Misirin Azərbaycandakı səfiri Əbdülqadir Sabir Mənsur:
   «Mədəni əlaqələrimiz dinamik şəkildə inkişaf edir»
   
   Misir bəşər tarixinin başlandığı məkanlardan biridir. Erkən sivlizasiyalar, hələ də insanlar üçün sirr olaraq qalan dünya möcüzələri, piramidalar, sfinks, mumiya, ilk dövlətlər... Bütün bunları Misirin tarixindən öyrənirik. Əgər tarixə nəzərə salsaq, Azərbaycanla Misirin qədim dövrlərdən bir sıra ortaq dəyərləri paylaşdığını görmək olar. Bunlardan ən başlıcası ortaq İslam mədəniyyətidir. Hər iki ölkə İslam mədəniyyəti tarixinə və ümumilikdə dünya mədəniyyətinə özünəməxsus töhfələr verib. Bu ölkələrin münasibətləri, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığı da mühüm tarixi köklər üzərində qurulub.
   Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əbdülqadir Sabir Mənsur ilə söhbətimizdə ölkələrimiz arasındakı münasibətlərin ən müxtəlif məqamlarına toxunduq. Səfir söhbətə Azərbaycan-Misir münasibətlərinin tarixindən başladı.
   
   - Azərbaycanla Misir arasında əlaqələrin tarixi qədimdir. Bildiyiniz kimi, Misir bəşər sivilizasiyasının beşiyidir. Azərbaycan da qədim sivilizasiyaların, qədim insan məskənlərinin olduğu məkandır.
   Əgər diqqət yetirsək, azərbaycanlılarla misirlilər arasında çoxlu oxşarlıq tapmaq olar. Bu o deməkdir ki, qədimdə bizim aramızda tarixi bağlılıq mövcud olub.
   Tarixin gedişində tayfalar bir yerdən digərinə axın ediblər. Azərbaycana da müxtəlif ərazilərdən - Orta Asiyadan, Misirdən insanlar gəlibər. Misir Osmanlı imperiyasının tərkibinə daxil olduğu dövrdə də bu coğrafiya ilə əlaqələrimiz olub, xalqların mədəniyyyəti bir-birinə sintez edib. İki ölkənin insanları arasında ünsiyyət, müəyyən dərəcədə qaynayıb-qarışma baş verib. Hətta bizim insanlarımızın sifət cizgiləri də sizlərə bənzəyir. Deməli, yeganə fərq dillərdədir. Amma deyim ki, burada da müəyyən bənzərlik tapmaq olar. Çünki Azərbaycan dilində ərəb dilindən alınma çoxlu sözlər var. İslam mədəniyyətinə mənsubluq da xalqlarımız arasında bir çox bənzərlikləri üzə çıxarır.
   Ölkələrarası münasibətlərin tarixinə gəlincə, hələ sovet dövründə Misirlə Azərbaycan arasında mehriban dostluq əlaqələri olub. 1958-ci ildə Misir Ərəb Respublikasının lideri Camal Əbdül Nasir Sovet İttifaqına, Moskvaya gəlib, sonra da xüsusi olaraq Azərbaycana səfər edib. Azərbaycanlılar hava limanına gedib onu qarşılayıblar.
   Ölkəniz müstəqillik əldə etdikdən sonra möhtərəm prezident Heydər Əliyev Azərbaycanla Misir arasında əlaqələrin inkişafına böyük önəm verib, bu əlaqələr cənab İlham Əliyevin prezidentliyi dövründə də inkişaf etməkdədir. Ölkələrimiz arasında sıx əlaqələr, əməkdaşlıq xalqlarımız arasında tarixi qədim dövrlərə gedib çıxan münasibətlərin davamıdır.
   - Azərbaycana gələnədək ölkəmiz, xalqımız, mədəniyyətimiz, musiqimiz haqqında nə bilirdiniz?
   - Etiraf edim ki, buraya gələnədək Azərbaycan haqqında ətraflı məlumata malik deyildim. Azərbaycan haqqında tarix kitablarından, televiziya proqramlarından müəyyən informasiya almışdım. Əldə etdiyim məlumatlarda Azərbaycanın zəngin tarixə, mədəniyyətə malik bir ölkə olduğunu təsəvvür edirdim. Buraya gələndən, hər şeyi öz gözlərimlə görəndən sonra buna bir daha əmin oldum. İnsanlarınız istiqanlıdır, adama tez qaynayıb-qarışandırlar. Xalqınız çox qonaqpərvərdir.
   - Cənab səfir, burada diplomatik fəaliyyətdə olduğunuz müddətdə vaxt tapıb Azərbaycanın görməli yerlərinə səfər edə bilmisinizmi?
   - Əvvəlcə onu deyim ki, Azərbaycanın gözəl paytaxtını - Bakı və onun ətraf bölgələrini gəzmişik. Ötən il Şəkiyə səfər etmişdik. Çox gözəl yerdir. Bu şəhər əsrarəngiz olması ilə yanaşı insanları da çox gözəl idi. Eyni zamanda Şəki bizim yerlərə də çox bənzəyir. Yolüstü başqa bölgələrə də baş çəkdik.
   - Ölkələrimiz arasında mədəni əlaqələrin bugünkü səviyyəsini necə dəyərləndirirsiniz? Bu əlaqələri daha da inkişaf etdirmək üçün nə etmək lazımdır?
   - Qeyd etdiyim kimi, tarixi qədim dövrlərə gedib çıxan mədəni əlaqələrimiz bu gün dinamik şəkildə inkişaf edir. Bu əlaqələrin bir neçə istiqaməti var. Məsələn, Bakıda Misir Mədəniyyət Mərkəzi fəaliyyət göstərir ki, orada tez-tez müxtəlif tədbirlər keçirilir. Rəsm, folklor, mahnı, film tədbirləri insanları bir araya gətirir. Ötən il Misirdə Azərbaycan Mədəniyyət Günləri keçirildi. Bundan əvvəl Azərbaycanda Misir Mədəniyyət Günləri keçirilmişdi. Bu çox böyük hadisə idi. Həmçinin Bakıda Misir folklor qrupunun konsertləri keçirildi. Ölkələrimiz arasında tələbə mübadiləsi də mövcuddur. Azərbaycanlılar Misirə, misirlilər isə Bakıya təhsil almağa gəlirlər. Beləliklə, ölkələrimiz arasında əlaqələr davam edir.
   - Cənab səfir, tariximiz, mədəniyyətimiz, musiqimiz haqqında fikirlərinizi bilmək maraqlı olardı.
   - Azərbaycanın muğam musiqisi bütün dünyada məşhurdur. Onu da qeyd edim ki, bizdə də belə bir musiqi var. Misirdə muğam musiqi bəstələmək üçün vasitədir: bir çox mahnıları muğam üzərində bəstələyirlər. Bu baxımdan ölkəmizdə muğamın bir neçə növü mövcuddur. Ötən il Bakıda Beynəlxalq Muğam Festivalı keçirildi və orada bir misirli də iştirak edirdi. O, müsabiqədə 3-cü yeri tutmuşdu. Mən Bakıda gəzərkən və ya maşınla bir yerə gedəndə radioda Misir musiqisi eşidirəm. Disk satılan mağazalarda Misir musiqisi səslənir. Hətta restoranlarda da Misir mahnıları, musiqisi dinlənilir. Görürəm ki, azərbaycanlılar Misir musiqisini həvəslə dinləyirlər, Misir ifaçıları Azərbaycanda da məşhurdurlar. Misirdə də azərbaycanlı musiqiçiləri məşhurdur. Məsələn, Sami Yusifi hər kəs tanyır. Bizim ölkəmizdə operalarda işləyən azərbaycanlı musiqiçilər var. Azərbaycanın tarixi çox qədimdir və özünün İslami kökə bağlılığı ilə çox gözəldir. Azərbaycan mədəniyyəti ərəb mədəniyyətinə çox yaxındır.
   - Siz Bakıda böyük bir dövləti təmsil edirsiniz. Yəqin, iş qrafikiniz kifayət qədər sıx olur. Bəs diplomatik fəaliyyətlə yanaşı, opera tamaşalarına, tearlara, konsertlərə getməyə vaxt tapırsınızmı?
   - Bəzən gedirəm. Daha çox rəsmi qəbullara, festivallara, müxtəlif mərasimlərə gedirik. Lakin məhdud vaxtdan istifadə edib teatra və konsertə də gedirəm. Məsələn, mayın 10-da Heydər Əliyevin doğum günü münasibətilə keçirilən qəbulda iştirak etdim. O zaman bir neçə opera və baletdən hissələr də nümayiş etdirildi. Bundan başqa bu yaxınlarda Heydər Əliyev Sarayında nümayiş etdirilən «İntizar» operasına tamaşa etdim və onu çox bəyəndim. Mənə elə gəlir ki, dillərin fərqli olması vacib deyil. Mədəniyyət, musiqi ilə bir-birimizi başa düşürük.
   - Ölkəmizdə olduğunuz müddətdə Azərbaycan sizdə hansı təəssüratı yaradıb?
   - Mən Azərbaycanda özümü heç də yad bir ölkədəki kimi deyil, elə Misirdəki kimi, ikinci vətənimdə hiss edirəm. Digər ölkələrdə çox şey fərqlidir. Amma Azərbaycanda adət-ənənələr, həyat tərzi bizim adət-ənənələrlə oxşardır. Ailə ənənələri, ailə üzvləri arasında olan münasibətlər, ata-ana, övlad-valideyn münasibətləri eyni ilə Misirdə olduğu kimidir. Azərbaycanlıların toy ənənələri də bizim ənənələrə yaxındır. Ailə üzvləri, qohumlar, dostlar bir yerə toplaşır, mahnı oxuyur, rəqs edirlər. Hətta masalara da demək olar ki, eyni yeməklər düzülür. Bizdə də toy günü gəlini və bəyi aparan maşınlar güllərlə bəzədilir. Bir sözlə, bənzərliklər çoxdur. Burada olduğum müddətdə iki toy mərasimində iştirak etmişəm. Bu toylardan biri İslam adət-ənənəsinə uyğun keçirilirdi. Amma digər toy mərasimi müasir ənənələrə əsaslanırdı. Məhz ikinci toy mərasimi eynilə bizimkinə bənzəyirdi. Lakin bizə nisbətən sizin toylarda masalara daha çox yemək qoyulur.
   - Bu fakt bəzən bizim toylarda iştirak edən əcnəbilər tərəfindən mənfi qarşılanır. Bəs sizin fikriniz necədir?
   - Bu ilk növbədə onu göstərir ki, siz çox səxavətli və əliaçıqsınız. Bilirsiniz, bu, ailədən, onun səxavətindən asılıdır. Misir ailəsində də belədir. İnsanlar qonağa qonaqərvərlik göstərməyi xoşlayırlar. Sən onlara deyə bilməzsən ki, az yemək hazırlayın.
   - Hansı yeməkləri xoşlayırsınız?
   - Müxtəlif növ kababları bəyənirəm. Plovlarınız bizimkilərə oxşayır. Sizin salatlarınız bizimkilərdən fərqli olaraq təzə-tər, təravətli olur. Dolma, paxlava bizdə də var. Fərq ondadır ki, siz dolmanı hazırlayarkən çoxlu ət qoyursunuz, biz isə düyüdən çox istifadə edirik.
   - Boş vaxtlarınızda Bakıda hansı yerləri seyr etməyi sevirsiniz?
   - Övladlarımla birlikdə gəzintiyə getməyi xoşlayıram. Bakının çox yerlərini gəzirik. Fəvvarələr meydanına, Xəzər dənizi sahilindəki gözəl parka gedirik. Ailəvi restorana gedirik. Dənizkənarı Milli Parkı sevirik. Bakıda çoxlu gözəl, yaşıl parklar var. Bizdə belə yaşıllıqlar, parklar azdır.
   - Azərbaycanı tərk edərkən özünüzlə xatirə olaraq nə götürəcəksiniz?
   - Bizim Azərbaycanda çoxlu dostlarımız var. Məsələn, əgər mən toya gedirəmsə, artıq bu rəsmi tədbir deyil. Bu o deməkdir ki, bizim dostlarımız var. İnsanlar arasındakı yaxşı əlaqələrdən, dostluqdan gözəl nə ola bilər? Bütün bunlar hər bir səfir üçün xatirə olaraq götürmək yaxşı olardı.
   
   Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar