İnessa Kərimova: “Fərqli ölkələrdə yaşadığımız üçün bir-birimizi tez-tez görmürük”

 

Artıq bir neçə ildir ki, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anım mərasimi (1 sentyabr) onun qohumları ilə birlikdə Mərdəkan qəsəbəsindəki məzarı başında qeyd edilir. 2-3 il əvvəl belə bir mərasimdə bu nəslin nümayəndələrindən İnessa Kərimova ilə tanış olmuşdum. Hər dəfə də tədbirdən sonra əlaqəmiz kəsilir, bir də növbəti anım tədbirində görüşməli olurduq. Bu dəfə, nəhayət, İnessa xanımla görüşüb söhbətləşə bildik.

 

– İnessa xanım, özünüzü bir qədər oxucularımıza tanıdın. Sizin Hacı Zeynalabdin Tağıyev və onun həyat yoldaşı Sona xanımla qohumluğunuz necədir?

– Sara xanım mənim ulu nənəmdir. Bilirsiniz ki, Tağıyev iki dəfə nikahda olub. İlk nikahda olduğu Zeynəb xanımdan iki oğlu və bir qızı – İsmayıl, Sadiq və Xanım dünyaya gəlib. İkinci dəfə isə general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanımla ailə həyatı qurub. Bu nikahdan onun iki oğlu və üç qızı – Məhəmməd, İlyas, Leyla, Sara və Sürəyya dünyaya gəlib. Sara xanım da iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı Bakının sayılıb-seçilən şəxslərindən Zeynal bəy Səlimxanov olub. Bu evlilikdən Sara xanımın yeganə qız övladı Səfiyyə dünyaya gəlib. Səfiyyə mənim nənəmdir.

Özümə gəlincə isə, demək istərdim ki, ixtisasca həkim-stomatoloqam. Son dövrlərdə inteqrativ təbabətlə maraqlanıram. İnteqrativ təbabət müasir diaqnostika ilə yanaşı, tibbin ən effektiv və qalıcı müalicə metodlarını özündə birləşdirir. Təbabətin müxtəlif sahələri üzrə diplom və sertifikatlarım var. Bir sözlə, tibb sahəsinin stomatoloji tərəfini inkişaf etdirməklə yanaşı, müxtəlif sahələrinə də bələd olmağa çalışıram.

 

– Artıq bir neçə ildir ki, Tağıyevin anım günü bir qədər fərqli qeyd edilir. Bu ideya necə yarandı?

– Bu ideya mənim nənəm Səfiyyə xanıma məxsusdur. Bilirsiniz ki, nənəm Azərbaycana yalnız 1990-cı ildən sonra qayıda bilib. Pir Həsən ziyarətgahı XV əsrə aiddir və Axund Abuturab burada dəfn ediləndən sonra məqbərə ucaldılıb. Sözümü ona gətirirəm ki, nənəm, ilk növbədə, şəhərdəki öz evlərini (hazırkı Milli Azərbaycan Tarixi Muzeyi – red.) ziyarət edirdi, bir də Mərdəkandakı bağ evlərini. O burada babasının qucağında oynadığı zamanları gözəl xatırlayırdı. Hacı Zeynalabdin Tağıyevin dəfn olunduğu yer o illərdə heç də yaxşı vəziyyətdə deyildi. Məqbərə təbii təsirlərdən yararsız vəziyyətə düşmüşdü. Yalnız 1989-cu ildə A.Mansurovun öz vəsaiti hesabına qoydurduğu bürünc büst yaxşı vəziyyətdə idi. Nənəm bu abidəni və ərazini abadlaşdırmaq üçün aidiyyəti üzrə müraciət edir və bərpa işləri aparılır. Ərazi tam təmir olunaraq normal vəziyyətə salınır. Burada həmçinin Zeynal bəy Səlimxanovun da məzar daşı var.

1990-cı illərin sonlarından nənəm Tağıyevin anım gününü qeyd etməyə başladı. O zaman da bura hökumət nümayəndələri, yaradıcı insanlar, elm xadimləri, Tağıyevin yaratdığı (indiki 123 nömrəli) məktəbin müəllimləri, bir sözlə, çox adam yığışardı. Anım mərasiminin sonunda isə ehsan verilirdi. Bu gün də bu ənənə davam edir. 2005-ci ildə nənəmin vəfatından sonra ailəm – mən və həyat yoldaşım anım gününü təşkil edirik. Həmçinin ənənəyə uyğun olaraq, hər il sentyabrın 1-də saat 11:00-da biz hamımız Pir Həsən ziyarətgahına toplaşaraq Tağıyevin xatirəsini ehtiramla yad edirik.

 

– Bir maraqlı məsələni də sizdən öyrənmək istərdik – Zeynal bəy Səlimxanov haqqında. Onun məzarı niyə boşdur?

– Məzar daşı Sara xanımın istəyi ilə qoyulub. Səlimxanovlar Bakının tanınmış və köklü nəsillərindən olub. Onların çox sayda neft quyuları varmış. Zeynal bəy yaxşı təhsil almış, Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdi. Sara xanımla ailə qurduqdan sonra o, hüquq və maliyyə işlərində Tağıyevin, necə deyərlər, “sağ əli”, yəni müşaviri olub. Antisovet təbliğatında ittiham edilən Zeynal bəy 1941-ci ilin 28 iyun tarixində həbs olunur. Bir gün sonra isə qızı Səfiyyə xanımı da aparırlar. O zaman onun üç uşağı var idi. Böyüyü 5 yaşında, mənim anam Kamilə 4 yaşında, ən kiçik oğlu isə yaşyarımlıq idi. Səfiyyə xanım 24 saat ərzində şəhəri tərk etməli olur. Onları paroxodla Krasnovodskdan Başqırdıstana sürgün edirlər. Özləri ilə heç nə götürməyə icazə verilmir. Zeynal Səlimxanova ilkin olaraq 8 il iş verildiyi və Həştərxana düşərgəyə göndərildiyi deyilir. Onun həyat hekayəsi həbsxanada başa çatıb. Bu barədə çox az şey məlumdur. KQB arxivi xahişimizlə onun həbsdən sonra Özbəkistana necə köçürülməsi və bir neçə aydan sonra vəfat etməsi barədə foto və qısa məlumat təqdim edib. Ölüm səbəbi və dəfn yeri barədə məlumat qorunmayıb. Deyilənə görə, ağır işgəncələrdən sonra onu dənizə atıblar. 1989-cu ildən sonra isə Səfiyyə xanım və uşaqları bəraət alıblar.

 

– Sizin nəslin nümayəndələri və qohumlarınızın bir qismi Rusiyada yaşayır. Tağıyevin digər nəticə və kötücələri ilə münasibətləriniz varmı?

– Sara xanımın ikinci nikahdan olan uşaqları Rusiyada yaşayırlar. İki oğlu Lev və Oleqin övladları, nəvələri var. Bu gün Hacı Zeynalabdin Tağıyevin ən yaxın qohumları Lev və Oleqdir. Onlar onun nəvələridir. Lev uzun müddət Bakıda yaşayıb. Sonra ailəsi ilə Moskvaya köçdü. Oleq və ailəsi isə həmişə Sankt-Peterburqda yaşayıb. Bu il anım mərasiminə Oleqin qızı Yuliana gəlmişdi. O, Sara xanımın nəvəsidir. Hazırda Yuliananın oğlu Rixard da Bakıdadır. Rixard Sankt-Peterburq Universitetini mühəndislik ixtisası üzrə bitirib. Azərbaycanı çox sevir. Təbii ki, hamımız bir-birimizlə ünsiyyət qururuq. Axı biz o qədər də çox deyilik. Sadəcə, fərqli ölkələrdə yaşadığımız üçün bir-birimizi tez-tez görmürük. İmkan daxilində Bakıya gəlib qohumları ziyarət edir, ilk növbədə, məzarlara baş çəkirlər.

 

– Bəs bu gün Tağıyevin nəslindən ən yaşlı nümayəndə olaraq Bakıda yaşayan kimdir?

– Bu gün Tağıyev nəslinin Bakıda yaşayan ən yaşlı nümayəndəsi mənim anamdır. Səfiyyə xanımın qızı – Sara xanımın nəvəsi Kamilə Abdullayeva. Noyabr ayında anamın 87 yaşı tamam olacaq. Anam Tağıyevin nəticəsi olaraq 4  yaşında öz anasının qucağında sürgün olunub.

 

– Maraqlı söhbətə görə təşəkkür edirəm.

– Mən də fürsətdən istifadə edib qədirbilən xalqımıza, Tağıyevin xatirəsini əziz tutan dövlətimizə və onun irsini araşdıran bütün insanlara təşəkkür edirəm.

Lalə Azəri