Razılaşmışdıq ki, saat 12-də redaksiyada görüşək. Nədənsə bu “razılaşma”, “planlaşma” deyilən vaxtda baş tutmadı və düşündüm ki, bu da qismətdəndir. Amma xeyli sonra lap çoxdanın tanışları kimi görüşüb söhbətə başlayanda, sanki bir-birimizi kəşf etdik. Mən onun “planlaşdırılmış” forma və məzmun çərçivəsinə sığışacaq sıradanbir “müsahib” olmadığının fərqində idim. O isə sənət və sənətkar haqqında qabaqcadan hazırlanmış “ütülü suallar” eşitməyəcəyini duymuşdu. Beləcə, rəsmiyyətdən uzaq, sadə, səmimi, ekspromt ovqatda başlanan bir söhbətin çığırında “yol yoldaşı” olduq. Milli sinemamızı dünyaya tanıtdıran, onun inkişafına çalışan, “Qırxıncı qapı”dan gəlmiş qonağımız Elçin Musaoğlu qəzetimizin builki sonuncu sayının müsahibi oldu.
   
   - Elçin müəllim, istərdik, söhbətə bir kinorejissor kimi milli sinemamızın “40-cı qapı”sına qədər keçib gəldiyiniz həyat və yaradıcılıq yolunuzun ilk “qapı»sından başlayasınız...
    - Uşaqlıqdan “bütün incəsənətlərdən bizim üçün ən əhəmiyyətlisi olan kino”nun vurğunu idim. Həm də kitab oxumağı xoşlayırdım. Azərbaycan nağıllarını, dastanlarını, klassikllərimizin əsərlərini, dünya ədəbiyyatını müntəzəm mütaliə edirdim. Atam tarixçi idi. Amma hiss etmişdi ki, mənim yolum başqadır. Orta məktəbi bitirən kimi M.A.Əliyev adina Azərbaycan Dövlət İncəsənət İnstitutunun (hazırda ADMİU) rejissorluq fakültəsinə daxil oldum. Yazıb-yaratmağa marağım da elə o illərdə formalaşmağa başladı. Dördüncü kursda ikən təhsilimi Moskva Teatr İnstitutunda - tanınmış sənətkar Mark Zaxarovun kursunda davam etdirmək qərarına gəldim və istəyimə nail oldum. Moskvada qalıb yaradıcılıqla məşğul olmaq üçün geniş imkanlar olsa da, 1990-cı ildə Bakıya qayıtmaq qərarına gəldim. Çox qarışıq bir zaman idi. Sovetlər birliyi boyda nəhəng bir imperiyanın çöküşü bütün dünyanı “toz-dumana” qərq etmişdi. İncəsənət, teatr, kino- filan yada düşmürdü. İnsanlar öz başlarının hayında idi.
   - Çətin və əzablı zamanlar həmişə olub. Amma Pikassonun məşhur bir sözü var: -“Dünya necədir, bunu hamı bilir, mən öz dünyamı yaradırıam”. Bu mənada gənc kinorejissor Elçin Musaoğlu o qarmaqarışıqlığın, xaosun içərisində “öz dünyasını” tapa bildimi?
   - Mən bu fikirdəyəm ki, vaxt, zaman, şərait nə qədər əlverişsiz olsa da əsl sənət adamı əlini əlinin üstə qoyub “yaxşı günlərin” nə zaman gələcəyini gözləməməlidir. Vətənə qayıtdıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında, sonra "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində, 2005-ci ildən “Ritm Prodakşn”da bir-birinin ardınca müxtəlif sənədli filmlər çəkməyə başladım. "Sinema Evi" Prodüser Mərkəzini yaratdım. Hazırda həm də Azərbaycan Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüyəm. 50-dən çox sənədli və bədii filmin ssenari müəllifi və rejissoruyam.
   1999-cu ildə Respublika Gənclər və İdman Nazirliyinin "İlin ən yaxşı kinorejissoru" adını, 2006-ci ildə Əl-Cəzirə Film Festivalının "qızıl mükafat"ını almışam. 2005-ci ildə "40-cı qapı" film-layihəm “Focal” cəmiyyətinin (İsveçrə) təyin etdiyi qranta layiq görüldü. 2009-cu ildə “Ritm prodakşn” şirkətində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkdiyim (öz ssenarim əsasında) “40-cı qapı” adlı bədii filmim 42-cı Beynəlxalq Hyuston Kinofestivalında “Ən yaxşı xarici film” nominasiyası üzrə qızıl mükafata layiq görüldü. Bu film 15 beynəlxalq kinofestivalda, o cümlədən İstanbulda, Almaniyada, Türkiyədə, Estoniyada, Rusiya Federasiyasında, ABŞ-da, Çexiyada, İranda, Qətərdə keçirilmiş kinofestivallarda nümayiş olunaraq yüksək mükafatlara layiq görülüb.
   - Moskva mühiti, məşhur sənət adamları, dünya sineması ilə tanışlıq - bütün bunlar bir sənətçi kimi yetişmək üçün yetərlidirmi? Ümumiyyətlə, tanınmışların, məşhurların tələbəsi olmaq adama nə verir?
   - Mən Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda oxumuşam. Amma bəzilərinin düşündüyü kimi, məşhur və tanınmış sənət adamlarının tələbəsi olmaq o demək deyil ki, onlar sənin başına “istedad qoyacaq” . Tanınmış adam, dahi sənətkar xəzinəyə bənzəyir. Əgər bacarığın, fərasətin varsa, buyur, bu “xəzinədən” daha çox şey götür. Əgər bunu bacarmadınsa, nəticə sıfıra bərabər olacaq...
   - Azərbaycan sinemasında “ilk addımlarınız”, rejissor kimi yetişməyinizdə əməyi olan insanlar...
   - “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi mənim üçün yaradıcılıq məktəbi olub. Bir sənətkar kimi formalaşmağımda mərhum Nazim Abbasovun böyük əməyi olub. O, 1994-cü ildə bu yaradıcılıq birliyini yenidən bərpa edəndə biz gəncləri də öz ətrafına topladı. Rafiq Haşımovun yazdığı ssenarilər əsasında xeyli maraqlı filmlər çəkdik. “Qum dənəsi” (1997), “Azad Mirzəcanzadə” (1998), “Valın üçüncü üzü” (1996), "Ruhun rəngləri", “Nərminə Vəliyeva”, “Şəfiqə Baxşəliyeva”, “Usta Rəşid” (2001), “Basqal”,”Fotoqraf”, “Gözümün İşığı”, “Gülağa Məmmədov», “Lütfiyar İmanov”, “Maestro” (2002), “Durnalar Qayıtdı”, “Firəngiz Əhmədova”, “Şüşə oyuncaqlar” (2003), “Nur payı” (2005), “Qamış şəhərin yuxuları”(2006) və sair filmləri Rafiq Haşımovla birgə yaratmışıq.
   Bilirsiniz, sənədli kino olduqca maraqlı bir aləmdir; adamı çevikləşdirir, formalaşdırır, bərkə-boşa salır, öyrədir. Bugünkü rejissorlarımızın əksəriyyəti məhz “Azərbaycantelefilm”in “şineli»ndən çıxıb desəm, yanılmaram.
   - 1905-ci ildən «Hollivud»da çap olunan “Variety” adlı dərgidə “40-cı qapı” ilə əlaqədar maraqlı bir yazıdan iki sitat gətirmək istərdim: “...rejissor Elçin Musaoğlunun filmi Hollivud filmlərində olduğu kimi-yoxsulluqdan zənginliyə çevrilmə haqqında deyil, əksinə, Vittorio De Sika ruhunda və on il əvvəlki güclü İran filmlərində olduğu kimi çılpaq, bər-bəzəksiz neorealist əsatiri xatırladır. Buna bənzər filmlər bəlkə də çoxdur, lakin bu film fərqlidir, təkrardan uzaq, klişedən azaddır. Hiss olunur ki, filmin büdcəsi azdır, lakin az tanıdığımız regionun - günəşli Azərbaycanın müəyyən yerlərinin təbii görüntülərini nümayiş etdirən bu filmdə peşəkarlıq yerindədir.” Sizcə, bu uğurun sirri” nədədir?
    - Sənətin sirləri çoxdur. Lakin, ən böyük sirr sənətkar səmimiyyətidir. Cəlaləddin Rumi deyir ki, ya göründüyün kimi ol, ya da olduğun kimi görün. Sinemada bu, olduqca vacibdir. “40-cı qapı” Bursada nümayiş etdirilərkən filmi maraqla izləyən tamaşaçılar etiraf edirdilər ki, siz bizdən daha artıq türksünüz. Onlar deyirdilər: - “Əsl türk qadını və cocuğu bu filmdəki kimi olmalıdır”.
    Mənim düşüncəmə görə, sinema kitaba bənzəyir. Tarkovski deyirdi ki, sinema ədəbiyyatın xarabalığı üzərində qurulmalıdır. Məsələn, mən filmdə musiqidən istifadəni sevmirəm. Əslində bu, filmdəki “boş yerləri doldurmağa” xidmət edir. Onsuz da sinemanın ifadə vasitələri çoxdur. Yəni burada mütləq musiqidən yapışmaq vacib deyil. Söhbət rejissorun bu ifadə vasitələrindən necə istifadə etməsindən gedir. O, yaşadığını çəkməli, yaxud belə desək - çəkdiyini yaşamalıdır.
   - Ölkə prezidenti İlham Əliyevin məlum sərəncamından sonra respublikada kinematoqrafiyanın - milli sinemanın inkişafında nəzərəçarpacaq bir dirçəliş, intibah hiss olunmaqdadır. Mədəniyyət və Turizm Nazirliyinin bu sahəyə diqqət və qayğısını isə elə sizin çəkdiyiniz “40-cı qapı” bədii filminin timsalında da görmək olar. Bəs siz, bir kinorejissor kimi, çagdaş Azərbaycan sinemasının sabahını necə görürsünüz?
    - Sinemanın inkişaf istiqamətini müəyyənləşdirən iki başlıca amil var- birincisi və ən vacibi kadrlarla bağlıdır. İkinci vacib məsələ paradır. Napaleon deyirdi ki, qələbə qazanmaq üşün üç şey lazımdır :- birincisi pul, ikincisi pul, üçüncüsü isə puldur. Fikrimcə, bu iki amil -yəni istedadlı kadrlar və para olsa, milli kinomuz da inkişaf edər, sinema sahəsində çalışan sənət adamları daha böyük uğurlar əldə edə bilərlər. Hazırda isə Azərbaycanda kinematoqrafiya sahəsində doğrudan da nəzərəçarpacaq uğurlar qazanılıb. Ölkə prezidenti İlham Əliyevin məlum sərəncamı bu sahədə doğrudan da böyük irəliləyişə səbəb olub. Mən bir sinema adamı kimi, Mədəniyyət və Turizm Nazirliyinin milli kinomuza göstərdiyi qayğıdan razıyam. Nazirlik hər il bu sahəyə kifayət qədər vəsait ayırır. Qalır, sadəcə film çəkmək ...
   Maraqlı müsahibə üçün sağ olun.
   Söhbətiləşdi:
   Cəlal TAĞIYEV






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar