Hacı İsmayılov: “Amma bizim aktyor sənəti də asılı sənətdir”
 
  
   Teatrda bir çox rollar ifa etsə də, hamımızın yaddaşında “Ad günü” və “Həm ziyarət, həm ticarət” filmlərindən Mustafa obrazı ilə qalmış xalq artisti Hacı İsmayılovun bu gün 66 yaşı tamam olur. Uğurlu və keşməkeşli yaradıcılıq yolu keçmiş sənətkarımıza “Mədəniyyət” qəzeti olaraq daha böyük uğurlar arzu edir, ad gününüz mübarək olsun, deyirik!
   
   - Necə oldu ki, “mən aktyor olmalıyam” qərarını qətiləşdirdiniz?
   - Mən hələ məktəbdə oxuyarkən (190 N-li) dram dərnəyinin üzvü idim. Rəhbərimiz kinorejissor, xalq artisti Tofiq İsmayılov idi. Sənətə ilk addımlarım o dövrdən başladı. Sonra Lütfi Məmmədbəyovun rəhbərliyi altında Xalq teatrına getdim və 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Teatr İnstitutunun kino və dram aktyorluğu fakültəsinə daxil oldum.
   - Bu vaxtadək həm kinoda, həm teatrda bir çox rollar ifa etmisiniz. Kinoda debütünüz olan Mustafa rolu Sizə böyük uğur gətirdi. Bu obraz öz ifaçısına başqa nə verdi?
   - O vaxt mən Milli Akademik Dram Teatrının aktyoru idim. Bu illər ərzində C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dublyajla, filmlərin səslənməsi ilə məşğul olmuşam. Elə o vaxt da kinoya çəkilməyə böyük həvəsim var idi, lakin o dövrün filmlərində çəkilən aktyorlarla müqayisə edəndə özümü bir qədər kinoya uyğun görmürdüm. Bir dəfə təsadüfən görkəmli rejissorumuz Rasim Ocaqov mənə yaxınlaşdı və “Ad günü” filminin sınaq çəkilişlərinə dəvət etdi. Təbii ki, o an çox sevinmişdim. Sınaq çəkilişləri uğurlu oldu və mən təsdiqləndim. 1976-77-ci illərdə film çəkiləndən sonra mənim şəxsi və aktyor həyatımda böyük dəyişikliklər oldu, tamaşaçılar tərəfindən hüsn-rəğbətlə qarşılandım.
   - Elə o ictimaiyyət arasında sizə münasibətdən danışın.
   - Əlbəttə, mən sənətə şan-şöhrət üçün gəlməmişəm. Bu sənəti uşaqlıq illərindən sevmişəm. Bu sənətin çətinlikləri var; ola bilər ki, bütün ömrünü bu sənətə həsr edən tamaşaçı rəğbəti qazanmasın. O dövrdə hamı istərdi ki, onu küçədə, nəqliyyatda gedəndə tanısınlar. Amma mən bunu istəsəm də, gözləmirdim. “Ad günü” filmində 2 əsas rol var: Mustafa və Əli. Əlini ifa edən gürcü aktyorudur, bəzən tamaşaçılar elə bilirdi ki, gürcü mənəm, azərbaycanlı o.
   - Jurnalistlərlə aranız necədi? Sizi ictimaiyyətə olduğunuz kimi təqdim edə biliblərmi?
   - (gülür) Aram yaxşıdı. Elə “Ad günü” filmindən sonra o qədər müsahibə alıblar ki... Hətta filmin şəkilləri o vaxt məndə elə də çox deyildi. Mənə əziz olan bir neçə şəklim var idi ki, onları da jurnalistlərdən biri qəzet üçün alıb aparmışdı. Sonra məqalə dərc olundu, amma o şəkillər geri qayıtmadı. İndi də o şəkillərin həsrətindəyəm.
   - Yeni çəkilən filmlərə dəvət alırsınız?
   - Keçən il Maqsud İbrahimbəyovun ssenarisi əsasında, rejissoru Murad İbrahimbəyov olan “Qardaşım əvəzsizdir” filminə dəvət aldım. Bu filmdə baş qəhrəmanın yaxın dostlarından biri olan yaşlı poçt işçisi rolunu ifa edirəm. Maraqlı, yaddaqalan roldur. Film artıq, bitmək üzrədir, yəqin ki, tamaşaçılar onu bu il izləyə biləcəklər.
   - Səhv etmiriksə, bu filmdən öncə də “Mosfilm” və “Tacikfilm”in birgə istehsal etdiyi “Silah” filmində baş rollardan birini yaratmısız. Bu filmin aqibəti necə oldu?
   - “Silah” filmində alverçilər sərhəddən silah aparmasın deyə kəndin keşikçisi rolunda oynayıram. Film müəyyən qədər uğurlu alındı. Artıq satışda da var, əldə etmək olar.
   - Teatr və kino. Bu iki ayrılmaz sənətin həyatınızda tutduğu yeri bir cümlə ilə necə ifadə edərsiz?
   - Teatr mənim canım, kino isə gözümdür.
   - Hacı müəllim, müsahibələrinizdən birində qeyd etmisiniz ki, aktyor futbolçu kimidir. Bu gün biz topu olub, meydanı olmayan futbolçulara bənzəyirik. Necə düşünürsünüz, bu günə qədər qapıya çox qol vurmusunuz, yaxud istədiyiniz qolları qapıdan keçirə bilmisiniz?
   - (gülür) Teatrımız hazırda möhtərəm prezidentimizin qərarına əsasən təmirdədir. Bu gün müsahibə aldığınız şəraiti də görürsünüz. Belə bir şəraitdə yüksək sənət əsərləri ərsəyə gətirmək son dərəcə çətindir. Çünki teatr başqa aləmdir.
   Bu müddət ərzində teatrımızın gördüyü işlər az olmayıb. Uğurlu tamaşalar qoymuşuq. Məsələn, 2009-cu il bizim teatr üçün əlamətdar oldu. Bir neçə xarici ölkəyə səfərə getdik. Türkiyəyə iki səfərdə mən də iştirak etmişəm. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərində Çin şahzadəsinin elçisi Yanq Çunq rolunu ifa etdim. Bu tamaşayla biz ötən ilin əvvəlində Ankara və Kayseridə, sonra yayda Tarsus şəhərində teatr festivalında iştirak etdik. Daha sonra Ceyhan, Mersin və Karaman şəhərlərində bir daha o tamaşanı nümayiş etdirdik. Çox uğurlu səfər oldu.
   Daha sonra teatrımız H. Cavidin “Şeyda” əsərini tamaşaya qoydu. Burda da mən alman rəssamı Maks Müller rolunu ifa etmişəm.
   - Eşitdiyimizə görə, Akademik Milli Dram Teatrında islahatlar keçiriləcək. Buna münasibətiniz. Ümumiyyətlə, bu islahatlar nələri əhatə edəcək?
   - Düşünürəm ki, bu islahatlar bir o qədər də geniş olmayacaq. Çünki teatrımızın aparıcı qüvvələri əsasən xalq və əməkdar artistlərdən ibarətdir. Onları işdən azad etmək olmaz, onlar əvəzsizdir. Ola bilsin ki, islahatlar yeni tamaşalarla, onların bədii tərtibatı və s. bu kimi hallarla bağlı olsun. Mənə belə gəlir ki, bütün hallarda teatrımızın xeyrinə ola biləcək islahatlar aparılacaq.
   - Nostalgiyaya tez-tezmi qapılırsınız və belə hallarda nələr, kimlər haqda düşünürsünüz?
   - Bir müddət olub ki, filmlərə hər il çəkilmişəm. Müəyyən bir durğunluq dövrüm də oldu - “Sarı gəlin” filmindən sonra filmlərə çəkilmədim. Arzu edirəm ki, bu il filmlərimizin sayı artsın, çünki tamaşaçı aktyordan yeni rollar gözləyir. Kino sahəsində ötən illərin, keçmiş günlərin yenidən geri qayıtmasını, həmin o aktyorlar, rejissorlarla bir daha yenidən işləməyi çox arzulayıram. Teatrda isə işim həmişə olub, rollar ifa etmişəm. Belə baxanda mən bəxti gətirən aktyoram. Teatrda işim olmayanda kinoda çəkilmişəm. Kinoda olmayanda televiziya tamaşalarında, filmlərin dublyajında yaxından iştirak etmişəm. Bu barədə şikayətim yoxdu.
   - Bugünkü gənc aktyorlara münasibətiniz, teatrlara göndərilən kadrlar ümidvericidirmi?
   - Bunun gərək kökünə nəzər salasan. Bayaq da söhbətimizin əvvəlində də qeyd etdim ki, mən hələ məktəb vaxtından artıq dram dərnəklərində rollar ifa edirdim. Bu gün isə dərnəklər, xalq teatrları olmadığı üçün cavanlar bu sənətə birbaşa, bir qədər hazırlıqsız gəlir. Yeri gəlmişkən, bu ildən mən artıq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğulam. Bugünkü gənclərdə hiss edirsən ki, onların bazaları, bünövrələri əvvəldən qoyulmayıb. Ona görə də daha çox işləməli olursan. Əlbəttə, teatrımızın gələcəyi onlardır, amma onlarda həyati qayğılar çoxdur, hərdən teatrdankənar işlərə də meyillənirlər. Maddi vəziyyət yaxşı olsa, sözsüz ki, onlar teatra daha çox istiqamətlənərlər. Biz özümüz gənclikdə tərbiyəni özümüzdən əvvəlki nəsil aktyorlardan götürmüşük. Nizam-intizamsız, zəhmətsiz heç nə əmələ gəlmir.
   - Teatrlarımızda klassik əsərlər üzərində edilən yeniliklərə münasibətiniz...
   - Sözsüz ki, dövr, zaman dəyişib. İnternet, mobil telefonlar, bir sözlə texniki tərəqqi dövründə yaşayırıq. Texnika o qədər inkişaf edib ki, bunlar mütləq teatr, tamaşalara da sirayət etməlidir.
   Klassik əsərlər teatrın bünövrəsi, təməl daşıdır. Aktyorların yetişməsi üçün böyük bir məktəbdir. Təbii ki, yazılan əsəri olduğu kimi səhnəyə qoymaq da doğru deyil. Əgər əsəri başqa formada dəyişirlərsə, bu, ifrat dərəcədə olmamalıdır. Elə olmalıdır ki, tamaşaçı o tamaşanı qəbul edə bilsin.
   - Səhnədə demək istədiyiniz sözlər qalıb?
   - Əlbəttə. Həmişə bir şeyi bilmək lazımdır ki, tamaşaçı səndən də ağıllıdır. O, zaldan hər şeyi hiss edir. Tamaşaçını aldatmaq olmaz. Ona görə də bu məsuliyyəti dərk etmək lazımdır. Çalışıram yaşa dolduqca daha dolğun rollar oynayım. Amma bizim aktyor sənəti də asılı sənətdir. Rol verəcəklərsə, ifa edəcəksən, verməyəcəklərsə...
   - 66 yaşına qədəm qoyan Hacı İsmayılovun özünə arzusu...
   - Adım da Hacıdı, özüm də Allaha bağlı adamam. Hər bir işimdə birinci Allah yadıma düşür. Ömrü verən də odur, alan da. Hərdən cavan rəhmətə getmiş aktyorları yada salıram. Heç 40-50 yaşı tamam olmamış bu dünyadan köçüb gedənlərimiz olub. İndi 66 yaşındayam. İstərdim ki, qalan ömrümdə - nə yaşayacağamsa televiziyada, teatrda, kinoda elə rollar ifa edim ki, daha çox yaddaşlarda iz sala bilsin. Ən böyük arzum budur. Ömür vəfa etsə, yəqin ki, arzularım həyata keçər...
   
   Söhbətləşdi: Yeganə CANSAİL