Rəqs incəsənətin geniş və əlaqəli sahələrindəndir.Respublikamızda onun hərtərəfli inkişafı üçün həmişə şərait və qayğı olub. Son dövrlər ənənəvi şəkildə keçirilən müsabiqə və festivallar bunun bariz nümunəsidir. Bu gün isə “Yallı rəqs müsabiqəsi - 2009”un iştirakçısı və Türkiyədə keçirilən “Uşaqlar bayramı”nın mükafatçısı Məmməd Məmmədli qonağımızdı:   

   - Cəbrayıl rayonunun Əfəndilər kəndindənəm. Atam polis işçisi olub, indi Qarabağ müharibəsi veteranıdı. Anam isə musiqiçidi.
   - Bakıya gəlişiniz necə olub?
   - Ailəmiz 23 avqust 1993-cü ildə Cəbrayıl rayonunu tərk edir. Oradan Şəmkir şəhərinə gəlirlər. Ancaq orada çox qalmadıq. Bakıya köçürlər. Suraxanı rayonu ərazisində məskunlaşdıq. Mən də 2001-ci ildə 80 saylı orta məktəbdə birinci sinfə getdim… Daha sonra 2004-cü ildə 4 saylı Uşaq Musiqi Məktəbinə daxil oldum.
   - Sizdə musiqiyə həvəsi kim yaradıb?
   - Məndə musiqiyə həvəsi babam Nadir Məmmədov yaradıb. O, yaxşı tar çalır. Həm də gözəl səsi var. Evimizdə danışırlar ki. köçkünlükdən sonra babam daha tez-tez tar çalmağa başlayır. Əvvəllər heç belə tar çalmazmış… O, şövqlə tarı köksünə sıxanda saatlarla oturub ona qulaq asırdım. İndi mən babamın yolunu davam etdirirəm.
   - Sənədlərimi musiqi gimnaziyasına vermək arzusundayam.
   - Rəqsi də çox sevirəm. Gözəl rəqslər lap kiçik yaşlarımdan məni özünə cəlb edirdi… Həmişə rəqslə bağlı söhbətlərə, diskussiyalara qoşulmuşam. Sonra elə oldu ki, rəqslə daha yaxından məşğul olmaq istədim. Ona görə də bir gün atamla Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayına getdim. Rəqs müəllimi Rövşən Ömürməliyevlə görüşdük. Məni məşqlərə cəlb etdi. Bir-iki həftədən sonra çıxışımı-oynumu bəyəndiyini bildirdi. Beləliklə, rəqş məktəbinə daxil oldum. Onu da deyim ki, məktəbdə təhsil müddəti beş ildir. Artıq ikinci ildir orada oxuyuram. Həm də “İgidlər “ rəqs ansamblının üzvüyəm…
   - “Yallı rəqs müsabiqəsi - 2009”a qatılmağın necə oldu?
   - Əvvəlcə onu deyim ki, bu müsabiqə əvvəlki müsabiqələrdən fərqli olaraq qruplar-ansambllar arasında keçirilirdi. Mən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının “İgidlər” rəqs ansamblının tərkibində çıxış edirdim.
   - Öyrəndik ki, müsabiqə başa çatmamış Türkiyəyə getmisiniz? Bu nə ilə bağlı olub!
   - Düzdü, biz Türkiyəyə yola düşəndə hələ müsabiqə davam edirdi. Ancaq həmin vaxt müsabiqə yekunlaşmaq üzrə idi. “İgidlər” rəqs ansamblı isə çıxışını başa çatdırmışdı. Təqribən uğurumuz - yəni neçənci yeri tutduğumuz aydın idi… 23 aprel 2009-cu il tarixdə Türkiyənin İzmir şəhərində keçiriləcək “Uşaqlar bayramı”nda iştirak etmək üçün hazırlaşdıq. Ertəsi günü Tükiyəyə uçduq. Günortadan sonra İzmir şəhərinə çatdıq. Oradan da Alaşəhərə yola düşdük. Bizi şəhərin başbakanı Kadirdaş qarşıladı … Sonra bizi ayrı-ayrı ailələrə verdilər. Mehmet Akta adlı mədəni və zəngin bir şəxsin evində qaldım...
   Səfərimiz on gün davam etdi. Həftədə üç gün ayrı-ayrı yerlərdə çıxışlar etdik. Təqribən on ölkədən qonaqlar vardı. Bəziləri ilə görüşüb söhbət də etdim. Tanıdıqlarım Qazaxıstan, Özbəkistan və Gürcüstan respublikalarından olan qonaqlar idi. Bu bayrama respublikamızdan üç rəqs qrupu getmişdi.
   - Hansı rəqsləri ifa etdiniz, tamaşaçılar çıxışlarınızdan razı qaldımı?
   - “Qafqaz rəqsi”, “Yallı”,”Azərbaycan süitası” və s. rəqslərini oynadıq. Deyim ki, hər çıxışımız sürəkli alqışlarla qarşılanırdı…
   
   Savalan FƏRƏCOV







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar