Xəbər verdiyimiz kimi, bugünlərdə Ankarada TÜRKSOY-un “2011 - Abdulla Tukay ili”nin açılışı və türkdilli ölkələrin media mənsublarına təşkilatın “Mətbuata şərəf mükafatı”nın təqdimatı mərasimi keçirilib. Tədbirdə böyük tatar şairi Abdulla Tukayın vətəni Rusiya Federasiyası Tatarıstan Respublikasının mədəniyyət naziri Zilya Valiyeva da iştirak edirdi. Ondan aldığımız müsahibəni oxuculara təqdim edirik.
- Hörmətli nazir, bu il Tatarıstanın mədəni həyatı üçün xüsusilə əlamətdardır. Çünki türkdilli ölkələr 2011-ci ili tatar xalqının görkəmli şairi Abdulla Tukayın adı ilə anır...
- Əlbəttə, bu bizim üçün olduqca əlamətdar hadisədir. Tatar xalqının mədəni irsi çox zəngindir. Əvvəllər bu irsi təqdim etmək üçün imkanlarımız geniş deyildi. İndi isə Tatarıstan Respublikasında bu işlərə dövlət səviyyəsində böyük diqqət ayrılır. Mövcud imkanlardan istifadə edərək mədəni irsimizi dünyaya daha geniş təqdim etməyə çalışırıq. Bu baxımdan tatar xalqı olaraq 2011-ci ilin TÜRKSOY tərəfindən “Abdulla Tukay ili” elan olunmasına görə xoşbəxtik və bununla fəxr edirik. Abdulla Tukay qısa ömür yaşasa da, şair və mütəfəkkir kimi tatar ədəbiyyatında böyük yer tutur. Lakin onun ədəbi irsini özümüz də dərindən öyrənməli, həmçinin dünyada təbliğ etməliyik. Xüsusilə orta məktəblərdə bu işi geniş şəkildə görməliyik. “Abdulla Tukay ili” bizim üçün bu baxımdan dəyərlidir ki, yetişməkdə olan nəsillərimizə kökümüzün haradan gəldiyini, kim olduğumuzu, ümumi sərvətimizin nə olduğunu çatdırmaq mümkün olacaq. Eyni zamanda virtual muzeyimiz açılacaq. Yeni texnologiyalardan istifadə edəcəyik. Yeri gəlmişkən, sizi və həmkarlarınızı Azərbaycanda «Mədəniyyət» kanalının açılması münasibətilə təbrik edirəm və inanıram ki, bu kanal “Abdulla Tukay ili”nə diqqət ayıracaq.
- Yeri gəlmişkən, Azərbaycanla Tatarıstan arasında qarşılıqlı mədəni əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz? Əməkdaşlığın inkişafı üçün hansı sahələrdə daha geniş perspektivlər görürsünüz?
- Hörmətli həmkarım, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə sıx münasibətlərimiz var. Azərbaycanla Tatarıstan arasında əlaqələrə gəlincə, bu sahədə ümumi olan çox məqamlarımız var. Bu baxımdan mədəniyyət sahəsində xalqlarımız arasında daimi mədəniyyət mübadiləsi olmalıdır. Məsələn, bu il avqustun 30-da Kazanda yeni kukla teatrının açılışı olacaq. Biz bu teatrın binasını tikməyə başlayandan sonra ərazidə milli uşaq mərkəzləri də inşa olunmağa başladı. Beləliklə, gələcəkdə uşaqların burada təlim alması üçün geniş imkanlar olacaq. Onu da deyim ki, keçmiş sovet ölkələrində kukla teatrları o qədər çox qalmayıb. Bizdə həm tatar, həm də rus dillərində kukla teatrları var. Teatrın yeni binasının açılışına azərbaycanlı həmkarlarımızı da gözləyirik. Sizin ölkənizdə beynəlxalq səviyyədə çoxlu tədbirlər keçirilir. Bu tədbirlər vasitəsilə biz azərbaycanlı həmkarlarımızı daha yaxından tanıyırıq. Bir neçə il əvvəl sizin uşaq orkestriniz Tatarıstana gəlmişdi və biz onları məmnuniyyətlə qəbul etdik. Arzu edirik ki, belə akademik profilli kollektiv bizdə də inkişaf etsin. Bizim 200 illik tarixə malik universitet ənənəmiz mövcuddur. Milli mədəniyyət ənənələrimiz, ziyalı ictimaiyyətimiz, opera teatrı, böyük konsert zalımız var.
Düşünürəm ki, böyük mədəniyyət tədbirlərini, klassik və milli musiqini təbliğ edən konsertləri daha tez-tez keçirməliyik. Hərdən deyəndə ki, insanlar daha çox estrada istəyir, deməli, bu onunla bağlıdır ki, akademik incəsənət hazırkı şərtlərə hələ hazır deyil. Ona görə də hesab edirəm ki, sizin və bizim mütəxəssislər bu yöndə yeni layihələr üzərində işləməlidirlər.
- Bu sahədə konkret təkliflər, məsələn, incəsənət ustalarımızın birgə yaradıcılıq planları mövcuddurmu?
- Bir misal deyim. Biz bu il tanınmış tatar bəstəkarı Nazib Qayazoviç Jiqanovun 100 illiyinə həsr olunmuş müsabiqə keçirəcəyik. O, Azərbaycandan olan peşəkar bəstəkarlarla dostluq edib. Müsabiqənin jürisində mütləq Azərbaycandan mütəxəssislər təmsil olunacaq. Ona görə də düşünürəm ki, mədəniyyət xadimləri arasındakı bu münasibətlər kəsilməyib. 15-20 il öncə bunun üçün çox az imkan var idi. İndi bu münasibətlər başqa keyfiyyət əsasında yenidən bərpa olunur. Mədəniyyətə gəlincə, bu dövlət sərhədlərindən asılı deyil. Mədəniyyət məkanı, o cümlədən türk xalqlarının mədəniyyəti vahiddir və bu məkanda əlaqələrin kəsilməsi mümkün deyil.
- Yəqin bunun üçün həm də birgə festivallar, mədəniyyət günləri təşkil etmək lazımdır?
- Bəli, festivallar keçirmək və bununla bağlı daim həmkarlarla işləmək lazımdır. Biz hərdən beynəlxalq festivallara cəlb olunuruq. Məsələn, əvvəllər Latın Amerikası, Avropa ilə bu qədər əməkdaşlıq etməmişdik. İndi çoxlu teatr festivallarına qastrollar təşkil olunur. Tatar teatrı Kolumbiya və Britaniyada festivallarda çıxış edib. MDB ölkələrində də çoxlu tamaşaçılar, pərəstişkarlarımız var. Bizim ümumi tariximiz mövcuddur. Azərbaycan Dövlət Akademik Dram Teatrı və Tatarıstan Dram Teatrı arasında tarixi əlaqələr olub.
Festivallarla bağlı bir məlumatı da deyim ki, bu il «Novruz» türk teatr festivalını keçirməyə hazırlaşırıq və ümid edirəm ki, bu xüsusi marağa səbəb olacaq. Ötən il ilk dəfə keçirilən festival çox böyük maraq doğurdu. Hər kəsdə belə ümumi arzu yarandı ki, tamaşalara baxmaqdan əlavə birlikdə dərslər də keçirilsin. Çünki artıq o qədər dəyişikliklər baş verib ki, peşəkarlar öz aralarında ünsiyyət yaratmalı, fikir paylaşmalıdırlar. Doğrudan da, ötən il biz belə birgə dərslərin keçirilməsinə nail olduq. Ümid edirik ki, növbəti festivalda bütün yeni premyeraların iştirakçılarını görəcəyik. Bundan başqa, festivala Rusiya da daxil olmaqla müxtəlif teatrların tanınmış simalarını dəvət edəcəyik.
Noyabrda isə Kazanda «Ərazi» festivalı olacaq. Bu festivalı Çulpan Xamatova və Yevgeni Mironov təşkil edəcəklər. Çulpan Xamatova Kazanda bir nömrəli rus aktrisasıdır. Düşünürəm ki, burada Azərbaycandan da iştirakçılar olacaq. Teatrların gələcəkdə öz aralarında əməkdaşlıq etməsi də gözəl təcrübədir və bu qarşılıqlı mübadiləyə səbəb olacaq. Onlar Amerika və Avropadan da iştirakçılar dəvət edirlər.
- Film festivallarına necə, yer ayırırsınız?
- Bu il biz artıq yeddinci dəfədir ki, Kazanda “Qızıl minbər” müsəlman ölkələri filmlərinin festivalını keçirəcəyik. İlk dəfə bu festivalı keçirəndə hər kəs sual verirdi ki, müsəlman kinosu nədir? Həmin sualı verənlər festivalın beşinci ilində artıq etiraf edirdilər ki, müsəlman kinosu mövcuddur. Müsəlman filmlərində hazırkı yaşadığımız mürəkkəb dövrdə xalqların, insanların dinc yanaşı yaşamasının yolları axtarılır. Qloballaşma dövründə öz mədəni ənənələrini qoruyub-saxlamaq lazımdır. Bunu necə etmək olar? Biz hər birimiz bu mürəkkəb suala cavab axtarmağa cəhd edirik. Mənə xoşdur ki, bizim kinofestivalda mədəniyyət mübadiləsi vasitəsilə dialoq qurulur. Həyatda daha ciddi konfliktlər baş verir. Bu mənada bizə belə bir meydanı yaratmaq nəsib olub. Belə mədəniyyət əlaqələri xalqlar arasında dostluq və anlaşmaya xidmət edir.
Mehparə Sultanova