İsgəndər Sakayev: «Bakıya gəlmək uşaqlıq arzum idi»
      
   Bakıda yerli və əcnəbi yaradıcı gənclərin iştirakı ilə «Gənclər bu gün» adlı Beynəlxalq görüş-seminarda iştirak edənlərin sırasında A.Puşkin adına Rusiya Dövlət Akademik Dram Teatrının (Sankt-Peterburq) rejissoru İsgəndər Sakayev də vardı. Qeyd edək ki, İ.Sakayev yaxın vaxtlarda ölkəmizdə yaradıcılıq fəaliyyətinə başlayacaq. Rusiyalı rejissor S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında V.Şekspirin “Yay gecəsində yuxu” əsərinə quruluş verəcək. Rusiyalı rejissor avqustun sonunda Bakıya gələcək.
   İ.Sakayevlə söhbətimizdə yaradıcılıq fəaliyyəti, müasir teatrda tətbiq etdiyi biomexanik metodu və digər məsələlərə toxunduq. Öncə ondan özü haqqında məlumat verməsini xahiş etdik:
   
   - 1995-ci ildə Ufa Dövlət İncəsənət Universitetini bitirmişəm. Eyni vaxtda bir neçə rejissorluq kursunda oxumuşam. «Nur» Tatar Dövlət Teatrı, Ufa Gənclər Teatrının rejissor və aktyorları ilə işləmişəm. 2003-2005-ci illərdə biomexanikanı öyrəndim və elə həmin ildən Sankt-Peterburqda A.Puşkin adına Akademik Dram Teatrının rejissoru kimi fəaliyyət göstərirəm. Həmin teatrda «Hökmdar Edip», «Canlı meyit», «Qağayı», «Çarli üçün güllər» və digər tamaşaları səhnələşdirmişəm. Mən həm kino, həm də teatr rejissoruyam. Lakin teatr rejissorluğunu özüm üçün daha maraqlı sahə hesab edirəm.
   
   - Siz Bakıda, Rus Dram Teatrında çalışmaq barədə dəvət almısınız. Eyni zamanda, Bakının teatr həyatı haqqında məqalə yazmağa hazırlaşırsınız. Maraqlıdır, nə üçün məhz Bakı?
   - Bakıya gəlmək, bu şəhərlə tanış olmaq uşaqlıq arzum idi. Bakı teatr həyatına gəlincə, onun haqqında geniş məqalə hazırlamaq böyük arzumdur. Bu məqaləni Sankt-Peterburqda nəşr edilən ciddi və peşəkar «Teatr» jurnalında çap edəcəyəm. Əlbəttə, belə bir materialı hazırlamaq heç də asan deyil və uzun vaxt aparan prosesdir. Lakin çalışacam ki, nəticə uğurlu olsun.
   
   - Azərbaycan teatr tarixinin və bugünkü teatrın hansı maraqlı tərəfləri, teatrımız haqqında nə bilirsiniz?
   - Əgər tarixə müraciət etsək görərik ki, Rusiya ərazisində yaşayan türkdilli xalqların teatr həyatı sovet hakimiyyəti qurulduqdan sonra başlayıb. Azərbaycanda isə teatr sovet dövründən öncə, 1873-cü ildə meydana gəlib. Hətta buna qədər də Azərbaycanda xalq teatrları mövcud olub. Düşünürəm ki, bu ölkədə mədəniyyətin kökləri daha dərinə gedib çıxır.
   Azərbaycanda yaşayıb-yaradan çoxsaylı dramaturqlar olub və bu gün də var.
   Teatrlarınıza gəlincə, onlar haqqında hələlik daha çox nəzəri məlumatım var. Gələcəkdə daha çox görmək və çox öyrənmək istərdim. Bakıda olarkən sizdə olan çoxlu şeyləri yaxşı mənada oğurlamaq, sonra öz mədəniyyətimizi bura gətirmək istərdim.
   
   - Bu günə qədər səhnələşdirdiyiniz əsərlər arasında Azərbaycan müəlliflərinin yaradıcılığına müraciət etmisiniz?
   - Sonuncu səhnələşdirdiyim tamaşa Azərbaycan dastanı «Aşıq Qərib» olub. Deyim ki, bu dastanı səhnələşdirməklə çox şey öyrəndim. Bundan başqa mən «Aşıq Qərib»in 1964-cü ildə rus dilindən çevrilmiş variantını əldə etdim və oxudum. Mən bu dastanı tatar dilində səhnələşdirdim. Tatar tamaşaçılarının və Tatarıstanda yaşayan azərbaycanlıların tamaşaya münasibəti məni çox sevindirdi. Tatarıstanda yaşayan azərbaycanlılara artıq tərcümə lazım deyildi, çünki onlar tatar dilini yaxşı bilirlər. Tamaşadan sonra Bakıya gəldim və özüm üçün bir sıra məqamları aşkar etdim. Biz tamaşanı səhnələşdirərkən xüsusi olaraq Azərbaycan rəqslərini də öyrənməmişdik. Məsələn, sizin milli rəqslərdə əllərin xüsusi saxlanması manerası var. Qəribədir ki, biz bunu xüsusi olaraq öyrənməmişdik, amma alındı. Tamaşada belə məqamlar, detallar çox idi. Biz bununla heç də azərbaycanlıları yamsılamaq istəmirdik. Sadəcə olaraq istər-istəməz mənəvi bağlılıq özünü göstərirdi. Mən gələcəkdə də bunu davam etdirmək istərdim. Sizin müəlliflərin əsərlərinin rus dilində olan variantını tatar dilinə tərcümə edib səhnələşdirmək istərdim.
   
   - Cənab Sakayev, sizin müasir teatrda tətbiq etdiyiniz biomexanika - səhnə hərəkətləri ilə bağlı fikirləriniz də maraqlıdır. Bu metodun fəlsəfəsi nədir və bu, müasir aktyora, müasir teatra nə verir?

   - Bu, metodikadır və onun fəlsəfəsi çox azdır. Burda bir fəlsəfi məqam var: aktyor olmaq və tamaşaçı üçün maraqlı olmaq. Müşahidə etmişəm ki, sovet teatr məktəbində yetişən aktyorlarda hərəkətlərin yerinə yetirilməsində dəqiqlik çatmır. Bir hərəkəti edir, amma onu sonra təkrar edə bilmir.
   Bu metodun kökü tanınmış Rusiya rejissoru və səhnə hərəkətlərinin islahatçısı Vsevolod Meyerholddan gəlir. Onun yaradıcılıq fəaliyyəti bütün dünyada teatra çox böyük təsir edib. XX əsrin əvvəlində o, nadir texnika- biomexanikanı yaradıb. Bu metod formanın və dramatik ifadələrin öyrədilməsinə həsr edilmişdi. Meyerhold tərəfindən əsası qoyulan bu sistem aktyorun hazırlanmasıdır. Burada gimnastika, akrobatik hərəkətlər sintez edilir və bu da aktyora imkan verir ki, hərəkətlərinin mexanizminə və enerjisinə nəzarət edə bilsin. Biomexanika emosiyaları stimullaşdırmaq üçün fiziki formada fəaliyyət göstərir. Müəlliflərin fikrincə, biomexanika müasir teatrda hərəkətlərin fundamental qaydalarının üzə çıxarılmasında bir vasitədir.
   Biomexanika məşqləri zamanı çubuqla məşq edərkən hər hərəkətdə bədənin tarazlığı dəyişir. Bu, daxilindəki enerjinin ortaya çıxmasına doğru ilk addımdır. Biomexanika metodu həm də aktyoru tamaşaçı üçün daha ifadəli, daha gözəgəlimli, cəlbedici, maraqlı edir. Müasir teatrda qaydalar çox sərtdir: aktyor daxili boşluğu özünə yaxın buraxmır, həmişə çevik, surətlidir, cəlddir. Əgər boşluğu özünə yaxın buraxsa, səhnədə ola bilməz. Aktyor elə gərgin işləməyi bacarmalıdır ki, tamaşaçı onda olan boşluğu görməyə müvəffəq olmamalıdır. Hər hansı aktyorluq sistemi bu əlaqələrə əsaslanmalıdır: «aktyor-obraz», «aktyor-tərəfdaş», «aktyor-tamaşaçı» və s. Bu, hansısa xarici dili öyrənməyə bənzəyir.
   
   - Sizcə, müasir teatr uğur əldə etmək üçün məhz biomexanika metodunu tətbiq etməlidir?
   - Bilirsiniz, müasir teatrlar müxtəlifdir. Məsələn, buddizmdə deyilir ki, «Qoy bütün çiçəklər açsın». Ən əsası odur ki, bu güllərin yeri düzgün olsun. Çiçəklənməni sürətləndirmək üçün günəş, su və bir də münbit şərait lazımdır. Biomexanika da belədir. Onun inkişafı üçün münbit şərait yaranmalıdır. Biomexanikanı müasir teatra tətbiq etmək lazımdır. Biomexanika metodu aktyoru məhdudiyyətdən qurtararaq onu azad edir. Bu metod aktyora çox kömək edir. Mən bu metodla çoxdan işləyirəm və onun səmərəsini yaxşı bilirəm.
   
   - Bakıdakı gələcək fəaliyyətiniz, əməkdaşlıqla bağlı planlarınız nədən ibarətdir?
   - Hələlik konkret olan budur ki, Səməd Vurğun adına Rus Dram Teatrında Vilyam Şekspirin məşhur «Yay gecəsində yuxu» əsərini tamaşaya qoymaq istəyirik. Sonrakı əməkdaşlıq işlərin gedişindən asılıdır. Sizdə çox gözəl dramaturqlar, müəlliflər var. Məsələn, mən Elçinin əsərlərini oxumuşam və çox bəyənirəm. Amma Rusiyada sizin müəlliflər haqqında az informasiya var. Doğrudur, onların əsərləri rus dilinə də tərcümə olunur, amma Rusiyada az yayımlanır. Sizdə rus dilində yazan gənc yazarlar da var. Yuxarıda qeyd etdiyim kimi, mənim marağım bunları yaxşı mənada oğurlamaqdır. Hələ ki, nə qədər Azərbaycan dilini bilmirəm, əsərləri rus dilində mütaliə edirəm. Hər bir halda Azərbaycan mədəniyyəti mənə çox yaxşı təsir edir. Sizin klassik şeirləriniz də xoşuma gəlir. Bu çox maraqlı və vacibdir. Eyni zamanda Azərbaycanda teatr rejissorları ilə işləməkdə də maraqlıyam. Ola bilsin ki, kiminləsə əməkdaşlıq edirəm. Amma hələ ki, onları yaxşı tanımıram. Məsələn, rejissorlardan Vaqif İbrahimoğlunun tamaşasına baxmışam və mənə çox yaxşı təsir edib. Çox istərdim ki, Pantomima Teatrının, Milli Dram Teatrının tamaşalarına baxım. Çünki video ilə görmək real həyatda görmək kimi effektli deyil. Mən öz teatrımı buraya gətirib tatar dilində tamaşalar göstərmək, eyni zamanda Bakının hansısa teatrını Tatarıstana aparmaq istəyirəm. Bizim bir-birimizdən öyrənəcəklərimiz çoxdur.
   
   - Bakıda yerli və əcnəbi yaradıcı gənclərin iştirakı ilə «Gənclər bu gün» adlı beynəlxalq görüş-seminarda iştirak edirdiniz. Təəssüratınız necədir?
   - Düşünürəm ki, bu seminar çox vacibdir. Bu yöndə layihələr genişlənməli, yaradıcılıq əlaqələri güclənməlidir. SSRİ dağılandan sonra mədəni əlaqələr uzun müddət qırıldı. İndi onlar qurulur və möhkəmlənir. Lakin mənim fikrimcə, postsovet məkanında mədəniyyətlərin bir-biriləri ilə informasiya mübadiləsi zəifdir. İnternetə gəlincə, orada məlumatlar tam deyil. Əsil informasiya ancaq belə tədbirlərdə, belə yerlərdə alınır. Məsələn, burada Belarusdan, Ukraynadan gələn gənclər var. Onlar məndən, mən isə onlardan teatrlarımız barəsində soruşuram və beləliklə, məlumatlanırıq. Bu canlı maraqdır.
   
   Söhbətləşdi:
   Mehparə Sultanova