Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov Yeni Azərbaycan Partiyasının www.yap.org.az saytına müsahibə verib. Müsahibəni qısa ixtisarla təqdim edirik.
   
   - Firudin müəllim, Azərbaycanda qeyri-neft sahələri sırasında turizmin imkanlarını necə qiymətləndirirsiniz? Ölkəmizdə turizmin aparıcı sahəyə çevrilməsi istiqamətində görülən tədbirlər haqqında nə deyə bilərsiniz?
   - Müasir dövrdə Azərbaycan iqtisadiyyatının qarşısında duran mühüm məsələlərdən biri, bəlkə də ən vacibi böyük həcmli neft gəlirlərindən səmərəli istifadə etməklə ölkəmizdə davamlı inkişafı təmin edən qeyri-neft sahələrinin rəqabət qabiliyyətinin artırılmasına nail olmaqdır. Təsadüfi deyil ki, Azərbaycanda 2010-cu ildə investisiya qoyuluşunun həcminin (15,5 milyard dollar) əsas hissəsi - 9,3 milyard dolları qeyri-neft sektoruna, 6,2 milyard dolları isə neft sektoruna cəlb olunmuşdur.
   Turizm öz perspektivliyinə görə ölkəmizdə qeyri-neft sahələri içərisində aparıcı mövqelərdən birini tutur. Bu da təsadüfi deyil.
   Birincisi, turizm dünyada sürətlə inkişaf edən biznes sahələrindəndir. Hazırda dünya üzrə milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əməkqabiliyyətli əhalinin 8,1 faizi turizm sənayesində və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.
   İkincisi, dünya əhalisinin sürətli artımı, insanların gəlirlərinin yüksəlməsi və nəhayət, bütün dünya üzrə yoxsulluğun azaldılması proqramlarının və davamlı inkişaf konsepsiyasının həyata keçirilməsi istirahətin geniş yayılmış növlərindən biri olan turizmin gələcəkdə də inkişaf edəcəyinə əminlik yaradır. Turizmə qoyulan vəsait qısa müddətdən - bir ildən sonra mənfəət gətirir və digər sahələrə nisbətən 10-12 dəfə çox iş yerlərinin açılmasına şərait yaradır.
   Üçüncüsü, qloballaşma və müxtəlif sivilizasiyaların qovuşduğu zamanda insanların fərqli mədəniyyətləri öyrənmək istəyi meydana çıxır ki, bu da turizm məqsədli səyahətləri stimullaşdırır.
   Bütün bu sadalananlar geniş turizm potensialına malik Azərbaycan üçün bu sahənin inkişaf etdirilməsi prioritet vəzifələrdən birinə çevrilir. Azərbaycanın füsunkar təbiəti, əlverişli coğrafi mövqeyi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri ölkədə turizmin inkişafı üçün böyük perspektivlər açır.
   Son illər dövlət tərəfindən turizmin inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli islahatların aparılması, dövlət proqramlarının qəbulu, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, ümumiyyətlə dövlətin bu sahədə düzgün siyasəti Azərbaycanda turizm sənayesinin yeni mərhələyə çıxmasına imkan yaradıb. “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair” Dövlət Proqramının uğurla həyata keçirilməsi turizmin inkişafına güclü təkan verib. Əgər 2001-ci ildə ölkəmizdə 18 turizm müəssisəsi fəaliyyət göstərirdisə, 2010-cu ildə bu rəqəm 212-yə çatmışdır. 2001-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 93 olduğu halda, 2010-cu ilin yekunlarına görə bu göstərici 499-a çatıb. Hazırda respublikada 50-dən çox yeni mehmanxana inşa olunur və bu ilin sonunadək təkcə paytaxtda 6 yeni beynəlxalq brendli beşulduzlu mehmanxananın istifadəyə verilməsi planlaşdırılır. 2010-cu il ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 1.962.906 nəfər təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% çoxdur. Bu il ölkəyə gələn əcnəbi vətəndaşların sayının 2 milyonu ötəcəyi gözlənilir.
   - 2011-ci il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Turizm ili” elan olunmuşdur. Cari ildə Azərbaycana daha da çox turist cəlb etmək üçün nazirlik hansı işləri həyata keçirir?
   - Azərbaycan Respublikasında turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədi ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev 15 fevral 2011-ci il tarixli “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında” Sərəncam imzaladı. Möhtərəm Prezident İlham Əliyevin 20 iyul 2011-ci il tarixli sərəncamı ilə 2011-ci ilin \"Turizm ili\" elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirləri konkretləşdirdi. Tədbirlər Planında mədəni turizm tədbirləri, idarəetmə və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, turistlərə xidmətin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, investisiya və turizmin infrastrukturunun formalaşdırılması, kadr təminatı, elmi təminat, mədəni və tarixi abidələrin qorunması, bərpası və istifadəsi, təbliğat və təşviqat, xalq sənətinin dəstəklənməsi əksini tapmışdır.
   Bununla yanaşı, respublika üzrə turizm və rekreasiya zonaları ərazilərinin müasir xəritələrinin hazırlanması, arxeoloji abidələr üzrə müvafiq işlərin aparılması, Naxçıvan Muxtar Respublikasında mövcud olan türbələrin UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsinə dair sənədlərin hazırlanması, respublikanın ərazisində turizm və nümayiş obyektlərinə gedən yolların abadlaşdırılması, təmiri, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin dövlət hesabına yüksək tərtibatlı və əcnəbi dillərdə olan informasiya-təbliğat materialları ilə müntəzəm olaraq təmin edilməsi kimi mühüm məsələlərin həyata keçirilməsi nəzərdə tutulur.
   İnanırıq ki, Tədbirlər Planında qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi ölkəmizdə turizmin inkişafında mühüm nəticələrin əldə olunmasına böyük töhfələr verəcək.
   - Azərbaycan hansı əsas turizm bazarlarından turistlərin cəlb edilməsini prioritet sayır? Xarici bazarlarda Azərbaycanın turizm potensialının təbliği ilə bağlı hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?
   - BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) mütəxəssislərinin proqnozlarına əsasən, 2020-ci ildə beynəlxalq turist səfərlərinin sayı 1 mlrd. 600 mln. nəfərə çatacaqdır və turizmdən əldə olunan gəlir 1 trilyon dolları ötəcəkdir. Bunları nəzərə alaraq Azərbaycan dünya turizm bazarında öz mövqeyini gücləndirməlidir.
   Azərbaycan prioritet istiqamət olaraq əsasən qonşu ölkələrin və Avropanın turizm bazarından turist cəlb etməyə maraqlıdır. Lakin bununla yanaşı Amerika, Cənubi Asiya, Orta Şərq, Şərqi Asiya və Sakit okean turizm bazarları da ölkəmiz üçün potensial hədəflərdir. Dövlət Statistika Komitəsinin rəsmi rəqəmlərinə görə, 2010-cu ildə ölkəmizə ən çox gələnlər əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə, Ukrayna və Böyük Britaniya vətəndaşlarıdır.
   Ölkəmizin turizm potensialının dünya miqyasında təbliği məqsədilə nazirlik hər il dünyanın aparıcı ölkələrində 20-yə yaxın beynəlxalq turizm sərgisində iştirak edir. Ölkənin turizm imkanlarının genişliyindən bəhs edən 9 dildə reklam-çap məhsulları hazırlanaraq bu sərgilərdə ziyarətçilərə paylanır. Azərbaycanın turizm potensialını dünyada tanıtmaq məqsədi ilə www.azerbaijan.tourism.az saytı işlənib hazırlanıb. Ölkəmizin turizm potensialına dair reklam çarxları “EuroNews”, “Travel Channel”, “CNN”, “National Geographic”, “BBC” və “CNBC” kimi dünyanın məşhur telekanallarında mütəmadi yayımlanır. Hər ilin aprelində Bakıda “AİTF” Beynəlxalq Turizm Sərgisi və Ümumrespublika Daxili Turizm Sərgisi keçirilir. Ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması məqsədilə xarici ölkələrin turizm şirkətləri və media nümayəndələri üçün mütəmadi olaraq infoturlar təşkil edilir.
   Yeni turizm marşrutlarının yaradılması məqsədilə Avropa Şurasının Kiyev təşəbbüsü çərçivəsində həyata keçirilən “Şərab Yolları” və “Aleksandr Düma Qafqazda” marşrutlarının layihələri, “Azərbaycanda alman yaşayış məskənləri” layihəsi, TÜRKSOY çərçivəsində “Dədə Qorqud İrsi” beynəlxalq mədəni turizm layihəsi, Dünya Turizm Təşkilatı çərçivəsində həyata keçirilən “Böyük İpək Yolu” layihəsi, “Babaların Tarixi Zəfər və Şəhadət Yolu” layihəsi işlənib hazırlanmışdır. “Azərbaycanda şərab yolları” layihəsi çərçivəsində “Beynəlxalq Mədəniyyət və Turizm Mübadiləsi Assosiasiyası” yaradılmışdır. Bakıda “Şəhər turu” (“City Tour”) marşrut proqramı hazırlanmışdır və bu marşrutla yerli və xarici turistlərə ekskursiya xidmətləri göstərilir.
   - Azərbaycanda turizm sahəsinin inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən böyük layihələr haqqında da məlumat verərdiniz...
   - Məlum olduğu kimi, turizmin və idmanın qış növlərinin Azərbaycanda inkişaf etdirilməsi istiqamətində bir sıra məqsədyönlü işlər aparılır. Möhtərəm Prezidentimizin tapşırığı və şəxsən rəhbərliyi altında Qusar rayonunun Ləzə kəndi yaxınlığında, Şahdağın ətəklərində salınan “Şahdağ qış-yay turizm kompleksi” həm təyinatına, həm də nadir layihə strukturuna görə xüsusi önəm daşıyır. Dəniz səviyyəsindən 1300 metrlə 2554 metr arasındakı hündürlükdə yerləşən kompleksin ərazisi 2045 ha-dan artıq sahəni əhatə edir. Kompleksin tikintisində əsas diqqəti idmanın qış növlərinə, əsasən dağ xizək idmanının inkişafına yönəltmək nəzərdə tutulub.
   Bununla yanaşı, respublikada turizmin və idmanın qış növlərinin inkişafı, respublika vətəndaşları və xarici turistlərin mükəmməl istirahəti üçün kompleksin ərazisində tennis, qolf, futbol və basketbol meydançaları, üstü örtülü idman qurğuları, hovuzlar, əyləncə-oyun kompleksləri, istirahət edənlərə piyada və at gəzintisi təklifləri və s. nəzərdə tutulub. Gündəlik beş min turist qəbul etmək imkanında olacaq kompleksdə müxtəlif həcmdə üç, dörd, beş ulduzlu otellərin, kiçik yaylaq evlərinin və kotteclərin eləcə də, ticarət mərkəzləri, restoranlar, əyləncə xidməti və məişət obyektlərinin tikintisi də nəzərdə tutulub.
   Cənab Prezidentin “Şahdağ dağ-xizək turizm kompleksi”nin həm təməlqoyma mərasimində iştirakı, həm bir neçə dəfə obyektin inşası ilə bağlı apardığı müşavirələr, həmçinin bu il fevralın 27-də kompleksin 2 nömrəli kanat və xizək enişinin açılışında iştirak zamanı verdiyi tapşırıqlar ölkə başçısının turizm sahəsinin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu layihənin gerçəkləşdirilməsi respublikamızda ilin bütün fəsillərində turizm fəaliyyətinə və bu növ turizmin inkişafına geniş imkanlar yaradacaq və heç şübhəsiz regionda ölkəmizin turizm sahəsində rəqabət qabiliyyətini artıracaq.
   - Turizm sahəsində kadrların hazırlanması da vacib məsələlərdəndir. Bu sahədə çalışanların peşə hazırlığının artırılması istiqamətində nazirlik tərəfindən nə kimi işlər görülür?
   - Turizm sahəsində çalışanların peşə hazırlığı səviyyəsinin artırılması məqsədi ilə Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən 2006-cı ildə Turizm İnstitutu yaradıldı və onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılmışdır. Bu təhsil ocağının məzunları Azərbaycanda ilk dəfə olaraq ikili diplom - ATİ-nin və Avstriyanın Krems Universitetinin diplomunu ala bilirlər. Hazırda institutda 1300 tələbə 14 ixtisas üzrə bakalavr təhsili alır. Bu ildən etibarən magistr pilləsi üzrə də qəbul elan olunub və 30-a yaxın tələbə magistratura təhsili alır. Eyni zamanda, ATİ-də Dünya Turizm Təşkilatı və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilməkdədir. Bundan əlavə, Turizm İnstitutunun nəzdində peşə məktəblərinin yaradılması nəzərdə tutulub və artıq bu istiqamətdə müvafiq işlər görülməkdədir. 2006-cı ildən isə respublikada bu sahədə yeganə kollec Mingəçevirdə yaradıldı və hazırda Mingəçevir Turizm Kolleci regionlar üçün ixtisaslı kadrlar yetişdirən böyük bir təhsil ocağıdır. Kollecdə 2100-dən çox tələbə təhsil alır.
   Turizm sahəsində hazırlıqlı xidməti personala böyük ehtiyacı nəzərə alaraq Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Peşə Turizm Liseyinin yaradılması məsələsi gündəmdədir. Bu məqsədlə müvafiq sənədləşmə işləri aparılır və cari ildə sözügedən liseyin yaradılması nəzərdə tutulub.
   Hər il mütəmadi olaraq Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TİKA təşkilatı ilə əməkdaşlıq çərçivəsində, Dünya Turizm Təşkilatı ekspertlərinin köməkliyi ilə müxtəlif istiqamətlər üzrə treninq-kurslar keçiririk.