Ənvər Həsənov:  “Çox qəribədir ki, mən əməkdar artistəm, amma Azərbaycanda bu gün hamı məni xalq artisti kimi qəbul edir”
   
   Qəzetimizin bu sayından etibarən “Unudulmuş unudulmazlar” layihəsindən sizlərə Azərbaycan kinosunda yaddaqalan obrazlar yaratmış simalar təqdim edəcəyik. Bu layihədə ilk müsahibimiz Ənvər Həsənovdur. Onu gənc nəsil də, yaşlı nəsil də yaxşı tanıyır. Milli filmlərimizdə daha çox gənc obrazını yaradan aktyor yaşlanandan sonra filmlərdə ikinci rejissor kimi çalışmağa başladı. Aktyorluqdan tam olaraq uzaqlaşmasa da, tamaşaçılar hələ də onu 7 oğuldan biri - Cəlal kimi tanıyır.
   
   - Ənvər müəllim, gəlin bir balaca keçmiş illərə səyahət edib, sizin kinoya gəldiyiniz ilk vaxtlara nəzər salaq...
   - Həyatı dərk edəndən kinonu sevməyə başlamışam. Televizor yeni çıxmışdı, bütün günü kinolara baxardım. O vaxt - 1965-ci ildə sənədlərimi böyük sənətkarımız Adil İsgəndərovun açdığı C.Cabbarlı adına kinostudiyaya verdim. Seçim də böyük idi. 600 nəfərdən cəmi 52-si seçildi. 52 nəfərdən də 8 nəfəri 4 illik kinoaktyorluq kursunu bitirdi. Adil müəllimin rəhbərliyi altında da elə burada işlədim. Sonra İncəsənət Universitetinə daxil oldum. Artıq 45 ildir ki, kinodayam.
   - Deyirlər, aktyor üçün rolun böyük-kiçiyi olmur, sizin kinoda debütünüz hansı rol ilə olub?
   - Hərçənd hamı mənim ilk rolumun “Uşaqlığın son gecəsi” filmində Murad obrazı olduğunu bilir, amma belə deyil. “İstintaq davam edir” filmində belə bir kadr var, gənclər kafedə tvist oynayır. Mən də o cavanların arasında rəqs edirəm. Kinoda ilk rolum belə başlayıb, hələ onda 1-ci kursda oxuyurdum. İkinci rolum isə Şamil Mahmudbəyovun “Torpaq, dəniz, od, səma” filmində əsgər obrazı olub. Və nəhayət üçüncü oynadığım film hamıya məlum Arif Babayevin “Uşaqlığın son gecəsi”ndəki Murad obrazı olmuşdur.
   - Bu gün çəkilən filmlərimizin təbliği, prokatı heç də ürək açan deyil...
   - Doğru deyirsiz. Bildiyiniz kimi, bu gün Azərbaycanda olan dövlət kinoteatrlarımızın əksəriyyəti təmirdədir. Məsələn, “Cavad xan” filmi çəkildi, dövlət ona 1 milyon 600 min manat vəsait ayırmışdı. Filmin, heç olmasa, müəyyən faizi çıxmalıdır ki, onu ekrana buraxa bilək. Bir səbəb budur. SSRİ vaxtında ümumiləşdirilmiş prokat sistemi var idi. Azərbaycanda çəkilən filmlər SSRİ-nin 15 respublikasında göstərilirdi. Təsəvvür edin ki, bir filmə qoyulan məbləğ bir gün ərzində çıxarılırdı. Bu gün bizim kinomuzda prokat problemi var.
   - Bu vaxtadək aktyorluqla yanaşı 18 filmdə ikinci rejissor kimi də işləmisiz. Hazırda nə üzərində işləyirsiniz?
   - Aktyor və rejissor kinoyla bağlıdır. Bu vaxtadək çox filmdə rejissor kimi işləmişəm. “Məhkumlar”, “Cavad xan”, “Ölüm növbəsi”, “İlahi məxluq” və b. filmlərdə. Hazırda isə Ülviyyə Könülün “Vəkil hekayətləri” filmini bitirmişik, montaj işi gedir.
   - Deyirlər, xalqın gözü tərəzidir. Bu gün bir çox sənətkarlara “xalq artisti” adını veriblər. Sizcə, xalq öz artistinin kim olduğunu bilir?
   - Çox qəribədir ki, mən əməkdar artistəm, amma Azərbaycanda bu gün hamı məni xalq artisti kimi qəbul edir. Cəlal obrazını yaratdığım “Yeddi oğul istərəm” filmi dünyanın 98 ölkəsində nümayiş etdirilib. Zarafat deyil, mənim 60 yaşım var, 60 filmdə işləmişəm. Beynəlxalq kinofestivalların laureatıyam. SSRİ vaxtı kino əlaçısı olmuşam. Gənc yaşımdan SSRİ Kino İttifaqının üzvüydüm.
   - Ənvər müəllim, bu gün bir aktyor kimi formalaşmağınızda özünüzü kimlərə borclu bilirsiniz?
   - Rejissorlardan Adil İsgəndərov, Arif Babayev, Həsən Seyidbəyli, operatorlardan Arif Nərimanbəyov, rəssamlardan Kamil Nəcəfzadə, Nadir Zeynalov, bəstəkarlardan Tofiq Quliyev, Xəyyam Mirzəzadə və bir çox adlarını çəkə bilmədiyim sənətkarlarımıza borcluyam.
   - Kinomuzun gənc nəslinə münasibətiniz necədir? İstedadına güvəndiyiniz gənclər var?
   - Bu gün çox qəribədir ki, əksər gənclər o zamanlar bizim sənətə yanaşdığımız ciddiliklə yanaşmırlar, onlarda bir az sənətə biganəlik hiss edilir. Əlbəttə ki, istedadlı cavanlar var. Məsələn, bu gün “Vəkil hekayətləri” filmində rol almış istedadlı gənclər var, onlardan biri, Pantomima Teatrının aktyoru Bəhruz çox istedadlıdır. İnanıram ki, onun uğurlu gələcəyi var.
   
   Söhbətləşdi: Yeganə CANSAİL






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar