Dosye:
   
   Məhərrəm Musayev 1949- cu ildə Masallı rayonunda doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Teatr İnstitutuna daxil olub. 1975- ci ildə ali təhsilini başa vurub. Həmin il yeni açılmış Şəki teatrına təyinatını alsa da, öz istəyi ilə alınaraq Lənkəran teatrında çalışıb. 2000 - ci ilə kimi Lənkəran teatrında çalışan aktyor elə həmin il Bakıya köçüb. Sonrakı fəaliyyətini Gənclər Teatrında davam etdirib. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır.
   
   - Ötən ildə həm 60 illik doğum təqvimindən varaqladız, həm də 40 illik sənət yubileyinizə nəzər saldız. 40 illik sənət həyatınızın yarısından da çoxunu, 25 ilini Lənkəran teatrında keçirmisiniz. Həyatınızda bu teatrın ayrıca yeri olar, yəqin.
   - Əlbəttə ki, əsas fəaliyyətim Lənkəran teatrında olub. Yüzdən artıq obraz yaratmışam. Hətta bu teatrda bir çox tamaşalara quruluş vermişəm. G.Xuqayevin “Andro və Sandro”, N.Vəzirovun “Pəhləvani-zəmanə”, C.Məmmədquluzadənin “Ölülər” və s. “Ölülər” pyesində ikinci rejissor olaraq çalışmışam, üstəlik həmin tamaşada Mir Bağır ağa rolunu ifa etmişəm. Qeyd edim ki, mən Moskvada rejissor kursu keçmişəm və orada bir çox tanınmış rejissorlarla çalışmışam. Quruluş verdiyim tamaşalarda da öyrəndiklərimi əlimdən gəldiyi qədər sərgiləmişəm.
   - Bu gün hansısa bir tamaşaya quruluş vermək istəyərsinizmi?
   - Əsərə quruluş vermək üçün, tam ürəyim istəyən bir tamaşa hazırlamaqdan ötrü gərək mənim öz teatrım olsun. Heç olmasa seçdiyim aktyorlarla 2-3 ay ünsiyyətdə olum, onların beynindəki bir çox şeyi dəyişim. Çünki onların keçdiyi və icra etdiyi aktyor məktəbi mənə çox primitiv gəlir. Mən Moskvada kurs keçərkən, italyan rejissoru Corc Streylerin lentə alınmış məşq proseslərini izləmişəm. Çox da bəyəndim. İstəyərdim ki, aktyorlarla o cür işləyim. Həmin rejissor, aktyorları 2 ay təklif olunmuş şəraitdə saxlayır, bundan sonra mətnlə məşqlərə başlayırdı. Bu zaman aktyor həmin vəziyyəti hiss etdiyi üçün tam təbii alınırdı. Cümlələrdən çox, duyğular ön plana çəkilirdi. Bizdə isə tamaşalar cümlələr üzərində qurulur. Bu sistemi dəyişdirmək lazımdır. Bu yaxınlarda Bakıda qastrolda olan zaman R.Struanın tamaşalarını izlədim. Onlar çox təbii oynayırdılar? Sanki real həyat idi.
   - Demək istəyirsiniz ki, izləyici axıra kimi tamaşada qalmırsa problem teatrdadı?
    - Əlbəttə. Sonra deyirlər ki, tamaşaçı teatra gəlmir. Vallah, günah teatrın özündədir. Heç ola bilər ki, teatrda yaxşı nə isə olsun, tamaşaçı gəlib baxmasın? Artıq teatr da, televiziya və internet qədər insanlarla canlı ünsiyyət qurmağı bacarmalı, onların maraqlarına uyğun olmalıdır. Mən elə hey fikirləşirəm, biz neynəyək ki, tamaşaçı gəlib bizə baxsın? Tamaşalara bilet satışı təşkil olunmasın. Tamaşaçı özü gəlib kassa qarşısında növbələr yaratsın. Heç kim bu sözlərimə görə məndən inciməsin. Amma, heç olmasa, ağıllı tamaşalar hazırlansın ki, bu tamaşalarla festivallara qatılmaq mümkün olsun. Bizim ölkə idman sahəsində yetərincə nailiyyətlər əldə edib. Heyifislənirəm ki, teatr sahəsində elə böyük uğurlarımız yoxdur.
   - Lənkəran teatrından sonra niyə məhz Gənclər Teatrına gəldiniz?
   - Mən Bakıya gələndə hansı teatrda çalışacağımı özlüyümdə dəqiqləşdirməmişdim. Bununla əlaqəli yaxın dostum və tələbə yoldaşım olan Hüseynağa Atakişiyevlə məsləhətləşdim. Həmin vaxtlarda artıq məni Bakıdakı bütün teatrlar tanıyırdı. Bilirdim ki, iş tapmaq elə də çətin olmayacaq. Lakin Hüseynağa Atakişiyev məni rəhbərlik etdiyi Gənclər Teatrına dəvət etdi. Mən də razılaşdım. Bu teatrda da həm baş rollar, həm də ikinci dərəcəli bir çox obrazlar yaratdım. İndi də bildiyiniz kimi, Gənclər Teatrı Gənc Tamaşaçılar Teatrı ilə birləşdirilib.
   - Teatrın bu qədər içində olmağınıza baxmayaraq, sizi bir çoxları filmlərdən tanıyır. Bunun günahı sizdədirmi?
   - Bunu öz günahım olaraq görmürəm. Çünki teatr dünyasında olan insanlar məni çox yaxşı tanıyıblar həmişə. Rayon teatrları Bakıya qastrola gec-gec gəldiyindən orada işləyən aktyorları heç kim tanımır. Rayon teatrında işləyib, çox tanınmaq qeyri mümkündür. Şəhərdə işləyən aktyorlar televiziya kanallarına daha çox çıxırlar, kinolara daha çox təklif alırlar. Rayonda çalışan aktyorlar isə kənarda qalırlar. Elə mən özüm də rayonda çalışdığım 25 il müddətində tanınmamışam. Amma artıq 10 ildir ki, burdayam, iyirmidən artıq filmə çəkilmişəm. Bunlardan ən məşhurlarını sadalayım. “Cavad xan” , “Cavid ömrü”, “Məhəllə”, “Məhkumlar” və s.
   - 40 illik sənət həyatınızda ürəyinizcə olan obraz hansıdır? Bir də hansı rolu oynamağı istəmisiniz, amma qismət olmayıb.
   - Ən sevdiyim obraz C.Yusifzadənin “Səhər qatarı” tamaşasındakı Kərim rolu olub. Mən bu rolu, bu obrazı yaşayaraq ifa etmişəm. Sualın ikinci hissəsi ilə bağlı onu deyim ki, heç vaxt ürəyimdə qalan rol olmayıb. Mən bir çox aktyorlar kimi “Hamlet” i, “Maqbet”i oynamağı arzu etməmişəm. Konkret olaraq beynimdə tutduğum, arzusu ilə yaşadığım bir obraz olmayıb. Mənim üçün əsas nə oynayıramsa, onun haqqından gəlmək olub. Canlı obraz yaradım, bu mənim bəsimdir. Hətta 1983- cü ildə Bakıya gələndə, Cabir Səfərov və Novruz Təhməzov bizim baş rejissora tapşırdılar ki, Məhərrəmin özünə uyğun pyeslər seçin və yaraşan rolları ona həvalə edin. Qeyd etmişdilər ki, Rusiyada Smaxnovski kimi aktyor varsa, Azərbaycanda da Məhərrəm kimi aktyor var. Mən burdan gedəndən sonra, sırf bu təriflərə görə mənə iki il rol vermədilər. Çox təəssüf ki, bizdə belə hallar da olur.
   - Son zamanlar teatrlarımızda səhnələşdirilən tamaşalara baxırsınız?
   Bəli, baxıram. Bütün teatrlarda yeni tamaşaların hamısına baxıram.
   - Bəyəndiyiniz sonuncu tamaşa hansıdır?
   - Yalan deyə bilmərəm. Heç kim məndən inciməsin. Elə bir tamaşa olmayıb.
   - Siz teatra gedəndə, aktyor oyununa baxmağa gedirsiniz, yoxsa rejissor işinə?
   - Bu sualla bağlı bir hadisəni danışım sizə. Mən bir dəfə Moskvada, Bədaye Teatrının qarşısında durmuşdum. Üç biletim var idi. Son anda xəbər tutdum ki, dostlarım gəlməyəcək. Mən də iki bileti bir qızla oğlana hədiyyə etdim. Onlar çox sevindilər. Mən soruşdum ki, siz nə yaxşı bu tamaşaya gəlmisiniz? Onlarda cavab verdilər ki, biz Kalyaginə baxmağa gəlmişik. Mən də elə aktyorlar var ki, onlara baxmağa gedirəm. Rejissor işinə baxmağa görə də getdiyim tamaşalar olur. Amma əsl rejissorun işi, böyüklüyü aktyor vasitəsilə çatdırılmalıdır.
   
   Söhbətləşdi: Günel İlqar