Müsahibimiz tanınmış rejissor, Xalq artisti Ramiz Həsənoğludur
     
   Onu zamanın rejissoru, teatrın generalı adlandırsalar da, o özünü sənətinin sıravisi sayır. Hər dəfə sənət dünyasına səyahətə çıxanda az qala bir ömürlük yol gedir. Əvvəlcə “Evləri köndələn yar”ın ünvanını tapır, “Kökdən düşmüş pianino”nu kökləyir, “Qatarda” yol gedə-gedə “Ordan-burdan” danışıb “Nigarançılıq” yaradanlara “Yaşıl eynəkli adam” kimi baxır, “Kamança”nın səsinə yığışıb “Ac həriflər”in halına acıyanlara “Günahsız Abdulla”nın dərdini danışır, keçmişdən söz düşəndə “Topal Teymur”un zamanına qayıdır, “Fatehlərin divanına” ürək ağrısıyla tamaşa edir, “Bəylik dərsi”ndən qaçanlara dərs verir...
   30-dan çox televiziya tamaşasına quruluş verən Ramiz Həsənoğlu bu səyahət zamanı çəkdiyi “Ailə” və “Cavid ömrü” bədii filmlərinə, teatrda yaratdığı “Məzəli əhvalat” və “Brüsseldən məktublar” tamaşalarına da baş çəkməyi unutmur. Hələ 43 ildə hazırladığı bir ağacın yarpağı sanı ədəbi-bədii verilişləri demirik...
   “İnsan keçmişdən, bugündən və gələcəkdən ibarətdir” - deyən rejissorla bu isti yay günlərində bir qədər keçmişdən, xeyli indidən, bir az da gələcəkdən danışmağa çalışdıq.
   
   
   - Vaxtın azlığından şikayətlənən Ramiz Həsənoğlu bu günlərdə yenə də vaxt tapmır və yenə də harasa tələsir?
   - Mən Allahın yaratdığı bir bəndəyəm, amma vaxt bizdən asılı olmayaraq sürətlə irəli qaçır. Sən də istəyirsən, heç olmasa vaxta uyğunlaşasan. Çünki görə biləcəyin işlər cox vaxt yanından keçib gedir. 6-7 il əvvəl ağır xəstəlik keçirdim, həyatda qalıb-qalmayacağıma həkimlər böyük şübhə ilə yanaşırdılar. Möcüzə nəticəsində həyata qayıtdım. Sağalıb işə gələndə bir həmkarım “Həvəsdi, bəsdi, nə lazımdı eləmisən, bundan sonra daha nə eləyəcəksən ki, özünü öldürürsən?” - dedi. Mən özümü öldürmürəm, sadəcə, düşüncə və həyat tərzim elədir ki, bütün problemlərim, sevinclərim bu sənətin içindədir. Yenə də tamaşalara, yenə də filmlərə hazırlaşıram. Hazırda Azərbaycan televiziyasının “Sabah” yaradıcılıq birliyində M.F.Axundovun “Mürafiə vəkillərinin hekayəti” əsəri əsasında televiziya tamaşası hazırlayırıq. Azərbaycan televiziyasında texniki yeniləşmə işləri aparılır, pavilyonlar təmir olunur. İşlərimizin bir qədər ləngiməsi bununla bağlıdır. Çəkilişləri “Qarabağ” studiyasında aparacağıq. Yaradıcı qrup böyük məsuliyyətlə bu işə hazırlaşır.
   - Necə oldu ki, bu dəfə Axundov yaradıcılığına üz tutdunuz?
   - “Mürafiə vəkillərinin hekayəti” Axundovun altı komediyasından biridir və səhv etmirəmsə, bu əsər indiyə qədər professional səhnədə tamaşaya qoyulmayıb. Axundov elə böyük şəxsiyyət, dramaturq və mütəfəkkirdir ki, onun yaradıcılığına müraciət etməyi özümə borc bildim. Əsərdə 27 personaj var. Bu da imkan verir ki, Azərbaycan teatr və kino aləminin ən maraqlı şəxslərini bu tamaşaya cəlb edim. Tamaşada aktyor seçimi ilə bağlı sürprizimiz də olacaq. Onu deməyəcəm, efirə çıxanda sizinlə danışarıq...
   
   Bəxtlə vaxt yola getmir
   
   - Gördüyünüz bütün işləri peşəkar səviyyədə, zövqlə yerinə yetirməyə çalışmısınız. Buna necə nail olmusunuz?
    - Mən sənətkar ailəsində doğulmuşam. Sənət yolunda ilk müəllimlərim də valideynlərim olub. Anam Ətayə Əliyeva aktrisa idi, atam Həsən Mirzəyev teatr sahəsində çalışırdı. Mənə elə gəlir ki, insanı yetişdirib tərbiyə edən ilk mühit ailədir. Sonra oxuduğun kitablar, təhsil aldığın məktəb, öyrəndiyin sənət zövqünü formalaşdırır. Məni yetişdirən, tərbiyə edən mühit başqa cür işləməyimə imkan vermir.
   - Vaxt, zaman dəyişsə də, sizin quruluş verdiyiniz tamaşalar öz təravətini itirmir. Tamaşaçı təkrar-təkrar bu tamaşalara baxmaq istəyir. Bunun yəqin ki, bir sirri var.
   - Dedikləriniz məni sevindirir. Amma çox təəssüf ki, mən hər işimə baxanda tam razılıq hissi keçirə bilmirəm, çünki hər görülən işdə bir qüsur olur və sən onu görürsən.
   - 43 il əvvəl sizi televiziyaya işıqçı götürmədilər. Amma siz qəlbinizin işığı, zəhmətiniz və istedadınızla televiziyanı və teatr sənətini xeyli işıqlandıra bildiniz. Azərbaycan televiziyası sizin üçün nədir?
   - Mənə elə gəlir ki, hansı bir sənəti seçsəydim, o sənətə sadiq olacaqdım. İnstituta daxil oldum, sonra ixtisasım üzrə işləmək lazım gələndə Ətayə xanım məni televiziyaya gətirdi ki, özümə iş tapım. İnsanın öz sənətinə gəlib çıxmağı da Allahın işidir. Mövhumatçı deyiləm, amma Allaha və alın yazısına inanıram. Milyon vəziyyətin içində elə məqam yetişir ki, sənin şəxsiyyətin ilə sənətin birləşir və vaxt keçəndən sonra sənin şəxsiyyətin sənətinin içində qəbul olunur. Əgər sən seçilmisənsə, hər zaman özünü sübut, təsdiq eləməlisən. Dünən görülən işlər dünəndə qalır. Yeni nə isə etməlisən və yeni işin daha mükəmməl, daha peşəkar olmalıdır. Azərbaycan televiziyası isə mənim üçün doğmadır, çünki mən burada öz sənət bioqrafiyamı yazmışam.
   - Görülən işin qiymətini nə verir?
   - Bunu zaman həll edir. 15 ilin söhbətidir, “Ac həriflər”i komediya janrında çəkdim, amma çoxunun dodağı qaçmadı. Onda dedilər ki, bu Ramizin uğursuz işidir. Vaxt keçdi, zaman hər şeyi yerinə qoydu. Ola bilsin ki, nə vaxtsa qiymətini almayan əsər, zamanı çatanda öz qiymətini alır. Əsərin ortaya çıxması üçün təkcə sənət adamının o əsəri üzə çıxarmaq niyyəti bəs etmir. Komponentlərin bir yerə düşməyi və bir az bəxtlə bağlıdır.
   - Özünüzü bəxtli rejissor sayırsınız?
   - Bəxtimdən şikayətlənməyə haqqım yoxdur, sadəcə bəxtlə vaxt bir-biri ilə bəzən yola getmir.
   
   Vaxtın içində yaşamaq lazımdır
   
   - “Topal Teymur” tamaşasını çəkməyə hazırlaşanda özünüzü uçuruma atılan insanla müqayisə etmisiniz. Özünüzü belə uçurumlara çoxmu atmısınız?
   - Bizim sənətimiz cəmiyyətin - insanların gözü qarşısında olan sənətdir. Hər kəs sənin gördüyün iş barədə fikir söyləyə bilir. Ona görə də hər yeni işə başlayanda böyük riskə gedirsən. Uğursuzluq da ola bilər, iş alınmaya bilər. Belə bir söz var, deyir, yalnız hazırlığı yetərincə olan adamlar improvizəyə qadirdilər. O mənada hesab edirəm ki, ən böyük problem peşəkarlığın səviyyəsidir. Peşəkarlıq artdıqca uçuruma düşmək ehtimalı da azalır.
    - Müsahibələrinizdə “bu gün Azərbaycan tamaşaçısına keyfiyyətli seriallar lazımdır” - demisiniz. Bəlkə bu addımı da elə siz atasınız?
   - Serial xüsusi hazırlıq tələb edən bir işdir, 200-300 bölüm olur. Bu artıq böyük bir istehsalatdır. Azərbaycanda bu gün keyfiyyətli serial çəkmək üçün şərait hələ ki yoxdur. Bu o demək deyil ki, biz onu yaratmamalıyıq, yaratmalıyıq. Ən başlıcası isə, bu niyyətə düşənlər hər şeydən əvvəl bilməlidirlər ki, peşəkar prodüsser məktəbi olmasa, serial çəkmək olmaz. Azərbaycanda ilk rəsmi prodüsserlərdən biri mən olmuşam. Bu işə 17 il bundan əvvəl “Sabah»ı yaradanda başladıq. Əsasnamə tərtib etdik, prodüsser ştatı yaratdıq. Sadəcə, mən dövlət televiziyası nəzdində bu fəaliyyətimi davam etdirdim. Maliyyələşdirən dövlət oldu. Amma bir prodüsser kimi “Sabah”ın bütün istiqamətlərini razılaşdırdım, nəticədə biz “Sabah”ı gətirib bu günə çatdırdıq. Ümid edirəm ki, prodüsser məktəbləri ciddi şəkildə nə vaxtsa bizdə də yaranacaq.
   - Sizi zamanın rejissoru, teatrın generalı adlandırırlar. Siz özünüzü necə adlandırırsınız?
    - Vallah mən işin içində olanda özümü sənətin sıravisi kimi hiss edirəm. Çalışıram ki, mənimlə bir yerdə çalışan aktyor dostlarımı, dramaturqları, operatorları, rəssamları rejissorun xofu basmasın. Xüsusi ilə aktyorlar mənimlə işləyəndə özlərini o qədər də rahat hiss etmirlər. Çalışıram ki, cəlb etdiyim adamlara mümkün qədər özlərini realizə etməyə imkan yaradım. Mənim prinsipim budur.
   - Dünya səhnə, insan sadəcə tamaşaçıdır. Sizə ixtiyar versəydilər, bu səhnədə hansı pərdəni dəyişərdiniz?
   - Heç nəyi dəyişməzdim. Çünki dəyişdirən ancaq Yaradandır. Mən sadəcə mənə verilən enerjini, öz sənətim müqabilində, öz düşüncəmin içində reallaşdırmaq istərdim.
    - Rejissor yazıçı ilə tamaşaçı arasında vasitəçidir. Bu gün rejissor yazıçı ilə tamaşaçı arasında özünü necə hiss edir?
   - Baxır bu üçlüyə zaman necə təsir edir? O bizim işimiz deyil. Yaxşı bir söz var, deyir, sən öz məqsədlərini vaxtaşırı dəyişə bilərsən, amma meyarları dəyişməyə haqqın yoxdur.
   - Ramiz müəllim, ömrünüzün hansı məqamındasa teatra üz tutmusunuz. Bu teatra olan sevginizlə bağlıdır, yoxsa...
   - 1980-ci ildə Musiqili Komediya Teatrında Vaqif İbrahimoğlu ilə birlikdə Ruhəngiz Qasımovanın “Məzəli əhvalat” əsərini tamaşaya qoymuşuq. Üstündən 23-il keçəndən sonra Akademik Milli Dram Teatrında “Brüsseldən məktublar” əsərini tamaşaya qoydum. Çünki teatrda böyümüşəm, teatrı sevirəm. Şərait elə gətirib ki, uzun müddət televiziya üçün çalışmışam və çalışıram. Amma teatra məhəbbətim heç vaxt tükənməyib. İstərdim ki, bu məhəbbət qarşılıqlı olsun.
   - Yenə teatrda tamaşa hazırlayarsız?
   - Hər şey ola bilər. Məsəl var, deyir, heç vaxt «yox» sözünü demə.
    - Sənət dünyanıza səyahət edəndə ilk üz tutduğunuz yer hara olur?
   - Əgər mən bunu bilsəydim... Hər dəfə sənətdə yeni iş görən adam eyni vəziyyətə düşür. Xaosun içinə düşürsən və o xaosun içində başlayırsan kosmos qurmağa. O kosmosu qura-qura istədiyin düzəni yaradırsan.
   - Balıq tutmağı necə, xoşlayırsız?
   - Balıq tutmamışam. Amma balıq tutanlara çox böyük maraqla tamaşa edirəm.
   - Amma siz sənət dəryasına həmişə tor atmısız və torunuza da vaxtaşırı qızıl sənət əsərləri düşüb.
   - (Gülür)...
   - Ramiz müəllim, sizin haqqınızda “Vaxt gözləmir” adlı film çəkilmişdi. Vaxt gözləmir?
   - Vaxt gözləmir. Amma vaxtın dalınca qaçmaq lazım deyil, vaxtın içində yaşamaq lazımdır...
   
   Təranə Məmmədova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar