Tədbirdə Azərbaycanın mədəniyyətlərarası dialoq naminə təşəbbüslərindən söz açılıb
   
   Mayın 31-də İstanbuldakı “Konrad” otelində BMT Sivilizasiyalar Alyansının Tərəfdaşlar Forumu işə başlayıb. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti forumun işində iştirak edir.
   Forumda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, BMT-nin baş katibi Ban Ki-Moon, Gürcüstan Prezidenti Mixeil Saakaşvili, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu, digər ölkələrin nümayəndələri çıxış edib. Türkiyə hökumətinin başçısı vurğulayıb ki, ölkəsinin İspaniya ilə birgə irəli sürdüyü “Mədəniyyətlər İttifaqı” təşəbbüsünə digər dost ölkələrdən də dəstək gözləyir.
   Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan dünyada dinlər və mədəniyyətlər arasında dialoqun təşviqi istiqamətində Türkiyənin səylərini yüksək qiymətləndirir. Parlamentin sədri vurğulayıb ki, İslam və Avropa dəyərlərini özündə birləşdirən Azərbaycan sivilizasiyalar və dinlərarası dialoq naminə çoxsaylı təşəbbüslər irəli sürüb. Ölkəmiz 2007-ci ildə “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında medianın rolu” mövzusunda beynəlxalq konfrans, 2008-ci ildə “Mədəniyyətlərarası dialoqda qadınların rolu” və Avropa Şurasının mədəniyyət nazirlərinin konfransına ev sahibliyi edib. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə 2011-ci il aprelin 7-9-da Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Azərbaycan bu mühüm forumu hər iki ildən bir Bakıda keçirmək niyyətindədir.