Uşaq filmləri rejissoru Tofiq İsmayılovla ayaqüstü söhbət
   
   Onu tele-məkanda, efirdə, təhsil aldığım universitetdə tez-tez görürdüm. Azərbaycanın xalq artisti, kinorejissor Tofiq İsmayılovu deyirəm. O, “Türkiyə Cümhuriyyətinin Cinema tarixi ensiklopediyası”nın (üç cildlik), beş uşaq kitabının müəllifi, 30-a yaxın sənədli, bədii və televiziya filminin rejissorudur.
   
   - Rejissorluq Tofiq İsmayılovun uşaqlıq arzusu idimi?
   - Təbii ki, o dövrlərin ən ağır, ən qəzalı illərində incəsənət öndə duran sahələrdən biri idi. Yəni incəsənət, ədəbiyyat deyilən sahələrdə insan özünə təsəlli tapırdı, öz dünyasını yaradırdı. Yəqin ki, məni də incəsənətə sövq edən məhz bu idi. Uzun illər Gənc Tamaşaçılar Teatrında aktyor kimi işlədim. Adil İsgəndərov, Zəfər Nemətov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi rejissorların işlərini, tamaşalarını görmüşdüm. Elə buna görə də M.A.Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirdim və uzun illər radio-televiziyada rejissor kimi çalışdım. Ondan sonra kino sənəti məni özünə çəkdi və 1968-ci ildə Moskva ali rejissorluq və ssenari kurslarında təhsilimi davam etdirməyi qərara aldım.
   - Çəkdiyiniz ilk filmi necə xatırlayırsınız?
   - Ağlaya-ağlaya xatırlayıram. Çünki dünyada elə bir rejissor yoxdur ki, ilk filmində ağlamasın. İlk çəkdiyim «Şəhərimin daşları» filmi idi. Bu, mənim kurs işim idi. Bir müddət mənimlə televiziyada işləyən gənc operator A.Axundov və çox gözəl aktyorlarla birgə çəkdim bu filmi. Fərəc Qarayevin musiqisinin müşayiət etdiyi bu filmdə heç bir dialoq yox idi.
   - Gənclər mövzusu yaradıcılığında xüsusi yer tutan T.İsmayılovu indiki nəsil gənclər qane edirmi?
   - İndiki gənclikdən tamamilə razı deyiləm. Söhbət təhsil alan, oxuyan gənclikdən gedirsə, çox narazıyam. Çünki heç kəs heç nə oxumur. Bu gün Azərbaycan gəncliyinin bədbəxtliyi televiziya və internetdir. Təbii ki, bunların olması gözəldir, amma bizim gənclik ondan düzgün istifadə etməyi bacarmır.
   - Azərbaycanda uşaq filmləri rejissoru kimi də tanınırsınız. Nədən bu tip filmlər müəllifi olmağa qərar verdiniz?
   - Doğrudur, mən çoxlu uşaq filmləri çəkdim, çünki bu, ən sevdiyim janrdır. Mən də uşaqlıqda çox şeyləri həyata keçirmək istəyirdim, lakin alınmadı. Ona görə də arzularımı «reallaşdırmaq» üçün uşaqlarla işləməyə başladım.
   - «Mən mahnı bəstələyirəm» filmindəki atanın qızı Sonanın xüsusi musiqi təhsili almasına razılaşmamasının xüsusi səbəbi var idimi?
   - Bəli. Əgər siz Azərbaycan və İslam tarixinə nəzər salsanız, görərsiniz ki, İslam dünyasında qadına oxumaq olmazdı, qadın səhnəyə çıxa bilməzdi. Bu qadağalar indi də var. Sona obrazına bir çox rayonlarımızda, daha çox isə Türkiyədə rast gəlmək mümkündür. Bu filmdə də mən bunu göstərmək istəyirdim ki, istedad, bacarıq həmişə özünü göstərəcək.
   Həyatda iki şeyə böyük həvəsim olub; bir kino, bir də musiqiyə. Əgər musiqi savadım olsaydı yəqin ki, mən dirijor olardım. Bizim ailədə isə buna imkan yox idi. Musiqini uşaqlıqdan sevirdim və tale elə gətirdi ki, 6-7 il musiqili film çəkməli oldum.
   - On beş il İstanbulda çalışdınız. Növbəti belə bir təklif alsanız, qəbul edərsinizmi?
   - Əslində mən Türkiyə Cümhuriyyəti Memar Sinan adına Universitetə bir semestrlik getmişdim, amma on beş il qalmalı oldum. Bunun səbəbi oradakı tələbələrin, insanların, cəmiyyətin mənə qarşı münasibəti, hörməti idi. Hazırda da Türkiyədəki tələbələrim mənimlə telefon əlaqəsi saxlayır və tətillərdə mən onlara dərs deməyə gedirəm. Məsələ ondadır ki, mən oradan tamamilə gəlməmişəm, mən hələ də oradayam.
   - Çəkdiyi filmlərdən T.İsmayılov üçün ən doğması, unudulmazı hansıdır?
   - Hamısı. İnsan hansı övladını o birisindən daha çox istəyər? Bütün filmlərim mənim üçün doğmadır…
   - Bir pedaqoq, bir professor kimi gənc rejissor nəslindən razısınızmı?
   - Təbii ki, mən bu universitetdə 1974-cü ildən dərs deyirəm. O gündən bu günə ADMİU-da müəllim, professoram. Mən onunla fəxr edirəm ki, Azərbaycan universitetinə gəlmişəm. Bu gün ən böyük faciə ondadır ki, pul veririk, amma təhsil almaq istəmirik. Qarşılarına məqsəd qoysalar ki, mən rejissor olacağam, mütləq belə də olacaq.
   - Tofiq müəllim, yeni film layihənizi nə vaxt görəcəyik?
   - Bu gün yeni film çəkmək çox çətindir. Çünki film çəkmək bahalanıb. İnsanlar da çox bahalanıb (gülür). Bir zamanlar aktyor kinoya çəkiləndə onu oynayacağı rolu necə oynaması, hansı obrazı yaradacağı maraqlandırardı. Amma indi heç kinoya çəkilməyib, amma səndən neçəyə çəkiləcəyini soruşur. Əvvəllər küçəyə çəkilişə çıxanda rejissoru hörmətlə qarşılayardılar. Amma indi çəkiliş aparmaq üçün qapıya da, pəncərəyə də, ayaq basdığın sahəyə görə də pul verməli olursan. Bu gün sənətə baxış dəyişib. Sənətə qiymətdən başqa, həyatda hər şey bahalaşıb.
   
   Vəfa Təyyarqızı,
   ADMİU-nun III kurs tələbəsi