Orxan Fikrətoğlu: «Özümdən əvvəlki nəsli bir yazıçı kimi böyük ədəbi cərəyanın yaradıcıları kimi qəbul etməmişəm»
   
   Məqsədimiz bir nəfər köhnə azərbaycanlıyla söhbət etmək idi. Dedilər indi o adamları tapmaq çətin məsələdir. Biri qalıb, amma onun da qəbuluna düşmək müşkül məsələdir. Nədənsə, onunla görüşmək bizim üçün bir o qədər də müşkül olmadı. İlk cəhdimizdən söhbət üçün müsbət cavab ala bildik (yəqin ad-sanımızdan narahat olub). Beləliklə , söhbətimiz hər gün özünü köhnə azərbaycanlı adlandıran, əslində isə köhnəlikdən əsər-əlamət qalmayan Orxan Fikrətoğlu ilə oldu.
   
   “VAXT”ı yazmağın vaxtı
   
   “Vaxt”ı yazmağa vaxtım çatdı. Çünki mən o vaxtı öz içimdə yaşadırdım. Sonda fikirlərimi kağıza köçürdüm. Nəyi yazmamışamsa, onu da gələcəkdə yazacağam. Mənə elə gəlir ki, elə an, elə saniyə var ki, insanın bioloji vaxtı ilə üst-üstə gəlir. İnsan elə düşünür ki, bu gün ilə yaşayır. Əslində gələcəklə keçmişin toqquşacağı tarixi bir tarixə çevrilir. Bu gün əslində amorfdur. İnsanın yadında qalan keçmişidir və insan keçmişini unutmaq istəyir. Çünki insan bütün anlarda “vaxt”a və özünə məğlub olur. Mən bu fikirdəyəm ki, tarix bitib. Biz tarixin digər səhifəsini yaşayırıq. Bu gün məişət ideallaşıb və bütün bu problemlər mənim yazılarımda öz əksini tapıb. “Vaxt”da mən belə problemləri qoymuşdum. Düşünürəm ki, bu problemlər Azərbaycan nəsrində yoxdur. Və çox istərdim ki, bu kitabı ağıllı oxucu oxusun. Əks halda mənim nə demək istədiyim anlaşılmayacaq. Son vaxtlarda da bir roman üzərində işləyirəm. Romanda mövzu Rusiyada çörəkpulu qazanan bir insanın taleyidir. Həm də kinossenari yazıram. 1937- ci il haqqındadır. Burada repressiya dövrü öz əksini tapır.
   
   «Mozalan»ın imkanlarından o tayda
   
   Mənə elə gəlir ki, «Mozalan» ənənədir. İstənilən cəmiyyətdə, istənilən mühitdə özünütənqid hissi, özünü kənardan görmək qabiliyyəti yoxdursa, hamı bir-birini yalandan, bəlkə də, doğrudan tərif edirsə, o normal cəmiyyət hesab olunmur. Mənə elə gəlir ki, Habil və Qabildən birində ironiya olub. Adəm peyğəmbərin özündə belə ironiya olub. İroniyasız reallıq ola bilməz. Bu dünya əslində çox bədbindir. Ona görə də ironiya, gülüş olmasa, bədbinliyi yaşamaq çətin olardı.
   «Mozalan» studiyası 1971- ci ildə yaranıb. SSRİ dağılandan sonra «Mozalan» demək olar ki, yox dərəcəsində idi. Mən iki ildir ki, “Mozalan”a gəlmişəm və mənə qədər studiyada nə baş verib, nə göstərilib məlum deyil. Deyərdim ki, heç arxiv də yoxdur. Ancaq mən “Mozalan”a gələn kimi birinci nömrəmi çəkdim. Bu layihə üzərində. Xəyyam Abdullayev, Elməddin Alıyevlə birgə işlədim. Bu nömrə İspaniyada mükafata layiq görüldü. Belə ki, bütün dünya artıq «Mozalan»ı tanıdı. Mən daha çox gənclərlə çalışıram. Elməddin Alıyevi, Xəyyam Abdullayevi bir çox istedadlı gəncləri bu işə cəlb etmişəm. Mənim fikrimcə, çəkdiyim 5 nömrə içində ən uğurlusu Emin Mirabdullayevin 2 süjetidir. Azərbaycanda prokat olmadığına görə çəkilən filmlərin təbliğatı da zəifdir. Kinoteatrlar yoxdur ki, gənclər gəlib filmləri izləsin. Ancaq mən öz gücümə «Mozalan»ın teleprokatını açmışam. Prokatı olmayan kino sistemində bu bir inqilabdır.
   
   Dünən doğmadır, yoxsa bu gün?
   
   Azərbaycanda istedadlı insanlar hər zaman yaşayıb və yaşayır. Mən Azərbaycana həmişə dünya ədəbiyyatı kontekstindən yanaşıram. Mənim sevdiyim dünya yazıçıları vardır ki, Ceym Coys, Migel de Servantes, Selim Cerin və bir çox məşhur yazıçıların adların çəkə bilərəm. Nə qədər qəribə olsa da, özümdən əvvəlki nəsli böyük ədəbi cərəyanın yaradıcıları kimi qəbul etməmişəm.Və bu fikrimi çəkinmədən özlərinə də bildirmişəm, tənqid də etmişəm, kitablarımda da bu barədə qeydlərim var. Əvvəlki nəslə mənsub yazıçıların, yəni 60-cı illərin nümayəndələrini nəzərdə tuturam ki, onları hazırda leqallaşdırırlar. Hərçənd ki, onlar artıq öz sözlərini deyib getməlidirlər. Ancaq niyə getmirlər heç özüm də bilmirəm. Heç 70-ci illərin yazıçılarını da bəyənmirəm. Nə qədər qəribə olsa da. Mənim haqqımda fikirlər gəzir ki, mən özümdən sonrakı davamçıları da bəyənmirəm. Axı əslində elə deyil! Mən sadəcə yeni nəsil haqqında az məlumatlıyam və bu o demək deyil ki, onlar haqqında neqativ fikirdəyəm. Məsələn, bu yaxınlarda bir neçə gənc şairin Aqilin, Pərvizin şerləri ilə tanış oldum. Çox da bəyəndim. Bütün qeyd etdiklərimin sırasında, yəni özümdən əvvəlki nəslin nümayəndələrini nəzərdə tutub deyirəm ki, həm həyat təcrübəsi baxımından, həm dərin poeziya xidməti baxımından Vaqif Cəbrayılzadəni bir şair kimi qəbul edirəm. Vaqif nə siyasətə getdi, nə məişətə getdi. Vaqif hələ yuxuludu. O əsl şair olaraq qaldı. Mən şair adı çəkiləndə ilk növbədə Vaqif Cəbrayılzadənin adını düşünürəm. Çünki o şair ömrü yaşayıb. Nə pula gedir, nə vəzifəyə gedir, nə də bəziləri kimi deputat olmaq istəyir. Bəlkə də, mən özüm də o yolu tutan insanam deyə, onu bir şair, yaradıcı insan və insan kimi bəyənirəm.
   
   Yazmaq qorxusu
   
    Heç vaxt belə bir qorxu keçirməmişəm. Əslində mən yazmaq istəməmişəm. Mən ideoloji ruhda olan insanam. Deyərdim ki, mən bir əsgərəm. Hər hansı bir sistemə salınsam, mən oranın əsgəri hesab olunacam. Mənim anadan olduğum kod belə yazılıb.Yazmaq isə mənə, bəlkə də qandan, nəsildən ötürülüb. Onların ruhundan mənə keçib. Və yazıram. Ancaq onu deyim ki, mən yazmağa başlarkən bir o qədər mütaliə etməmişdim. Çox az sayda kitab oxumuşdum. İnsan nə qədər çox kitab oxuyursa, bir o qədər yazamaqdan utanır. Bu səbəbdən indi düşünürəm ki, mən hansı cəsarətlə oturub əlimə qələm aldım, yazdım. Axı dünyada gör kimlər var. Necə dahi şəxsiyyətlər var. Dünyada o qədər dahi şəxsiyyətlər vardır ki, nə internetə düşüb, nə antalogiyalarda var. Mən kağızdan qorxmamışam. Başa düşülməməkdən qorxmuşam.
   Ola bilsin kiminsə bostanına daş atmışam. Ancaq ədəbiyyatı sevə-sevə yazmışam və yazıram...Yazılarımda heç bir çirk, nifrət, eybəcərlik yoxdur.
   
   Kino və kinomuza baxarkən
   
   Kinoda üç şey çatmır: istedad, istedad və yenə də istedad. Bu kinonun ritorik tərəfi. Digər çatışmayan cəhətlər texnika, avadanlıq və kino məktəbidir. Ən önəmlisi Azərbaycanda kino məktəbi olmalıdır. Kino məktəbi fəaliyyət göstərməlidir ki, kinomuz yetərincə inkişaf yoluna düşsün. Niyə görə xarici ölkələrdə İtaliyada, Fransada kino dalğaları olduğu halda, bizdə yoxdur?! Bəzən belə bir fikir bildirirlər ki, milli xörək ola bilər, amma milli kino ola bilməz! Niyə olmur və niyə də milli kinomuz olmasın?! Kinonun inkişafı üçün ssenaristlərin axını olmalıdır. Hansı ki, kinonu inkişafa apara biləcək bir axın.
   Jurnalistika və ədəbiyyat: Seçimin vaxtıdırmı?
   
   Mən əslində ədəbiyyatçıyam. Jurnalistika isə mənim çörək ağacımdır. Bununla mən pul qazanıram. İnsan sata bilmirəm, məddahlıq edə bilmirəm, yaltaq olmağı bacarmıram və buna görə də digərləri kimi “başqa” yerlərdən pul qazana bilmirəm. Halal yolla qazanılan pul hər çəkilən əzab, əziyyətə dəyər. Jurnalistika elədir ki, başımı aşağı salıb işimi işləyirəm. Jurnalistikaya yalnız iş kimi baxıram və bununla ailəmi dolandırıram. Ancaq deyim ki, jurnalistika məndən çox böyük yazılarımı aparıb. Bu sənət mənə dolanışıq verib. Ədəbiyyat isə məni dolandırmır. Yazdığım kitablar məni dolandırsa, neynirəm başqa sənəti. Özümü yalnız yazılarıma, yaradıcılığıma həsr edərdim. Təəssüflər olsun ki, ailə saxlamaq üçün bu kifayət etmir. Jurnalistika mənim peşəm deyil. Ancaq televiziya sahəsində yaratdığım “ZORXANA” analoqu olmayan bir verlişdir. Çünki 10 il hər gün sərasər günün baş xəbərlərini ezop dilində, satirik dildə, insanların anlayacağı bir dildə çatdıran ikinci belə bir veriliş olmayıb. Bunun əvəzində heç qiymət də istəmirəm. Sadəcə bu mənim işim idi və etdim. Ədəbiyyat sahəsində isə mənim 8 kitabım işıq üzü görüb. Bilirəm ki, mənim yaratdığım yolla gedib, çap olunan insanlar da var. Telejurnalistikada isə ən azından “ZORXANA” və Orxan Fikrətoğlu adı çəkiləndə, küçədən keçən uşaq da məni tanıyır. Azərbaycandan kənarda belə “ZORXANA” izlənilir. İranda, Rusiyada, Türkiyədə məni maraqla izləyirlər. Elə bir azərbaycanlı yoxdur ki, onların evində mənim kasetim olmasın. İranda - Tehranda küçədə gəzərkən hamı məni tanıyır.
   
   Orxan Fikrətoğlu və siyasət
   
   Mən siyasətdən iyrənirəm, qorxuram. Siyasət çox ikiüzlü sənətdir. Ancaq mən siyasətin də dadını bilirəm. Azərbaycanda hələ də sadəcə olaraq parodiyaları var. Siyasətçilər aktyorlar kimi siyasi parodiya metodundan istifadə edirlər. Mən siyasət yolu ilə getmədim. Bitərəf olaraq qaldım. Bu yolun yolçusu olmadım. Sadəcə siyasəti gördüm və anladım ki, siyasətdən uzaq və durmaq lazımdır.
   
   Siz kimsiniz, Orxan Fikrətoğlu?
   
   Orxan Fikrətoğlu heç vaxt yeni azərbaycanlı ola bilməz. Çünki bu keyfiyyətlər məndə yoxdu. Tarixi, psixoloji, genetik, ruhani, hətta irfani. Sadaladığım bu parametrlərin heç birində mən yeni azərbaycanlı ola bilmirəm. Bəlkə də, bu mənim faciəmdir. Çünki mən özümdən ağıllını ağıllı kimi qəbul edirəm. Mən yalandan ona ağılsız kimi baxa bilmərəm. Fikirlərim köhnə olmasa da, mən xalqına, millətinə və özünə sadiq olan köhnə azərbaycanlı Orxan Fikrətoğluyam.
   
   Söhbətləşdi:
   Yeganə Yaşar







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar