Əyyub Quliyev: “Xaricdə yaşayıb işləmək barədə təkliflər olsa da, mənim dirijorluq fəaliyyətim hər zaman Azərbaycanla bağlıdır”
Azərbaycanı dünyada tanıdan istedadlı gənclərdən biri də dirijor Əyyub Quliyevdir. Gənc olmasına baxmayaraq, böyük nailiyyətlərə imza atıb. 2006-cı ildə Azərbaycanın Milli Mədəniyyət Mərkəzi tərəfindən «Uğur» mükafatına, 2008-ci ildə qazandığı nailiyyətlərə görə Mədəniyyət və Turizm Nazirliyinin «Zirvə» mükafatına layiq görülüb. 2006-cı ildə Polşanın Belostok şəhərində keçirilən dirijorların V.Lyutoslavski adına IV beynəlxalq müsabiqəsində I yeri qazanıb. 2009-cu ildə Rumıniyada keçirilən «Krayova» beynəlxalq müsabiqəsində I yerə, Sankt-Peterburqda keçirilən «Musiqi Olimpi» XIV beynəlxalq musiqi festivalında isə «Dinləyici simpatiyası» beynəlxalq mükafatına layiq görülüb. 2010-cu ildə Arturo Toskanini adına dirijorların IX beynəlxalq müsabiqəsində Qran-Pri və «Sinopoli» mükafatı ilə təltif olunub.
Ümumilikdə gənc dirijor müxtəlif illərdə ABŞ, İtaliya, Yunanıstan, Polşa, Xorvatiya və başqa ölkələrdə keçirilən konsertlərdə orkestrlərə dirijorluq edib.
Polşada ilk dəfə «Leyli və Məcnun»
- Sənət yolunuzda qısa vaxt ərzində bir sıra nailiyyətlər qazanmısınız. Bu uğurların əldə olunmasında, istedadla yanaşı, başqa daha hansı amillər rol oynayır?
- İlk növbədə doğulduğum ailədəki mühit və valideynlərimin mənə verdiyi tərbiyəni qeyd etmək istəyirəm. Bunlar çox vacib amildir. Sənətkarın ailəsində doğulmaq artıq yaradıcılıq yolunun bir başlanğıcıdır. Professor Ramiz Quliyevin ünsiyyətdə və yaradıcılıq əlaqələrində olduğu Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov, Müslüm Maqomayev və başqa görkəmli musiqiçilərlə olan görüşləri, xatirələri mənim üçün böyük məktəb rolunu oynayıb. Bu hər musiqiçiyə qismət olmur. Çox sevinirəm ki, böyük sənətkar ailəsində dünyaya gəlmişəm, ilk sənət dərslərimi də atamdan, onun sənətindən almışam. Belə xoşbəxtlik hər musiqiçiyə qismət olmur.
Uğura aparan yolda digər mühüm amillər sırasında formalaşdığım və yetişdiyim təhsil ocağı, mənə dərs deyən müəllimlərin qayğıkeş münasibəti, tanınmış və təcrübəli musiqiçilərlə ünsiyyətdə olmaq kimi vacib məqamları da qeyd etmək gərəkdir. Bu baxımdan çox sevinirəm ki, mənə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyası və Vyana Dövlət Musiqi Universitetində böyük sənətkarlardan dərs almaq qismət olub. Bütün müəllimlərimi həmişə böyük ehtiram hissi ilə yad edirəm. Mənə vaxtilə dərs demiş professorların bir çoxu ilə indi də sıx əlaqə saxlayıram. Vyana Simfonik Orkestrinin baş dirijoru, professor Mixail Yurovski, Vyana Musiqi Universitetinin professoru Mark Strinqer, Roberto Benzi və digərlərinin adlarını qeyd edə bilərəm. Həmçinin Azərbaycanda mənə dərs demiş müəllimlərimlə də tez-tez görüşüb, onlardan məsləhət alıram.
- Dünyanın bir neçə ölkəsində konsertləriniz olub. Dirijorluq etdiyiniz bəzi orkestrlərdə ilk dəfə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Bu konsertlər musiqiçi olaraq sizə nə verib?
- Hər bir konsert mənim üçün bir yeni səhifə və eyni zamanda, növbəti konsertə keçid rolunu oynayır. Buna görə konsertlərə həmişə çox ciddi hazırlaşıram. Xüsusilə Azərbaycan musiqisini dünya ölkələrinin tanınmış simfonik orkestrləri ilə ifa etmək böyük məsuliyyət tələb edir. Çünki çox zaman həmin əsərlər ilk dəfə olaraq başqa ölkələrdə səslənir. Bu yaxınlarda Podlaziya Filarmonik Orkestri ilə görkəmli bəstəkarımız Qara Qarayevin «Leyli və Məcnun» simfonik poemasını ifa etdik. Bu, Polşada həmin əsərin ilk ifası idi. Əsər artıq ilk ifadan sonra yerli KİV-də mədəni hadisə kimi qeyd olunmuşdu. Həmçinin Üzeyir Hacıbəylinin əsərlərinin Vyana Dövlət Kamera Orkestri ilə ifası, Fikrət Əmirovun «Azərbaycan kapriççiosu»nun Rusiya, Moldova, Belarus və Ukraynada səsləndirilməsi həyatımın ən yaddaqalan anlarından biridir. Belə konsertlər Azərbaycan bəstəkarlarının dünya musiqisinə necə böyük töhfələr verdiyini bir daha sübut edir. Ona görə də bu dəyərlərin qorunması hər bir azərbaycanlı musiqiçinin vacib vəzifələrindən biridir.
- İlk vaxtlar tamaşaçılar sizi görkəmli tarzən, Xalq artisti Ramiz Quliyevlə birgə tar ifa edərkən gördü. Maraqlıdır, niyə sonda tarzənliyi deyil, dirijorluğu seçdiniz?
- Hər dövrün və zamanın öz tələbi var. Zamanla ayaqlaşmaq çətin olsa belə, hər bir insan qarşısına bir vəzifə qoyaraq, həyatda addımlayır. Mənim qarşıma qoyduğum vəzifə məni dirijorluq sənətinə gətirib çıxartdı. Deməliyəm ki, bu seçimimə görə peşman da deyiləm. Bu, mədəniyyət aləmində, dünyada böyük nüfuza malik olan bir sənətdir. Çətinliklərə baxmayaraq, bu sənətdə ölkənin mədəniyyətinin təbliği üçün dünya səviyyəsində işlər görmək olar.
Quliyevlərin sənət layihələri
- Professor Ramiz Quliyevlə birgə Azərbaycanda və xaricdə maraqlı konsert layihələriniz olub. Ata-oğul olaraq bu layihələrə necə hazırlaşırsınız və gözlədiyiniz nəticəni əldə edə bilirsinizmi?
- Adətən biz hazırlıq prosesini əvvəlcədən planlaşdırırıq. Sinif məşqləri-templər, nüanslar, ştrixlər və s. Buna müəyyən vaxt tələb olunur. Misal üçün, biz artıq 2012-ci ilin iyununda Rumıniyada keçiriləcək konsertin proqramını hazırlayırıq. Nəzərə alsaq ki, həmin aya qədər digər konsertlərin də texniki və yaradıcılıq problemləri olur, onda təxmin edə bilərsiniz ki, bu necə mürəkkəb və uzun bir prosesdir. Amma ən əsas bu konsertlərin bizim mədəniyyətimiz üçün uğurlu olmasıdır. Qürur hissi ilə qeyd etməliyəm ki, indiyədək çıxışlarımız biz arzuladığımız şəkildə baş tutub və ümid edirəm gələcəkdə də belə olacaq.
- Azərbaycan Akademik Opera və Balet Teatrında «Sevil» operasına dirijorluq etdiniz. Bu teatrla çalışmalarınız davam edəcək?
- Opera və Balet Teatrı ölkəmizin ən dəyərli sənət ocaqlarından biridir. Bu teatr böyük ənənələrə malik və güclü sənət məktəbi keçmiş sənətkarları yetişdirən sənət məbədidir. Hər zaman bu teatrda mövcud olan yaradıcılıq proseslərində bilavasitə iştirak etmək arzusunda olmuşam və çox sevinirəm ki, Mədəniyyət və Turizm Nazirliyi və teatrın rəhbərliyinin dəstəyi ilə bu arzuma çatmışam. Teatrda debütüm bu ilin fevralın 2-nə - Gənclər gününə təsadüf etmişdi. Ümumiyyətlə, son illərdə ölkə rəhbərliyi Azərbaycan gəncliyi üçün müxtəlif sahələrdə inkişaf və yaradıcı baxımdan gözəl şərait yaradıb. Gənc dirijorun Dövlət Opera və Balet Teatrının pult arxasına çıxaraq dirijorluq etməsi bunun bariz nümunəsidir.
- Yəqin xaricdəki konsertlər zamanı sizə həmin ölkələrdə qalıb işləmək təklifləri olur?
- Belə təkliflər, əlbəttə, olub. Xüsusilə beynəlxalq müsabiqələrdən sonra həmin ölkələrdə qalıb, işləmək təklifləri almışam. 2010-cu ilin oktyabrında İtaliyada keçirilən Arturo Toskanini adına IX Beynəlxalq müsabiqədə qalibiyyətdən sonra hətta mənə vətəndaşlıq təklif olunmuşdu. Bundan başqa, bu yaxınlarda Sankt-Peterburq «Beynəlxalq musiqi evi» mənə çox maraqlı və uzunmüddətli müqavilə təklif edib. Hətta Belarus Dövlət Akademik Musiqi Teatrı baş dirijor vəzifəsini təklif edəndə, düzü bu barədə bir az düşündüm. Ancaq həmişə olduğu kimi, mən dirijorluq fəaliyyətimi Azərbaycanla bağlayıram.
Dirijorla orkestrin vizual əlaqəsi
- Orkestrdə hər musiqi alətinin öz dili, öz yeri var. Konsert zamanı bu alətlərin hər biri sizin gözünüzdə necə canlanır?
- Orkestrə daxil olan hər bir alətlər qrupunun mənim üçün xüsusi əhəmiyyəti var. İfa zamanı onlarla birgə nəfəs almaq və ifa etməyə çalışıram. Hətta məcazi olsa belə, skripkaçıların ifasında özümü onların yanında oturmuş kimi hiss etməyə çalışıram. Bu da mənə onların ifa texnikasını daha da yaxşı anlamağa kömək edir. Bunu nəfəs və zərb alətlərinə də aid edirəm. Mənim fikrimcə, bu xəyali transformasiya tək dirijorun işini deyil, həm də ifaçıların dirijorla vizual və daxili əlaqəsini rahatlaşdırır.
- Orkestrin sizin üçün mənəvi döyüş olduğunu bildirmisiniz. Bu döyüş komandasına rəhbərlik etmək, onu istiqamətləndirmək gənc dirijor üçün çətin deyil?
- Çətinliklər həmişə olub. Bu ilk növbədə ünsiyyətdə olduğumuz kollektivlə bilavasitə bağlıdır. Burada daha çox psixoloji məqamlar üstünlük təşkil edir. Çıxış etdiyimiz orkestr üzvlərinin dirijora qarşı olan etik və professional münasibəti, dirijorun orkestrlə iş üslubu, onun baxışlarının musiqiçilər tərəfindən qavranılması və ifada gerçəkləşməsi hər zaman asan olmur. Bunun üçün şəraiti və qarşıdakı perspektivləri düzgün qiymətləndirmək lazımdır.
- İdealınız olan, ondan öyrəndiyiniz dirijor var?
- Hər bir yaş dövründə musiqiçilərin ideal seçdikləri insanlar dəyişir. Ancaq mənim üçün istənilən yaş dövründə daim olaraq bir sənətkar və şəxsiyyət kimi hörmət bəslədiyim dirijor maestro Niyazi olub. Hansı ölkədə çıxış etmişəmsə, həmişə orada musiqiçilər Niyazini böyük hörmət və ehtiramla yad ediblər.
Dirijor çubuğum sehrli olsaydı...
- Dirijor çubuğunun bir sehri olduğunu deyənlər var. Bir anlıq onun sehrli çubuq olduğuna inansanız, onunla nə edərdiniz?
- Çox istərdim ki, çubuğum sehrli olsun. Məşhur «Harri Potter» filmində olduğu kimi. Ancaq öz çubuğumu heç zaman sehrli hesab etməmişəm. Son zamanlar, ümumiyyətlə, çubuqsuz dirijorluq etməyə üstünlük verirəm. Amma sehrli çubuğum olsaydı, ilk növbədə orkestr musiqiçilərinin musiqiyə olan sevgisini bir az da artırmağa çalışardım. Mənim fikrimcə, yaradıcılıq sevgi olmadan yaşaya bilməz.
- Qarşıda hansı layihələr, səfərlər gözlənilir?
- Sentyabrın 10-da Qırğızıstanın paytaxtı Bişkekdə Dövlət Filarmonik Orkestrinin iştirakı ilə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş möhtəşəm qala-konsert keçiriləcək. Bununla bərabər, Macarıstanın paytaxtı Budapeştdə sentyabrın 18-də dahi bəstəkarın ad gününə həsr olunmuş konsertə dirijorluq etmək üçün Macarıstandakı səfirliyimizdən dəvət almışam. Sentyabrın 20-21-də isə Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq musiqi festivalında Vyana Dövlət Kamera Orkestri ilə bərabər iki maraqlı konsert proqramı ilə çıxış edəcəyik. Həmin konsert proqramlarında Azərbaycanda heç vaxt səslənməyən əsərlər yer alacaq. Solistlərimiz Koreyadan skripkaçı Je Xay Li, istedadlı pianoçularımız Yeganə Axundova və Murad Hüseynov olacaq.
Gülər Nizamiqızı