Vüqar Məmmədovun əl işləri İran və Türkiyənin müxtəlif sərgi salonlarında saxlanılır
   
   Sənətkarlar yaratdıqları əsərlərdə mənsub olduqları xalqın incəsənətini, tarixini peşəkarlıqla qoruyub saxlayırlar. Bu baxımdan Azərbaycan xalqı xoşbəxtdir desək, yanılmarıq. Çünki ölkəmizin elə bir regionu yoxdur ki, oranın özünəməxsus sənətkarlığı olmasın. Bu gün sənət adamları da onlardan bəhrələnir, müasirliyi və qədimliyi özündə birləşdirən dəyərli sənət nümunələri yaradırlar. Öz əsərlərində bu meyarları əsas götürən, bir sıra yerli və beynəlxalq sərgilərdə iştirak edən belə sənət adamlarından biri də Vüqar Məmmədovdur. Biz də onunla görüşüb maraqlı sənət dünyası haqqında danışdıq. Müsahibimiz söhbətə həyat və sənət yolundan danışmaqla başladı. 
   
   - 1969-cu ildə Ordubadda anadan olmuşam. 1984-cü ildə Bakı şəhərində yerləşən 45 saylı orta məktəbi bitirmişəm. 1988-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunda, 1998-ci ildə isə Bakı Musiqi Akademiyasında ali musiqi təhsili almışam. Dağlıq Qarabağda erməni hərbi birləşmələrinə qarşı gedən döyüşlərdə iştirak etmişəm. Eyni zamanda Çin döyüş sənəti - uşu və yapon döyüş sənəti ciu-citsu üzrə məşqçi-müəlliməm. Hazırda “Mövlanə” uşaq musiqi qrupuna rəhbərlik edirəm. 1997-ci ildən bədii xəttatlıqla, 2004-cü ildən isə ağac üzərində Quran ayələrinin yazılması ilə məşğulam. Hazırda Bakı şəhəri 28 saylı Uşaq Musiqi Məktəbində tədris işləri üzrə müdir müavini vəzifəsində çalışıram və yaradıcılıq işimi də davam etdirirəm.
   - Sizi möcüzəli və qeyri-adi sənət aləminə gətirən yol hardan başladı?
   - Döyüş sənəti ilə məşğul olduğum dövrdən bu sahəyə marağım artdı. 1990-cı ildə SSRİ-nin müxtəlif şəhərlərində (Bişkek, Aluşta, Moskva) Pekin UŞU Akademiyasının professorları tərəfindən keçirilən praktik seminarlarda uğurla iştirak edərək, məşqçi diplomuna layiq görülmüşəm. Pekin UŞU Akademiyasında təhsil almaq üçün Pr.Li Çzi Şen tərəfindən dəvət aldım. Bu dəvət Azərbaycanın müharibə dövrünə düşdüyünə görə imtina etməli oldum. Praktik seminarlarda eyni zamanda Çin kalliqrafiyası ilə yaxından maraqlandım və bu təsirdən 7 il sonra bədii xəttatlıqla məşğul olmağa başladım.
   - Daha çox hansı materiallardan istifadə edirsiniz?
   - Ağac üzərində işə «Allah və Bismillah» yazmaqla başlamışam. Daha çox ağac üzərində Quran ayələrini yazıram. Material kimi ən çox qoz ağacından istifadə edirəm. Bu ağacın əldə olunmasında böyük çətinlik çəkirəm. Ümumiyyətlə, bu işin hər addımı böyük çətinliklərdən keçir. Məsələn, emalatxanam yoxdur. Ev şəraitində də hər zaman çalışmaq olmur. İş prosesində texniki alətlərdən və ən çox da xüsusi iskənələrdən istifadə olunur. Bu işin əsas mexanizmi isə Allah kəlamına ehtiram və sənətə böyük bir sevgi ilə yanaşmaqdır.
   - Beynəlxalq sərgilərdə iştirak edirsinizmi? Bunlar dəvətlər əsasında reallaşır, yoxsa şəxsi təşəbbüsünüzlə?
   - Həm yerli, həm də beynəlxalq sərgilərdə tez-tez iştirak edirəm. 2004-cü ilin noyabr ayında Təbriz şəhərində keçirilən sərgidə bədii xəttatlığa aid 4 işim nümayiş etdirilib. 2006-cı ildə Tehranda keçirilən 14-cü Beynəlxalq Quran Sərgisində Azərbaycanı təmsil etmişəm, 9 işim nümayiş etdirilib. 2-ci dəfə daha kamil işlərlə 2009-cu ildə Tehranda keçirilən 17-ci Beynəlxalq Quran Sərgisində iştirak etmişəm. 2007-ci ilin yanvar ayında Təbriz şəhərində keçirilən Beynəlxalq Kalliqrafiya Festivalında bədii xəttatlığa aid bir neçə işim nümayiş etdirilib. Ümumilikdə İranda 4 sərginin iştirakçısı olmuşam. Bu sərgilər yüksək səviyyədə təşkil olunub.
    - Sizi tez-tez ölkəmizdə keçirilən sərgilərdə görürük. Ötən il neçə sərgidə iştirak etmisiz?
   - Yerli sərgilərin demək olar ki, əksəriyyətində iştirak edirəm. Aprelin 18-də Bakı İslam mədəniyyəti paytaxtı çərçivəsində Qobustan Dövlət Tarixi Qoruğunda 16, həmin ayın 27-də isə Qala qoruğunda 16 işim nümayiş etdirilib. Azərbaycan Turizm İnstitutundakı əksər sərgilərə dəvət edilirəm. May ayında burada keçirilən sərgidə isə 17 işim nümayiş etdirildi. Ötən ilin iyun ayında İranın Azərbaycandakı Mədəniyyət Mərkəzi Bakıda böyük bir tədbir təşkil etmişdi. Həmin tədbirə məni də dəvət etmişdilər. Burada nümayiş etdirilən 16 işim iştirakçıların böyük marağına səbəb oldu. 2009-cu il oktyabr ayının 5-də Əl Oyunlari İdman Sarayında keçirilən Beynəlxalq Kulinariya Festivalında təşkil olunan sərgidə də 12 işim seyrçilərin ixtiyarına verildi. Ötən ilin noyabrında Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində təşkil etdiyi sərgidə 13, yenə həmin ünvanda təşkil olunan I Respublika Dekorativ-tətbiqi sənət sərgisində isə 20 işim sərgilənib. Həmin sərgi I dərəcəli diploma layiq görülmüşəm. 2009-cu il dekabr ayının 4-də Muzey Mərkəzində təşkil olunan “Ağ-qara” sərgisində 3, dekabrın 9-da Turizm İnstitutunda 34, həmin ayın 22-də Muzey Mərkəzində təşkil olunan I Ümumrespublika dekorativ-tətbiqi sənət festivalının yekun sərgisində 4 işim nümayiş etdirilib. Bundan əlavə, 2009-cu ilin avqust ayında Misirin Mədəniyyət Nazirliyindən fərdi sərgimin keçirilməsinə dair dəvət almışdım. Maliyyə problemi ucbatından bu sərgidən imtina etdim. Sərgi üçün yalnız yol xərci tələb olunsa da, əlaqədar təşkilatlardan heç biri müraciətimə müsbət cavab vermədi.
   - Azərbaycan və ya hansısa xarici ölkənin sərgi salonlarında işləriniz saxlanılırmı?
   - Bir neçə ölkənin sərgi salonunda əl işlərim var. Məsələn, Tehranda və Türkiyədə müxtəlif sərgi salonlarında işlərim saxlanılır.
   
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar