Xalq yazıçısı, Dövlət mükafatı laureatı Qılman İlkin (1914-2009) tanınmış nasirlərimizdən biridir. Görkəmli yazıçı “Qalada üsyan”, “Şimal küləyi”, “Hədiyyə”, “Dağlı məhəlləsi”, “Dəniz qapısı”, “Madam Qədri” və s. kitabların müəllifidir. O, kinodramaturq kimi “Kölgələr sürünür” və “Yenilməz batalyon” bədii, “Nobel qardaşları” sənədli filmlərinin ssenari müəllifidir. Bir neçə pyesi teatrlarda tamaşaya qoyulub.
   Qılman müəllim rəhmətə getməmişdən əvvəl onunla görüşüb, kinoya necə gəlməsi ilə əlaqədar müsahibə almaq istədiyimi bildirmişdim. Belə razılaşmışdıq ki, suallarım əsasında o, yazını hazırlayandan sonra mənə zəng vuracaq. Qılman müəllim sözündə dəqiq adam idi. Bir müddətdən sonra ikinci dəfə görüşəndə o, mənə yazını təqdim etdi. Başım tədbirlərə, yazı-pozuya elə qarışmışdı ki, müsahibə arxivimdəki “Qılman İlkin” qovluğunda dərc edilməmiş qaldı. Yazının kino tariximizin müəyyən məqamlarına işıq saldığını və oxucular üçün maraqlı olacağını nəzərə alıb onu dərc etməyi qərara aldım
.
   
   
   - Qılman müəllim, Sizin - tanınmış yazıçının kinoya gəlişiniz necə olmuşdur?
   - 50-ci illərin ortaları idi. İşim çox olduğundan irihəcmli əsərlərə girişə bilmirdim. Bekar da oturmamışdım. Adətən belə hallarda kiçikhəcmli hekayələr yazıram. 60-cı illərdə də belə edirdim. Bir-birinin dalınca hekayələr yazırdım. Bu hekayələr çoxlarının xoşuna gəlirdi. Bir gün hansı yığıncaqda isə görkəmli rejissorumuz Adil İsgəndərovla rastlaşdım. Məni görən kimi dedi: “Srağagün sənin “İstintaq” hekayəni oxudum. Çox xoşuma gəldi. Sən onu niyə səhnə dilinə çevirmirsən?”. Düzü, onun sözləri məni götürdü. Onun çox ciddi adam olduğunu bilirdim. Ancaq dediyi sözlərin mənasını özümə aydınlaşdırmaq istədim: “Adil müəllim, düzü Sizi yaxşı başa düşmədim”. “Burada başa düşülməyən nə var ki, - deyə sinəsini qabağa verib, gülümsədi. - Yəni deyirəm ki, bu hekayədə bir pyesə yetə biləcək konflikt vardır. Mən sənin yerinə olsaydım, onun əsasında bir pyes yazardım”.
   A.İsgəndərovun bu sözləri məni yerimdən oynatdı. Bu barədə fikirləşməli oldum. Üstündən heç on gün keçməmişdi ki, həyətdə mənimlə birlikdə Yazıçılar İttifaqının kooperativ evində yaşayan rejissor Mehdi Məmmədova rast gəldim. Salam-əleykümdən sonra mənim “Tapşırıq” adlı hekayəm barədə söhbət saldı: “Qılman, sən möhkəm süjet qurmağı yaxşı bacarırsan. “Tapşırıq” hekayəni oxudum. Sən niyə dramaturgiyaya keçmək istəmirsən?”
   Beləliklə, iki böyük sənətkarın dedikləri beynimə batdı. Dramaturgiya sahəsində ilk addımlarımı atmağa başladım. Əvvəlcə kiçik həcmli televiziya pyeslərindən başladım. Səkkizə qədər televiziya filmim Bakı televiziyası vasitəsilə göstərildi. Bunlardan “Baba və nəvə”, “General Şıxlinski”, “Əsgər cəbhədən qayıdırdı”, “Tayqa nağılı”, “Geriyə yol yoxdur”, “Cərrahlar” və başqalarını göstərmək olar.
   Bu kiçik televiziya pyesləri mənim üçün irihəcmli filmlərə keçmək üçün yol açdı. O zaman studiyanın direktoru Zəki Səfərov idi. Sonra onu Məhərrəm Haşımov əvəz etdi. Yenicə tamamladığım “Kölgələr sürünür” ssenarimi kinostudiyaya təqdim etdim. Ssenari bədii şura tərəfindən bəyənildi və istehsalata buraxıldı. Filmə quruluş vermək rejissor Şamil Mahmudbəyova tapşırıldı. Aktyorlar və dekorasiyalar hazır olandan sonra çəkilişə başlandı. Lakin çəkiliş çox ləng gedirdi. Buna da əsas səbəb rejissor Şamil Mahmudbəyov idi. Dünən çəkdiyi kadrlar bu gün xoşuna gəlmədiyi üçün onu təzədən çəkirdi. Zavallı artistləri də çox yorurdu. Bunun üstündə filmin direktoru ilə onun arasında həmişə mübahisə gedirdi. Bir aydan çox keçmişdi. Lakin çəkilən kadrların hamısı keyfiyyətsiz idi. Nəhayət, kinostudiyanın direktoru məsələyə qarışdı. Ş.Mahmudbəyov filmin rejissorluğundan azad edildi. Bu dəfə filmin rejissorluğu İsmayıl Əfəndiyevlə Şüa Şeyxova həvalə olundu. Əlbəttə, İ.Əfəndiyev yaxşı artist idi. Lakin onun rejissorluq təhsili yox idi. Bərk bədbinliyə qapılmışdım. İnanmırdım ki, film çəkilib başa çata bilər. Ancaq ümidimi yalnız aktyor kollektivinə bağlamışdım. Respublikanın ən görkəmli artistləri filmə çəkilirdi: Ələsgər Ələkbərov, İsmayıl Dağıstanlı, Möhsün Sənani, Məmmədrza Şeyxzamanov, Leyla Bədirbəyli, Münəvvər Kələntərli və s. Mən onu da görürdüm ki, İsmayıl Əfəndiyev aktyorlar arasında mehriban şərait yaradır.
   Filmə musiqini Rauf Hacıyev yazmışdı. Mahnıların mətni Rəsul Rzanın idi. Əlbəttə, ilk filmim olduğu üçün müəllif kimi bir az naşı idim. Rejissorun çox işinə qarışmağı özüm üçün etik hesab etmirdim. Bütün bunlara rəğmən film alınmışdı. Bəzi yerləri primitiv olsa da, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdı.
   - Kinostudiya həyatı Sizə necə təsir bağışladı?
   - “Kölgələr sürünür” məni kinostudiyaya bağlamışdı. Burada mən görkəmli rejissorlarımızdan Hüseyn Seyidzadə, Lətif Səfərov, Mikayıl Mikayılov və başqaları ilə yaxından tanış olmuşdum. Bir dəfə təsadüfən Hüseyn Seyidzadə ilə görüşdüm. O mənə dedi ki, yenicə çapdan çıxmış və rus dilinə çevrilmiş “Qalada üsyan” romanını oxuyub və çox xoşuna gəlib. “Orada dramaturji səhnələr çoxdur. Gəlsənə bu əsasda bir ssenari yazasan”, - deyə əlavə etdi. O məni həvəsləndirdi. Mən əlimdəki başqa işlərimi bir kənara qoyaraq, yeni ssenari üzərində işləməyə başladım. Bir aydan sonra onu qurtarıb, əvvəlcə H.Seyidzadənin özünə verdim. Ertəsi gün mənə zəng çaldı ki, bir sıra xırda qeydlərim var. Onları düzəltdikdən sonra bədii şuraya çıxara bilərik. H.Seyidzadənin qeydlərini nəzərə alaraq, ssenari üzərində demək olar ki, yenidən işləyib ona verdim. İki gündən sonra Hüseyn müəllimə zəng çalaraq, fikrini öyrənmək istədim. Dedi, çox yaxşıdır, ssenarini bədii şuraya verə bilərik.
   Bədii şuraya gələnlərin demək olar ki, hamısı ssenarini oxuduqlarını bildirəndən sonra kinostudiyanın direktoru M.Haşımov iclası açdı və birinci sözü H.Seyidzadəyə verdi. Onun ətraflı, müfəssəl məlumatından sonra bədii şuranın digər üzvləri də özlərinin müsbət fikirlərini bildirdilər və bəzi xırda-para çatışmazlıqları qeyd etdilər. Axırda M.Haşımov da ssenari barədə öz fikrini bildirdikdən sonra ssenari bir səslə qəbul edildi.
   H.Seyidzadənin təklifi ilə ssenarinin adını da dəyişdik, “Qalada üsyan” əvəzinə “Yenilməz batalyon” qoyduq. Filmdə çəkiləcək rusiyalı aktyorları seçmək üçün H.Seyidzadə Moskvaya getdi. Rusiyanın və habelə Ukraynanın görkəmli aktyorlarından yaxşı bir truppa seçmişdi.
   Azərbaycanlı aktyorlar isə burada seçilirdi. Mən o zaman keçmiş teatr rejissoru olan, axır zamanlarda isə kinoda xırda rollarda çıxış edən Yusif Yulduzla çox maraqlanırdım. Kinolarda kiçik rolları o, məharətlə oynayırdı. Buna görə H.Seyidzadə ilə danışıb, filmdə onun iştirakını lazım bildim. Ssenaridəki bir rol, yəni fındıq taciri rolu elə bil Yusif Yulduzun boynuna biçilmişdi. H.Seyidzadə mənimlə razılaşdı. Beləliklə, fındıq taciri obrazı Yusif Yulduza tapşırıldı. Ancaq onu da hiss edirdim ki, rejissor hələ də onun oyunundan nigarandır. Film çəkilib qurtarandan sonra fındıq taciri Yusif Yulduzun ifasında hamının alqışına səbəb oldu. H.Seyidzadə özü də onun oyunundan çox razı qalmışdı. Onun dediyi sözlər indiyədək yadımdadır: “İnanmıram ki, başqa bir aktyor bu rolu Yusif Yulduz kimi oynaya bilərdi”.
   O günlərdə Azərbaycan televiziyasında mənim “General Şıxlinski” telefilmimin çəkilişinə hazırlıq işləri gedirdi. Rejissoru Rauf Kazımovski idi. Ssenaridə Şıxlinskinin həbs edilib saxlandığı kamerada oğrular, cibgirlər də saxlanılırdı. Bu oğru və cibgirlərdən birinin Yusif Yulduza tapşırılmasını təklif etdim. Rauf Kazımovski dərhal razılaşdı: “Sən elə mənim ürəyimdən xəbər verdin. Mən də onu nəzərdə tutmuşdum”, - dedi.
   Ssenaridə belə bir epizod vardır: kiçik bir kamerada oğru və cibgirlər qumar oynayırlar. Belə şərtləşirlər ki, kim uduzsa, gedib Şıxlinskinin ayağındakı təzə xrom çəkmələri çıxarsın. Belə olur ki, oğrubaşı Yusif Yulduz uduzur. O, qalxıb generala yaxınlaşmaq istəyəndə görür ki, kameradakı eynəkli başqa bir ziyalı generalla söhbət edir. O ayaq saxlayır ki, eynəkli adam sözünü qurtarıb, uzaqlaşsın. Lakin onların söhbəti uzanır və əsəbi bir hal alır. Eynəkli adam generala deyir: “Cənab Şıxlinski, siz yanılırsınız, səhv edirsiniz”. Oğru Şıxlinski adını eşidən kimi təəccüblənib öz-özünə deyir: “Necə? Cənab Şıxlinski?”
   Onun gözləri bərələ qalır. Bu zaman generalın eynəkli adamın əlindən əsəbiləşdiyini görən kimi həmin adama yaxınlaşıb: “Siz də bir az ehtiyatlı olun, cənab dörd göz” - deyib, eynəkli adama bir yumruq ilişdirir, o biri yoldaşları da yaxınlaşıb, ona kömək edirlər. Eynəkli adamı o ki, var döyürlər. Onu öldürmək istəyəndə Şıxlinski qoymur. Belə gərgin dəqiqələrdə oğru, cibgir adamın birdən - birə necə dəyişdiyini Yusif Yulduz ancaq qüdrətli aktyorlara xas bir məharətlə oynayırdı. Bu rol Yusif Yulduzun həyatında sonuncu rol oldu: o, 1979-cu il noyabrın 7-də vəfat etdi.
   Mənim kinostudiya ilə bağlılığım isə axırıncı dəfə 1991-ci ildə oldu. Bu, yazdığım “Nobel qardaşları” adlı sənədli filmin ssenarisi ilə əlaqədardır. Bu filmin rejissoru Cəmil Fərəcov, operatoru Nemət Rzayev idi. Lentin bir hissəsi Nobel qardaşlarının vətəni İsveçdə çəkilmişdi.
   
   Qələmə aldı:
   Aydın Kazımzadə