Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzində baş verən yanğınla bağlı ölkədə 22 yanvar tarixində matəm elan edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 21-də hökumət toplantısından sonra açıqlamasında deyib.
Prezident Ərdoğan bildirib ki, yanğın xəbəri daxil olduğu dəqiqədən etibarən bölgəyə aidiyyəti sahələrdən məsul şəxslər və heyətlər cəlb edilib. Yanğının söndürülməsi üçün bölgəyə 156 texnika və 428 nəfərdən ibarət canlı qüvvə yönləndirilib. Hadisənin baş verməsində məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar başladılıb, hazırda bununla bağlı dörd nəfər saxlanılıb.
Xatırladaq ki, yanvarın 21-də yerli vaxtla gecə saat 3 radələrində Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki hoteldə yanğın baş verib. On saat davam edən yanğınsöndürmə işlərindən sonra alov nəzarət altına alınıb.
Hadisə nəticəsində 76 nəfərin öldüyü bildirilir. 51 nəfər yaralanıb. Xəsarət alanlar arasında vəziyyəti ağır olanlar var. Məlumatlara görə, 199 nömrəlik hoteldə əksəriyyəti ailəliklə gələn ümumilikdə 238 nəfər istirahətdə imiş.
***
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
“Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”, – deyə məktubda bildirilir.
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədə baş verən yanğınla bağlı rəsmi sosial şəbəkə səhifələrində paylaşım edib.
Paylaşımda deyilir: “Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”.