Silviya Mayer-Kaybiçi: “Ölkələrimiz arasındakı sıx münasibətlər zəminində çoxlu birgə layihələr həyata keçirmək olar”
   
   Avstriya Avropanın çox qədim və zəngin tarixə malik ölkələrindəndir. XV əsrdə Avropanın güclü dövlətinə çevrilən Avstriya dünya mədəniyyətinə böyük töhfələr bəxş edib. 9 federal əyalətdən ibarət olan Avstriyanın paytaxtı Vyana klassik musiqinin paytaxtı hesab olunur. 
   
   Son illər Azərbaycanla Avstriya arasında digər sahələrlə yanaşı mədəniyyət sahəsində də əlaqələr inkişaf etməkdədir. Təsadüfi deyil ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettası 2006-cı ildə almandilli məkanda məhz Avstriyada - Vyana Opera Teatrında uğurla nümayiş etdirilib. Həmin il Vyanadakı Dunay Parkında Üzeyir Hacıbəylinin büstünün açılışı olub. Bu ilin oktyabrında isə Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə Vyanada Azərbaycan və Avstriya musiqiçiləri birgə konsert proqramı ilə çıxış ediblər. Bu yaxınlarda Avstriyanın ölkəmizdə səfirliyinin açılması da iki ölkənin münasibətlərinin inkişaf perspektivlərindən xəbər verir.
   Avstriyanın ölkəmizdəki ilk səfiri xanım Silviya Mayer-Kaybiçi ilə müsahibəmizdə iki ölkə arasında münasibətlərə nəzər saldıq.
   
   - Xanım Mayer-Kaybiçi, ölkələrimiz arasında əlaqələrin bugünkü səviyyəsini necə qiymətləndirirsiniz?
   - Azərbaycanla Avstriya arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 1995-ci ildə Azərbaycan Vyanaya öz səfirini göndərib. Bilirsiniz ki, Vyanada ATƏT-in, BMT-nin (Nyu-York və Cenevrədən sonra 3-cü rəsmi iqamətgah), OPEK, Beynəlxalq Atom Enerjisi Agentliyi kimi beynəlxalq təşkilatların ofisləri yerləşir. Avstriya 2010-cu il iyunun 23-də Bakıda diplomatik nümayəndəlik açıb. Bizim ölkələri gözəl ikitərəfli münasibətlər birləşdirir. Bu münasibətlər zəminində çoxlu birgə layihələr həyata keçirilə bilər.
   - Azərbaycana gələnə qədər ölkəmiz və onun tarixi, mədəniyyəti haqqında nələri bilirdiniz?
   - Mən Azərbaycana gəlməmişdən öncə ölkəniz haqqında təsəvvürüm ilk növbədə tarixi “İpək Yolu” ilə bağlı idi. Azərbaycanı strateji cəhətdən mühüm coğrafiyada, kəsişmə nöqtəsində yerləşdiyini və bu baxımdan tarix boyu müxtəlif mədəniyyətlərlə sıx əlaqədə olmuş bir ölkə kimi təsəvvür edirdim. Və təbii ki, ölkənizi ilk növbədə neft və qaz ixracatçısı qismində tanıyırdım.
   - Bəs Azərbaycana səfir təyin edilərkən hansı hissləri keçirdiniz? Təyinatı necə qarşıladınız?
   - Bu vəzifə mənim üçün bir çətinlik sınağı və habelə şərəf idi. Çünki mən Avstriyanın bu ölkədə olan ilk səfiriyəm.
   - Diplomat həyatı digərlərinin həyatından fərqlənir: daim müxtəlif ölkələr, çətin iş rejimi. Necə düşünürsünüz, sizcə, qadın üçün diplomat olmaq çətin deyil ki?
   - Çətin deyil. Həm də ona görə ki, xarici ölkələrdə bir sıra vəzifələrdə çalışmışam və müəyyən qədər müşahidələr apara bilmişəm. Bu illər ərzində əldə etdiyim təcrübəmdən deyə bilərəm ki, hər hansı bir işi yaxşı icra etmək, ya da edə bilməmək cinsi mənsubiyyətdən asılı deyil.
   - İki ölkə arasında mədəni əlaqələrin səviyyəsini necə dəyərləndirmək olar? Sizcə, bu münasibətləri inkişaf etdirmək üçün daha nələr etmək lazımdır?
   - Artıq Avstriya və Azərbaycanda bir sıra mədəni tədbirlər keçirilib. Növbəti il üçün Bakıda Avstriyanın, Vyanada isə Azərbaycanın “Mədəniyyət günləri”nin keçirilməsi planlaşdırılır, buna hazırlıq işləri gedir. 2009-cu ildə Azərbaycan və Avstriya arasında mədəniyyət sahəsində əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb. Bu memorandum mədəniyyət və incəsənət sahəsində mübadilə proqramını da nəzərdə tutur.
   - Avstriyanın Bakıdakı səfirliyi bu cür əməkdaşlığa necə maraq göstərir?
   - Avstriya səfirliyi müxtəlif əməkdaşlığa dair layihələri dəstəkləyir. Misal üçün, Azərbaycan Dillər Universitetində Avstriyadan olan xarici dillər üzrə assistent çalışır, bu ilin iyununda orada Avstriya kitabxanası açılıb. Gələcəkdə orada Avstriyaya aid mühazirə və seminarlar keçiriləcək.
   - Necə düşünürsünüz, mədəniyyətin başqa sahələrində əməkdaşlıq qurmaq mümkündürmü?
   - Əlbəttə, mümkündür. Məsələn, biz təhsil sahəsinə böyük dəyər veririk. Hər il müəyyən qədər tələbə Vyana Diplomatik Akademiyasının kurslarında iştirak edir. Artıq bir neçə ildir ki, Azərbaycan Turizm İnstitutu ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında sıx əməkdaşlıq mövcuddur.
   2007-ci ildə Azərbaycan Turizm İnstitutu Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə “Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi” və Akademik Müqavilə imzalayıb. Müqavilədə Turizm İnstitutunun İELTS 6.0 bal toplayacaq tələbələrinin bakalavr təhsili müddətinin sonunda həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını alması nəzərdə tutulub.
   Bu əməkdaşlığa əsasən azərbaycanlı tələbələr Avstriyadakı tədris planına uyğun şəkildə turizm sahəsində bakalavr dərəcəsi alırlar. Bütün bu kimi layihələr elm sahəsində əməkdaşlığımızın genişlənməsinə səbəb olacaq.
   - Qısa müddətdir Bakıdasınız. Buna baxmayaraq yəqin, burada yaşadığınız vaxt sizə insanlar arasında oxşar və fərqli xüsusiyyətləri seçmək imkanı verib. Maraqlıdır, özünüzü Azərbaycanda necə hiss edirsiniz və insanlarımız sizdə hansı təəssüratı yaradıblar?
   - Mən artıq dörd aydır ki, Bakıdayam və dəfələrlə nəinki Bakıda, habelə paytaxtdan kənarda da azərbaycanlılarla təmasda olmaq imkanım yaranıb. Azərbaycanlılara xas olan və onları digərlərindən fərqləndirən qonaqpərvərlik hissini xüsusi dəyərləndirirəm.
   - Yəqin ki, boş vaxtlarınız az olur. Bizim operalara, teatrlara və konsert proqramlarına baxmaq imkanınız olubmu?
   - Hələ ki yerli mədəni həyatla tanış olmaq imkanım az olub. Mədəni tədbirlər mövsümü yenicə başlayır. Lakin mən Qəbələdəki beynəlxalq musiqi festivalında iştirak edə bildim və peşəkar səviyyədə qurulmuş təşkilatçılıqdan və orada nümayiş edilən çox yüksək səviyyəli sənətdən təsirləndim. Bu tədbirdən böyük təəssürat əldə etmişəm. Muğam sənətini tezliklə daha yaxından tanıyacağımı, qarşıdakı muğam festivalına tamaşa edəcəyimi də səbirsizliklə gözləyirəm.
   - Azərbaycanda olduğunuz müddətdə maraqlı, görməli və tarixi yerlərimizə baş çəkə bilmisinizmi?
   - İki dəfə Qəbələdə, Quba və Qusarda olmuşam. Bakı ətrafında bir sıra yerlərdə olmuşam. Məsələn, Qobustanda palçıq vulkanlarını və habelə Atəşgahı görmüşəm. Azərbaycanda bir sıra yerlər də var ki, oralara getməyi nəzərdə tutmuşam. Qeyd edim ki, Qafqaz regionuna gəlməyimə xüsusən sevinirəm.
   - Hobbiniz varmı? Boş vaxtlarınızda nə etməyi xoşlayırsınız?
    - Bir az idmanla məşğul olmağı xoşlayıram. Bunu xüsusilə gəzmək və xizək sürmək imkanı olanda daha çox sevirəm. Bundan əlavə oxumağı və bir regionun mətbəxinin özəlliklərini özümdə kəşf etməyi sevirəm.
   - Yeri gəlmişkən, Azərbaycan milli mətbəxi ilə aranız necədir?
   - Mətbəxiniz zox zəngindir. Xüsusən Azərbaycanın çox gözəl, dadlı meyvə və tərəvəzləri var. Mən indiyə kimi buradakı kimi belə gözəl şaftalı və qarpız yeməmişdim.
   - Ölkəmizi tərk edərkən xatirə olaraq özünüzlə nə aparmaq istərdiniz?
   - Azərbaycanlılarla gözəl təmasla bağlı və ölkənizə aid ən xoş təəssüratları.
   
   Mehparə