TRT-nin Bakı bürosunun rəhbəri Muhsin Yıldırım:
   "Azərbaycanın hər bölgəsində ayrı bir zənginlik, gözəllik var: hər birindən zövq alırsan"
   
   Muhsin Yıldırım TRT-nin Bakı bürosunun rəhbəridir. Bakıya ilk dəfə 2007-ci ildə işi ilə əlaqədar gəlsə də, azərbaycanlılarla, Azərbacan musiqisi, mədəniyyəti ilə ilk tanışlığı hələ sovet dövründə, ötən əsrin 80-ci illərində olub. O vaxtlar TRT-də rejissor köməkçisi işləyən Muhsin bəyin "Biz bizə bənzərik" adlı proqramına türkdilli respublikalardan, o cümlədən Azərbaycandan sənətçilər qatılıb.
   Bu gün Türkiyənin ən böyük radio-televiziya qurumunu Azərbaycanda təmsil edən M.Yıldırım tariximizi, mədəniyyətimizi daha geniş formada təbliğ etmək üçün yeni layihələr gerçəkləşdirmək niyyətindədir. Muhsin Yıldırımla söhbətimiz də bu layihələr, habelə TRT-nin fəaliyyəti, kanalın müasir teleməkandakı yeri barədədir. Lakin öncə həmsöhbətim TRT-nin yaranma tarixi barədə qısa məlumat verdi:
   
   - Türkiyədə radio ilk dəfə 1929-cu ildə yayımlanmağa başlayıb. Televiziyanın yaranmasının isə maraqlı tarixçəsi var. Bu, Türkiyədə hərbi çevrilişin baş verdiyi 1960-cı ildən sonrakı dövrlər idi. Bütün bu siyasi çəkişmələrə, təlatümlərə baxmayaraq TRT-nin telekanal kimi fəaliyyətə başlaması siyasi maraqlardan çox, dövrün tələbi idi. Amma hər halda, görünür, o vaxtkı hakimiyyətin də televiziyanın yaranmasında müəyyən maraqları varmış. 1964-cü ilin mayında TRT-nin yayımı başladı. TRT dövlətin rəsmi telekanalı kimi formalaşsa da, ilk dövrdən nisbətən müstəqil fəaliyyət göstərirdi, yəni hökumətin kanal üzərində güclü nəzarəti yox idi. Zaman dəyişdi, irəli getdi, onunla eyni addımlarla Türkiyə də irəlilədi, inkişaf etdi və TRT də böyüdü. O vaxtdan bu vaxta artıq 46 ildir ki, fəaliyyət göstəririk və TRT bu gün dünyanın ən nəhəng 3-4 teleradio şirkətindən sayılır. Bu şirkətdə bu gün 8 mindən artıq insan çalışır. Hazırda TRT-nin 7 ölkə miqyaslı, 4 beynəlxalq, 6 regional, 2 turizm kanalı, həmçinin 28 dildə yayımlanan radio kanalı var.
   Qısa desək, TRT hazırda dünyanın insan ayağı dəyən hər bölgəsinə yayımlanır. Bu o deməkdir ki, kanalın sözü hər yerə çatır və böyük təsir gücünə malikdir. Bundan əlavə, TRT sonradan Türkiyədə yaranan özəl kanallar üçün də bir məktəb rolunu oynayıb. Bu gün Türkiyədə fəaliyyət göstərən bütün aparıcı özəl kanalların təsisçilərindən tutmuş siravi əməkdaşlarına qədər əksəriyyəti vaxtilə TRT-də çalışıb.
   - Siz də həmin insanlar kimi bu məktəbi - TRT məktəbini keçmək qərarına gəldiniz?
   - 1986-cı ildə TRT Türkiyə universitetlərini bitirmiş 30 yaşına qədər olan gənclər arasında müsabiqə elan etdi və mən də həmin müsabiqəyə qatıldım. Qeyd edim ki, müsabiqədə 19 min adam iştirak edirdi. Bir il ərzində müsabiqənin 7 mərhələsindən keçdim və xoşbəxtlikdən TRT-də işləmək şansı əldə edən 18 nəfərin içərisində mən də var idim. Beləliklə, 1986-cı ildən bu günə qədər TRT-də çalışıram.
   - Maraqlıdır, TRT məktəbini keçmək sizə nə verdi?
   - Televiziya və mətbuat aləmi çox rəngli, dünyaya çox geniş açılan, müxtəlif məsləklərlə, müxtəlif insanlarla və müxtəlif mədəniyyətlərlə tanış olmaq fürsəti verən bir məktəbdir. Bu məktəbi keçdikdən sonra önümə çıxan heç nəyə dönüb baxmadım.. Bu televiziya kanalının işçisi olmaq, burada çalışmaq mənim üçün şərəfdir. Yenidən dünyaya gəlsəm, təkrar TRT-çi olaram.
   - Muhsin bəy, bu gün TRT-ni dünyanın hər yerində həm də Türkiyənin siması kimi qəbul edirlər. TRT bu adı necə doğruldur? Müasir televiziya standartları ilə ayaqlaşa bilirmi?
   - TRT dünyanın önəmli teleradio yayım qurumlarından olan Avropa Yayım Birliyinin (EBU) üzvüdür. Eyni zamanda, Asiya Yayım Birliyində də (ABU) təmsil olunur. Kanal dünyada yayım sahəsində fəaliyyət göstərən bütün təşkilatlarla çox yaxın iş birliyi qurub. TRT işçi heyətini davamlı olaraq təkmilləşdirir, texniki və texnoloji imkanlarını yeniləşdirir. Bildiyiniz kimi, televiziya texnologiyası çox çətin bir işdir. TRT bunu da daim diqqətdə saxlayır. Son dövrdə TRT-nin rəhbərilyi yeni layihələr həyata keçirdi və bu layihə çərçivəsində yeni kanallarımız açıldı.
   Mən Azərbaycana 2007-ci ildə gəldim. Bir il sonra TRT-Avaz kanalı açıldı. Bu kanal Türk dünyasına, türkdilli xalqlara yönəlik bir kanaldır. TRT-Avazın əsas hədəfi türk dünyasında, bütün türkdilli xalqlar və toplumlar arasında yer almaq, geniş tanınmaqdır. Bundan başqa,TRT-nin xəbər kanalı vasitəsilə davamlı olaraq ölkənin hər yerindən xəbərlər, yaşanan gündəlik hadisələr türkcə bütün dünyaya yayımlanır.
   - Bildiyiniz kimi, zaman, dövr dəyişdikcə, televiziyaya olan tələblər də dəyişir. Necə düşünürsünüz, TRT müasir tələblərlə ayaqlaşa bilirmi?
   - TRT-də "Xalq araşdırması" adlanan bir qurumumuz fəaliyyət göstərir. Bu qurumun əsas funksiyası xalqın TRT-də daha çox hansı səpkili verilişlərə üstünlük verməsini araşdırmaqdır. Türkiyədə özəl kanallar da fəaliyyət göstərdiyindən onların arasında istər-istəməz reytinq yarışması var. Təbii ki, biz özəl kanal olmadığımızdan onlarla hər bir məsələdə yarışmaya bilərik. Bizim xalqımıza, vətəndaşlarımıza bir maarifləndirici, yol göstərici vəzifəmiz var. Məsələn, 20 il əvvəl etdiyimiz bir işi indi etsək diqqət çəkməyə bilər. Çünki bəzən insanlar yeni verilişlər, yeni layihələr istəyir.
   - Araşdırmanız nə göstərir? Tamaşaçılar hansı verilişlərə üstünlük verirlər?
   - Türkiyədə TRT dövlətin xalqa xidmət etməsi üçün arxalandığı xalq televiziyasıdır. Xalq hər şeydən öncə bizdən tərəfsiz, insanları aldatmayan xəbər gözləyir. Eyni zamanda, insanlar bizdən ailəsi ilə birlikdə oturub seyr edə biləcəyi keyfiyyətli proqramlar istəyirlər. Odur ki, tamaşaçılar hər hansı bir xəbəri eşidərkən TRT kanalını açıb "bu doğrudurmu" sualına bizdən cavab istəyirlər. TRT məhz belə məsələlərdə xalqın inamını qazanmış bir kanaldır. Əgər bir proqram bu kanalda yayımlanırsa, bir sənətçi TRT-ə çıxış edirsə, deməli o, xalqın inamını qazanmış ziyalı və savadlı bir insandır. TRT-nin gördüyü işlər xalqın nəzərində məhz belə qəbul olunub.
   - TRT-nin müxbirlərinin iş metodları ilə Türkiyədəki digər televiziya kanallarının əməkdaşlarının iş metodları arasında fərq nədədir?
   - Hər bir televiziya kanalının öz şərtləri var və müxbirlər bu şərtlər daxilində işləyirlər. Məsələn, özəl şirkətlərin jurnalistləri ilə bizim jurnalistlərin arasında bir fərq var: bizim xəbər dairəmiz çox böyükdür. Və bütün xəbərlər bu dairəyə öz qaynaqlarımızdan gəlir. Gün ərzində 7 kanala xəbər proqramları hazırlanır. Xəbər proqramları həqiqətən çox önəmlidir. Biz işimizi görərkən heç zaman qarşımızdakı quruluşlara, qurumlara, dövlətlərə, tərəflərə qarışmırıq və hadisəyə obyektiv yanaşırıq. Amma özəl kanallar bəzən ola bilər ki, tərəfkeşlik etsinlər. TRT isə bütün məsələlərə obyektiv və tərəfsiz yanaşır.
   - Qayıdaq Azərbaycandakı fəaliyyətinizə, TRT-nin Azərbaycan bürosu mədəniyyətimizin, bölgələrdəki turizmin tanıdılmasına yönəlik hansı layihələri reallaşdırır?
   - Həftədə yarım saat Azərbaycanı tanıdan proqramımız yayımlanır. Bu proqram çərçivəsində Azərbaycanın ziyalı, sənət, iş adamlarının, mədəniyyət, turizm, həyat tərzinin tanıdılması istiqamətində verilişlər hazırlanır. Həmin verilişlərlə Azərbaycanı türk dünyasına və bütövlükdə dünyaya daha geniş tanıtmaq istəyirik. Bildiyimiz kimi, müqəddəs Ramazan ayı başlayıb. Azərbaycandakı insanların Ramazan ayını necə keçirməsi barədə proqramlar hazırlanaraq TRT-də nümayiş etdiriləcək.
   Turizmə gəlincə, biz rayonlara gedir, filmlər çəkirik. Bu filmlər həm də bölgələri turizm baxımından təbliğ edir. Məsələn, Masallıda müalicəvi isti sular var. Bu, eyni zamanda, turistlər üçün cəlbedici yerdir. Çəkdiyimiz filmlərdə həm də Azərbaycanın turizm potensialını, təbiət gözəlliklərini təqdim edirik. Bu yerləri göstərərkən həm tanıdırıq, həm də insanları o yerlərə dəvət edirik.
   - Muhsin bəy, Azərbaycanda olduğunuz müddətdə sizdə ölkəmiz, insanlarımız haqqında hansı təəssürat yaranıb?
   - Bir insan üçün hər gördüyü yer ayrı bir zənginlik, ayrı bir maraq mənbəyidir. Masallıya gedib İstisuyu, təbiət gözəlliyini, Gəncəyə gedb tarixi yerləri, İsmayıllıya, Lahıca gedib qədim yerləri görürsən. Dağlıq yerləri sevdiyimdən daha çox dağlıq rayonlara getmişəm. Qaxda dağa çıxıb ayrı hisslər yaşayırsan, Gəncədə, Şəkidə isə tamamilə fərqli hisslər keçirirsən. Bu yerlərdən hansınasa gözəl, digərinə pis demək düz olmaz: hər birinin özünəməxsus gözəlliyi var. Azərbaycanın bölgələrində olduğum müddətdə özümü Anadolunun şəhərlərində hiss etdim. İnsanlarınızın istiqanlı olması məni bir daha bu qənaətə gətirir. Ən əsası isə odur ki, bizim dil problemimiz də yoxdur və bir-birimizi gözəl başa düşürük. Bölgələrdə olarkən görüşdüyümüz insanlar "bizə qonaq gəlin" deyərək bizimlə mehribancasına söhbət edir, qonaqpərvərlik göstərirlər. Bu münasibət bizlərə çox xoş təsir edir. Azərbaycanın hər bölgəsində ayrı bir zənginlik, gözəllik var: hər birindən zövq alırsan. İnsanların istiqanlı, dost münasibətləri, sənə qardaş kimi qucaq açmaları, qonaqpərvərlikləri bizim üçün çox qiymətlidir.
   
   Mehparə Sultanova