Bakı Milli Geyim Evinin direktoru Könül Vəlibəyli:
   “Xaricdə yaşayan soydaşlarımız da milli geyimlərlə bağlı bizə sifariş verirlər”
   
   Hər bir xalqın milli xüsusiyyətləri, etnogenezi, təsərrüfat məşğuliyyətinin istiqaməti, məskunlaşdığı ərazinin təbii-coğrafi şəraiti, bədii yaradıcılığı, hətta düşüncə tərzi tarixən milli geyimlərdə öz əksini tapıb. Azərbaycanın qədim geyimləri özünəməxsusluğu ilə seçilir. Qloballaşan dünyada milli eyniyyətin, dəyərlərin qorunub saxlanılmasında milli geyimlərin də öz yeri var. Bakı Milli Geyim Evinin direktoru Könül Vəlibəyli ilə söhbətdə bu məsələyə də toxunduq.
      
   - Könül xanım, milli geyim istehsal edən müəssisə yaratmaq ideyası necə yarandı?
   - Son zamanlar Azərbaycanla müxtəlif ölkələr arasında mədəni əlaqələr genişlənib. Qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi xalqların qədim adət-ənənələrinin tanınmasına, mədəni irsin təbliğinə geniş imkanlar yaradır. Bir dəfə televiziyada xarici ölkələrdən birində keçirilən Azərbaycan mədəniyyəti günləri barədə süjeti izləyirdim. Orada rəqs geyimləri təqdim olunurdu. Azərbaycanda qədim geyim ənənələri olub və milli geyimlərimiz təkcə rəqs geyimlərindən ibarət deyil. Bundan sonra, sırf milli geyimlərlə məşğul olan, onları istehsal edən bir müəssisə yaratmaq qərarına gəldim. Beləcə Bakı Milli Geyim Evi yarandı. Bir ilə yaxındır ki, fəaliyyət göstəririk.
   - Ötən müddətdə müəssisənin fəaliyyətinə göstərilən maraq barədə nə deyə bilərsiniz?
   - Ümumiyyətlə, son vaxtlar cəmiyyətimizdə milliliyə maraq çox artıb. Mədəniyyət sahəsində beynəlxalq səviyyədə görülən işlər çərçivəsində milli muğamlarımız, qədim saz sənəti, xalçaçılıq sənəti artıq dünya miqyasında tanınır, sevilir. Bu mənada düşünürdüm ki, milli geyimlərimizə maraq böyük olacaq və belə də oldu. Bizə çoxsaylı müraciətlər edilir. İstər müxtəlif tədbirlərinin keçirilməsi üçün, istərsə də şəxsi müraciətlər əsasında biz milli geyimlər hazırlayırıq. Bu sahə böyük diqqət istəyir, araşdırma tələb edir ki, hansı bölgədə hansı milli geyimlər mövcud olub. Hazırda bir neçə gənc modelyer və rəssamla əməkdaşlıq edirik. Geyimlər hazırlanmazdan öncə bölgələrin milli geyim xüsusiyyətlərini öyrənirik. Bu istiqamətdə biz muzeylərimizdə saxlanılan qədim milli geyimləri təhlil edir, ensiklopediyalardan, milli geyimlərlə bağlı araşdırmalardan, yaşlı nəslin məsləhətlərindən yararlanırıq. Məsələn, bir məqamı qeyd edim ki, bizim geyimlərimizdə heç bir ölkənin təsirinə rast gəlinmir. Azərbaycan bir neçə ölkə ilə həmsərhəddir. Amma maraqlıdır ki, bizim qədim milli geyim öz milliliyini qoruyub saxlayıb, əlavələr olmayıb. Geyimlərimiz, naxışlarımız çox zəngindir. Bizim qədim paltarlara baxanda gözəl naxışlar, əl işləri görürük. Azərbaycanda milli kişi geyimləri bölgələr üzrə o qədər də fərqlənmir. Qadın paltarları isə parçaların rənginə, üz arxalığına, qol və yaxa kəsimlərinə görə bölgələr üzrə bir-birindən fərqlənir.
   - Adi vətəndaşlardan necə, müraciətlər olur?
   - Milli geyimlərimizə xarici ölkələrdə yaşayan gənclər xüsusi maraq göstərirlər. Bəzən olub ki, məsələn, xaricdə təhsil alan tələbələr milli bayramlarımızla bağlı mərasim keçirərkən, yaxud hansısa gənclərimiz xaricdə ailə qurmağa, nikah mərasiminə hazırlaşarkən bununla bağlı milli geyim nümunələri sifariş edirlər. Hiss olunur ki, azərbaycanlılar öz tarixinə, milli geyimlərinə nəinki maraq göstərir, hətta onu təbliğ etməyə can atırlar. Burada müştəriyə eskizlər təqdim olunur. Bəyənilən eskiz əsasında geyim tikilir.
   - Milli geyimlər tikilərkən hansı parçalardan istifadə olunur?
   - Əvvəllər xara, gülməxmərdən, üstü naxışlı taftalardan, ipəklərdən, məxmərlərdən istifadə olunurdu. Azərbaycan İpək Yolu üzərində yerləşdiyi üçün dünyanın müxtəlif ölkələrindən parçalar gətirilirdi. Qədim milli geyimlər tikilərkən parça seçimi böyük olub. O vaxt qadınlarımız Ordubad, Bakı, Şəki bölgələrində naxışları parça üzərinə yapışdırırdılar. Bu gün Azərbaycanda parça problemi var. Yəni sırf milli geyim tikmək üçün parça çətin tapılır. Hazırda biz yeni layihələr üzərində işləyirik. UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilən Novruz bayramı bu il ölkəmizdə geniş şəkildə qeyd olunacaq. Həmin tədbirdə Bakı Milli Geyim Evinin böyük sərgisi olacaq. Novruz bayramında 7 bölgə üzrə 50-dək yeni tikilmiş milli geyim formaları nümayiş olunacaq. Ola bilsin ki, muzeylərdə saxlanılan bərpa olunmuş qədim geyimlər də təqdim olunsun. Paralel olaraq dövlət tədbirləri üçün sifarişlər qəbul edirik. Sonuncu dəfə Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi gənclərlə bağlı silsilə tədbirlər çərçivəsində sərgi təşkil etdik. Orada təqdim etdiyimiz muğam üçlüyü üçün geyim kompozisiyası maraqla qarşılandı.
   
   Ceyhun