XALQ YAZIÇISI ELÇİN SUALLARIMIZA CAVAB VERİR
- Elçin müəllim, yeni Azərbaycan ədəbiyyatının, o cümlədən nəsrinin epoxası sizin nəsillə - 60-cılarla başlayır. Həmın ədəbi nəslin ən görkəmli nümayəndələrindən biri də sizsiniz. Bugünkü gənc ədəbi nəsil 60-cılara münasibətdə rəngləri həddindən artıq tündləşdirir, hətta bir çox məqamlarda şəxsi aqressiya ilə yanaşırlar. İstərdik ki, 60-cıların məşhurlarından olan Elçin çağdaş ədəbi prosesin kontekstindən yanaşaraq, 60-cı illər ədəbiyyatını qısaca xarakterizə etsin.
- Bugünkü gənc ədəbi nəsil heç vəchlə həmin «şəxsi aqressiya ilə yanaşanlardan» ibarət deyil. Ədəbi nəsli estetik dəyərlər müəyyənləşdirir, «şəxsi aqressiya» yox. «Şəxsi aqressiya» ədəbi imkansızlığın ifadəsidir: sən özünü bədii söz ilə ifadə edə bilmirsən, ona görə də içində bədiiyyata qarşı kin-küdurət yaranır. 60-cı illər ədəbiyyatını isə mən ədəbiyyatımızda bədii-estetik mərhələ hesab edirəm və bu ədəbiyyat yalnız 60-cı illər ədəbi nəslinin («60-cıların») qələminin bəhrəsi deyil, İlyas Əfəndiyev («Söyüdlü arx», «Körpüsalanlar», «Sən həmişə mənimləsən» və s.), yaxud İsa Hüseynov («Teleqram», «Kollu Koxa», «Saz» və s.), yaxud İsmayıl Şıxlı («Dəli kür») kimi yazıçıların əsərləri də o mərhələni təşkil edən ədəbiyyat nümunələridir.
- Özünüzü hansı ədəbi cərəyanın nümayəndəsi hesab edirsiniz, ümumiyyətlə, yazıçı metodu nə qədər önəmlidir? Sizə elə gəlmir ki, Azəraycan yazıçılarında metodoloji qeyri-müəyyənlik problemi var.
- Sizə deyim ki, mən mizin arxasında oturub yazmağa başlayanda heç vaxt hansısa ədəbi cərəyan barədə düşünmürəm. Əsəri ədəbi cərəyan yaratmır, ədəbi cərəyanı əsər yaradır. Metodla bağlı «qeyri-müəyyənliyə» gəldikdə isə mən bir az başqa cürə deyərdim: bizim müasir ədəbiyyatımızda ədəbi cərəyanlar zənginliyi yoxdur və mən keçən il «525-ci qəzet»də dərc edilmiş «Azərbaycan ədəbi prosesində nə baş verir?» adlı silsilə məqalələrimdə bu məsələdən bəhs etmişəm.
- Yazıçı kimi qarşınıza hansı mənəvi problemin həllini qoymusunuz? Başqa cür desək, estetik idealınızın bədii həllinə nail olmusunuzmu?
- Doğrusunu deyim ki, mən bədii əsər yazanda heç bir problemin, o cümlədən də mənəvi problemlərin həllini qarşıma məqsəd qoymuram. Mənəvi problem nədir? Bu, həyat hadisələrinin ortaya çıxartdığı bir məsələdir. Güman edirəm ki, yazıçı o hadisələri görməyi bacarmalıdır. O ki qaldı sualınızın ikinci hissəsinə, ona dəqiq cavabı ədəbi tənqid verə bilər.
- Ədəbi əsərin mövzusu, ideyası, hətta dialoqların strukturları belə yazıçının daxili aləmindən keçir. Yazıçı daxili süzgəcdən keçirmədən bir cümlə belə yazmır. Bir yazıçı kimi siz də ədəbi qəhrəmanlarınıza paylanmısınız. Ancaq ənənəvi sual olsa da, bilmək istərdik: yazıçı Elçin hansı ədəbi qəhrəmanında daha çox görsənir?
- Elə bilirəm ki, sizin sualınızda cavab da var və mən o cavabla razıyam. Ona görə də ədəbi qəhrəmanlarımı bir-birindən ayırmağa, olsun ki, ehtiyac yoxdur.
- Sizin ədəbi qəhrəmanlar daxili bir tənhalıq yaşayır. Bu tənhalıq sizin ilk hekayələrinizdən üzü bəri əksər obrazlarınızda hiss olunur. Qəhrəmanlarınızdan birinin dediyi kimi, insanı başa düşəcək yeganə adam o özüdür, yoxsa?..
- Əgər səhv etmirəmsə, siz bu sözləri mənim «Qatar. Pikasso. Lptur. 1968.» adlı hekayəmdən götürmüsüz. O hekayəni 25 yaşlı gənc yazıçı Elçin yazıb və o fikir də aradan keçən bu illər ərzində dəyişməyib.
- Deyilənə görə, istedadın əsas əlamətlərindən biri özünə şübhədir. Yazdıqlarınıza nə vaxtsa şübhə gözü ilə baxa bilibsinizmi?
- Belə bir şübhəyə ehtiyac hiss etməmişəm.
- Atanız İlyas Əfəndiyevə həsr etdiyiniz romanda yazırsınız ki, bir dəfə o, sizə Şekspir, Balzak, Servantes, Dostoyevski ilə müqayisədə yazmağın mənasızlığından danışıb. Sizcə, Azərbaycan ədəbiyyatının dünyaya çıxışının olmaması bizim kiçik ölkənin vətəndaşı olmağımızdandır?
- Mənə elə gəlir ki, bu sualda iki müxtəlif məsələ qoyulub. Bəli, bir dəfə İlyas Əfəndiyev həmin yazıçıların adlarını çəkərək: «Bunlardan sonra biz niyə yazırıq?» - dedi. Yəni bədii söz bu səviyyədə deyilibsə, daha nəsə deməyə ehtiyac varmı? İlyas Əfəndiyevin o sözləri yalnız sənət haqqında yox, ümumiyyətlə, həyat barədə düşüncələrin ifadəsi idi. O ki qaldı kiçik ölkənin vətəndaşı olmaq məsələsinə, əlbəttə, dil baxımından bunun əhəmiyyəti var. Bizdə obyektiv və subyektiv səbəblərə görə Azərbaycan dilindən dünyanın aparıcı dillərinə bədii tərcümə ənənələri, məktəbi, demək olar ki, sıfır səviyyədədir. Mənim əsərlərim bir çox xarici dillərdə işıq üzü görüb, ancaq Türkiyəni çıxmaq şərtilə, onların, demək olar ki, hamısı əvvəlcə rus dilinə tərcümə olunub, çıxıb, sonra isə rus dilindən başqa dillərə çevrilib. Ancaq, baxın, Norveçdən İbsen və Knut Hamsun, yaxud İrlandiyadan Coys və Bekket, yaxud da İslandiya kimi cırtdan ölkədən isə Qunnarsson və Laksness kimi nəhənglər dünya miqyasında tanınmış yazıçılardır. Nə üçün? Çünki tərcümə mədəniyyətilə bağlı problemlər onlarda yoxdur.
- «Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü» romanlarınızın çapından müəyyən müddət keçib. Yenə də bu janra müraciət edəcəksinizmi? Ümumiyyətlə, sizin üçün nəsrin hansı sahəsi daha yaxındır?
- Hansı janrda, o cümlədən də roman janrında yazıramsa, həmin vaxt da o janr mənə ən yaxınıdır.
- Ədəbiyyata hekayələrlə gəlmiş və qısa zaman kəsiyində ədəbi aləmdə imzasını təsdiqləmiş, yeni Azərbaycan romanının yaradıcılarından olan Elçin qələmini son illərdə dramaturgiya sahəsində də sınadı, özü də uğurla. Dramaturgiyaya keçid nə ilə bağlıdır?
- Bu da, «yaradıcılıq» dediyimiz özünüifadənin bir «sirri-xuda»sıdır.
- Bir müddət ədəbi tənqidlə ardıcıl məşğul olmuş, ədəbiyyatımızın problemləri ilə bağlı sanballı araşdırmalar aparmış tənqidçi-ədəbiyyatşünas Elçinin baxışında bugünkü ədəbi tənqidin ümumi durumu necədir? Ədəbiyyatımızın inkişafı ilə tənqidin durumu arasında paralellik aparsaq, nələri görmək olar?
- Mən son dörd-beş ildə yazdığım irihəcmli məqalələrimdə sizin verdiyiniz bu aktual sualları cavablandırmışam və o cavabları yenidən səsləndirsəm, qorxuram müsahibəmiz çox uzansın.
- Nasir, dramaturq, alim, publisist... Bunlardan birini seçməli olsaydınız, hansı Elçini seçərdiniz?
- İndi təkcə Azərbaycanda yox, postsovet məkanında bir çox yazıçılar hansısa yazılarından imtina edirlər, hansılarınısa ixtisarlarla çap etdirirlər, ancaq güman edirəm ki, bu, əbəs bir işdir. Yazıya pozu yoxdur! Elçin nə yazıbsa, hamısı eyni dərəcədə onunkudur.
- Məmməd Arif, Həmid Araslı, Məmməd Cəfər, Mir Cəlal, Mirzə İbrahimov, Mehdi Məmmədov, Əziz Mirəhmədov, Bəxtiyar Vahabzadə, Kamal Talıbzadə, Yaşar Qarayev, Yəhya Seyidov, Yusif Səmədoğlu, Aydın Məmmədov, Nadir Cabbarov - vaxtilə Sizin haqqınızda məqalələr yazmış tənqidçilərin, yazıçıların tam olmayan siyahısı belədir. Bəs müstəqillik dönəmində son nəsr nümunələrinizdən «Sarı gəlin», «Göy üzünün ulduzlu vaxtı», «Qarabağ şikəstəsi» hekayələrinə, «Bayraqdar» povestinə ədəbi tənqidimizin münasibəti necə oldu? Ümumiyyətlə, son ilin ədəbi tənqidi hansı gücdədir?
- Münasibət çox müsbət oldu. Zövqlərinə hörmət etdiyim, inandığım adamlar bu əsərlər haqqında dəyərli fikirlər söylədi. Ancaq məsələ burasındadır ki, bu gün bəzən bədii əsərin ortaya çıxardığı mətləbi açmağa bir küll halında ədəbi tənqidin gücü çatmır.
- Qarabağ hadisələri siyası cəhətdən Azərbaycanı dünyaya çıxartdı, bəs Qarabağ mövzusu necə, bizim ədəbiyyatı dünyaya çıxara bildimi?
- Bu suala hərtərəfli cavab vermək hələ tezdir. Qarabağ hadisələri başlayıb, ancaq hələ qurtarmayıb. Qarabağ hadisələri mütləq böyük ədəbiyyatın bəşəri səviyyəyə qaldırılmış böyük mövzusuna çevriləcək.
- Müəyyən dövlət postlarında işləmisiniz, nə vaxtsa ölkənin siyasi həyatına dair romanınızı oxuya biləcəyikmi?
- Janrını deyə bilmərəm, ancaq o kitab mütləq yazılacaq.
- Ədəbiyyatda təsir məsələsi... Sizə Azərbaycan və dünya ədəbiyyatında kimin ədəbi təsiri olub. Və bu gün sizin yaradıcılığınızdan təsirlənənlər varmı?
- Dünyada müxtəlif xalqların ədəbiyyatı yarandığı vaxtdan etibarən qarşılıqlı ədəbi təsir həmişə olub. Mən bəyəndiyim böyük ədiblərin, rəssamların, bəstəkarların, rejissorların adını çəkə bilərəm və bəyənirəmsə, deməli, onların birinin az, o birinin çox dərəcədə mənə təsiri olub. O ki qaldı mənim yaradıcılığımdan təsirlənməyə, bunun cavabını başqa qələm sahibləri, oxucular daha dəqiq verər.
- Bir çox tanınmış dünya yazıçıları dünyada məhəbbətin öldüyündən yazıblar. Bir yazıçı kimi müasir dünyada məhəbbətin həqiqətən öldüyü qənaətini bölüşürsünüzmü?
- Yox, bölüşmürəm. Böyük mənada məhəbbət həyat deməkdir. Həyatın sonu çatanda, məhəbbət də sona çatacaq. Düşünürəm ki, heç o zamanı da bilmək olmaz, dünyanın axırı çatandan sonra da, bir də gördün, məhəbbət yenə hardansa pırtlayıb çıxdı...
- Belə bir fikir var: Yazıçı bütün ömrü boyu bircə əsər yazır. Siz məhsuldar bir yazıçı kimi bu fikirlə razısınızmı?
- Razıyam.
Nigar Mənsimli