İyulun 5-də Bakıda Dünya Azərbaycanlılarının III qurultayı keçirildi. Qurultayda 40-dək ölkədən 500-dən çox nümayəndə, 200-dək qonaq iştirak edir. Qeyd edək ki, Dünya Azərbaycanlılarının I qurultayı 2001-ci il noyabrın 9-10-da, II qurultayı isə 2006-cı il martın 16-da Bakıda keçirilib. Budəfəki qurultayın iştirakçıları arasında Almaniyada yaşayan tanınmış soydaşımız, məşhur rəssam və heykəltəraş İbrahim Əhrari də var. Onunla İçərişəhərdə görüşüb söhbət etdik. Qız qalasını, ətrafdakı tarixi tikililəri fotolentə alırdı. Söhbət əsnasında bəlli oldu ki, onun yeni layihəsi məhz fotoqrafiya ilə bağlıdır.
      
   - İbrahim bəy, gəlin söhbətə lap əvvəldən başlayaq. Necə oldu ki, Almaniyaya getdiniz, orada yaşamağa başladınız? Bu ölkədəki fəaliyyətiniz barədə nə deyə bilərsiniz?
   - Cənubi Azərbaycanın Urmiya şəhərində doğulmuşam. Uşaq vaxtlarımdan rəssamlığa həvəsim yaranıb. 1956-cı ildə Təbriz rəssamlıq məktəbinə daxil oldum. Lakin o dövrdə İranda yaranmış siyasi vəziyyət və valideynlərimin təkidi ilə rəssamlıq sənətindən uzaqlaşdım. 1966-cı ildə Almaniyaya getdim, orada rəssamlıq, qrafika-dizayn fakültəsini bitirdim. Almaniyada işləməyə başladım. Berlin-Bakı Qalereyasına rəhbərlik edirəm. Əsas məqsədim Azərbaycan mədəniyyətini, incəsənətini tanıtmaq, təbliğ etməkdir. Heykəltəraşlarımızın, rəssamlarımızın əsərlərini dəfələrlə sərgidə nümayiş etdirmişik. Düşünürəm ki, hələ də bu sahədə çox işlər görməliyik. Mədəniyyətimizi daha geniş təbliğ etməliyik. Qoy Avropada da görsünlər ki, bu millətin necə qədim tarixi və mədəniyyəti var. Bir məqamı da qeyd edim ki, son illər Azərbaycan mədəniyyətinin, incəsənətinin dünyada təbliğatı, tanınması mənfur düşmənimiz olan ermənilərin ağzını yavaş-yavaş bağlayır. Çünki onlar uydurma fikirlərlə çıxış edir, bizim mədəniyyət nümunələrini saxtalaşdırıb öz adlarına çıxartmaq istəyirdilər. Amma artıq bunun mümkün olmadığını görürlər.
   - Azərbaycanın qədim tarixi və mədəniyyəti ilə yanaşı, Qarabağla bağlı, məruz qaldığımız hərbi təcavüz, işğalla bağlı həqiqətlərin dünyaya tanıdılmasında xaricdəki soydaşlarımızın üzərinə böyük məsuliyyət düşür. Bu sahədə sizin də fəaliyyət göstərdiyinizi bilirik. Bu yaxınlarda Berlində sizin də həmmüəllifi olduğunuz Xocalı abidəsi açıldı...
   - Öncə onu deyim ki, hazırda dünyada gedən rəqabətin, mübarizənin mühüm hissəsini mədəniyyət sahəsi təşkil edir. Bir ölkə digərindən mədəniyyət sahəsində daha yaxşı olmağa çalışır. Biz də buna çalışırıq. Azərbaycan həqiqətlərini dünyaya daha geniş şəkildə tanıtmaq lazımdır. Xocalı abidəsinə gəlincə, bu layihəni Azərbaycan heykəltəraşları Salxab Məmmədov, Akif Əsgərov və Əli İbadullayevlə birlikdə reallaşdırmışıq. Xocalı abidəsinin açılışında Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Berlinin Şteqlits-Selendorf inzibati dairəsinin rəhbərliyi, Almaniyadakı Azərbaycan diasporunun üzvləri, alman ictimaiyyətinin nümayəndələri iştirak etmişdi. Mən bu heykəli hazırlayarkən dərin hisslər keçirmişdim. Çünki Berlində 1966-cı ildən yaşamağıma baxmayaraq bir an belə vətənimi unutmamışam. «Xocalı» sözü hər bir azərbaycanlı üçün xüsusi məna kəsb edir. Almanlar bu barədə məndən soruşanda deyirəm ki, Xocalı inkişaf edən, çiçəklənən şəhər idi. Bir gün ərzində yer üzündən tamamilə silindi. Onu ermənilər faciəli şəkildə yerlə-yeksan etdilər. Bundan sonra onlar gedib interneti açırlar, hadisələr, şəhər haqqında məlumat əldə edirlər. Əsası 1892-ci ildə qoyulmuş Hotfrid Ben kitabxanasının həyətində ucaldılan bu abidə xeyrin şər və humanizmin vəhşilik üzərində qələbəsi kimi qəbul olunmalıdır. Abidə həm də Xocalıda baş verənlərin bir daha təkrarlanmaması üçün bütün bəşəriyyətə bir çağırış rəmzidir. Bürünc heykəl müasir üslubdadır, orada ata, ana, bala təsvir olunub. Ümidvaram ki, Berlinə gələn azərbaycanlılar xalqımızın birliyinin, humanizmin amansızlıqdan üstünlüyünün, doğma yurdun yaralarının sağalmasının və əcdadlarının şəhərinin həyata qaytarılmasının rəmzi olan bu abidəni ziyarət edəcəklər.
   Almanlar özləri də etiraf edir ki, bu cür tədbirlər iki ölkə arasında mədəni əlaqələrin daha da genişlənməsi üçün mühüm rol oynayır. Çünki biz belə tədbirləri keçirəndə Dağlıq Qarabağ münaqişəsi barədə də alman ictimaiyyətinə ətraflı məlumat veririk.
   Bilirsiniz, biz elə bir xalqıq ki, həmişə sülh istəmişik, insanpərvərliyə böyük dəyər vermişik. Amma bizim bir zəif cəhətimiz var ki, o da dostla düşmən arasında fərq qoymamağımızdır. Odur ki, başımıza gələn faciələrdən nəticə çıxarmalı, ibrət dərsi götürməliyik. Bu baxımdan xarici ölkələrdəki diasporumuzun da görəcəyi işlər çoxdur. Əl-ələ verib Azərbaycanı təbliğ etməliyik.
   - Siz həm də Azərbaycanı Almaniyada geniş tanınan “United Buddy Bears” (“Birləşmiş Dost Ayılar”) layihəsində də təmsil etmisiniz. Bu layihənin mahiyyəti nədən ibarətdir?
   - Mən bu layihədə iştirak etmək üçün dəfələrlə seçilmişəm. United Buddy Bears sərgiləri artıq 5 qitədə və 20-dən çox şəhərlərdə keçirilib. Bakının simvolu Qız qalası olduğu kimi, Berlinin simvolu da ayıdır. Bu sərgilərdə dünyanın 180 ölkəsinin heykəltəraşının yaratdığı ayı heykəlləri nümayiş olunur. Həmin heykəlləri dünyanın müxtəlif ölkələrində təqdim edir və demək istəyirlər ki, insanlar da belə mehriban, möhkəm dost ola bilərlər. Bu sərgilərdə Azərbaycanı hər dəfə bəzədiyim ayı ilə mən təmsil etmişəm.
   - Rəhbəri olduğunuz Berlin-Bakı qalereyası mədəniyyətimizin Almaniyada təbliğində necə rol oynayır?
   - Bu qalereyanı 4 ildir ki, yaratmışam. Bu günə qədər qalereyada 42 Azərbaycan, 38 alman rəssamının əsərlərini nümayiş etdirmişik. Təsəvvür edin ki, 4 il müddətində 45 min alman sərgilərimizi seyr edib. Yerli əhali bizim rəssamların əsərlərinə çox böyük maraq göstərir. Mən özüm hər dəfə Bakıya gələndə yaxşı rəssamlarımızın əsərlərini özümlə Berlinə aparır və sərgidə nümayiş etdirirəm. Hər sərgi 1 ay davam edir. Qalereyada Azərbaycan mahnıları, şeirləri səsləndirilir, ölkəmizin tarixi, musiqisi haqqında broşürlər paylanır. Bütün bunlar da əlbəttə ki, mədəniyyətimizin, tariximizin təbliğinə xidmət edir.
   Amma deyim ki, almanlar Azərbaycanı hələ də ətraflı tanımırlar. Yeri gəlmişkən, Almaniyada keçirilən “Eurovision” müsabiqəsində Azərbaycanın qələbəsi bu təbliğata, tanıtıma mühüm töhfə oldu. Bu baxımdan gərək ölkəmizi daha yaxşı tanıtdıraq və təbliğ edək. Almaniyada Azərbaycanı təbliğ edən soydaşlarımız çoxdur. Lakin hamısının imkanları eyni səviyyədə geniş deyil. Məsələn, 44 ildir ki, mən orda yaşadığımdan imkanlarım genişdir. Yeni gələnlərin imkanları, əlbəttə ki, o qədər geniş ola bilməz.
   - Bir az da sənət əsərlərinizdən danışaq. İbrahim Əhrari yaxın gələcəkdə sənətsevərləri hansı yeni layihəsi ilə sevindirəcək?
   - Hazırda fotoqrafiya işləri üzərində işləyirəm. Bu yaxınlarda Azərbaycan insanlarını, şəhərlərini, mənzərəsini bir sözlə, gözəlliklərini əks etdirən «Mənim gözəl Azərbaycanım» adlı fotoalbomum işıq üzü görəcək. Obyektivimdə isə daha çox insanlardır. Çünki insanlar dünyanın ən gözəl varlığıdır. Mən vətənimi sevirəm və indiyə qədər Şəkidə, Naxçıvanda, Astara, Lənkəran daxil olmaqla bir çox rayonlarda olmuşam. Təəssüf ki, Qarabağa getmək şansım olmayıb.
   - Qərib ölkədə yaşayan azərbaycanlı kimi darıxanda Vətəni nə ilə xatırlayırsınız?
   - Azərbaycanın filmlərinə baxıram. «O olmasın, bu olsun» filminə baxanda elə bilirsən bugünküdür. «Arşın mal alan»ı da çox sevirəm. Azərbaycanın zəngin musiqisi, mədəniyyəti var. Klassik musiqimizi sevirəm. Qara Qarayevin əsərləri çox xoşuma gəlir. Firəngiz Əlizadənin musiqilərini, muğamlarımızı da dinləməyi sevirəm. Bizim musiqimizin bütün janrları gözəldir.
   - Bu dəfə Bakını necə gördünüz?
   - İndi Bakı əvvəlkindən daha da gözəl, möhtəşəmdir. Bunu Bakıya gələn hər kəs hiss edir. Azərbaycana qonaq gələn xaricilər, yaxud azərbaycanlılarla öz ölkələrində rastlaşan əcnəbilər üçün ilk təəssürat çox böyük əhəmiyyət kəsb edir. Bu məqamı biz də ciddi dəyərləndirməliyik. Tutaq ki, gözəl geyimdə, gözəl görünüşdə bir restoranda əyləşmisiniz və xarici dildə danışırsınız. Bir alman sizdən öyrənəndə ki, azərbaycanlısınız, onda bizim haqqımızda təsəvvürləri müsbət yöndə formalaşır.
   - Dünya Azərbaycanlılarının III qurultayından nələri gözləyirsiniz?
   - Sevindirici haldır ki, Azərbaycan dövlətinin təşəbbüsü ilə artıq üçüncü dəfədir ki, bütün dünyada yaşayan soydaşlarımız bir araya gəlir. Bu qurultay dünya azərbaycanlılarının həmrəyliyinin daha bir nümayişidir. İstərdim ki, qurultayın beynəlxalq təşkilatlara ünvanlandığı müraciətlər dünyada rezonans doğursun.
   
   Mehparə