“Mütərcim” sərgi-yarmarkada 500-dək kitabla çıxış edəcək
   
   Xəbər verdiyimiz kimi, sentyabrın 28-dən 30-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Kitab istehsalı və satışı ilə məşğul olan qurumların əlaqələrinin genişləndirilməsi, bu sahə ilə bağlı yeniliklərin öyrənilməsi və tətbiqinə xidmət edən belə tədbirlər istehsalçı ilə istehlakçı arasında körpü rolunu da oynayır. Bu baxımdan naşirlər beynəlxalq sərgi-yarmarkaya böyük ümidlər bəsləyirlər. Tədbir barədə fikirlərini bizimlə bölüşən «Mütərcim» Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin icraçı direktoru Əliş Ağamirzəyev sərginin bu mənada böyük önəm daşıdığını vurğuladı.
   
   - Biz iki il əvvəl keçirilən birinci sərgi-yarmarkada da iştirak etmişdik. Həmin sərgi zamanı biz həm yerli, həm də xarici nəşriyyatlarla əlaqə imkanı qazandıq, beynəlxalq təcrübədən yararlandıq, çap sahəsindəki bir çox yeniliklərlə tanış olduq. Birinci sərgi nəşriyyat işində canlanma yaratdı. Tədbirin ənənə halını alması həqiqətən sevindirici haldır. Sərgiyə hazırlıqla bağlı bir araya gələrək söhbətlər etmişik. Budəfəki sərgi-yarmarkanın ərazi baxımından daha geniş məkanda - Əl Oyunları İdman Sarayında keçirilməsi də onun önəmini artırır.
   Bilirsiniz ki, hazırda ölkəmizdə nəşriyyat məhsulunun oxucuya çatdırılma prosesində müəyyən çətinliklər var. Bu baxımdan sərgi oxucuların kitablarla, nəşrlərlə sıx əlaqəsinə zəmin olacaq. Bəzən Azərbaycanda kitab işi, mütaliə haqqında danışanda insanların kitab oxumamasından gileylənirlər. Amma sərgiyə gələn insanların sayını görəndə məlum olur ki, bu gün insanlar həqiqətən də kitab oxuyurlar. Sadəcə, oxucuya kitabı təqdim etmək lazımdır.
   Onu da deyim ki, bizdə kitab satışı şəbəkəsi zəifdir. Bu barədə danışarkən adətən təkcə Bakını nəzərə alırlar, oxucu potensialının geniş olduğu bölgələri unudurlar. Gəlin, görək, bölgələrdə kitab mağazaları nə qədərdir və əhalinin tələbatını qarşılaya bilirmi? Bu problem Bakı üçün də aktualdır. Doğrudur, son zamanlar paytaxtdakı kitab mağazalarının sayı artıb. Amma bu kifayət deyil. Sərgi bu kimi problemlərin də həllinə kömək etmiş olacaq.
   - Kitab istehsalı və təbliği sahəsində kitab mağazaları ilə yanaşı istehsalçı olaraq sizlər də maraqlı olmalısınız. Digər tərəfdən nəşr olunan məhsul oxucu sorğusu və tələbatına uyğun olmalıdır. Yəqin belə olarsa, təbliğ və satış işi də maneəsiz ötüşər.
   - Kitab təbliğ olunmalı məhsuldur. Son illərdə kitab oxuyanların sayı artıb. Amma yenə kitab təbliğ olunmalıdır. Biz məhz bu yolla oxucuların sayının daha da artmasına nail ola bilərik. Hər bir halda kitab satışının artması oxucuların sayının artdığını da göstərir. Ümumiyyətlə son vaxtlar kitab satışı işini uğurla həyata keçirən kitab mağazaları fəaliyyətə başlayıb. Bu tip kitab mağazaları reklama, təbliğata kifayət qədər maliyyə xərcləyirlər. Sərf olunan vəsait isə son nəticədə kitabın qiymətində özünü göstərir. Belə mağazalardakı kitabların qiyməti də yüksək olur. Digər mağazalarda isə təbliğat və reklamla məşğul olmadıqlarından onların əlavə xərcləri olmur. Buna görə də belə mağazalarda kitab ucuz olur. Digər biznes növlərindən fərqli olaraq kitab yaradıcı biznesdir. Ona görə də nəşriyyatlar özlərini maliyyələşdirməyi də bacarmalıdırlar. Bunun üçün isə kitablar satılmalıdır.
   - Sizin təmsil etdiyiniz nəşriyyat II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına necə hazırlaşır? Sərgidə oxucuları hansı işlərlə cəlb edəcəksiniz?
   - Sərgi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göndərilən sorğulara cavab verilib. Sərgi-yarmarkada təxminən 300-500 adda kitabla çıxış etmək fikrimiz var. Sərginin şərtinə əsasən, son bir neçə ilin kitabları təqdim oluna bilər. Biz 2008-2011-ci ilin nəşrlərini nümayiş etdirəcəyik. Özümüzün stend və pavilyonumuz olacaq. Müəlliflərlə görüşlər təşkil edəcəyik. Oxuculara kitab hədiyyəsini də nəzərdə tutmuşuq.
   - «Mütərcim» nəşriyyatının beynəlxalq əlaqələri barədə nə deyə bilərsiniz? Xarici nəşriyyat və ya müəlliflərdən sifarişlər alırsınızmı?
   - Beynəlxalq əlaqələrimiz az da olsa, var. Ümumiyyətlə isə Azərbaycan nəşriyyatlarının bir neçəsini çıxmaq şərti ilə digərlərinin beynəlxalq əlaqələri çox zəifdir. Qloballaşan dünyada yaşayırıq. Beynəlxalq əlaqə həm təcrübə mübadiləsi, həm də nəyisə öyrənmək baxımından çox əhəmiyyətlidir. Sərgi əslində nəşriyyatlara beynəlxalq əlaqələr qurmaq üçün də geniş imkan yaradır. Birinci sərgidə Qazaxıstan nümayəndə heyəti ilə görüşlərimizin müsbət nəticəsi oldu. Onlarla əsasən elmi əsərlərin, məqalələrin nəşri sayəsində razılaşmışdıq və bu öz nəticəsini göstərdi. Bu gün də onlarla əlaqələrimiz var. Qazaxıstan alimlərinin məqalələrinin ölkəmizdə nəşr olunmasında, bizim alimlərin isə kitab və məqalələrinin Qazaxıstanda çapı ilə bağlı bir-birimizə yardımçı oluruq. Sərgiyə bu dəfə daha çox nəşriyyatın dəvət olunması bu əlaqələrin qurulması üçün uğurlu olacaq.
   Xarici nəşriyyat və ya müəlliflərdən sifarişlərə gəlincə, bizim əsas işimiz dünya ədəbiyyatı əsərlərini tərcümə etməkdir. Onu da deyim ki, «Qızıl kəlmə» ədəbi mükafatının qaliblərindən ikisi - Kamran Nəzirlinin «Heç kim, heç vaxt ölmür», Telman Vəlixanlının tərcüməsində Fyodor Dostoyevskinin «Karamazov qardaşları» əsərlərini çap etmişik. Əsasən tərcümə ədəbiyyatı üzərində dayansaq da, xarici ölkələrdən də bizə müəlliflər gəlir. Bir neçə il əvvəl türk yazarı Həsən Erkəyin və Georgi Kurkinin əsərlərini rus dilində nəşr etmişik.
   Bu günə qədər Gürcüstan, Macarıstan, İran və Sankt-Peterburqda keçirilən beynəlxalq kitab sərgilərində iştirak etmişik. Belə layihələrdə xarici nəşriyyatların kitab təcrübələrini öyrənirik.
   
   Gülər Nizamiqızı