İsmayıl Səfərəliyev bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Vətən and yerimizdir” ssenari müsabiqəsinin qalibidir. Onun “Mən evimə qayıdıram” ssenarisi müsabiqədə 1-ci yeri tutub. Gənc yazarla söhbətə də bu mövzudan başladıq.
   
       
   - Necə oldu ki, “Vətən and yerimizdir” ssenari müsabiqəsinə qatılmağa qərar verdiniz?
   - Kino sahəsində çalışan dostlarımdan vətənpərvərlik mövzusunda müsabiqə keçirildiyi barədə eşidəndə Azərbaycanın Milli Qəhrəmanı Vaqif Qurbanovun cəsur hərəkəti haqqında düşündüm. Bu barədə ssenari yazmaq qərarına gəldim. Çox şadam ki, mənim ssenarim birinci yeri qazandı. Fürsətdən istifadə edərək, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinə ssenarimə verilən qiymətə görə minnətdarlığımı bildirirəm.
   - Bir yazar olaraq müasir Azərbaycan kinosu haqqında nə düşünürsünüz?
   - Son illərdə Azərbaycanda kinematoqrafiya sahəsində böyük dəyişikliklər baş verir, gənc nəsil incəsənətə maraq göstərir, yeni istedadlı yazıçı və rejissorlar nəsli yetişir. Əminəm ki, onlar öz əsərləri ilə Azərbaycan mədəniyyətinin inkişafı və zənginləşməsində hələ öz sözlərini deyəcəklər. Ölkə rəhbərliyinin bu sahədə müxtəlif təşəbbüslərə dəstək verməsi sevindirici haldır. Mən inanıram ki, bizim kinematoqrafiya mühüm sıçrayış ərəfəsindədir.
   - Sizcə, dünyada hansı ədəbiyyat daha çox oxunur?
   - Bu suala birmənalı cavab vermək çətindir. Əlbəttə, hər ölkənin öz milli xüsusiyyəti var. Ümumilikdə isə detektiv və məhəbbət haqda əsərlər daha böyük tirajla çap olunur.
   - Son illər hansı yeni çəkilən filmlərimizə baxmısınız?
   - Uzun müddətli durğunluqdan sonra keçən il bir neçə gözəl film çəkilib. Elçin Musaoğlunun “40-cı qapı”, Samir Kərimoğlunun “Niyyət” filmi. Məncə, bu iki film beynəlxalq müsabiqələrdə qalib gəlməyə iddiacı ola bilər.
   - Yazıçılıq peşəsinə həvəs sizdə hardandır?
   - Hiss etdim ki, mənim deməyə sozüm var, fikirlərimi insanlarla yazı vasitəsilə bölüşmək istədim. Hekayələr “özləri” yazılmağa başladı. O hekayələri dost və yaxın adamlarıma göstərdim, onlar məni ruhlandırdılar.
   - Bugünkü gənc nəsli ədəbiyyatdan uzaq salan nədir?
   - Mənə elə gəlir ki, cavanlar kitab oxuyur, ancaq böyük nəslin istədiyi qədər yox. Digər yandan, televiziya və internet kimi informasiya mənbələri kitabı ikinci plana sıxışdırır. Dünya klassik və müasir ədəbiyyatının Azərbaycan dilinə az tərcümə edilməsi problemi də var, bu sahədə hələ çox iş görülməlidir.
   - “Vətən and yerimizdir” müsabiqəsi sizə nə verdi?
   - Anladım ki, yaxşı hekayə, yaxud ssenari yazmaq üçün öncə güclü istək lazımdır. Belə istək bəzən təcrübənin azlığını əvəz edə bilər. Əsas məqsəddir.
   
   Söhbətləşdi: Yeganə Cansailqızı