İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi: "Mədəniyyət sahəsində geniş əməkdaşlığın tərəfdarıyıq"
   
   İtalyanlardan söhbət düşərkən ilk öncə bu xalq ilə azərbaycanlılar arasında bənzərliklərin olduğu deyilir. İtalyanlar da azərbaycanlılar kimi olduqca istiqanlı, eyni zamanda, emosionaldırlar. Ölkələr arasında mədəni əlaqələrə gəlincə, bu tarix qədim köklərə dayanır.
   Bu gün Azərbaycanla İtaliya arasında əməkdaşlıq ən müxtəlif sahələrdə inkişaf etdirilir. İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi ilə söhbətimizdə ölkələrimiz arasında tarixi-mədəni əlaqələrə toxunduq. Amma öncə səfir xalqlarımız arasında oxşar xüsusiyyətlərin olması ilə bağlı fikirlərini bizimlə bölüşdü:
   
   
   - İstər Azərbaycanda, istərsə də İtaliyada ailə dəyərləri olduqca qiymətlidir.
   - Məsələn, bizim ölkəmizdə ailə təkcə ər, arvad və uşaqlardan ibarət deyil. Ailə həm də bacı, xala, ata, ana və digərləri deməkdir. İtalyanlar kimi, azərbaycanlılar da həyatdan zövq almağı xoşlayır, dostluğu çox yüksək qiymətləndirirlər. İtalyanlar da, azərbaycanlılar kimi alicənab və səxavətlidirlər. Ölkələrimiz arasında uzaq məsafələr var. Eyni qitəyə aid deyilik, ayrı-ayrı dinlərə iman gətiririk. Tarixi yollarımız müxtəlifdir: İtaliya Qərbdə, Azərbaycan isə Şərqdə yerləşir. Biz kapitalist ölkəsi, siz isə sosialist ölkəsi olmusunuz. Bütün bu fərqlərə baxmayaraq, xalqlarımız çox oxşardır. Konkret olaraq, əgər siz İtaliyanın cənub şəhərlərinə - Neapola, Palermoya getsəniz, Bakı ilə çoxlu oxşarlıqlar görə bilərsiniz. İçərişəhərdəki insanların yaşayış tərzi də neapolluların qədim şəhərdəki yaşayış tərzinə bənzəyir.
   - Cənab səfir, Azərbaycanla İtaliya arasında əlaqələrin tarixi qədimdir. Elə götürək Qobustan ərazisindəki daş üzərində qədim Roma yazısını. Bundan əlavə, orta əsrlər dövründə Venesiya səyyahları və tacirləri Azərbaycana tez-tez səfər ediblər. Bu gün də biz tarixi mənbə kimi həmin səyyahların qeydlərindən istifadə edirik. Bunlarla bağlı nə deyə bilərsiniz?
   - Qobustanda qədim Roma dövrünə aid olan bir legionun izləri aşkar edilib. Bir neçə il əvvəl bir italyan arxeoloqu bunun həqiqət olub-olmadığını öyrənmək üçün Azərbaycana gəlmişdi. O, sübut etdi ki, bu daş üzərindəki yazılar Roma imperatorluğuna aiddir. Bu da onu göstərir ki, Roma imperiyasının qoşunları Şərqə doğru yürüşlərində Azərbaycan ərazisində də olublar. Alimlərin araşdırmalarına görə Roma imperatoru Domissianın rəhbərliyi altında bir qrup əsgər vaxtilə Qobustana gəlib. Söhbət 3 min kilometrdən artıq məsafədən gedir. Və indi italiyan arxeoloqları bu araşdırmalarla məşğul olub, iki ölkə arasında qədim əlaqələrin mövcudluğunu sübut edirlərsə, bu, müsbət bir haldır. Bütün bunlar dövlətlərarası əlaqələrin inkişafına da müsbət təsir göstərir. Mən özüm iki dəfə Qobustanda olmuşam. Üzərində qədim Roma yazısı olan daş haqqında məndə yaranan təəssürat belə oldu: bu, mədəni, xüsusilə də arxeoloji əməkdaşlıq baxımından gözəl nümunədir.
   Məşhur Venesiya səyyahı Marko Poloya gəlincə, onun gündəliyindəki təsvirlərin Azərbaycana aid olması məlum olur. Həmin qeydlərdə neft və oddan bəhs edilir. Mütəxəssislərin fikrincə, səyyah bunlardan danışarkən Azərbaycanı nəzərdə tutmuşdu. Azərbaycan Şərqlə Qərbi birləşdirən tranzit ölkə olub və bu ölkə vasitəsilə avropalılar Çinə ipək almağa gedirdilər. Marko Polo da bu səyahətlərin ilk cığırını açıb. O, avropalılar üçün Çini kəşf edib.
   - İtaliyanın Azərbaycanla mədəni əməkdaşlıqda prioritetləri nədən ibarətdir?
   - Biz tələbə mübadiləsini, mədəni əlaqələri inkişaf etdirmək istəyirik. Xüsusilə təhsil mübadiləsi bizim üçün mədəni əməkdaşlıqda çox vacib sahədir. Azərbaycanda italyan dilinin təbliğinə böyük önəm veririk. İtaliyada çoxlu azərbaycanlı tələbə təhsil alır. Bunun üçün hökumət tərəfindən təqaüdlər ayrılır. Gələn il 17 azərbaycanlı tələbə İtaliyada təhsil almağa göndəriləcək. Tezliklə Azərbaycanın Təhsil Nazirliyi ilə İtaliya arasında ikitərəfli saziş imzalanacaq. Biz Azərbaycan Dillər Universiteti, Qərb Universiteti və digər ali məktəblərlə əməkdaşlıq edirik. Gələcəkdə Azərbaycanda İtaliya Təhsil Mərkəzi yaratmağı da düşünürük. Çünki düşünürəm ki, Azərbaycan italyan mədəniyyətinin və dilinin təbliği üçün müəyyən potensiala malikdir.
   - Ölkəmizin memarlıq inciləri hesab edilən ən mühüm mədəniyyət obyektlərinin təmir-bərpa işlərində italyan memarlarının rolu əvəzsizdir. Hətta bir neçə il öncə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə italiyalı bərpaçı-mütəxəssislər tərəfindən Bakıda seminar da təşkil olunmuşdu. Bu cür əməkdaşlıqda İtaliyanın Azərbaycandakı səfirliyi nə dərəcədə maraqlıdır?
   - Mən Bakıda italyan memarlığını görəndə çox təsirləndim. XIX əsrdən başlayaraq Azərbaycanın neft milyonçuları öz tikililərində italyan memarlığından istifadə ediblər. Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin yerləşdiyi bina, Elmlər Akademiyası Rəyasət Heyətinin binası ("İsmailiyyə") italyan memarları tərəfindən tikilib. "İsmailiyyə" binası Venesiyada yerləşən bir sarayın demək olar ki, eynisidir. İtalyan memarlarının Azərbaycanla belə əməkdaşlıqlarının olması təqdirəlayiqdir. Digər başlıca istəyimiz ondan ibarətdir ki, azərbaycanlı mütəxəssislər İtaliyaya gedib mədəni irsin qorunması və idarə olunması sahəsində bizim təcrübəmizi öyrənsinlər. İtaliya böyük mədəni irsi olan qədim dövlətlərdən biridir. Mədəni irsin qorunması, mədəni irsə sərmayə qoyulması biznesin gələcəyidir. Düşünürəm ki, Azərbaycan da bu sahədə böyük potensiala malikdir. Azərbaycanlı mütəxəssislər bu sahədə İtaliya təcrübəsindən faydalana bilərlər.
   - Cənab Baldi, ölkələrimiz arasında mədəniyyətin başqa sahələrində necə, əməkdaşlıq qurmaq mümkündür?
   - Biz mədəniyyət sahəsində geniş əməkdaşlığın tərəfdarıyıq. İtaliya öz mədəniyyəti, mədəni irsi ilə tanınır. Biz burada İtaliyanın kiçik mədəniyyət fəaliyyəti xəritəsini formalaşdırmağa çalışırıq. Məsələn, bir ay əvvəl İtaliyadan Bakıya teatr qrupu gəlmişdi. Onlar burada bir neçə tamaşa nümayiş etdirdilər. Bilirsiniz ki, Bakı Neapolla qardaşlaşmış şəhərdir. Qeyd etdiyim kimi, bu şəhərlər bir-birilərinə bənzəyir. Bakıdakı küçələr, hətta İçərişəhər də Neapolu xatırladır. Mən Bakıda Neapoldan bəhs edən həftə keçirməyi planlaşdırıram. Bu şəhər özünün teatrı, ərzağı, yeməkləri ilə məşhurdur. Belə bir həftənin keçirilməsi əlaqələri, tərəfdaşlığı gücləndirmiş olar.
   Bundan başqa, Bakıda İtaliya moda həftəsi keçirməyi də planlaşdırııq. Moda təkcə biznes deyil, həm də mədəniyyətdir. Bakıda italyan dəbləri olan butiklərə rast gəlmək mümkündür. Ərzaq da ölkə mədəniyyətinin bir hissəsidir. Bu baxımdan iyunun 6-dan 10-dək "İtaliya mətbəxi həftəsi" keçirməyə hazırlaşırıq. Bu müddətdə italyan yeməkləri, musiqisi təqdim olunacaq. Kinolarımıza gəlincə, onlar mədəniyyətimizdə həmişə mühüm yer tutub. Bildiyiniz kimi, İtaliyada film ənənəsi qədim köklərə dayanır. Federiko Fellini, Marçello Mastroyani, Sofi Loren kimi dünya şöhrətli aktyorlarımız olub. Bu gün də məşhur aktyorlarımız var. Bu baxımdan Bakıda mütəmadi şəkildə italyan filmlərini göstəririk. Universitetdə, Kapelhausda ingilis dilində sətiraltı ilə italyan filmləri nümayiş etdiririk və bu filmlərə italyandilli tələbələri, diplomatik nümayəndəlikdə çalışanları dəvət edirik.
   - Cənab səfir, Bakıda olduğunuz müddətdə bölgələrimizə səfər etmək imkanınız olubmu?
   - Səkkiz aydır ki, Azərbaycandayam. Mən yaşadığım ölkəni gəzmək, bir çox məqamları aşkar etməyi sevirəm. Qəbələ, İsmayıllı, Zaqatala, Şamaxı, Nabran, Quba, Gəncə, Abşeron yarımadası, Mingəçevir və Qobustanda olmuşam. Azərbaycan kiçik ölkə olduğundan gəzmək çətin deyil. Yaşadığım ölkəni gəzmək, onunla tanış olmaq həm də mənim işimlə bağlıdır. Çünki Bakı Azərbaycan deyil. Bundan başqa mən təbiəti görmək, insanları başa düşmək, görmək istəyirəm. Azərbaycanın təbiəti çox gözəldir. Mən yaşıllığı çox sevirəm. Sonuncu dəfə Qubaya səfər edən zaman Xınalığa getməyə cəhd göstərsəm də, yollar bağlı olduğundan bu, baş tutmadı. Bu yaxınlarda Göygöl rayonunda alman məskənlərində oldum. İvanovkaya, Pirquludakı Rəsədxanaya da getmişəm.
   - Azərbaycan musiqisinə necə, maraq göstərirsinizmi?
   - Filarmoniyada, Konservatoriyada konsertlərdə olmuşam. Opera həvəskarı olmadığımdan Opera və Balet Teatrında olmamışam. Muğamı dinlədim və çox sevdim. Novruz bayramı tədbirlərində çoxlu teatr tamaşaları, muğam qruplarını gördüm. Bir sözlə, gözəl mədəniyyətinizi və folklorunuzu bəyənirəm. Hətta muğam alətlərinə marağım var. Çünki bu alətlər bəzi italyan alətlərinə bənzəyir. İtaliyanın cənubunda xalq musiqisi məşhurdur və mən burada aşkar etdim ki, bu musiqi Azərbaycan xalq musiqisinə çox bənzəyir.
   - Azərbaycanı tərk edərkən özünüzlə xatirə olaraq nə aparmağı düşünürsünüz?
   - Xalça, Bakının gözəl rəsmlərini, Bakını xatırladan çoxlu suvenirləri aparacam. Bir də düşünürəm ki, buradan gedəndən sonra xatırlamağa çoxlu dostlarım da olacaq.
   
   Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar