Aydın İsmiyev: «Hər addımda turizm sahəsinə dövlətin dəstəyini hiss etmək mümkündür»
      
   Turizm müasir dünyada iqtisadiyyatın ən gəlirli sahələrindən biridir. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin resursları olan Azərbaycanda da turizm sektoru sürətlə inkişaf etməkdədir. Təbii ki, inkişafda olan bütün sahələrdə olduğu kimi, turizm sahəsində də çətinliklər mövcuddur. Problemlərin həlli istiqamətində görülən işlər, əldə olunan uğurlar, ümumiyyətlə, ölkəmizin turizm sektorunda mövcud vəziyyətlə tanış olmaq üçün Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevlə həmsöhbət olduq:
   
   - Azərbaycanda turizmin inkişafını necə qiymətləndirirsiniz?
   - Turizm sahəsində son 5-6 ildə əldə edilən nəticələrə görə inkişafı yüksək qiymətləndirirəm. Bu illər ərzində turizm sahəsinin bütün göstəriciləri 3-3,5 dəfə artıb. Əgər 2001-2002-ci illərdə respublika üzrə 70-90 hotel vardısa, hazırda Azərbaycanda 432 hotel fəaliyyət göstərir. Bu ayrı məsələdir ki, bu hotellərin hamısı müasir standartlara cavab verir, yoxsa yox. Amma fakt odur ki, bu qədər hotelimiz var. Həm yerli, həm də xarici iş adamlarının ölkəmizin turizm sənayesinə investisiya qoymaq maraqları artıb. Hazırda 50-dək mehmanxana və mehmanxana tipli obyektlərin tikintisi gedir. Bu sırada mən beynəlxalq hotellər şəbəkəsinə daxil olan hotellərin tikintisini xüsusi qeyd etmək istərdim. Hazırda Bakıda 4-5 beşulduzlu brendli hotellər, o cümlədən «Hilton», «Mariot», «For Season» hotelləri tikilir. Bu isə Azərbaycanın turizm bazarının cəlbediciliyinin göstəricisidir.
   - Bu günlərdə ölkənin turizm obyektlərində monitorinq aparmısınız. Nəticələr qaneedicidirmi?
   - Bu hər il mövsümqabağı həyata keçirilən prosedurdur. Bu il də turizm obyektlərinin mövsümə hazırlıq səviyyəsini və qiymət siyasətini öyrənmək məqsədilə Turizm şöbəsinin əməkdaşları bölgələrdə oldular. Quba-Qusar-Xaçmaz zonasında və Şamaxı, Qəbələ, İsmayıllı, Şəki rayonlarında fəaliyyət göstərən obyektlərə baxış keçirilib. Avqust ayında isə turizm mövsümünün gedişatı ilə bağlı məlumatları əldə etmək üçün əməkdaşlarımızı respublikanın cənub zonasına ezam etməyi nəzərdə tuturuq. Bir çox nöqsanlar aşkarlanıb. Əsasən də xidmətin səviyyəsi və standartlara cavab verməməsi ilə bağlı neqativ hallar üzə çıxıb. Eyni zamanda qeyd edim ki, bu bölgələrdə müasir standartlara uyğun turizm obyektlərinin sayı azdır. Gələn turistlərin sayı ilə müqayisədə gecələmə yerləri çatışmır. Ümumilikdə götürdükdə isə vəziyyəti qənaətbəxş qiymətləndirmək olar. Elə obyektlər var ki, bütün standartlara cavab verirlər. Amma elələri də var ki, bir çox çatışmazlıqlar mövcuddur. Belə obyektlərin sahibləri ilə görüşlər keçirmişik. Onlara həm qiymətlərlə bağlı, həm də xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində nazirlik tərəfindən lazımi tövsiyələr verilib. Bir şeyi də qeyd edim ki, ötən illə müqayisədə bu il qiymətlərdə artım müşahidə edilmir.
   - Yeri gəlmişkən, turizm obyektlərində xidmətlərin baha olması ən çox narazılıq doğuran məsələdir. Nazirlik tərəfindən qiymətlərin tənzimlənməsinə hər hansı formada təsir etmək mümkündürmü?
   - Turizm özəl sektordur. Biz istirahət mərkəzlərinin, hotellərin qiymət siyasətinə qarışa bilmərik. Obyekt dolu olduqda, orada boş yer qalmadıqda, hətta bir ay əvvəldən bütün yerlər üçün sifarişlər alındıqda, onda onun qiymətini endirməyə də əsas yoxdur. Bu bazar iqtisadiyyatıdır. Yalnız obyekt boş qalanda onu doldurmaq üçün bu addımı atmaq olar. Bunun üçün də gərək turizm məkanlarının, hotellərin sayı çox olsun. Bu zaman rəqabət də güclü olur, nəticədə isə sahibkarlar qiymətlərdə endirimlər etməyə məcbur olurlar.
   - Məlumdur ki, hazırda Azərbaycanın turizm sənayesində mövcud olan problemlərdən biri ixtisaslı kadr çatışmazlığıdır. Bu baxımdan turizm üzrə mütəxəssislərin hazırlanması hansı səviyyədədir?
   - Sahibkar müəyyən miqdarda vəsait qoyub hotel tikibsə, onun işləməsi də birinci növbədə həmin sahibkarın öz marağındadır. Bəzən olur ki, bütün tələblərə cavab verən bir obyektdə çalışan xidməti personalın peşəkarlıq baxımından səviyyəsi aşağı olur. Sahibkar iş adamıdır, ola bilər ki, onun turizm sahəsi ilə bağlı anlayışı azdır. Burada peşəkar kadrlar lazımdır ki, həmin hoteli idarə edə bilsin. Azərbaycan Turizm İnstitutunun ilk məzun buraxılışı oldu. İlk dəfə ölkəmizin turizm sektorunda bu sahə üzrə ali təhsilli kadrlar yer alacaq. Düzdür, bu, turizm kadrları ilə bağlı boşluğu tam doldurmasa da, düşünürəm ki, bundan sonra müəyyən mənada bu baxımdan çətinliklər azalacaq. Bir qisim şirkət və hotellər mütəxəssislərlə təmin ediləcək. Yəqin ki, ildən-ilə bu baxımdan problemlər də azalacaq.
   - Mehmanxanalara və turizm obyektlərinə lisenziya verilərkən bu amillər nəzərə alınırmı? Bir müddət əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd etmişdi ki, 2010-cu ildən etibarən turizm şirkəti və ya hotelin lisenziya alması üçün mütləq onların əməkdaşlarının 25 faizi turizm təhsilli olmalıdır...
   - Mehmanxanalara və turizm obyektlərinə lisenziya almaq üçün onların normal fəaliyyətinə əsas verəcək sənədlər qaydasında olmalıdır. Əgər tələb olunan sənədlər yoxdursa, deməli, həmin müəssisənin fəaliyyət göstərmək imkanı da yoxdur. Bu halda biz həmin obyektlərə lisenziya verməkdən imtina edirik. Lisenziya 5 il müddətinə verilir. Əslində hotellərin və turizm şirkəti sahiblərinin özlərinin marağı olmalıdır ki, peşəkarlarla çalışsınlar. Bu mənada lisenziya şərtlərinə belə əlavələrin edilməsi onların xeyrinədir. Turist qaldığı hotelin xidmətindən razı qaldıqda, növbəti dəfə gələndə yenə də həmin hotelə müraciət edir. Buna nail olmaq üçün isə peşəkar xidməti personalla çalışmaq lazımdır.
   - Bəs hotellərə ulduz dərəcəsi hansı şərtlərlə verilir?
   - Ulduz almaq üçün hotel standartlara cavab verməli, peşəkar xidməti personalla təmin edilməlidir. Ulduz lisenziya ilə deyil, üç illik sertifikatla verilir. Hazırda 71 hotel ulduz sertifikatı ilə fəaliyyət göstərir. Bu müddət bitdikdən sonra həmin hotelin fəaliyyətinə nəzər salınır. Əgər mehmanxana aldığı ulduz dərəcəsinə uyğun işləyə bilmirsə, onun ulduzu geri alına, yaxud sayı azaldıla bilər. Əksinə də ola bilər. Əgər mehmanxana fəaliyyətini genişləndiribsə, tələblərə cavab verirsə, onda onun ulduzlarının sayını da artırmaq olar. Bütün bunlar normal prosedur qaydalarıdır.
   - «Turizm haqqında» yeni qanun layihəsinin hazırlanması nə yerdədir? Yeni qanunun qəbulu hansı zərurətdən yaranıb?
   - «Turizm haqqında» 1999-cu ildə qəbul edilən qanun və prezidentin sərəncamı ilə təsdiq edilən 2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı çərçivəsində biz müvafiq işlər görmüşük və bugünkü nəticələri əldə etmişik. Dünyada turizmin inkişaf tendensiyası elədir ki, bundan sonrakı mərhələdə daha operativ və daha geniş, yüksək səviyyədə beynəlxalq turizm bazarına inteqrasiya olunmaq, standartlara uyğun turizm xidmətini təşkil etmək, keyfiyyəti yaxşılaşdrmaq, ölkənin turizm potensialını daha geniş təbliğ etmək baxımından yeni qanuna ehtiyac var. Qəbul ediləcək turizm qanunu bizə imkan verəcək ki, daha geniş rıçaqları işə salaq. Bu, turizm xidməti infrastrukturunun genişləndirilməsi, yerləşdirmə obyektlərinin sayının artırılması, Mədəniyyət və Turizm Nazirliyi olaraq, mədəniyyət obyektlərinin turizm nümayiş obyekti kimi istifadə olunmasının təşkili, yeni ərazilərin seçilməsi, mövcud potensiala uyğun olaraq, turizmin müxtəlif növlərinin inkişafı üçün lazımdır. Yeni qanun çərçivəsində yuxarıda qeyd etdiyim vəzifələrin öhdəsindən gələ biləcəyik.
   Qanunun ilkin variantı artıq təqdim edilib. Lazımi formatı tapmaq üçün müvafiq nazirliklərlə razılaşmalar əldə ediləcək. Yeni qanunda beynəlxalq normalar, bu çərçivədə dövlətin Mədəniyyət və Turizm Nazirliyi qarşısında qoyduğu tapşırıqlar, beynəlxalq turizm bazarına inteqrasiya olunmaq üçün lazım olan fəaliyyətin tənzimlənməsi kimi məsələlər öz əksini tapacaq.
   - Xarici ölkələrin turizm qurumları və müvafiq beynəlxalq təşkilatlarla əlaqələr necə qurulub?
   - Azərbaycan turizminin dünya turizm bazarına inteqrasiya etməsi üçün müxtəlif beynəlxalq səviyyəli qurumlarla və inkişaf etmiş xarici ölkələrlə çox geniş əlaqələr qurulub. İllərdir Azərbaycan bu təşkilatların keçirdiyi tədbirlərə ev sahibliyi edir. 2006-cı ildə İslam Konfransı Təşkilatına daxil olan ölkələrin turizm nazirlərinin toplantısı Bakıda keçirildi. Təkcə bu il İqtisadi Əməkdaşlıq Təşkilatının turizm üzrə İşçi Qrupunun və GUAM ölkələrinin qurum rəhbərləri səviyyəsində Turizm üzrə İşçi Qrupunun 5-ci toplantısı Azərbaycanın paytaxtında baş tutdu.
   Bu faktın özü deməyə əsas verir ki, Mədəniyyət və Turizm Nazirliyi yalnız əlaqələr qurmaqla kifayətlənmir, eyni zamanda bu əlaqələrin davamlı olması və daha da möhkəmlənməsi istiqamətində işlər aparır. Bildiyiniz kimi, Azərbaycan 2001-ci ildən Dünya Turizm Təşkilatının tam üzvüdür. Həmin vaxtdan bu təşkilatın bütün tədbirlərində yaxından iştirak edirik. MDB ölkələrinin Turizm Şurası ilə sıx əlaqələr yaratmışıq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm üzrə İşçi Qrupunda yaxından təmsil olunuruq. Bundan başqa, Azərbaycanın turizm fəaliyyəti ilə məşğul olan təşkilatları xarici ölkələrin müvafiq qurumları ilə sıx əməkdaşlıq edir.
   - Ölkəmizdə turizmin gələcək inkişaf perspektivlərini necə görürsünüz? Bu sahədə mövcud olan problemlərin həlli istiqamətində hansı addımlar atılır?
   - Bizi turizm sektorunda narahat edən ən zəif nöqtə xidmətin səviyyəsidir. Bu problemin aradan qaldırılması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Hər il mütəmadi olaraq, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TİKA təşkilatı ilə əməkdaşlıq çərçivəsində, Dünya Turizm Təşkilatı ekspertlərinin köməkliyi ilə müxtəlif istiqamətlər üzrə treninq-kurslar keçiririk. Amma bilirik ki, ildə 120-150 nəfər üçün bu kursların keçirilməsi kifayət deyil. Turizm sənayesi kimi böyük bir sahənin tələblərini ödəmək üçün bu rəqəm bəs etmir. Ona görə də bu problemin həlli üçün müəyyən vaxt lazımdır. Ümumilikdə götürdükdə isə Azərdaycanda turizmin inkişafı qənaətbəxşdir.
   Dövlət də bu sahənin gələcəyinə böyük ümidlər bəsləyir. Buna görə də hər addımda turizm sahəsinə dövlətin dəstəyini hiss etmək mümkündür. 2002-2005-ci illərdə Azərbaycanda ilk dəfə olaraq turizmin inkişafına dair dövlət proqramı qəbul edildi. Bu sənəddə nəzərdə tutulan bütün işlər həyata keçirildi. Bildiyiniz kimi, bu ilin aprelində “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” da ölkə başçısı tərəfindən təsdiq edildi. Hazırda bu istiqamətdə də işlər aparılır.
   
   Fəxriyyə Abdullayeva