“Deyirlər, teatr məbəddir. Amma teatr mənim üçün evdir” - deyən Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Mirzə Ağabəyli ömrün 60 ilini başa vurub. Teatr səhnəsində, televiziya tamaşalarında, “Qəzəlxan”, “Yük”, “Ovsunçu”, “Hökmdarın taleyi” və s. filmlərdə yaddaqalan obrazlar yaradan aktyor “Hələ mənim oynamadığım rollar çoxdur” deyir... 
      
   ...40 ildir Mirzə Ağabəyli günəşi dayanacaqda qarşılayır...
   ...40 ildir Mirzə Ağabəyli səhərlər Buzovnadan şəhərə, axşamlar şəhərdən Buzovnaya tələsir. Buna 7 nömrəli avtobus da şahiddir...
   ...40 ildir Mirzə Ağabəyli sənət yolu ilə sənətə doğru yol gedir...
   ...40 ildir Mirzə Ağabəyli sabahın bu gündən daha yaxşı olacağına inanır və nə yaxşı ki, inanır...

   
   Ömrünün bir hissəsini yollarda, bir hissəsini teatrda, bir hissəsini kinoda keçirən Mirzə Ağabəyli illərin yuxu kimi keçdiyini deyir.
   ... Onda hələ bapbalaca uşaq idi. Ətrafındakı insanlara tamaşa edər, məscidə gedən qoca kişilərin yerişinə, duruşuna diqqət kəsilib, sonra onları təlqin edərdi. Bir az da böyüyəndə hər gün məsciddən gələn azan səsi diqqətini cəlb etdi.
   - Günorta vaxtı azan verilirdi. Mən elə bilirdim, azanı hər kəs verə bilər. Həyətimizdəki tut ağacının başına çıxıb azan verərdim. Bir gün atam dedi ki, bəs ay oğul, qoca kişilər məni küçədə, məclisdə görürlər, deyirlər, yaxşı deyil, o uşaq azan verir. Azan bir yerdə verilər. Atamın tənbehindən sonra bu adətimdən əl çəkdim.
   
   Bakının qədim və səfalı kəndlərindən birində böyüyən Mirzə tez-tez Buzovnanın adlı-sanlı aktyorlarından olan Sidqi Ruhullanın, Nəcibə Məlikovanın adını eşidər, camaatın böyük sənətkarlara olan sonsuz məhəbbətini görüb teatr sahəsinə xüsusi maraq göstərərdi.
    - Atamın teatra meyli çox idi, amma bibim əməlli-başlı teatr həvəskarıydı. İlk dəfə məni teatra bibim apardı, “Vaqif” tamaşasına baxdıq. Uşaq olsam da, tamaşaya maraqla baxırdım. Bibim Qacar rolunu oynayan aktyoru mənə göstərib dedi ki, o kişini görürsən, o buzovnalıdır. Sidqi Ruhullanı səhnədə, sonra həyatda görüb çox təəccübləndim. Çünki səhnədə gördüyüm zəhmli və qorxunc şah, həyatda gördüyüm ağsaçlı, nurani adama heç bənzəmirdi. Sənətin möcüzəsi ilk dəfə onda məni heyrətləndirdi.
   Sonralar Sidqi Ruhulla hər dəfə evimizin yanından keçib çayxanaya gedəndə, yaxınlaşıb salam verərdim. O da amiranə səslə deyərdi: “Əleykümə salam, oğlum, kimin oğlusan?”
   Deyərdim, Qasım kişinin oğluyam.
   Gülümsəyib yoluna davam edərdi. Belə-belə teatr sənətinə marağım günü-gündən artdı.
   
   İlk dəfə səhnədə
   
   Orta məktəbdə oxuyarkən dram dərnəyinə yazılan Mirzə ilk dəfə səhnəyə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərindəki Sərvər rolu ilə çıxır. Səhnəyə çıxanda həyəcandan büdrəsə də, özünü ələ alıb rolunu sonacan ifa edir.
   Sonralar bu balaca səhnədə Sabit Rəhmanın “Toy”, Üzeyir bəyin “Arşın mal alan”ında rollar oyanır. Bir müddətdən sonra isə onu Buzovna qəsəbəsindəki İsmayıl Xudaverdiyevin rəhbərlik etdiyi Xalq Teatrına dəvət edirlər. Bu teatrda həvəskarlarla yanaşı incəsənət institutunun tələbələri də iştirak edirdi. Mirzə bu teatrda C.Cabbarlının “Aydın” əsərində Novruz bəy rolunu oynayır və ilk dəfə qəribə hisslər keçirir: “Orada elə bir ab-hava vardı ki, mən doğrudan da özümü teatrın içində hiss elədim, teatrın nə olduğunu duydum. Gördüm, ağır, amma şərəfli sənətdir...”
   Qərarı qəti idi, ömrünü aktyorluq sənətinə həsr edəcəkdi. İki il sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna versə də, yalnız üçüncü il, Mehdi Məmmədov, Adil İsgəndərov, Rza Təhmasib kimi böyük sənətkarların qarşısında qabiliyyət imtahanı verib institutun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Xoşbəxtlikdən Mehdi Məmmədovun kursunda oxuyur. 1975-ci ildə institutu bitirib S.Rəhman adına Şəki Dövlət Dram Teatrına göndərilir. M.F.Axundovun “Hacı Qara” tamaşasında Hacı Qara rolunu oynayıb hərbi xidmətə yollanır.
   Hərbi xidməti başa vurandan sonra, 1977-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdində Məlik Dadaşovun rəhbərliyi ilə fəaliyyət göstərən “Tədris” teatrında işləyir. Bu teatr gənc aktyor üçün sınaq meydanı olur. “Rejissorumuz Vaqif İbrahimoğlu idi. Mən ondan səhnənin sirlərini öyrənmişəm” - deyən Mirzə Ağabəyli 1982-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət olunur.
   
   Ən sevimli rollar
   
   - Böyük aktyorlarla bir teatrda çalışmaq həm şərəflidir, həm də məsuliyyətli. O zaman Akademik Dram Teatrının səhnəsində Hökumə Qurbanova, Məmmədrza Şeyxzamanov, İsmayıl Dağıstanlı, Məhluqə Sadıqova, İsmayıl Osmanlı, Vəfa Fətullayeva, Fuad Poladov, Səməndər Rzayev və neçə-neçə böyük sənətkarlar vardı. Bizə tamaşalarda kiçik rollar versələr də, bunu özümüz üçün böyük şərəf sayırdıq.
   O, böyük teatrın səhnəsində Şeksprin “Maqbet” əsərində Qatil, Nəriman Həsənzadənin “Atabəylər” pyesində Sərkərdə rollarını yaradır. Bir ildən sonra Mirzə İbrahimovun “Közərən ocaqlar” əsərində o, Qocu Mirzoppa rolunun öhdəsindən məharətlə gəlir. Ağakişi Kazımov İlyas Əfəndiyevin “Büllur sarayda” pyesində Mirzə Ağabəyliyə Fariz rolunu verir.
   1986-cı ildə isə Ağakişi Kazımov Akademik Dram Teatrının ən uzunömürlü tamaşalarından biri olan “Vaqif” tamaşasını yenidən səhnəyə qaytarır və təlxək rolunu Mirzə Ağabəyliyə həvalə edir. Uzun illər Məmmədsadığın yüksək məharətlə oyandığı təlxək rolunu Mirzə Ağabəyli özünəməxsusluqla oynayır və bu rol tamaşaçılar, teatr ictimaiyyəti tərəfindən bəyənilir.
   Çox illər keçəndən sonra belə aktyor, teatrda oynadığı Fariz və təlxək rollarını teatrda yaratdığı ən sevimli rolları kimi xatırlayır...
   
   ...Televiziyada “Səhər görüşləri”, “Hekayə axşamları”nda tez-tez çıxış edən aktyoru günlərin birində Şahmar Ələkbərov “Qəzəlxan” filminə dəvət edir.
   
   - Mənə sənətdə ilk əlifbanı öyrədən Mehdi Məmmədov olub, kinoda isə Şahmar Ələkbərov. 40 yaşında ilk dəfə Şahmar Ələkbərov məni kinoya dəvət etdi. Dedi ki, Əliağa Vahidin həyatından film çəkirik, bütün aktyorlar tapılıb, Əliağa Vahidin yaxın dostu olan Ağahüseyn roluna aktyor tapa bilmirik. Beləliklə, ilk dəfə “Qəzlxan” filminə çəkildim.
   Kinoda tale Mirzə Ağabəylinin üzünə gülür. Şahmar Ələkbərov Bakı milyonçusu Ağamusa Nağıyevin həyatından bəhs edən filmdə onu baş rola dəvət edir. Ancaq Şahmar Ələkbərov qəfildən dünyasını dəyişir. Ssenari, rejissor, aktyorlar dəyişsə də, Ağamusa Nağıyev rolu yenə də Mirzə Ağabəyliyə həvalə olunur. Beləliklə, 1995-ci ildə “Yük” filmi istehsalata buraxılır. 1996-cı ildə isə “Yük” filmi Beynəlxalq kino festivalına dəvət olunur və filmi 11 ölkə alır. Ağamusa Nağıyev rolunu yüksək məharətlə yaradan Mirzənin bu rolu ən yaxşı rollarından biri olur.
   
   Teatr həmişə öndə olub
   
   Mirzə Ağabəyli sonralar Oqtay Mirqasımovun “Ovsunçu” filmində Xəstə Qasım , Elxan Qasımovun “Biz qayıdacağıq” filmində Yusif baba, Nicat Feyzullayevin “Küçələrə su səpmişəm” filmində Kərim müəllim, Fikrət Əliyevin “Ölüm növbəsi” filmində Məcid kişi və digər ekran obrazları yaradır.
   “Sənət üçün ömrü verməyə dəyər. Elə vaxt olur ki, bir ildə 60 il ömür yaşayırsan, elə də olur ki, 60 ildə bir ilin ömrünü yaşaya bilmirsən. Mən elə bilirəm ki, mənalı ömür yaşamışam. 2009-cu ildə mənə Əməkdar artisti adı verdilər. Mən bu adla fəxr edirəm” - deyən Mirzə Ağabəyli, görəsən, qəlbən teatra, yoxsa kinoya daha yaxındır.
   
   - Teatra borcluyam, çünki teatrda ilk addımlarımı atmışam, böyük sənətkarlardan teatrın sirlərini öyrənmişəm. Teatr həmişə öndə olub, o mənada ki, teatr canlı sənətdir, tamaşaçı ilə ünsiyyətdəsən, tamaşaçının nəfəsini hiss eləyirsən. Amma kino soyuq sənətdir. Kinonun yaxşı tərəfi budur ki, uzunömürlüdür, pis tərəfi isə budur ki, hər hansı bir səhvi düzəltmək mümkün deyil. Teatrı da, kinonu da sevirəm. Çünki aktyorun ən böyük arzusu rol oynamaqdır.
   Kino fəaliyyəti ilə bağlı 1992-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışan Mirzə Ağabəyli 2008-ci ildə yenidən Milli Dram Teatrına dəvət olunur.
   Mirzə Ağabəyli bu gün yenə də doğma teatrındadır. Ancaq kino da onun həyatının bir parçasıdır. Səhnədə də, kinoda da neçə-neçə obrazlar yaratmaq arzusundadır. Deyir ki, mən qəmi özümdən qovan adamam. Şəhərdə evim yoxdur, maşınım yoxdur, amma bunların heç birini özümə dərd eləmirəm. Pulun, şəraitin olmaz, yaxşı dostların olar. Həmişə inanmışam ki, sabah bu gündən yaxşı olacaq. Bu sənəti seçdiyim üçün heç vaxt peşman olmamışam. Tamaşa özü bir məktəbdir. Tamaşa başa çatanda tamaşaçı alqışı bütün əzabları, əziyyətləri, yorğunluğu yuyub aparır. Bax o zaman aktyor yaşayır...
   
   Təranə Vahid