“Dünyanın özü də yeni mədəniyyət hadisələrində maraqlıdır. Amma əsas odur ki, mədəniyyət hadisəsi stabil və ardıcıl şəkildə millətin göstəricisi kimi, onun mövcudluğunun, müstəqilliyinin əlaməti kimi dünyada tanıdılsın. Bu sahədə ölkəmizdə son illər çox işlər görülüb. Azərbaycan mədəniyyətinin dünyada layiqincə tanıdılması müstəqilliyin verdiyi yeni keyfiyyətdir”.
Müsahibimiz filologiya elmləri doktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovdur. Onunla Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından ötən 20 ildə mədəniyyət sahəsində qazanılan nailiyyətlər və bu sahədə görülməsi vacib olan işlər barədə söhbət etdik.
- Nizami müəllim, böyük çətinliklərlə əldə etdiyimiz müstəqillik mədəniyyətimizə, onun inkişafına nə verdi? Ümumiyyətlə, bir xalqın mədəniyyətinin inkişafında müstəqillik faktoru nə kimi rol oynayır?
- Mədəniyyətin inkişafı üçün hər bir xalqın müstəqilliyi çox böyük şərtdir. Bütünlükdə tariximizə nəzər salsaq, görərik ki, mədəniyyətin inkişafı daim milli ruh və onun yüksəlişi ilə bağlı olub. Bu XI-XII əsrlərdə Nizami Gəncəvi dövründə, XV-XVI əsrlərdə Füzuli dövründə, XVIII əsrdə Vaqif dövründə, eləcə də XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda milli hərəkatın güclənməsi zamanında da olub. Məhz bu dönəmlərdə böyük bir mədəniyyət yaranıb. Əlbəttə, sovet dövründə də Azərbaycanda mədəniyyət inkişaf edib. Bütün ideoloji təpkilərə baxmayaraq, mövzu, məzmun, sosialist düşüncəsinin təzyiqlərini etiraf etmək baxımından o dönəmdə də mədəniyyətimiz inkişaf yolu keçib.
Müstəqillik dövründə isə Azərbaycan mədəniyyətinin inkişafı yeni müstəviyə keçdi. Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlətçilik xəttinin mühüm bir qolu kimi məqsədyönlü mədəniyyət siyasəti həyata keçirilməyə başlandı. Bu siyasətinin əsas göstəricilərini qeyd etmək istəyirəm. Birincisi mədəniyyətin tarixinin dirçəldilməsi idi ki, bu sahədə həqiqətən böyük işlər görüldü. Tarixi-memarlıq abidələri, muzeylərimiz bərpa olundu, onların ekspozisiyası zənginləşdirildi, muğam, aşıq sənəti, İçərişəhər, Qobustanla bağlı irimiqyaslı layihələr həyata keçirildi.
Ümumiyyətlə, mədəniyyət, incəsənət hansı baza üzərində inkişaf etməlidirsə, o baza müəyyənləşməli, konturları aydın görünməlidir. Bunu yaşadığımız dövr, gedən mədəni proseslər tələb edir. Hər bir xalq başqa xalqların mədəniyyətindən də yararlanır, başqa xalqların mədəniyyəti də o xalqın zaman-zaman sərvətinə çevrilir. Belə olan vəziyyətdə eyni zamanda başqa bir proses də gedir: bəzən xalqlar bir-birlərinin mədəniyyətinin tarixini mənimsəyirlər və onu öz tarixləri kimi təqdim etməyə çalışırlar. Buna görə də öz mənsub olduğun millətin tarixini hər bir Azərbaycan vətəndaşına çatdırmaq, təbliğ etmək, göstərmək və millətin bu tarixi mənimsəməsinə nail olmaq, bundan sonra onu millətin yaradıcılıq hadisəsi kimi dünyaya çıxartmaq lazımdır. Bununla bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işləri xüsusi vurğulamaq istərdim. Fondun ardıcıl və planlı şəkildə həyata keçirdiyi layihələr sayəsində mədəniyyətimizin tarixi xeyli canlandırıldı. Biz bu gün də çalışmalıyıq ki, bir çox sahələrdə yaratmış olduğumuz o tarixi mədəniyyətin yenidən müxtəlif məqamlarını, janrlarını, rənglərini, motivlərini, spektrlərini, yəni həm elmi, həm də praktik olaraq ortaya çıxaraq. Odur ki, dövlətimizin mədəniyyət siyasətində müstəqillik dövründə həyata keçirdiyi birinci məsələ bu idi.
Mədəniyyətin inkişafı ilə bağlı ikinci çox mühüm məsələ müasir tarixi şəraitdə, müasir üsullarla mədəniyyət və incəsənətin yaradılması və təqdimatıdır. Yəni tarixi mədəniyyəti dirçəltmək bir məsələ, onu müasir metodlarla həm respublikada, həm də dünyada təqdim etmək də ayrı bir məsələdir. Bu sahədə də dövlət siyasətində çox böyük nailiyyətlər, uğurlar qazanıldı.
- Qeyd etdiyiniz prosesdə hansı vasitələr əsas götürüldü?
- Əvvəlcə deyim ki, bu gün Azərbaycan bütün dünyaya açıq ölkədir. Dünyanın hər yerindən Azərbaycana müxtəlif mədəniyyətlərin daşıyıcısı olan insanlar gəlir və onlar mədəniyyətimizi görürlər. Onlar Azərbaycanın hansı mədəniyyətə, milli dəyərlərə, mentalitetinə nə dərəcədə malik olduğunu dərk edirlər. Buna görə də mədəniyyət və incəsənət nümunələri beynəlxalq standartlara uyğun şəkildə təqdim olunmalıdır. Yəni istər-istəməz bir böyük mədəniyyət abidəsinin təqdimatı üçün müəyyən infrastruktur olmalı, onu müşahidə edənə, ondan zövq alana şərait yaradılmalıdır. Bu şərait hazırda Azərbaycanda yaradılır və mənə elə gəlir ki, mədəniyyətin inkişafında ən böyük uğurlarımızdan biri də budur.
Bundan başqa, muğam sənəti Azərbaycanda çox yüksək səviyyədə təbliğ və təqdim olunur. Muğamın fəlsəfəsini, tarixi zənginliyini dərk etmək üçün çox böyük işlər görüldü. Ən böyük uğurlardan biri o oldu ki, gənclik muğama qayıtdı, bu sahədə yeni istedadlar ortaya çıxdı və onlar bütün dünyaya göstərdilər ki, bu ənənə Azərbaycanda hələ də yaşayır. Bu modernləşməni həyata keçirmək üçün ölkəmizdə dünya muğam ustalarının məclisləri keçirildi ki, bu sənət mübadiləsinin özü də çox böyük hadisə idi. Beləliklə, tarixən yaradılmış mədəniyyət dirçəldi və burada da müasir mədəniyyət texnologiyalarından istifadə olundu.
Nəhayət, müstəqillik dövründə digər bir yenilik hər bir sənət adamına, hər bir istedada dövlət qayğısının göstərilməsidir. Bu mədəniyyət və incəsənət sahəsində çox böyük məsələdir. Bir çox musiqi, teatr xadiminə, digər mədəniyyət və incəsənət ustalarına təqaüdlər, fəxri adlar verildi. Dövlətin maliyyə imkanları genişləndikcə, bu sahəyə mümkün qədər vəsait ayrılır. Ümumilikdə, ötən 20 il mədəniyyətin inkişafını sürətləndirən digər amillərlə yanaşı, dövlətin uğurlu mədəniyyət siyasəti ilə də xarakterizə olunmalıdır.
- Mədəniyyət siyasətinin möhkəmlənməsi, onun qanunvericilik bazasının yaradılması üçün hansı tədbirlər görüldü? Bu sahədə hansı boşluqlar mövcuddur?
- Etiraf edim ki, bu gün Azərbaycan mədəniyyətində baş verənlərin miqyasına baxanda bizim qanunvericiliyimiz hələ ki, bu inkişafın ardınca gedir. Doğrudur, biz mədəniyyətin ayrı-ayrı sahələri üzrə sahə qanunları qəbul etmişik. 1998-ci ildə «Mədəniyyət haqqında» qanun qəbul olunub. Mədəniyyətlə bağlı xeyli məsələlər müzakirə olunur, qanunvericilik şəklində ortaya çıxır. Məsələn, bu gün Azərbaycanda şou-biznesin fəaliyyəti ilə bağlı məsələlər ümumi ictimai mühitdə çox tez-tez müzakirə olunur. Mən deməzdim ki, qanunvericiliyimizdə az işlər görülüb, amma Azərbaycan mədəniyyətinin inkişaf sürətinə nəzər salsaq görürük ki, biz hələ çox işləməliyik. Ona görə də bu yaxınlarda bir neçə illik araşdırmalardan, təhlillərdən sonra Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə «Mədəniyyət haqqında» qanunun yeni redaksiyasını hazırladıq. Milli Məclisin üzümüzə gələn sessiyasında yəqin ki, bu məsələyə baxılacaq. Düşünürəm ki,«Mədəniyyət haqqında» qanun təkcə millət vəkilləri ilə deyil, mədəniyyət işçiləri, incəsənət xadimləri ilə müzakirə edilməlidir. Biz də buna çalışacağıq. Mən real hadisələrdən təcrid olunmuş deklorativ qanunların tərəfdarı deyiləm. Əslində bu gün Azərbaycanda buna ehtiyac da yoxdur. Çünki mədəniyyət və incəsənətin inkişafında dövlət siyasətinin kifayət qədər mükəmməl olması imkan verir ki, biz ən yüksək səviyyəli və hətta iddialı qanunlar hazırlayaq. Çünki praktik iş artıq buna şərait yaradır. Bununla belə çalışacağıq ki, perspektivlər daha çox nəzərdə tutulsun. Məsələn, bu gün mədəniyyət, incəsənət inkişaf edir, amma bununla yanaşı onun idarə olunması, dünyaya çıxarılması, istehlakçıya çatdırılması sahəsində problem var. Bu da Azərbaycanda prodüser institutunun zəif inkişaf etməsi ilə bağlıdır. Və yaxud yaradıcılıq təşkilatlarının statusu ilə bağlı məsələlər. Hətta parlamentdə də yaradıcı təşkilatların qeyri-hökumət təşkilatı statusunda olması və onların özü-özlərini maliyyələşdirmələri ilə bağlı bəzi fikirlər səslənir. QHT-lərlə yaradıcı təşkilatları eyniləşdirmək nəticə etibarilə bizim mədəniyyətimizə və incəsənətimizə zərbə vura bilər. Sabah millətin mənəviyyatının tarixi bu yaradıcıların əsərləri ilə ortaya çıxacaq. Mədəniyyət və incəsənət millətin bütün xarakterini, mentalitetini ifadə edir. Onun tərcümeyi-halını yazacaq bir yaradıcı təşkilat QHT kimi taleyin ümidinə buraxıla bilməz.
- Məlumdur ki, sovetlər dövrü ilə müqayisədə müstəqillik illərində Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında daha böyük imkanlar əldə etmişik. Bu baxımdan ötən 20 ildə mədəniyyətimizin beynəlxalq aləmdə təbliğini necə dəyərləndirirsiniz?
- Bu sahədə də son illər çox işlər görülüb. Azərbaycan mədəniyyətinin dünyada layiqincə tanıdılması müstəqilliyin verdiyi yeni keyfiyyətdir. Əlbəttə burada da müəyyən çətinliklər var. Çünki Azərbaycan Respublikası gənc dövlət, özünü dünyada tanıtmağa çalışan bir ölkədir. İstər-istəməz bu mədəniyyət dünyada böyük mədəniyyətlərlə yarışmalı, onlarla üz-üzə gəlməlidir. Hətta onlarla rəqabətə çıxmalıdır. Bu isə o qədər də asan məsələ deyil. Müxtəlif sərgilərin, mədəniyyət günlərinin təşkil olunması, Azərbaycanın mədəniyyət və incəsənət əsərlərinin dünyaya çıxarılması və beynəlxalq mədəni tədbirlərdə ölkəmizin təmsil olunması ilə bağlı çoxlu işlər görülüb.
Dünyanın özü də yeni mədəniyyət hadisələrində maraqlıdır. Amma əsas odur ki, mədəniyyət hadisəsi stabil və ardıcıl şəkildə millətin göstəricisi kimi, onun mövcudluğunun, müstəqilliyinin əlaməti kimi dünyada tanıdılsın. Bunun üçün, əlbəttə, mərkəzlər, xüsusi missiyalar olmalıdır ki, mədəniyyətimiz tanıdılsın. Bu işlər kifayət qədər planlı, əsaslı və ciddi şəkildə gedir. Xarici ölkələrdəki səfirliklərimizin nəzdində və yaxud müstəqil şəkildə Azərbaycan Mədəniyyət Mərkəzlərinin açılması olduqca vacibdir və dövlət rəhbərliyinin bu məsələyə xüsusi diqqət göstərməsi bizi sevindirir.
Mehparə