Görüşdən sonra Litvanın mədəniyyət naziri Arunas Qelunas qəzetimizə eksklüziv müsahibə verdi.
   
   - Cənab nazir, Litvanı Azərbaycan mədəniyyətinin hansı məqamları daha çox özünə cəlb edir?
   - Burada bir sıra məqamlar var. Məsələn, ötən həftə mən Azərbaycan caz musiqisini dinlədim. Bu çox maraqlı idi. Bizim üçün təkcə musiqi deyil, digər mədəniyyət sahələri də maraqlıdır. Məsələn, toxuculuq, keramika, memarlıq Azərbaycanda qədim sənətkarlıq sahələridir. Bu baxımdan düşünürəm ki, bir çox sahələrdə birgə əməkdaşlığımızı inkişaf etdirmək, müştərək layihələr həyata keçirmək üçün imkanlar mövcuddur. Xüsusilə kino sahəsində geniş əməkdaşlığın mümkünlüyünü önə çəkmək istərdim. Bu sahədə birgə layihələr reallaşdırmaq olar. Məsələn, biz artıq «Notre Dame de Pari» layihəsini reallaşdıra bilmişik.
   İnsanlar bir ölkəyə səyahət edəndə, şəxsi dostluq əlaqələri qurur və bu da əməkdaşlığa yol açır. Çünki görüb-götürmək, ünsiyyət vasitəsilə əlaqələr daha da dərinləşir və sən bir ölkə, onun tarixi, mədəniyyəti haqqında daha çox şey öyrənmək istəyirsən. Bu baxımdan mədəniyyəti sadəcə qəzet və ya televiziyadan öyrənmək qeyri-mümkündür. Bizim məşhur turizm məkanlarımız var. Orta əsrlərə məxsus qalalarımız, muzeylərimiz çox gözəldir. Beləliklə, insanlar çox gördükcə, çox öyrəndikcə bu, daha maraqlı və cəlbedici olur.
   - Sizcə, mədəni əlaqələri daha da genişləndirmək üçün nə etmək lazımdır?
   - Azərbaycanın zəngin mədəniyyəti var. Bu zəngin mədəniyyəti Litvaya tanıtmaq üçün yalnız bir qədər addım atmaq lazımdır. Mən dialoqa və mübadiləyə inanıram. Beləliklə, dialoq mənim təşəbbüsümdür. Şəxsi dostluq, münasibətlər əlaqələri daha da inkişaf etdirəcək.
   - Cənab Qelunas, bayaq caz musiqisi haqqında danışdınız. Maraqlıdır, bəs bizim muğamımız haqqında nə bilirsiniz?
   - Bilirəm ki, muğam ənənəvi Azərbaycan musiqisidir. Mən onu ancaq cazla sintez olunmuş formasını dinləmişəm. Bilirəm ki, Vaqif Mustafazadə sizin əfsanəvi caz ifaçınız olub. O da muğamla cazı sintez edərək ifa edib. Eyni zamanda, bir neçə muğam ifasını internetdə görüb dinləmişəm.
   - Ölkələrimiz arasında turizm əlaqələrinin gələcək perspektivləri haqqında nə deyə bilərsiniz?
   - Düşünürəm ki, turizm əlaqələrini inkişaf etdirmək lazımdır. Təəssüf ki, turizm sahəsi Litvada Mədəniyyət Nazirliyinin sisteminə daxil deyil. Lakin bizim turizm sənayesi ilə güclü əlaqələrimiz var. Düşünürəm ki, yavaş-yavaş bunu sürətləndirə bilərik. Çalışarıq ki, mədəni turizmi inkişaf etdirək. Çünki mədəni əlaqələrlə bağlı çoxlu litvalı Azərbaycana, çoxlu azərbaycanlı isə Litvaya səfər edir. Düşünürəm ki, Litvanın qədim Baltik sivilizasiyasını, eləcə də Azərbaycanın qədim mədəniyyətini bir-birimizə müxtəlif yollarla tanıda bilərik. Bir-birimizi daha yaxşı başa düşmək üçün sərgi mübadiləsinin aparılması da mühüm tanıtma vasitəsidir. Eyni zamanda bilirəm ki, Azərbaycan müsəlman Şərqində ilk operanın vətənidir. Bizim də Vilnüsdə çox yüksək səviyyəli Opera Teatrımız var. Bütün bunların olması qarşılıqlı mübadiləyə, əməkdaşlığa geniş imkanlar yaradır.
   Mənim Azərbaycana səfərim bir daha təsdiqləyir ki, biz ölkələrarası münasibətlərə çox ciddi yanaşırıq və mədəni əməkdaşlığın, mədəni mübadilənin daha intensiv olmasına çalışırıq.
   - Bakıya ilk dəfə səfər edirsiniz. Paytaxtımız haqqında təəssüratınız necədir?
   - Qeyd edim ki, mənim atam cərrah olub və o, Bakıya tez-tez səfər edib. Hər zaman bizə bu şəhər və onun insanları haqqında yaxşı sözlər danışırdı. Yəni mən Bakıya gəlməzdən öncə bu şəhər barədə artıq müəyyən məlumata malik idim. Bakı çox inkişaf etmiş bir şəhərdir. Burada olduğum müddətdə Xalça Muzeyində oldum və bu ziyarət məndə zəngin təəssürat yaratdı. Oradakı xalçalar çox gözəl idi.
   
   Mehparə Sultanova