«Sovet dövründə 20 ildə 15 film çəkmişdim. Son 20 ildə isə cəmi 3 film çəkmişəm. Amma bu filmlər mənə bəlkə də 15 filmin çoxundan daha yaxındır»
   
   İyunun 10-da Heydər Əliyev Sarayında rejissor Eldar Quliyevin “İstanbul reysi” bədii filminin təqdimatı keçiriləcək. Müsahibimiz Dövlət mükafatı laureatı, Xalq artisti, kinorejissor Eldar Quliyevdir.
   Onun sənət yolu “Bir cənub şəhərində”n başladı. Sonra bir cənub ölkəsinin keçmişinə, “Babək”in zamanına yollandı, “Sevinc buxtası”nı çəkdi, “Nizami”ni kinoda əbədiləşdirmək istədi, “Ürək, ürək...”, “Var olun, qızlar”, “Gümüşgöl əfsanəsi” bir-birini əvəz etdi, “Təxribat”, “Nə gözəldir bu dünya”, “Girov” filmlərində də öz sözünü dedi. İndi “İstanbul reysi” kinomuzda öz yerini tutmağa hazırlaşır...

   
   - Eldar müəllim, «İstanbul reysi” filmi barədə suala keçməzdən öncə istərdim zaman reysi ilə bir qədər keçmişə qayıdaq. O illərə ki, yeniyetmə bir oğlan “Vətən” kinoteatrında “Durnalar uçur” filminə baxdı və bu film onun gələcək həyatını büsbütün dəyişdi. Film sizə niyə bu qədər təsir etmişdi və illər sonra bu filmə baxanda yenə də eyni hissləri yaşayırsınızmı?
   - Sözsüz, o film mənə böyük təsir etdi. Yaxşı ki mən bu filmi gördüm. Yoxsa həyatda özümə başqa bir sənət, başqa bir yol seçərdim (Gülür). Bilmirəm, o yollarda özümü tapa biləcəkdim, ya yox. Bu filmə ilk dəfə baxanda orta məktəbdə oxuyurdum, özüm də Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmaq arzusunda idim. Bilmək istəyirsiniz, bu film mənə niyə belə təsir etmişdi? 1945-ci ildə Böyük Vətən müharibəsi başa çatandan sonra işıqlı bir dövr başlamışdı. Bu işığın içində “Durnalar uçur” filmində insan həyatının dramını gördüm. Rejissorun böyük ustalığı idi. Ona görə də bu film həyatımı büsbütün dəyişdi və mən kinorejissor olmaq qərarına gəldim. İnanıram ki, hər insanın bir taleyi var. O da Allahdan gəlir...
   - Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib Bakıya qayıtdınız...
   - Gələndən sonra iki il işsiz qaldım. Kiyevdə yaşayan dostlarımın yanına getdim. Bir müddətdən sonra qayıtdım, çünki diplom işimi çəkməliydim.
   
   Hər şey “Xəzan yarpaqları”ndan başladı
   
   Salam Qədirzadənin “Xəzan yarpaqları” adlı hekayəsi vardı. Adını dəyişib “Biri vardı, biri yoxdu...” qoyub qısametrajlı bir film çəkdim. Moskvada diplom işimə yüksək qiymət verdilər. Qayıdandan sonra bizim kinostudiyada da rəhbərlik mənə bir qədər diqqət verməyə başladı.
   - Sonra “Bir cənub şəhərində” filmini çəkdiniz. Cənub şəhərinin sirri nədə idi?
   - Gör neçə illər keçir... (fikrə gedir) 40 ildən çoxdur. Onda cavan idim. Ssenari maraqlı, mövzu mənə yaxın idi. Özüm də belə bir məhəllədə böyümüşdüm. Təzə Pir məscidinin yaxınlığında... Bütün çəkilişləri Təzə Pir məscidinin arxasında və Mustafa Sübhi küçəsində aparmışdıq. Amma filmə baxanlar elə bilirlər ki, çəkilişlər İçərişəhərdə aparılıb. Doğma, tanış səhnələri çəkməyə elə də çətinlik çəkmədim. Yaxşı ssenari idi, eyni zamanda, o filmdə mənim də uşaqlıq həyatımın, uşaqlıq dünyamın xatirələri gizlənib.
   - Yeri gəlmişkən, nə vaxtsa bu filmin davamını çəkmək istəmisinizmi?
   - Heç vaxt belə bir fikrim olmayıb. Dünya praktikasında belə şeylər çox olub ki, filmin ardını çəkiblər, ancaq o filmlər özünü doğrultmayıb.
   - “Baş müsahibə”, “Var olun, qızlar”, “Ürək-ürək....”, “Gümüşgöl əfsanəsi”, “Burulğan” müasir mövzuda çəkdiyiniz filmlərdir. Tarixi mövzuda çəkdiyiniz filmlər arasında “Babək” filminin öz yeri var. “Bu mənim filmimdir”- deyirsiniz. Yenidən tarixi mövzuda film çəkərdinizmi?
   - Çəkərdim. O vaxtlar uzun müddət tərəddüd edib “Babək” filmini çəkmək istəmədim. Elə hesab edirdim ki, məni bu filmi çəkməyə məcbur edirlər. Amma sonralar dedim, nə yaxşı ki, bu filmi çəkdim. Çünki bu filmin sayəsində tariximizi daha yaxşı, daha dərindən öyrəndim. Tarixi film çəkən rejissor gərək o dövrü, o zamanı elə öyrənsin ki, özünü də o həyatın içində hiss edə bilsin. Bütün bunlara görə bu filmə minnətdaram.
   - Kino incəsənət olmaqla bərabər, həm də istehsalatdır. “Babək” filmini sovet vaxtı 60-dan çox ölkə almışdı. İndi necə, filmlərimizin xarici ölkələrdə alıcıları varmı?
   - Niyə, indi də alınır. “Girov” filmi bir neçə ölkə tərəfindən alınıb. Polşa kimi kino ölkəsi filmi alıb. Eyni zamanda, bu film bir neçə beynəlxalq festivalda iştirak edib. O ki qaldı sualınızın ikinci tərəfinə, bəli zəmanə belədir. İndi “Avatar”, “Terminator” kimi filmlər milyonlar qazanır. Mən bilən bu zaman da ötüb keçəcək. Çünki belə filmlərdə tamaşaçını maraqlandıran onun texnologiya tərəfidir. Belə baxanda Hollivuddan başqa heç yerdə belə yüksək səviyyəli texnologiya yoxdur. Heç Avropada da belə imkanlar yoxdur. Belə çıxır ki, filmin bazarı yoxdursa, gərək film çəkməyək? Xeyr. İndi şükür Allaha, müstəqil dövlətik. Tariximiz, müasir həyatımız var. Biz film çəkməliyik. Çünki kino həm də, ən yaxşı təbliğat vasitəsidir. Gənclərimiz vətənpərvərlik mövzusunda filmlərə baxıb qəhrəmanlarını tanımalıdırlar. Bu baxımdan kino ağır yük daşıyır. Bu gün dünya səviyyəsində filmlər çəkməyə imkanımız olmasa da, gec-tez bütün bunlar düzələcək. Kinoya yeni nəsillər gəlir, inşallah onların imkanları daha yaxşı olacaq.
   
   Kinomuzun pauza dövrü
   
   - Müsahibələrinizin birində demisiz ki, kinomuzda pauza hökm sürür.
   - Bəli, 90-cı illərin əvvəllərində o pauza oldu. Kinostudiya faktiki olaraq işləmirdi. O pauza əslində yeni mərhələnin gələcəyindən xəbər verirdi. Biz bu pauzadan yavaş-yavaş çıxdıq. Bizim cavan rejissorlar filmlər çəkirlər, beynəlxalq festivallarda iştirak edirlər. Bütün bunlar yaxşıdır. Qoy dünya Azərbaycan kinosunu görsün, tanısın.
   - Müsahibələrinizin birində demisiniz ki, nə qədər həyat, insan var, kino da olacaq. Sizcə kino hansı yeniliyin astanasındadır?
   - Kino incəsənətin bir qoludur. Kino birbaşa texnika, texnologiya ilə bağlıdır. Üstəlik cəmiyyətdə yaxşı yazıçı, bəstəkar, rəssam olmalıdır ki, kino sənəti inkişaf etsin. Bizdə Markes yoxdur. Bizdə Pikasso, Salvador Dali də yoxdur. Amma biz Tahir Salahovla, Toğrul Nərimanbəyovla, Qara Qarayevlə, Fikrət Əmirovla, Niyazi ilə fəxr edirik. Bu adlarını çəkdiyim insanların kinomuzun inkişafında çox böyük əməyi olub.
   Sualınızın ikinci tərəfinə keçək. Bilirsinizmi, kino hansı yeniliyin astanasında olursa-olsun, əsas insan amilidir. Dahi şairimiz Nizami deyirdi ki, insanın daxili dünyası kosmosdan böyükdür. Bir baxın, insanın daxili dünyasında açılmamış nə qədər sirlər var. İnsanın daxili o qədər zəngindir ki, axtarsa hər dəfə bir yenilik tapacaq. Və bu yeniliyi hər kəsdən əvvəl sənətkarlar duyub sənətin gücü ilə insanlara çatdıracaqlar.
   - Son 20 ildə cəmi üç film çəkmisiniz. Bu sizdə təəssüf hissi yaratmır ki?
   - 20 ildə üç film çəkmişəm, sovet vaxtı isə 20 ildə 15 film çəkmişdim. Amma bu üç film mənə bəlkə də 15 filmin çoxundan daha yaxındır. İstəmişəm bu filmlərlə bugünkü həyatda gedən prosesləri necə görürəmsə, necə hiss edirəmsə, o cür də tamaşaçılara çatdırım.
   - Kino sənətinə həyatın güzgüsü deyə bilərikmi?
   - Kino sənəti güzgü deyil, böyüdücü şüşədir. Sənətkar heç kimin görmədiyini görür, hiss edir və şüşədən başlayır onunla söhbət etməyə.
   - Kinomuzun daha geniş inkişafına nail olmaq üçün nə etməliyik?
    - Son illər kinoteatrlar təmir olunur, müasir texnologiyalar alınır. “Nizami” kinoteatrında təmir işləri gedir. Amerikada avtomobilləri istehsal etməyə başlayanlar özlərinə sual verdilər ki, yaxşı, bu avtomobilləri istehsal edirik, bəs onlar harada hərəkət edəcək. Qərara gəldilər ki, əvvəl yolu çəksinlər. Kinoteatr yoxdursa, kino heç kimə lazım deyil. Ona görə də, biz əvvəlcə kinoteatrları bərpa etməliyik.
   - Sovet vaxtının statistikasıdır. Bir ildə kinoteatrlarda “Dədə Qorqud” filminə 1,9 milyon nəfər, “Babək” filminə isə 1,7 milyon nəfər tamaşaçı baxmışdı.
   - Bəli, əvvəllər tamaşaçılar çox böyük həvəslə kinoteatrlara gedirdilər. Ona görə də biz ilk növbədə tamaşaçı ilə əlaqəni bərpa etməliyik.
   - “İstanbul reysi” filminiz artıq hazırdır. Film necə alındı?
   - Bu suala cavab verə bilmərəm. Bəlkə bu filmi sabah çəksəydim tamam başqa cür çəkərdim. Alındı, alınmadı, yaxşıdır, ya yox, bunu ancaq tamaşaçı deyə bilər. Film çəkilib qurtarandan sonra özü yaşamağa başlayır. Sənsiz. Necə ki, uşağı böyüdürsən və o həyatda özü yol seçir, sənət seçir, dostlarını seçir, düşmənləri də olur, film də belədir. Elə olur ki, bu gün baxıb əla dediyin filmə üç ildən sonra baxan olmur. Kino sənətində əsas budur ki, film ürəyə yol tapsın. Elə filmlər də var ki, uzunömürlü olacağına inanmırsan, amma o illər boyu yaşayır.
   - Eldar Quliyev özü haqqında film çəksəydi hansı janrda çəkərdi, o filmin adı necə olardı?
   - Mən heç vaxt özüm haqqında film çəkməzdim. Amma onu deyim ki, çəkdiyim hər filmdə məndən nəsə var. Yenə böyük şairimiz Nizaminin sözlərini xatırlatmaq istərdim. Nizami deyir, gələcəkdə kim mənimlə maraqlansa, kim mənim haqqımda bilmək istəsə, əsərlərimi oxusun. Hər misrada mən varam.
   - Deməli, çəkdiyiniz hər bir filmdə Eldar Quliyev var.
   - Sözsüz. Hər filmimdə mən varam.
   
   Təranə Məmmədova