Bahar Muradova: «Siyasət ağıl, bilik və daxili güc tələb edən bir işdir»
Müasir Azərbaycan qadını iki böyük sivilizasiyanın məhsuludur. Mənəvi kökləri ilə Şərq mədəniyyətinə bağlı olan Azərbaycan qadını intellektual cəhətdən Avropa mədəniyyətinə yiyələnmiş və cəmiyyətin bir çox sahələrində özünəməxsus məqama sahib olub. Bu gün də respublikamızda kifayət qədər bacarıqlı və istedadlı qadınlar var. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, uğurlu iş adamı, səriştəli məmur, millət vəkili, hərbiçi və rabitəçidir. 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycanın ən tanınmış xanım siyasətçilərindən biri, Milli Məclisin vitse-spikeri Bahar Muradova ilə həmsöhbət olduq.
- Bahar xanım, Azərbaycan qadınının rolu cəmiyyətdə həmişə aparıcı olub. Sizcə, bu gün qadınlarımıza göstərilən qayğı və diqqət yetərincədirmi və qadınlarımız bu imkanlardan yararlana bilirlərmi?
- Qadınlarımızın cəmiyyətdə öz imkanlarını reallaşdıra bilmələri üçün dövlət vacib olan bütün addımları atıb. Dövlət bütün vətəndaşlar üçün bərabər şərait yaratmalıdır və buna da qanunlar imkan verməlidir. Qanunların nəzərdə tutduğu tədbirləri həyata keçirmək üçün mövcud şərait olmalıdır. Azərbaycan dövləti bütün bunların təminatçısıdır və parlamentimiz tərəfindən də kifayət sayda qanunlar qəbul olunub ki, bu qanunlar bizim ali qanunumuz olan konstitusiyaya əsaslanır. Orda qadınlar üçün nəzərdə tutulan hüquqların reallaşmasının çərçivəsini müəyyənləşdirir. Bu çərçivə daxilində fəal şəkildə hərəkətə ehtiyac var.
Qeyd edim ki, bir qisim qadınların aktiv olmamalarının müxtəlif səbəbləri var. Bu səbəblərdən biri onların özlərinin ictimai-siyasi həyatdakı fəaliyyətə kişilər qədər maraq göstərməməsidir. Bəzi qadınlar özlərinə inanmır və hesab edirlər ki, kiminsə dəstəyi olmadan uğur qazana bilməzlər. Buna səbəb uzun illər bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da kişilərin üstün rola və həlledici qərar vermə imkanlarına malik olmasıdır. Amma Azərbaycan müstəqillik əldə etdikdən sonra qısa müddət ərzində qazanılan təcrübə bütün bu amilləri bir qədər arxa plana atmaq üçün qadınlara çox böyük imkanlar verdi.
- Nə etmək lazımdır ki, qadınlarımız özlərinə inana, güvənə bilsinlər?
- Bu inamı bir günün içərisində hamıya təlqin etmək mümkün deyil. Bu, uzun vaxt tələb edən prosesdir. Mən düşünmürəm ki, qadınların cəmiyyətdəki fəaliyyətinə onların yalnız siyasi və yaxud da ictimai həyatda iştirak faizinə görə qiymət vermək lazımdır. Hər bir dövlətin, millətin qarşısında hər bir insan üçün inkişaf etməkdə olan mühit yaratmaq vəzifəsi dayanır. Cəmiyyət də qarşısına gələcək üçün məqsədlər qoyub, bu hədəfləri reallaşdırmaq üçün gənc nəslin formalaşması, yetişməsi, mütəxəssislərin meydana gəlməsi və müasir dövrün nəbzini tuta bilən, onun tələblərinə cavab verən kadrların yetişməsi prosesini keçməlidir. Azərbaycan bu prosesi çox uğurla keçir və bu prosesdə daha çox iştirakçılar qadınlardır. Elm, təhsil, səhiyyə və ümumən bütün sosial sferada qadınlar daha çox yer tutur. Mən özlüyümdə bunu cəmiyyətə və dövlətə daha böyük xidmət kimi qiymətləndirirəm. Millətin gələcəyi həm cəmiyyətdə, həm də ailədə daha çox qadınların təsiri altında formalaşır. Ona görə də bizim qazandığımız ümumi nailiyyətlərin içərisində qadınların payı daha çoxdur.
- Milli Məclisdə necə, hər hansı qanunun müzakirəsində və ya qəbulunda qadın deputatlarımız nə dərəcədə fəallıq nümayiş etdirə bilirlər?
- Milli Məclisdə qadın deputatlarımızın sayının 14 nəfər olmasına baxmayaraq, çox fəaldırlar. Bu, getdikcə artan bir şəkildə özünü göstərməkdədir. Qadınlar ən ciddi problemlərə nəinki münasibət bildirirlər, bunun məsuliyyətini çəkməyə hazırdırlar və hətta bunun nümunəsini də göstərirlər. Bizim qadınlar yalnız sosial sferaya, humanitar sahəyə, mədəniyyətə aid olan məsələlərə münasibət bildirmirlər. Dövlətin taleyüklü məsələlərində öz mövqelərini kifayət qədər səriştəli formada ortaya qoyurlar. Təkcə ölkə daxilində deyil, ölkədən kənarda da qadınlarımız çox ciddi fəaliyyət göstərirlər. Bu gün Azərbaycan qadınının, xüsusən millət vəkillərinin ən müxtəlif səviyyələrdə səsləri eşidilməkdədir. Bir məqamı xüsusi olaraq vurğulamaq istərdim ki, qadınlarımızın mütləq əksəriyyəti artıq buna diqqət yetirməyə başlayıblar. Deməli, siyasətlə məşğul olmaq mümkündür.
- Siyasətdən söz düşmüşkən, bu gün cəmiyyətdə öndə gedən qadınlardansınız. Adətən, qadınlara zərif məxluq deyirlər. «Siyasi yük və qadın zərifliyi» - Bahar xanım bunun öhdəsindən necə gəlir, bu yükü öz çiyinlərində çəkməyə qadın zərifliyi mane olmur ki?
- Mən siyasətdən danışanda adətən qadın-kişi fərqinin qoyulmasının hər zaman əleyhinə olmuşam. Siyasət birmənalı olaraq ağıl, bilik, savad, mənəviyyat, səriştə, daxili güc, iradə, bütün mənəvi keyfiyyətlər tələb edən bir işdir. Siyasət ağırlıqqaldırma deyil ki, burda fiziki güc tələb edilsin. Burada məhz dediyim parametrlər tələb olunduğuna görə istər qadınlar, istərsə də kişilər fəaliyyət göstərə bilərlər. Bunun üçün yalnız iradə, istək və cəsarət tələb olunur. Qadınların zərifliyinə gəlincə, bu, zahirən belədir. Amma ailə, cəmiyyət qarşısında öz borcunu yerinə yetirmək baxımından qadınlar daha güclü və dözümlüdürlər. Qadınların zərifliyi heç də onalara əngəl yaratmır. Cəmiyyətdə hansısa problem və kataklizmlər yaranan məqamlarda da, ən ağır yükü qadınlar çəkməli olur. Bu gün Azərbaycan qadını evindən-eşiyindən didərgin düşmüş bir şəkildə öz övladlarını istədiyi səviyyədə sağlam, savadlı, firavan böyütmək imkanından məhrumdur. Bununla belə qadın dözüm və dəyanət göstərir və vətənpərvər ruhda övladlar böyüdür. Ona görə də qadınlara «zəif», «zərif» deyib onları bir kənara qoymaq yox, sadəcə bu zərifliyn, zəifliyin arxasında nə qədər böyük bir gücün və bu gücə hesablanmış məsuliyyətin dayandığını qəbul etmək lazımdır.
- Qarşıdan 8 Mart - Beynəlxalq Qadınlar Günü gəlir. Yəqini ki, bu bayramı deputat xanımlar digər qadınlardan fərqli qeyd edirlər...
- Keçirdiyimiz hisslərə görə adi qadınlardan yəqin ki, o qədər də fərqlənmirik. Kim olursansa ol, həmin gün hər kəs özünü qadın kimi hiss edir. Gözəl görünməyə çalışır, yaxşı əhval-ruhiyyədə olmaq istəyir. Ən əvvəl yaxınları, övladları, həyat yoldaşı tərəfindən diqqət gözləyir. Bu diqqət ən müxtəlif şəkildə ola bilər. Onu əhatə edən mühitdə onunla bir yerdə işləyən insanların təbrikini eşitmək istəyir. Həmin gün bir növ təkcə qadınların bayramı olmur, kişilər bizdən daha çox bayram edirlər. Şəxsən mənim qənaətim belədir ki, insan təkcə özünü qane etmək, sevindirmək üçün çalışmır. Eyni zamanda qarşı tərəfdəkinə, onu əhatə edən insanlara diqqət və qayğı göstərəndə daha çox sevinir. Ona görə də bizim bayramımızdırsa, bizi sevindirən, bizi təbrik edən kişilər bizdən daha çox sevinirlər. Çünki sevdiyin insanı sevindirmək özü çox gözəl bir işdir və bu bayram bizim hamımızın bayramıdır. Həmin gün üçün xüsusi tədbirlər düşünmürəm. Çünki artıq neçə ildir ki, həmin gün və həmin günə qədər olan ərəfədə çoxlu tədbirlərdə iştirak edirəm. Həm sevincimi qadınlarla bölüşürəm, həm də onların sevincinə şərik oluram. Evdar qadınlardan fərqimiz odur ki, bu bayramın sevincini daha çox insanlarla bölüşə bilirik.
- Sirr deyil ki, siz təmsil olunduğunuz vəzifəyə qədər uzun bir yol keçmisiniz. Bu gün keçdiyiniz həyat yolunuzla, bu yolda nümayiş etdirdiyiniz əzmkarlığa görə çoxlarına örnək ola bilərsiniz. Qadınlarımıza nələri arzu edərdiniz, onların bu bayramı hansı tərzdə qarşılamalarını istərdiniz?
- Doğrudan da, mən bu vəzifəni tutana qədər çox çətinliklərdən keçmişəm.
Amma bu, təkcə mənim gücüm və fəaliyyətimlə olmayıb. Bu yolda mənə qadınlarla bərabər, kişilər də dəstək olub. Mənim bəxtim onda gətirib ki, ilk günlərdən Heydər Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının sıralarında olmuşam. Bütün qərarları o zaman ümummilli liderimiz Heydər Əliyev qəbul edib. Partiyanın ilk təşkilatından tutmuş idarə heyətinə qədər mənimlə birlikdə gedən kişilərdən hər zaman dəstək, qayğı görmüşəm. Ona görə də qazanılan uğurlar fərd olaraq mənim adıma yazıla bilər, amma bütövlükdə bu, bizim cəmiyyətimizin uğurudur.
Bu həm də ölkə prezidenti tərəfindən yeridilən siyasətin, üzvü olduğum YAP-ın qadın amilinə çox böyük önəm verməsinin nəticəsidir.
Belə bir gündə onların hər birinə təşəkkürümü bildirir, ümumilli liderimizin xatirəsini çox böyük ehtiramla yada salıram. İlham Əliyev cənablarına, məhz bu siyasəti davam etdirərək Azərbaycan qadınının cəmiyyət həyatında çox böyük yer tutması üçün atdığı addımlara görə, qadınların adından təşəkkürümü bildirirəm.
Bir məqamı da diqqətə çəkim ki, təkcə prezidentimizin yeritdiyi siyasət və qanunlarımızın yaratdığı şərait deyil, həm də qadın örnəklərimiz, xüsusilə birinci xanımın bütün dünya tərəfindən diqqəti cəlb edən fəaliyyəti hər birimizi məsuliyyətə səsləyir. Hər kəs bu fəaliyyətə baxaraq öz işini günün tələbləri səviyyəsində qurmaq istəyir. Mənim arzum odur ki, Azərbaycan qadınları bu mühitdən maksimum istifadə etsinlər. Qadınlarımız onsuz da qabiliyyətlidirlər, sadəcə özlərinə inansınlar. Mən bir daha qadınlarımızın bayramını təbrik edirəm. Arzu edirəm ki, onlar hər zaman fədakarcasına sevdikləri insanlar tərəfindən yüksək məhəbbətlə sevilsinlər. Bir də heç zaman cəmiyyət həyatında məsuliyyət daşıyan vətəndaş olduqlarını unutmasınlar.
Mehparə