Bəhruz Axundov: «Beynəlxalq kitab sərgi-yarmarkası ölkəmizin dünyaya təqdimatıdır»
   
   Sentyabrın 28-30-da ölkəmiz ikinci dəfə möhtəşəm kitab bayramına ev sahibliyi edəcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Azərbaycanın Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunur. Sərgi-yarmarkada yerli nəşriyyatlarla yanaşı, xarici ölkə nəşriyyatları iştirak edəcək. Sərgi-yarmarkanın miqyas və əhəmiyyətini nəzərə alan nəşriyyatlarımız tədbirə məsuliyyətlə hazırlaşırlar. Sevindirici haldır ki, bu sahədə artıq özünü təsdiq edən, işini müasir standartlar səviyyəsində quraraq beynəlxalq arenada uğur qazanan, Azərbaycan kitabını dünyaya tanıdan nəşriyyatlarımız var. Belə müəssisələrdən biri də “Təhsil” nəşriyyatıdır.
   
   Artıq 18 ildir ki, fəaliyyət göstərən nəşriyyat bu dövrdə böyük inkişaf yolu keçib. Nəşriyyatın qurucusu və direktoru Bəhruz Axundov deyir ki, müəssisə fəaliyyətə başlayanda cəmi 8 işçisi olub. İlk aylarda maliyyə imkanı, hətta binası belə olmayan müəssisədə qısa zamanda yığcam, bacarıqlı, öz işinə güvənən professional bir kollektiv formalaşıb: “Hazırda müəssisəmizdə nəşrlərin yüksək səviyyədə hazırlanmasını təmin etmək üçün ixtisaslaşmış redaksiyalar və ən müasir poliqrafiya bazası fəaliyyət göstərir. “Təhsil” nəşriyyatı öz işini beynəlxalq standartlara uyğun şəkildə qurub. Bunun nəticəsidir ki, müəssisəmiz respublikamızı ən nüfuzlu beynəlxalq kitab müsabiqələrində uğurla təmsil edir, dünyanın inkişaf etmiş ölkələrində nüfuzlu nəşriyyat kimi qəbul olunur. Müəssisə nəinki Azərbaycanda, hətta regionda, o cümlədən Avropada öncül yerlərdən birini tutur. Səudiyyə Ərəbistanı, İran, Türkiyə, Rusiya, Almaniya və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə, sərgilərdə vaxtaşırı iştirak edir, dünyanın aparıcı nəşriyyatları ilə qarşılıqlı əməkdaşlıq edirik. Artıq bir ildir ki, nəşriyyatın “Kitab evi” dərslik, dəftər, məktəb ləvazimatları satış mərkəzi də fəaliyyət göstərir. “Kitab evi”ndə elektron kartoteka açılıb. Buraya gələn hər bir oxucu və ya alıcı istədiyi kitabın müəllifi, məzmunu, həcmi, harada çap olunması və sair haqqında istədiyi məlumatı ala bilər. Biz çalışırıq ki, “Kitab evi” vasitəsilə Azərbaycanda kitaba hörməti, münasibəti, məhəbbəti artıraq”.
   
   Qarabağ həqiqətləri haqqında kitaba beynəlxalq mükafat
   
   Müasir dövrdə kitab həm də hər bir xalqın mədəni irsini, tarixini, inkişaf səviyyəsini beynəlxalq arenaya çıxaran, tanıdan, təbliğ edən mühüm vasitədir. Hər bir xalq onun içində yetişən yazıçının, alimin yazdığı əsərlə tanına bilər. Eyni zamanda bu əsəri dünyaya yüksək kitab mədəniyyətinə uyğun səviyyədə, nəfis, diqqətçəkən tərtibatlı nəşrlə tanıtmaq gərəkdir. «Təhsil» nəşriyyatı indiyədək Azərbaycanı, onun mədəniyyətini, tarixi həqiqətlərini dünyaya təbliğ edən kitabların məzmun və tərtibatına görə bir çox önəmli beynəlxalq müsabiqələrdə öncül yerlərə layiq görülüb. Məsələn, tarixçi alimlər Yaqub Mahmudov və Kərim Şükürovun “Qarabağ - real tarix, faktlar, sənədlər”, tanınmış şair Çingiz Əlioğlunun «Atlantlar» kitabları 2005-ci ildə Moskvada keçirilən MDB ölkələrinin II Beynəlxalq «Kitab sənəti» müsabiqəsində ən yüksək balla - I yerə layiq görülüb. Bu, «Təhsil» nəşriyyatının böyük uğurudur: “Ümumiyyətlə, hər iki kitabın müsabiqədə birinci yer tutmasının səbəbi çap mədəniyyəti, dizaynı və mövzu seçimi ilə bağlı olub. Baxmayaraq ki, həmin müsabiqənin münsiflər heyətində ermənilər də yer almışdı, amma onların bütün cidd-cəhdlərinə rəğmən Azərbaycan kitabları müsabiqədə ən yüksək xalları topladı. «Qarabağ: real tarix, faktlar, sənədlər” kitabı, Qarabağ həqiqətləri haqqında fundamental əsər olmaqla, dünyanın 6 dilinə tərcümə olunub. Sevinirik ki, bu gün beynəlxalq səviyyədə tanınmış nəşriyyat olduğumuzdan kitabla bağlı bütün beynəlxalq müsabiqələrə dəvət alırıq. Hətta bir neçə il əvvəl Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf Amerikada çap olunmuş kitabının «Təhsil» nəşriyyatı tərəfindən nəşr olunmasını istəmişdi. Kitab işıq üzü görəndən sonra nəşriyyata minnətdarlığını bildirdi”.
   
   Tərcümələr
   
   Qeyd etdiyimiz kimi, «Təhsil» nəşriyyatı kitab sahəsində ölkəmizi beynəlxalq arenaya tanıtmaq, Azərbaycan reallıqlarını dünyaya təbliğ etmək istiqamətində önəmli nəticələrə nail olub. Bu sahədə kitab nəşri ilə yanaşı, tərcümələrə də üstünlük verilir.
   Hollandiyada yaşayan Azərbaycan diasporunun fəal üzvü Gülşən Lətifxanın milli məsələlərdən bəhs edən «Azər və Aida» romanı da iki dəfə dalbadal bu müəssisədə işıq üzü görüb. Əsər Moskvada “Qızıl qələm” mükafatına, Avropada isə fəxri fərmana layiq görülüb. Müəllifi Pakistan vətəndaşı olan Məsum Axbar Şeyxin «Yalanlar, yalanlar, yenə də yalanlar» kitabının isə maraqlı tarixçəsi var. B.Axundov bu barədə deyir: «Bu yaxınlarda istefada olan polkovnik- leytenant Məsum Axbar Şeyxin ermənilərin türklərə qarşı uydurmaları və iddialarını ifşa edən «Yalanlar, yalanlar, yenə də yalanlar» adlı kitabını türk dilindən Azərbaycan dilinə çevirib çap etmişik. Ona görə ki, müəllif həm hərbçi, həm də tarixçi olduğundan hadisələrə peşəkar nöqteyi-nəzərindən yanaşıb və tarixi əsər ortaya qoya bilib. Bununla bağlı məlumatlı olduğumuzdan əsərə maraq yarandı və Azərbaycanın o zaman Pakistanda səfiri olan Eynulla Mədətli ilə (hazırda Azərbaycanın Ukraynada səfiridir) əlaqə saxlayıb kitabın əldə olunmasını xahiş etdik. Kitabı türk dilində aldıq və Azərbaycan dilinə tərcümə etdik. Çap edilməli və dünyaya çıxarılmalı kitablar çoxdur. Biz də Azərbaycan kitabını beynəlxalq aləmdə layiqincə tanıtmağa, bu yolla Azərbaycan həqiqətlərini dünyaya yaymağa töhfə verməyə çalışırıq”.
   
   Azərbaycan kitabının böyük uğuru - “Qran pri”
   
   2010-cu il isə Azərbaycanın nəşriyyat tarixində çox önəmli bir hadisə ilə yadda qaldı. Şair Çingiz Əlioğlunun «Təhsil» nəşriyyatı tərəfindən çap edilən «Çərçivə» kitabı Moskvada MDB ölkələrinin VII Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin baş mükafatına - «Qran pri»yə layiq görüldü. Bu vaxta qədər heç bir Azərbaycan kitabının belə yüksək mükafata layiq görülmədiyini deyən Bəhruz Axundov kitabın 20-dən çox ölkədə yayıldığını bildirdi: «Bizə pul mükafatı da ayrılmışdı. Lakin biz onu müsabiqənin təşkilat komitəsinə verdik. Bildirdik ki, həmin məbləğin müqabilində 20-dən çox ölkədə bizim kitabları yaysınlar. Eyni zamanda vəsait hesabına Azərbaycanda da müəyyən təşkilatlara həmin kitabları verdik və həm də hədiyyə etdik. Bu uğuru təkcə «Təhsil» nəşriyyatının deyil, ölkəmizin uğuru hesab edirəm. Çünki beynəlxalq aləmdə sadəcə «Təhsil» nəşriyyatını deyil, Azərbaycanı təmsil edirik».
   Bakıda keçiriləcək II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkilat komitəsinin üzvü Bəhruz Axundov tədbirin əhəmiyyətindən də danışdı: «Bakıda birinci dəfə iki il bundan əvvəl 23 ölkənin iştirakı ilə belə bir sərgi-yarmarka keçirildi. Tədbirin nəticəsi gözlədiyimizdən daha uğurlu oldu. Həmin sərgi bir neçə suala cavab verdi, Azərbaycanda nəşriyyat işinin inkişafını göstərdi, ölkəmizdə kitaba böyük marağın olduğunu nümayiş etdirdi. İndi mətbuatda tez-tez belə fikirlər səslənir ki, guya bizim xalq kitab oxumağa o qədər də meyl göstərmir, çox kitab almır. Amma həmin sərgiyə insanların kütləvi şəkildə marağı bunun əksini göstərdi və sübut etdi ki, Azərbaycanda kifayət qədər insan kitabı sevir və qiymətləndirir. İnanırıq ki, budəfəki sərgi-yarmarka da möhtəşəm kitab bayramına çevriləcək”.
   Söhbət əsnasında müsahibimiz ölkədəki nəşriyyatların fəaliyyətinə də toxundu: “Son 15 ildə, xüsusilə də axır 6-7 ildə Azərbaycan bütün sahələr üzrə böyük inkişafa nail olub. Digər sahələrlə yanaşı, bu inkişaf tempi nəşriyyat sahəsinə də aiddir. Nəşriyyatlar inkişaf edir, xüsusilə də müasir tipli poliqrafiya bazaları yaranır. Beynəlxalq səviyyədə qazandığımız uğurlar işimizə də müsbət təkan verir. Məsələn, “Təhsil” nəşriyyatı «Qran pri» alandan sonra dünyanın poliqrafiya avadanlıqları istehsal edən 4 tanınmış müəssisəsinin Azərbaycanla yanaşı Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan üzrə səlahiyyətli nümayəndəsidir. Bizim təqdimatımız olmadan Türkiyə kimi ölkə həmin zavoddan avadanlıq ala bilməz. Bu böyük səlahiyyətdir. Xarici ölkələrdə bizim uğurlu iştirakımız, «Qran pri» almağımız Azərbaycan kitabına marağı artırıb. Bizə sual verirdilər ki, doğrudan bu kitabı Azərbaycanda hazırlayırlar? Axı bizim kitab mədəniyyəti sahəsində mühüm tariximiz var. Sadəcə olaraq texnologiyamız yox idi. İndi isə var. Hazırda inkişaf etmiş ölkələrin nəşriyyatları bizimlə işbirliyinə, sifarişlərə, müştərək müqavilələr bağlamağa çalışırlar. Beynəlxalq sərgidə nəşriyyatlarımız uğurla iştirak edir. Bu sahədə Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyatlarımıza göstərdiyi dəstəyi xüsusi qeyd etmək istərdim. Nazirliyin dəstəyi və köməyi ilə nəşriyyatlar beynəlxalq kitab sərgilərində iştirak edir. Azərbaycanda son illər yaxşı kitablar buraxılır, yaxşı nəşriyyatlar, poliqrafiya bazaları var ki, müasir texnologiyalar ilə təchiz olunub, müasir kitablar nəşr edirlər”.
   “Təhsil” nəşriyyatının II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakına gəlincə, Bəhruz Axundov bir məqamı xüsusi qeyd etdi: “Yaxşı olar ki, hər bir nəşriyyat özünün ən yaxşı nəşrləri ilə təmsil olunsun: özlərinin kataloqlarını hazırlasın, orada elektron nümayişlər olsun. Biz nəşriyyat olaraq bunların hamısına hazırlaşırıq və edəcəyik. Çünki nəşriyyatlarımızın səviyyəsi ümumilikdə ölkəmizin səviyyəsinin göstəricisidir. Biz gərək daha yüksək səviyyədə Azərbaycan kitabını sevdirə, Azərbaycan mədəniyyətini tanıdaq. Çünki bu, Azərbaycanın dünyaya təqdimatıdır”.
   
   Mehparə