyüksüz ev, böyüksüz söhbət, böyüksüz təşkilat olmasın. Böyük də, böyük mənada böyük olsun. diktator yox.
   - Təşkilat demişkən, Teatr Xadimləri İttifaqında neçə ildir çalışırsınız?
   - Artıq ikinci çağırışdır. Bu il konfrans keçirmişdik. İlk dəfə beş il əvvəl idarə heyətinə seçilmişdim. Bu il də sədr müavini vəzifəsinə seçildim.
   - İttifaqın fəaliyyətində istiqamət nədir? Nəyi hədəfə almısınız, nə işlər görülüb, nə işlər görüləcək?
   - İstiqamət Azərbaycan teatrının inkişafıdır. Gecələr, təntənəli mərasimlər bir yana qalsın, gündəlik cari işlər var. Məsələn, zalımız pis vəziyyətdə idi. Bu zalı öz gücümüzə təmir etdik. İndi təmirə bağlanmış teatrlar bu zalda tamaşalar oynayırlar. Konfranslar keçiririk. Tanınmış və gənc teatrşünasları dəvət edirik. Bu, tənqidçilərin peşəkarlaşmasına xidmət edir.
   İki ildir çalışırıq ki, Moskvada keçirilən Çexov festivalının bir qolu Bakıda keçirilsin. Bu, dünyada məşhur, nüfuzlu bir festivaldır. Mədəniyyət və Turizm Nazirliyinin köməyilə təsdiqləndi və buna imkanlar yarandı. Gələn il «Çexov festivalının ipək yolu» adlı beynəlxalq festival burada keçiriləcək. Bu, qarşıdakı ən böyük işimizdir və onu yüksək səviyyədə keçirməliyik. Çünki bizə ilk dəfə belə imkan yaradıblar. Bu işlərin görülməsində Mədəniyyət və Turizm Nazirliyinin köməyi çox böyük olub.
   - İttifaqın «Procent» prodüser mərkəzinin işləri nə dərəcədə effektlidir?
   - Biz ittifaqın nəzdində prodüser şöbəsi açdıq. Xatirinizdədirsə, teatr haqqında qanunda bir prodüserlik institutu nəzərdə tutulurdu. İlk olaraq biz şöbə açdıq. Şöbənin nəzdində «Procent» şirkəti açıldı. Gözəl də işləyirlər. İki tamaşanı böu prodüser mərkəzi həyata keçirdi - «Afinli Timon» və «Kaktus gülü». Onlar caz festivalının da keçirilməsində, rəqs qrupunun «Bal rəqsləri» tədbirində də, «Buz üzərində fiqurlu rəqs» kimi maraqlı tədbirləri də işlədilər. Hər halda, onlara müraciət edənlərə kömək edirlər.
   Bilirsiniz, prodüser sözü ortalığa atılıb, amma onun transkripsiyası verilməyib. Qəribə bir forma yaranıb. Mədəniyyət və Turizm Nazirliyi pul ayırır, hansısa prodüser qrupu bu pulu götürüb işə başlayır.
   - Bu kinoda belədir.
   - Hə. Amma belə olmalı deyil. Bu, sadəcə dövlətin kinonun, prodüser mərkəzlərinin inkişafına dəstəyidir. Heç olmasa bu mərkəzlər dövlətlə əlli-əlliyə işləyə bilər. Vəsaitin yarısını dövlət verirsə, yarısını o özü tapmalıdır. Onda nəticə də yaxşı alınar. Prodüser rejissoru düzgün seçməlidir. O, rejissora uyğun material verməlidir. Prodüserin işi təkcə pul tapmaq deyil.
   - İttifaq prodüser sisteminin işlək hala gətirilməsi üçün bu təcrübənin yayılmasında nələr edir?
   - Bizim bir sıra planlarımız var. Gələn ildən kurslar keçirəcəyk. Sadəcə, hələlik imkanlarımız azdır. Master-klasslar, kurslar keçməyi nəzərdə tuturuq. Planlarımızın qırx faizini həyata keçirə bilsək, böyük iş görmüş olacağıq.
   - Rafiq müəllim, eşitdiyimizə görə, serial çəkirsiniz...
   - Hə, bir prodüser firması məni rejissor kimi dəvət etdi. Doğrusu, mən belə işə bəlkə də cürət etməzdim, amma bədii rəhbər Ramiz Fətəliyev olduğu üçün arxayınca, gözübağlı razılaşdım. Bu iş mənə çox ləzzət etdi. Biz bir yox, iki serial işləmişik. Bunlardan biri «Həmişə siz gələsiz» adlı sitkom deyilən bir formada hazırlanmış televiziya tamaşalarıdır. Türkiyədə bu janr çox yayılıb. «Sitkom» komedik vəziyyətlər deməkdir. Mən bu serialda quruluşçu rejissoram. Yaxşı aktyorlar dəvət etmişik - Yaşar Nuri, «Çal-çağır» Dilarə, Qurban İsmayılov, Gənc Tamaşaçılar Teatrından bir çox aktyorlar iştirak edir. Əlli dörd seriya olacaq.
   Daha bir iş isə polis serialıdır. Burada da Ramiz Fətəliyevlə birgə quruluşçu rejissoram.
   Birincinin səkkiz seriyası hazırdır. Paralel olaraq ikinci serialın da pilot versiyası kimi iki seriyasını çəkmişik. Bu da iyirmi dörd seriya olacaq. Elə sitkomda iştirak edən aktyorlar burada da iştirak edəcək. Bu serialda əsas rollardan birini mən oynamışam. İndi prodüser telekanallarla işləyir.
   - Bayaq dediniz bu yubileylə bağlı material toplamağa çalışmısınız. Ən yaxşı işinizi təqdim etməli olsanız, hansı rolunuzu seçərsiniz?
   - Mən oynayanda bir uşağa çevrilirəm. Dünyanı o adamın xasiyyəti, dünyagörüşü ilə öyrənməyə çalışıram. Ona görə də hamısı maraqlıdır.
   - Nə arzularınız, nə istəkləriniz var - sənətdə, həyatdan?
   - Xüsusi bir arzum yoxdur. Düzdür, etmək istədiym çox şeyləri edə bilmədim. Mən Gənc Tamaşaçılar Teatrında aktyor işləyəndə teatr on il bağlı qaldı. Bu on ildə mən Romeo, Hamlet, Kral Lir oynaya bilərdim. Amma indi mənimçün fərqi yoxdur - bu tanınmış bir əsərdir, yoxsa tanınmamış müəllifin əsəridir.
   Uşaqlar üçün oynamaqdan, nəsə hazırlamaqdan xoşum gəlir. Uşaqlar üçün oynamaq daha maraqlı və şərəflidir. Onların həvəsi, inamı həqiqidir. Tamaşa zamanı zala baxanda onların gözlərini görmək... Uşaqların gözləri bu məqamda adama dəhşətli dərəcədə təsir edir. Onlar inanırlar. Mən bundan ləzzət alıram.
   Mən istəyirəm ki, mənim övladlarım, nəvələrim ictimaiyyətə, dövlətə lazım olan adamlar olsun.
   - Rafiq müəllim, gözlədiyiniz hədiyyə varmı?
   - Yox. Nə hədiyyə... Tələbələrimin sevgisi özü bir hədiyyədir. Həyat özü hədiyyədir. Ona layiq olmaq lazımdır.
   
   ALİYƏ







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar