Milli sərvət deyəndə az qala hamımız Odlar yurdunun neftini, qazını xatırlayırıq. Nədənsə, unuduruq ki, Azərbaycanda yerin altı da, üstü də qızıldır. Allahın bu torpaqda doğulub yaşamaq şansı verdiyi bizlər, vətən nemətlərinin qədrini bilsək, bir toplum halında dünyanın, bəlkə də, ən zəngin dövləti, insanları olarıq. Elə bizim "Milli sərvət" rubrikasını açmaqda məqsədimiz də budur ki, Azərbaycana şöhrət gətirə biləcək, amma ilk baxışda milli sərvət olduğunu a lazımınca qiymətləndirmədiyimiz və onlara münasibətdən söhbət açaq.
Əbədiyyət rəmzlərindən sayılan zeytunun adına hətta Qurani-Kərimdə də çəkilir. Müqəddəs kitabımız buyurur ki, əgər insandan zeytun ətri gələrsə, şeytan ona yaxın düşə bilməz.
O ki qaldı müasir Azərbaycan ərazisində zeytunun yayılmasına, hələ VI-VII əsrlərdə Kür-Araz ovalığında geniş zeytun plantasiyalarının olduğu, sonradan həmin plantasiyaların hərbi yürüşlər zamanı viran qaldığı da tarixə məlumdur. Gəncədə və Bakının Nardaran qəsəbəsindəki qədim zeytun ağaclarının isə təqribən XII əsrdə əkildiyi güman edilir. Zeytun ağacı dünyada yeganə ağacdır ki, min il, yəni on əsr (!) bar verir. Beş yaşında bara düşən zeytun ağacı təxminən 8 yaşında tam barvermə qabiliyyəti qazanır. Dekortiv baxımdan da əlverişli ağac sayılan (zeytun qışda yarpaqlarını tökmür, 12-15 dərəcədə şaxtaya davam gətirir) zeytun ağacı həm də torpağın erozisiyasının qarşısını aldığına görə, sürüşmə ehtimalı olan yerlərdə, yamaclarda əkilmək üçün yararlıdır.
Azərbaycanda, xüsusən də Abşeron yarımadasında zeytun ağaclarının əkilməsinə planlı şəkildə 1900-cü ildə İspaniyadan zeytun sortlarının gətirilməsi ilə başlanılıb. Sonradan yerli zeytun sortları da yetişdirilib. Hazırda dünyada zeytun yağı istehsalına görə birincilik də İspaniyaya məxsusdur. İtaliya, Yunanıstan, Türkiyə, Tunis və Sudan da öncül zeytun yağı istehsalçıları hesab olunurlar.
Zeytun barədə bu qiymətli fikirləri biz "Gilan Zeytun" MMC-nin direktoru Qurban Cabbarovla söhbətimizdə öyrəndik. Qurban müəllim əsl istehsalat təşkilatçısı kimi məşğul olduğu sahəyə dair biliyini artırmaqdan yorulmur. Bir zamanlar Bakıda ad çıxarmış, amma sonradan dağılıb viranə qalmış zeytun yağı zavodunu dirçəldən Qurban müəllim "Jalə" markalı zeytun yağlarının istehsalından, bu zavodun tarixindən həvəslə söhbət açır:
- İkinci Dünya müharibəsindən sonra yaradılan bu zavod əsasən, hökumətin sifarişi ilə işləyib. Onun məhsulları geniş satışa çıxarılmayıb. Bir zaman Samur-Dəvəçi kanalının Bakıya çəkilməsinin bir səbəbi də Abşeronda zeytunçuluğu inkişaf etdirmək olub. Çünki zeytun ağacı suyu çox sevir. Yerli Azərbaycan sortları əsasən İspaniya sortlarının əsasında yetişdirilib. Bu gördüyünüz sexləri keçən il işə salmışıq. Bütün istehsal avadanlığı İtaliyadan gətirilib.
- Qurban müəllim, bu gün bizim marketlərdə xaricdən gətirilən müxtəlif cür zeytun yağlarına rast gəlirik. Bəs bizim yerli zeytun yağları İspaniyadan, yaxud İtaliyadan gətirilən yağlardan hansı cəhətinə görə fərqlənir?
- Turşuluğu 0,8 faizə qədər olan zeytun yağı ən yaxşı yağ sayılır. Bizim yağların turşuluğu 0,5-0,6 faizdir. Yağın turşuluğu onun qiymətinə təsir edir: turşuluq azaldıqca qiymət də baha olur. Bu səviyyəni saxlamaq üçün texnoloji qaydalara ciddi riayət etmək lazımdır.
- Texnoloji qaydalara riayət edəndə də məhsul baha başa gəlir...
- Elədir. Bizim zavodda yağ soyuq sıxma üsulu ilə alınır. Soyuq sıxma zamanı yağın bir qismi tullantıya qarışır, itki çox çıxır. Buna görə də fikrimiz var ki, yaxın gələcəkdə ikinci soyuq sıxma üsulundan da istifadə edək. Düzdür, ikinci sıxmada keyfiyyəti birinci qədər yüksək olmayacaq. Ondan yalnız xörək bişirmək üçün istifadə etmək olar, dərman kimi yox. Amma hər halda bizim yağ yenə də xaricdən gətirilən bir çox yağlardan keyfiyyətli çıxacaq. Çünki Azərbaycan zeytunu digər sortlardan yağlılığının, vitamininin çox olması ilə fərqlənir. Bunu təkcə mən yox, mütəxəssislər də deyir, "Zeytun dostu" cəmiyyətinin üzvləri də təsdiqləyir.
- "Zeytun dostu"? Müəssisənizin nə maraqlı adı var...
- Bəli, təkcə adı yox, fəaliyyəti də maraqlıdır. "Zeytun dostu" MMC Türkiyədə yaradılıb. Dünyanın bir çox zeytun istehsalçıları həmin cəmiyyətin üzvüdür, mən də bu qurumun üzvüyəm. Cəmiyyət tez-tez seminarlar, təqdimatlar keçirir, mən də həmin tədbirlərdə iştirak edirəm. Düzdür, həmin tədbirlərə toplaşanların çoxu zeytunçuluğun inkişafından daha çox öz məhsullarının reklamı ilə məşğuldurlar.
- Əslində, zeytun yağının reklama ehtiyacı yoxdur. Bütün dünya zeytun yağının nə qədər xeyirli olduğunu bilir. O ki qaldı müəyyən texnoloji sirlərə, təbii ki, sıxım üsulları, saxlanma qaydası çox fərqlidir.
- Zeytun istehsalçıları etiraf edirlər ki, zeytun ağacının bitmədiyi ölkələrə göndərilən zeytun yağlarının hamısının tərkibi qarıışıqdır.
- Etiraf edək ki, bu gün ölkəmizə də mənşəyi bəlli olmayan xeyli qida məhsulları gətirilir, o cümlədən də zeytun yağı. Bəs biz evdə onun keyfiyyətini necə müəyyən edə bilərik?
- Sadəcə, zeytun yağını soyuducuya qoyun. Əgər donursa, deməli, yaxşıdır. Tamam donursa, deməli, 100 faiz qatqısız yağdır.
- Sizin zavodda təkcə zeytun yağı yox, digər qida məhsulları da istehsal olunur?
- Elədir. Bu zavodun zeytun şorabaları həmişə məşhur olub. İçinə qırmızı bibər, limon, badam qoyulmuş yaşıl zeytun şorabalarına tələbat var. Biz həm də bir neçə adda hazır zeytunlu təamlar buraxmağa hazırlaşırıq. Məsələn, üstünə zeytun yağı tökülmüş zeytun şorabası ilə nərə balığı, ya da zeytunla holland pendiri...
- Qurban müəllim, bizə çay təklif edəndə zeytun mürəbbəsinin da dadına baxdıq...
- Xoşunuza gəldimi?
- Çox. Şəxsən mən limonlu zeytun mürəbbəsini daha çox bəyəndim.
- Zeytun kimi faydalı, tullantıya getməyən meyvə çətin tapılar. Məsələn, yağı sıxılmış zeytun tullantısı əsl bioyanacaqdır. Əgər zavodun ocaqxanasında zeytunun çəyirdəyini yandırsaq, müəssisədə heç bir yanacaqdan istifadə etməyə ehtiyac qalmayacaq. Həm tullantımız olmayacaq, həm də məsrəfimiz azalacaq. O ki qaldı zeytunun tullantıya çevrilən lətinə, onu da kəpəyə qatanda mal-qara üçün çox qidalı yem sayılır. Həmin tullantını gübrə əvəzinə də işlətmək olar. İndi özünüz deyin, zeytun qədər faydalı ağac varmı? Bu ağac beş yaşında bara düşür, sonra da min (!) il meyvə verir. Meyvəsinin yaşılı da, vaxtı ötmüş qarası da faydalıdır. Yarpaqları saralıb tökülmədiyindən dekorativ əhəmiyyəti böyükdür, kökləri dərinə işlədiyindən torpağın eroziyasının qarşısını alır.
Zeytun yağı həm sağlamlıqdır, həm də gözəllik. Baxın, bizim xanımlar, tərkibinin nə olduğunu bilmədiyiniz bahalı kremlərə, şampunlara pul xərcləyirsiniz. Amma həmin kremin əvəzinə dərini yumşaltmaq üçün zeytun yağı çəkə bilərsiniz, saçınızı möhkəmlətmək, uzatmaq üçün tüklərin dibinə zeytun yağı da sürtə bilərsiniz. Fikirləşirəm ki, yaxın gələcəkdə zeytun yağı əsasında şampun və sabun istehsalına da başlayaq. Bilirsiniz, bizdə zeytunun insan orqanizminə faydası barədə təbliğat demək olar ki, yoxdur.
- Elə bizim də, "Mədəniyyət" qəzeti olaraq, bir məramımız da süfrə mədəniyyətini, sağlam qidalanma mədəniyyətini oxucularımıza aşılamaq, həm də bütün milli sərvətimiz sayılacaq nemətləri tanıdıb onların qədrini bilməyə çağırmaqdır.
- Çox xeyirxah iş görürsünüz. Təssəvür edin ki, əgər 2 yaşlı bir uşağın yeməyinə hər gün 1 xörək qaşığı zeytun yağı qatılsa, o, ömrü boyu mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkməz. Yaşlı insan hər gün 4-5 xörək qaşığı zeytun yağı yeməlidir. Yəqin türk filmlərində görmüsünüz. Elə zeytun yağını nəlbəkiyə töküb çörəyi də ona batırıb yemək ən sağlam, ən doyumlu qəlyanaltıdır.
Əslində bizim bu ekskursiyamızı qızıl mədəninə səfər kimi də qiymətləndirmək olar. Çünki qədim dövrün müdrik insanları zeytun yağını maye qızıl da adlandırıblar. Zeytun tutmalarını və yağını çox sevən bir insan kimi şəxsən deyə bilərəm ki, əcdadlarımız yanılmayıblar. O ki qaldı apteklərdə dərman kimi satılan "Jalə" zeytun yağına, onun damla-damla sıxıldığını da gördük, dadına da baxdıq.
Təəssüf ki, ağız dadı elə bir duyğudur ki, onu yalnız fərdi qaydada yoxlayıb qərar çıxarmaq olar. Biz isə yalnız bunu deyə bilərik: zeytun ağaclarının qədrini bilin, onları qoruyun, bir də canınızın, gözəlliyinizin qədrini bilib, mətbəxinizdən zeytun yağını əksik etməyin.
Gülcahan
MİRMƏMMƏD