Yaponiyalı kukla mütəxəssisi Mikki Mori ölkəsində bu sənətə verilən yüksək önəmdən və Azərbaycanda səfər təəssüratlarından danışır
   
   Dünyada elm-texniki kəşfləri ilə tanınan Yaponiya həm də kukla mədəniyyəti ilə məşhurdur. Artıq uzun illərdir ki, bu ölkə özünün ənənəvi kukla istehsalına malikdir. Bu günlərdə Bakıda, Dövlət Kukla Teatrında yapon kuklalarının sərgisi keçirildi. Yapon kuklaları üzrə məşhur mütəxəssis Mikki Mori isə geniş mühazirə ilə çıxış edərək kuklaların ölkəsinin mədəni həyatında tutduğu yerdən bəhs etdi. Onunla söhbətimiz də bu mövzuda oldu.
   
   - Xanım Mori, Azərbaycana səfər etməkdə məqsədiniz təkcə kuklaların təqdimatından və təbliğatından ibarətdir, yoxsa gələcəkdə hansısa işbirliyi planlaşdırırsınız?
   - Əvvəlcə deyim ki, mənim anam yapon kuklalarının ustası idi və bu mənada mənim böyük təcrübəm var. Amma mənə gəlincə, kukla düzəltmirəm, sadəcə onları başqa ölkələrdə təbliğ edirəm. Bu sərgidə yapon mədəniyyətini Azərbaycana təqdim etdik və eyni zamanda Azərbaycan mədəniyyəti ilə tanış olduq. Mənim Azərbaycan kuklalarına da böyük marağım var və sizin kukla ustalarının biri ilə tanış olub kataloq almışam. Bilirəm ki, Azərbaycanda da gözəl kukla düzəltmək texnikası var. Azərbaycanda bu sənətin yayılmasına marağım olduğu üçün bura gəlmişəm.
   - Bəs Yaponiyada kuklaların tarixi haqqında nə deyə bilərsiniz?
   - Yapon kuklaları qədim tarixə malikdir. Ən başlanğıcda, kuklalar hitrqata adlanırdı və onlardan mərasimlər zamanı ovsunlar üçün istifadə edilirdi. Yaponiyada inanırdılar ki, tanrılar göylərdə yaşayır və yalnız bayram mövsümlərində dünyəvi evlərinə enirlər. Bu vaxt ərzində tanrıların ruhu kuklalarda yaşayır və nəticə etibarilə onlar ölkənin hər yerində bayram şənliklərində müxtəlif rollar oynayırdılar. Lakin kuklaların yapon ailələrində populyarlıq qazanması XVIII əsrə təsadüf edir. Hətta o dövrdə «Hina» adlandırılan kukla festivalı da var idi. Kuklaları gəlinin cehizinin bir hissəsi hesab edir, ailənin var-dövlətinin və sosial statusunun simvolu sayırdılar. Kuklaların məşhurluğu kukla sənayesinin inkişafı ilə nəticələndi, şəhərlərdə kukla bazarları meydana çıxdı. Buna baxmayaraq, sonrakı dövrdə Yaponiyada Avropa mədəniyyəti və bədii cərəyanlarının axını nəticəsində kuklalar artıq bədii əsər kimi qiymətləndirilmirdi, onlar sadəcə oyuncaq səviyyəsinə enmişdi. 1920-ci illərdə «Bədii kukla hərəkatı» adlı hərəkat təşəkkül tapmağa başladı.
   - Bu hərəkatın mahiyyəi nədən ibarət idi?
   - Bu, sadəcə oyuncaqlar yox, incəsənət işi olan kuklalar yaratmağa yönəlmiş hərəkat idi. Qeyd etmək maraqlı olardı ki, dünyanın hər yerində böyük sayda kuklaların mövcud olmasına baxmayaraq, bədii kukla hərəkatı bu spesifik dövr ərzində Yaponiyada inkişaf etdi. Həmçinin kukla sənəti teatrda və ədəbiyyatda ixtisaslaşan sənətkarlar arasında populyar oldu və kukla sənətinə aid cəmiyyətlər quruldu. 1933-cü ildə Yaponiya Kukla Assosiasiyası quruldu, sərgilər keçirildi. Bu da öz növbəsində bədii kukla sənətinin ictimaiyyət tərəfindən qəbul olunmasına gətirdi. Nəticədə daha ənənəvi olan kukla düzəldən peşəkarlar içərisindən avanqard kukla ustalarının yeni təbəqəsi meydana çıxdı.
   Kukla düzəltmə prosesi müxtəlif texniki üsulları və materialların istifadəsini daxil edərək bir tam incəsənət əsərini formalaşdırmaq üçün mürəkkəb şəkildə bütövlük təşkil edir. Kuklanın görünüşü heykəlin formasına, boyanması rəsm əsərinə, geyimi dəbə bənzəyir. Gözləri və saçı isə bir tətbiqi incəsənət işidir. Kuklanın barmaq ucları və geyimi kimi detallar kuklaların reallığını artırır. Məhz buna görə kuklalar öz ifadələrinə və gözəlliklərinə malikdirlər. Bu cür kukla taparaq ondan məmnunluq hissi keçirə bilmək, kukla sənətinə bir incəsənət forması kimi məna verir. Bu gün kukla yapon mədəniyyətində əhəmiyyətli yer tutur.
   
   M.Sultanova