Tanınmış musiqişünas-alim, sənətşünaslıq doktoru, professor, pedaqoq, ictimai xadim, Bəstəkarlar İttifaqının katibi, Xalq artisti Ramiz Zöhrabov əsl vətəndaş ömrü yaşayan şəxsiyyətlərdən biridir. Milli musiqimizin, görkəmli sənətkarların həyat və yaradıcılığının tədqiq və təbliğinə həsr olunmuş qiymətli əsərlərin müəllifidir. O, daim axtarışdadır. Tanrı belə simaları bir ömürdə neçə ömür yaşatmaq üçün yaradıb desək, yanılmarıq. Onu əsl sənət fədaisi adlandırmaq olar. Bunu onun geniş yaradıcılıq yolunu əks etdirən monoqrafiyaları, pedaqoji və ictimai fəaliyyəti təsdiq edir.
   
   Xalq musiqisini, xüsusən də muğamları erkən yaşlarından mənimsəyən musiqişünas onları dərindən öyrənib, tədqiq edərək dəyərli monoqrafiyalar yazıb. Alimin 1983-cü ildə Moskvada nəşr olunan «Azərbaycan təsnifləri» fundamental tədqiqat əsərində ustad xanəndələrin ifasından 100 təsnif nota köçürülüb, poetik mətninə, üslub, melodiya, ritm və s. cəhətlər baxımından təhlil edilib. Kitab ifaçılar və bəstəkarlar üçün dəyərli elmi mənbədir.
   Bu uğurlu tədqiqat işindən sonra Ramiz Zöhrabov milli musiqimizin özəyi olan muğam sənətinin tədqiqi ilə məşğul olmağa başlayır. Bu yerdə sənətşünaslıq namizədi Fəttah Xalıqzadənin görkəmli musiqşünas haqqında yazdığı kitabdan belə bir fikri diqqətinizə yetirək: “Muğamlarımızın dahi Üzeyir Hacıbəyli və professor Məmmədsaleh İsmayılov tərəfindən aparılan nəzəri tədqiqatları yeni dövrdə öz inkişafını Ramiz Zöhrabovun yaradıcılığında tapır”.
   Bu elmi axtarışların sayəsində Ramiz müəllimin bir neçə sanballı monoqrafiyası işıq üzü görüb. Onlardan 1986-cı ildə Azərbaycan və rus dilində nəşr olunan “Azərbaycan zərbi muğamları”, 1991-ci ildə çap olunan “Muğam” kitabını, sonrakı illərdə nəşr olunan “Çahargah” və “Rast” muğam dəstgahlarının nəzəri əsaslarına dair tədqiqat əsərlərini, “Azərbaycan rəngləri” və s. kitabları qeyd edə bilərik. Müəllifin “Azərbaycan modal musiqisi” kitabı 1999-cu ildə Tehranda fars dilində nəşr edilib.
   Ramiz Zöhrabovun yaradıcılığı geniş və çoxşaxəli olduğundan onun haqqında çox danışa bilərik. Bizim isə bu yazıda məqsədimiz hörmətli alimin düşüncələrindən bəhs etməkdir. Elə bu məqsədlə Ramiz müəllimlə görüşüb, ona bir neçə sualla müraciət etdik, fikir və düşüncələrini öyrəndik. Çünki bu gün sənətimizin belə dolğun düşüncələrə ehtiyacı var.
   
   * * *
   - Ramiz müəllim, musiqişünaslıq öz məziyyətlərinə görə çətin bir peşədir. Bir alim və pedaqoq kimi musiqişünaslığın inkişafını və aktual problemlərini necə izah edərdiniz?
   - Musiqişünas hərtərəfli biliyə mailk olmalıdır. Musiqinin müxtəlif janrlarını bilməklə yanaşı, tarixi, ədəbiyyatı, fəlsəfəni və digər elmləri də yaxşı öyrənməlidir. Məsələn, tarixi yaxşı bilməlisən ki, yazdığın mövzunu lazım gəldikdə tarixi faktlarla izah edəsən. Dili, ədəbiyyatı mükəmməl bilməlisən ki, öz tədqiqatlarını yazıda və ya danışıqda daha rəvan, axıcıl, bədii şəkildə ifadə edə biləsən. Fəlsəfəni bilmək lazımdır ki, gəldiyin dialektik nəticələri düzgün anlaşılan tərzdə şərh edə biləsən. Bir sözlə, musiqişünaslıq çox zəhmət, geniş bilik və qabiliyyət tələb edir. Əks halda yaxşı musiqişünas olmaq olmaz.
   Bir də ki, gərək özün üçün düzgün istiqamət seçəsən. Məsələn, hər musiqişünas ilk növbədə öz yolunu tənzimləməli sonra fəaliyyətə başlamalıdır. Əgər musiqişünas muğamı yaxşı bilmirsə, heç vaxt muğamdan yaza bilməz, onu nəzəri cəhətdən təhlil edə bilməz. Bəstəkar yaradıcılığı da həmçinin. Gərək musiqinin bütün məziyyətlərini dərindən biləsən ki, hər hansı bir əsər haqqında da fikir söyləyəsən. Bütün bu cəhətlərə nail olmaq üçün musiqişünaslığı seçən şəxs tələbəlik dövründən özünü bu peşəyə hazırlamalı, mükəmməl elm öyrənməlidir. Bizə müəllimlərimiz belə öyrədib. Biz də bunları tələbələrə aşılayırıq.
   - Ramiz müəllim, siz nümunə üçün muğamların təhlilini qeyd etdiniz. Bu gün muğam sənətinə böyük qayğı və diqqət var. Sözsüz ki, bu da musiqişünasların bu istiqamətdə tədqiqatlarına daha geniş meydan açır. Muğam tədqiqatçısı kimi gənc musiqişünasların bu sahədə işləri sizi qane edirmi?
   - Doğrudan da son dövrdə muğama qayğı xeyli dərəcədə yüksəlib. Xüsusən bu işdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr mühüm rol oynayır. Eyni zamanda, bu qayğı musiqişünasların üzərində böyük məsuliyyət qoyur. Çünki hər bir musiqişünas bu qayğıya öz layiqli işi ilə cavab verməlidir. Elə kor-koranə, hamı yazır, mən də yazım deyib muğamdan yazmaq olmaz. Əvvəla, hər hansı muğamdan yazıb onu təhlil etmək üçün ilk növbədə o muğamı nota salmaq, əruz vəznini bilmək, sonra isə təhlillər aparmaq lazımdır. Bu işdə əvvəlki mənbələrə də istinad edilməlidir. Bildiyiniz kimi, bu mənbələr hələ XIII əsrdən, yəni Səfiəddin Ürməvi, sonra Əbdülqadir Marağayidən Üzeyir bəyə qədər geniş dövrü əhatə edir. Dahi Üzeyir bəy o mənbələrə istinad edərək apardığı tədqiqatlar nəticəsində 1945-ci ildə “Azərbaycan xalq musiqisinin əsasları” elmi konsepsiyasını işləyib hazırladı. Ondan sonra isə Məmmədsaleh müəllim, yəni Üzeyir bəyin tələbəsi “Azərbaycan məqam və muğam nəzəriyyəsinə dair elmi-metodik oçerklər” monoqrafiyasında bir qədər Üzeyir bəydən fərqli muğam nəzəriyyəsi yaratdı. Bu mənbələri ona görə qeyd edirəm ki, mən öz tədqiqatlarımda daim onlara müraciət etmişəm. Bu mənbələrdən tədris proqramında da istifadə olunur. Gərək musiqişünaslar onları dərindən öyrənsinlər ki, sonra özləri də yeni bir fikir söyləyə bilsinlər.
   Muğam dərin bir dəryadır. Odur ki, onun nəzəri təhlili də çox mürəkkəbdir. Mənim bu yaxınlarda muğam dəstgahlar və zərbi muğamlardan ibarət monoqrafiyam işıq üzü görəcək. Mən bu kitabı 11 dəfə redaktə etmişəm. Bu muğam sənətinin zənginliyindən və bu elmə olan məsuliyyətdən irəli gəlir. Mən gənclərimizə də belə məsuliyyətli olmağı arzulayıram.
   - Ramiz müəllim, sizin yaradıcılığınızın bir şaxəsini də Azərbaycan bəstəkarlarına həsr olunan məqalə, oçerk və monoqrafiyalar təşkil edir. Məlumdur ki, Üzeyir bəydən başlayaraq bəstəkarlarımız muğam janrına əsaslanan professional əsərlər yaradıblar. Simfonik muğam janrı da buna misaldır. Bəs bu gün necə? Bəstəkarlar muğam janrından nə dərəcədə istifadə edirlər? Bu sahədə inkişafmı var, yoxsa əksinə?
   - Çox aktual sualdır. Biz deyirik ki, muğam Azərbaycan professional musiqisinin əsasını təşkil edir. Belə olan halda sözsüz ki, hər bir azərbaycanlı bəstəkarın əsərində bu ab-hava duyulmalıdır. Bunun üçün bir sıra vacib məsələlər var. Onlardan birincisi odur ki, hər bir bəstəkar milli alətlərdə muğam ifa etməyi bacarmalıdır.
   - Bu yerdə dahi Üzeyir bəyin kəlamı yada düşür. O yazırdı ki, hər bir bəstəkar, bəstəkarlıq texnikasına yiyələnmədən əvvəl milli alətlərimizdən birində mükəmməl ifa etməyi bacarmalıdır.
   - Bəli, Üzeyir bəyin belə müdrik bir kəlamı var. Bu fikir bəstəkarların yaradıcılığında son dərəcə müsbət məna kəsb edir. Odur ki, bu fikrə əsaslanan bəstəkarlar milli köklər zəminində əsl professional əsərlər yazıblar. Sizin qeyd etdiyiniz kimi, simfonik muğamlar buna ən gözəl nümunədir. F.Əmirov, Niyazi, S.Ələsgərov, V.Adıgözəlov, T.Bakıxanov kimi bəstəkarlar bu gözəl sənət nümunələrini yaradıblar. Bu özü də mükəmməl bir metodologiyaya əsaslanır. Sizin toxunduğunuz bu məsələ həmişə mənim diqqətimdə olub. 20 kitabım var, onlardan 12-si muğama həsr olunub. Bu kitabların sonuncu bölməsində mən təhlil etdiyim muğamlardan bəstəkarların necə istifadə edə bilməsi barədə öz qeydlərimi yazıram.
   - Burada sizin bəstəkarlıq qabiliyyətiniz də mühüm rol oynayır. Siz özünüz də bir sıra musiqi əsərlərinin müəllifisiniz...
   - Dediyim odur ki, hər hansı bir yeni əsərin musiqi dilində muğam xüsusiyyətlərini təhlil etmək üçün bir qədər gərgin düşünməli olursan. Yəni indi muğamdan istifadə çox azdır. Xüsusən gənc bəstəkarların əksəriyyətinin əsərlərində bu cəhətlər zəif sezilir. Düzdür, yaxşı nümunələr də var. O nümunələrdə muğam improvizələri bəstəkar texnikası ilə elə qovuşur ki, onu təyin etmək üçün çox düşünməli olursan. Bu da göstərir ki, belə istifadə üsullarında müasir tələblər də mühüm rol oynayır. Sizin toxunduğunuz bu məsələ geniş bir müzakirə mövzusudur. Mən istərdim ki, gənc bəstəkarlar muğamlarımızı dərindən bilsin ki, ondan istifadə etməkdə də yeni üsullar tapa bilsinlər.
   
   * * *
   Görkəmli musiqişünas-alim, professor Ramiz Zöhrabovla söhbətimiz çox geniş və əhatəli idi. Elə bu yazını da Ramiz müəllimin fikirləri ilə tamamlamaq istəyirəm. Zənnimcə, bu sözlər hər bir azərbaycanlının ürəyincədir: “Muğam Şərq dünyasının məhsulu olsa da, başqa Şərq xalqlarına nisbətən bizim muğamlarımız daha təkmil və kamildir. Bu fikri dünya alimləri də təsdiq edib”.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar