Əminə Fiqarova: «Klassik pianoçu olsam da, həmişə cazı sevmişəm»
   
   - Əminə xanım, uzun illərdir Hollandiyada yaşayırsınız. O vaxtlar xaricə getmək, təhsil almaq o qədər də asan deyildi...
   - Musiqi dünyasına klassik pianoçu kimi daxil olmuşam. Konservatoriyada təhsil aldığım illərdə Moskvaya tez-tez gedirdim. Öz əsərlərimlə müxtəlif musiqi festivallarında iştirak edirdim. Rafiq Babayevin orkestrinin ifa etdiyi «Hələ dünən» adlı əsərim bəstəkarların ümumittifaq müsabiqəsinin birinci mükafatına layiq görüldü. Bundan sonra məni SSRİ Bəstəkarlar İttifaqına üzv qəbul etdilər. Moskvanın beynəlxalq radiosu bir saatlıq proqram hazırladı və bu, mənim həyatımın dönüş nöqtəsi oldu. Sonra Hollandiyaya dəvət etdilər. Müxtəlif şəhərlərdə konsertlərim oldu. Və Hollandiyanın iki konservatoriyasından bəstəkarlıq fakültəsində təhsil almaq üçün təklif gəldi, mən Rotterdam konservatoriyasını seçdim.
   - Yəqin ki, ilk vaxtlar çətinlikləriniz də oldu?
   - Məni bəstəkarlıq fakültəsinə qəbul etdilər. Bu, ürəyimcə deyildi. Klassik pianoçu olsam da, həmişə cazı sevmişəm. Xoşbəxtlikdən təhsilə başladığım vaxtlar müəllimim cazla klassikanın sintezini yaradan gözəl musiqiçi, pedaqoq Rob Van Kreyfild oldu. Bununla da musiqi yaradıcılığımda yeni caz səhifəsi açıldı. Bir il sonra Rotterdam konservatoriyası ilə Amerikanın Boston şəhərindəki məşhur Berkli Caz Məktəbi arasında tələbə mübadiləsi ilə bağlı müqavilə imzalandı. Birinci iki nəfər seçildi - onlardan biri mən oldum, digəri isə belçikalı Bart Platto.
   - Sizin həyat yoldaşınız?
   - Bəli. Bart Brüsseldə doğulub. Uşaqlıqdan fleytaya marağı olub. Brüssel konservatoriyasında klassik musiqi və klassik zərb alətləri üzrə təhsil alıb. O da cazı çox sevib. Dostları ilə bir qrup da yaratmışdılar. O vaxtlar Brüsseldə yay caz kursları vardı və orda amerikalı caz ulduzları dərs deyirdilər.
   Bart bu kursu da bitirdikdən sonra caz üzrə təhsilini davam etdirmək üçün Hollandiyaya gəldi və məni orada tapdı. Birlikdə Bostona getdik. Musiqidən başqa - həyata, dünyaya baxışlarımız da eyniydi. Ona görə də Rotterdama qayıdan kimi ailə qurduq. İyirmi ildir bir yerdəyik.
   - İlk musiqi qrupunu nə vaxt yaratdınız?
   - Bostondan qayıdan kimi yeddi nəfərlik bir qrup yaratdıq. Bütün musiqiləri özüm yazırdım. Yoldaşım deyirdi ki, az bəstəkarlar fleyta üçün belə maraqlı əsərlər yazır. İşə çox fəal başladıq. Əvvəlcə ölkə daxilində konsertlərimiz oldu, sonra xarici ölkələrə səfərlərimiz başladı. Bart həm də qrupumuzun meneceridir. Əlbəttə, başqa musiqiçilərin layihələrində də iştirak edir. Məsələn, SALSA layihəsindəki menecmentlik işi onun həyatında böyük rol oynadı. Dünyada caz menecerləri azdır və onları hamı tanıyır. Bu yaxınlarda Amerikanın caz jurnalı «Down Beat» Bartın menecmentlik işini çox yüksək qiymətləndirmişdir. Belə bir jurnalın Amerikadan olmayan bir menecer və musiqiçini qiymətləndirməsi əlbəttə, böyük uğurdur.
   - Səfərlərdə tez-tez olursuz?
   - Bu, bizim həyat tərzimizdir. Ayda 2-3 gün öz evimizdə oluruq. Hər gün səfərdəyik. İşimiz belədir. Dünyanın ən böyük və ən məşhur səhnələrində çıxış etmişik. Amerikada tez-tez konsertlərimiz olur. Sentyabrda Çikaqo festivalında çıxış etdik. Həmin səhnədə Barak Obama prezident seçiləndə çıxış etmişdi. Konsert zamanı 25 min tamaşaçı 3 dəfə ayağa qalxıb bizi salamladı. Festivallarda belə hallar təsadüfən olur. Bundan sonra Nyu-Yorkda Linkoln mərkəzində çıxış etdik. Yanvarda yenidən amerikalılarla görüşəcəyik.
   - Hansı ölkədə çıxış etmək ürəyinizcədir?
   - Harda bizi sevir, dinləmək istəyirlərsə, orada çıxış edirik. Bakıda cazsevərlərlə görüşmək mənim üçün çox xoşdur.
   Hər bir ölkənin tamaşaçısı, onların düşüncə tərzi, fikirləri çox maraqlıdır. Biz bütün dünyanı gəzmişik. Məsələn,amerikalıların caza münasibəti çox fərqlidir. Onlar ifa olunan hər bir əsərə öz münasibətini bildirirlər. Məndən tez-tez soruşurdular: Əsər necə yaranır? Başınıza gələn hadisələri yazırsız? Yaxud, deyirlər ki, bu əsər onlara oxuduqları hansısa bir kitabı xatırladır. Cazın yarandığı bir ölkədə pərəstişkarlardan bu sözləri eşitmək, əlbəttə, çox xoşdur. Bilirsiz, hər bir insanın, ətrafında baş verənlərə münasibəti müxtəlifdir. Mən də gördüklərimi musiqinin dili ilə insanlara çatdırıram. Yadımdadı, uşaq vaxtı babamla bulvara getmişdik. Qayıdanda anam soruşdu ki, necə gəzdiniz? Mən mahnı ilə cavab verdim. Həmişə belə olub. Əsərlərim də ətrafda baş verənlərə mənim münasibətimdir.
   - Repertuarınızda Azərbaycana həsr olunmuş kompozisiya varmı?
   - Mənim Azərbaycana həsr olunmuş albomum var. «Fire Wind» adlanır. Od-külək mənasını verir. Bu, ölkəmiz üçün çox xarakterik olan bir anlamdır. Əsər mənim Bakı haqqında şəxsi düşüncələrimdir.
   - Əsərlərinizdə milli musiqimizdən istifadə olunur?
   - Bəli, mənim bir neçə belə əsərim var. Konsertlərdə tez-tez bu parçaları ifa edirik. Ölkəmizin zəngin mədəniyyəti var. Biz hər birimiz yorulmadan Azərbaycanı təbliğ etməliyk. Konsertlərdə həmişə təşkilatçılardan tələb edirəm ki, məni azərbaycanlı musiqiçi kimi təqdim etsinlər. Mən fəxr edirəm ki, xaricdə Azərbaycanı təbliğ edirəm.
   
   Sədaqət YUSİFQIZI