Əlikram Əliyev: «Mədəniyyət və Turizm İdarəsinin statusuna yenidən baxılmalıdır»
2009-cu il Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan bütün idarələr üçün gərgin il oldu. «Bakı İslam mədəniyyətinin paytaxtı-2009» çərçivəsində keçirilən çoxsaylı tədbirlər, onların təşkili, ölkəmizə gələn qonaqların adətlərimizə uyğun qarşılanıb yola salınması kimi məsələləri öz üzərinə götürən idarənin bir illik fəaliyyətini tam olaraq bir yazı ilə işıqlandıra bilməsək də, müəyyən məsələlər haqqında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Əlikram Əliyev fikir mübadiləsi apara bildik.
- Əlikram müəllim, 2009-cu il Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi üçün nə ilə yadda qaldı?
- Başa vurduğumuz il ərzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi öz planına uyğun olaraq fəaliyyət göstərib. İdarəmiz bir çox işlər görüb. Uğurlarımız da olub, nöqsanlarımız da. «Bakı İslam mədəniyyətinin paytaxtı-2009» çərçivəsində keçirilən əksər tədbirləri bizim idarə təşkil edib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan müəssisələrin fəaliyyəti daha da genişlənib. İş şəraitinin yaxşılaşdırılması, nizam-intizamın bərpa olunması, ümumiyyətlə, bütün sahələr üzrə islahatlar aparılıb. Lakin bizi düşündürən elə problemlər var ki, istəməzdik ki, bu işlər gələn ilə qalsın. İnsan öz gücünə uyğun iş görür. Elə işlər var ki, onları başa çatdırmaq üçün zaman çatmır. Ümumilikdə götürdükdə isə məncə, 2009-cu il uğurlu il kimi yadda qaldı. Nailiyyətlərimizi sadalamaq istəməzdim. Çünki bu işləri görmək bizim borcumuzdur. İdarəmizin hər bir əməkdaşı tutduğu vəzifəyə uyğun iş görməlidir və görür də. Dövlət qulluğu o deyil ki, ancaq nəzarət edəsən. Tövsiyələr vermək, ehtiyac olduqda köməklik göstərmək, müəssisələrin fəaliyyətində yaxından iştirak etmək, tədbirlərin keçirilməsini təşkil etmək - bütün bunlar bizim işimizdir. Üstəlik, yeni texnologiyaları tətbiq etməliyik. Biz bu gün gələcəyə gedirik. Mən həmişə islahatların tərəfdarı olmuşam. Bunun nəticəsidir ki, daima yeniliklərə nail olmuşuq. İlin əvvəlində kitabxanalarımızın nəzdində kitab mağazalarının yaranması, informasiya mərkəzlərinin yaradılması və bu yaxınlarda açılışı olan Bakı Şəhər İnformasiya Mərkəzinin fəaliyyətə başlaması il ərzində gördüyümüz müsbət işlər sırasındadır. Bundan əlavə, musiqi məktəblərimizin şagirdləri müxtəlif nailiyyətlərə imza atdılar. Hətta Qran-pri qazananlarımız da oldu. Amma bu gün bir və yaxud iki musiqi məktəbi yaxşıdırsa, bu o demək deyil bütün məktəblərimiz yaxşıdır. Biz çalışmalıyıq ki, hər bir musiqi məktəbi, mədəniyyət evi, kitabxana, park öz fəaliyyətini lazımi səviyyədə qura bilsin. Bu gün hələ ki buna tam nail ola bilməmişik. Bir musiqi məktəbi ən böyük nailiyyətlərini əldə edib, o birilərində irəliləyiş yoxdur. Səbəb isə ya kadr problemidir, ya da işin düzgün qurulmaması. Dəfələrlə qeyd etmişəm ki, bütün işlərimizdə islahatlar olacaq, yeni metodlar, yeni formullar tətbiq etməliyik. Nümunəvi müəssisələrimizin təcrübəsindən digərləri də yararlanmalıdır. Geridə qalan müəssisələrimiz, mədəniyyət ocaqlarımız bundan ibrət dərsi götürməlidirlər. Əgər biz köhnə metodlarla işləsək, bu zaman problem yaranacaq və geridə qalacağıq. Yenə də eyni məktəblər, eyni mədəniyyət evləri, eyni kitabxanaların adlarını çəkib tərifləyəcəyik. Necə ki, keçən il hərə öz musiqi məktəbini, mədəniyyət evini, kitabxanasını tərifləyirdi. Əgər keçən il iki məktəbin adını yaxşılar sırasında çəkirdiksə, bu il beş məktəbin adını çəkməliyik. Növbəti illər on məktəbin adını çəkməliyik. Əgər bu baş vermirsə, açığını deyim ki, işinin öhdəsindən gələ bilməyənlərlə sağollaşmalıyıq və daha yaxşı kadrları cəlb etməliyik. İnsan işinə həvəs göstərməlidir, gələcəyə ümidlə baxmalıdır. Əgər mən tutduğum vəzifədə sabahkı günü düşünmürəmsə, deməli, bu vəzifəyə layiq deyiləm.
Yenilik, islahat bizim inkişafımızdır. Respublikamızda bütün sahələrdə islahatlar gedir, yeniliklər var. Hər birimiz sevinirik ki, Azərbaycan yeniləşir. Bəs biz niyə geridə qalaq? Ölkə rəhbərliyinin mədəniyyətə göstərdiyi qayğı ən yüksək səviyyədədir. Biz buna qarşılığı niyə öz yaxşı işimizlə verməyək? Niyə ölkə rəhbərinin qayğısını yerlərdə oturub gözləməliyik? Niyə biz təşəbbüslə ortalığa çıxmayaq və bu qayğıdan lazımınca istifadə etməyək? Axı bu gün bizə lazımi şərait yaradılır. Əgər verilən şansdan istifadə edə bilmiriksə, bu bizim öz günahımızdır.
- Paytaxtın, belə demək mümkünsə Mədəniyyət və turizm həyatına cavabdeh şəxs kimi Bakının mədəni həyatındakı yeriniz hardadır?
- Deyərdim ki, ortada. Hər halda, mən belə hesab edirəm. Ancaq arzular çoxdu, niyyətlərimiz safdır, islahat var, yeni düşüncələr və işləməyə həvəs də var. Düşünürəm ki, 10 ballıq şkalada ən azı doqquzuncu olaq. Mədəniyyət və Turizm İdarəsinin statusuna yenidən baxılmalıdır. İdarənin səlahiyyətləri hələ ki bizi qane etmir. Kadr potensialı çatışmazlığı var. İdarənin cəmi 16 aparat işçisi var. Azərbaycanın bütün rayonlarında bu şöbələr var. Hər rayon şöbəsində 300 insan çalışır. Yəni 11 rayonun mədəniyyət müəssisələrinin fəaliyyətini cəmi 16 nəfər həyata keçirir. Biz gücümüzdən artıq işləyirik.
- Yəni islahatlar köklü aparılmalıdır...
- Bəli, köklü şəkildə aparılmalıdır. Gəlin açıq etiraf edək. Mədəniyyət evləri, klublar sovet dövründən qalıb. Klub sözü bizi qane etmir. Niyə o klublar dəyişdirilib yaradıcılıq evi statusunu almasın? Və yaxud mədəniyyət evləri mədəniyyət mərkəzləri adlandırılsa, daha yaxşı olar.
- Təsəvvürünüzdəki Mədəniyyət mərkəzini necə görürsünüz? Məsələn, Türkan kəndinin mədəniyyət evini necə təsəvvür edirsiniz?
- Türkan kəndindəki mədəniyyət evini Türkan xalq yaradıcılıq evi kimi görürəm. Mən düşünürəm ki, hər kəndin öz koloritini özündə təcəssüm etdirən yaradcılıq evi olmalıdır. Tutaq ki, bir kənddə xalçaçılıq, toxuculuq inkişaf edib. Bu, yaradıcılıq evində bəlli olmalıdır. Mən onu da istəyirəm ki, hər müəssisə öz hesabına dolansın. Biz yaradıcılıq evləri yaratsaq, özləri özlərini maliyyələşdirə bilər. Nə vaxta qədər büdcədən vəsait tələb edəcəyik? Bölgələrdə yaradıcılıq evləri yaradılmalıdır. Orada tutaq ki, bir rəssam emalatxanasını açıb ətrafına tələbələr yığmalı, həmin tələbələrin əl işlərindən ibarət satış-sərgi keçirilməlidir. Bu il biz bir neçə satış-sərgi keçirdik. Kitabxanalarımızı götürək. Qoy buraya gələn insanlara xidmət edilsin, qarşısına bir stəkan çay gətirsinlər. Kompyuter olmalıdır, internet olmalıdır. Aparılan islahatlar gələcəkdə hər bir müəssisənin öz hesabına fəaliyyət göstərən quruma çevrilməsinə zəmin yaratmalıdır.
- Bakı şəhərindəki kitabxanaların elektronlaşması hansı səviyyədədir?
- Artıq bir neçə kitabxananın - Qorki adına, Sabir adına və Seyidzadə adına kitabxanaların veb saytları yaradılıb. Hazırda muzeylərin veb-səhifələrinin təqdimatını keçiririk. Çalışırıq ki, kitabxanaların fəaliyyətini genişləndirək.
- Əlikram müəllim, sizin və bizim arzu etdiyimiz kitabxanaların yaranması üçün Bakıda yerləşən kitabxanaların sayında islahatların aparılması lazımdırmı?
- Bakıda 84 kitabxana var. Elə kitabxanalar var ki, bir-birinin içindədir. Elə məntəqə var ki, yaşayış yeri olsa da, bir dənə də kitabxana yoxdur. Kitabxanaların formalaşmasına yenidən baxılmalıdır. Bizdə bu məsələlərlə bağlı təkliflər var. 2010-cu ildə təkliflərimizi nazirliyə təqdim edəcəyik. Bəzi kitabxanalar var ki, əcaib adları var. Məsələn, 8 Mart adına kitabxana. Bu baxımdan ad məsələsinə də yenidən baxmaq lazımdır.
- Əlikram müəllim, Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan musiqi məktəblərinin alətlərlə təminatı məsələsi nə yerdədir?
- Musiqi məktəblərinin alətlərlə təminatı bu gün normal vəziyyətdədir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il Azərbaycanın rayonlarındakı, o cümlədən Bakıdakı musiqi məktəblərinə yeni musiqi alətləri verilir. Bu gün xalq calğı alətlərinə axın daha çoxdur, nəinki klassik musiqi alətlərinə. Amma bizim müsabiqələrdə iştirakımız üçün klassik musiqi alətləri vacibdir. Beynəlxalq müsabiqələrdə iştirak etməyimiz üçün klassik musiqiyə ehtiyacımız var. Məktəb direktorları, müəllimlər təbliğatı elə qurmalıdır ki, musiqiyə marağı olan insanları düzgün yönləndirə bilsinlər. Başqa yollar axtarmalıyıq. Bizim telekanallar musiqi məktəblərinin işlərini təbliğ etmirlər. Əgər təbliğat aparılsa, əhalinin marağı da artar. Məgər bir telekanal həftədə bir saat bir musiqi məktəbinə vaxt ayıra bilməz? Bizim öz mədəniyyət kanalımız yoxdur ki, özümüzü təbliğ edək. Bunlar hamısı Azərbaycanın gələcəyinə ximət edir. Qorxum odur ki, 10-20 ildən sonra musiqi məktəblərimizdə ümumiyyətlə klassik musiqi şöbəsi olmasın.
- Bayaq tabeliyinizdəki muzeylərin fəaliyyətindən danışdınız, sizcə, muzeylərin modernləşməsi sadəcə veb-saytların yaradılması ilə məhdudırmalıdır?
- Xeyr. Bu il biz bununla bağlı yenilikləri tətbiq etdik. Saytlar yaratdıq.
Sonra balaca suvenirlər, təqvimlər, qələmlər, döş nişanları kimi təbliğat vasitələri hazırlayıb, muzeylərə verdik.
Ümumilikdə islahatlar daim olacaq. Kim bu islahatların aparılmasından narazıdırsa, öz təşəbbüslərini versin.
Həmidə NİZAMİQIZI