Vahid Əhmədov: “Tədbirlər Planında nəzərdə tutulan işlərin həyata keçirilməsi bu inkişafa yeni təkan olacaq”
   
   “Bu il dövlət müstəqilliyimizin 20 ili tamam olur. Bu illər ərzində ölkəmiz çox şeylərə nail olub. Azərbaycan müstəqil dövlət kimi öz sərvətlərinin tam sahibidir, ölkəmiz öz neft və qazı ilə, digər iqtisadi göstəriciləri ilə dünya iqtisadi sistemində layiqli yer tutub. Bu gün dünyada çox ciddi siyasi proseslər, iqtisadi böhranlar baş verir. Amma bunların bizim ölkəmizə ciddi təsiri olmur. Çünki Azərbaycan iqtisadi cəhətdən özünü tam təmin edən, bu sahədə uğurla inkişaf edən güclü bir dövlətə çevrilib”
   
   Bu gün Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinə qədəm qoyan və böyük perspektivlər vəd edən sahələrindən biri turizmdir. Ölkə prezidenti tərəfindən 2011-ci ilin “Turizm ili” elan edilməsi, bununla bağlı Tədbirlər Planının təsdiq edilməsi bu sahəyə dövlət səviyyəsində diqqətin artmasının göstəricisidir. Tanınmış iqtisadçı, millət vəkili, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovla söhbətimiz də Azərbaycanda turizm sektorunun inkişaf perspektivləri barədədir.
   
   - Vahid müəllim, bu gün turizm dünya iqtisadiyyatının əsas istiqamətlərindən biri kimi qəbul edilir. Bu baxımdan Azərbaycanda turizmin inkişafını necə qiymətləndirirsiniz?
   - Turizm çox gəlirli və geniş fəaliyyət imkanları olan bir sahədir. Turizm potensiallı ölkələr bu sahədən il ərzində külli miqdarda gəlir əldə edir, dövlət büdcələrinin böyük hissəsini turizm hesabına formalaşdırırlar. Qardaş Türkiyədə turizm sektorunun inkişafı buna bariz misaldır. Azərbaycanda da turizmin inkişafı üçün hərtərəfli şərait var. Son illər ölkəmizdə bu sahənin daha sürətli inkişafına nail olmaq üçün dövlət səviyyəsində, o cümlədən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. 2011-ci ilin «Turizm ili» elan edilməsi də bunun göstəricisidir. Sözsüz ki, bu sahənin inkişafını ləngidən amillər də var və onların aradan qaldırılması üçün işlər görülür. Bunlardan ən mühümü qiymət məsələsidir. Bizdə turistlərin istirahəti üçün qiymətlər yüksəkdir. Fikrimcə, qiymətlərin baha olmasının səbəblərindən biri də hələlik ölkə ərazisində turizm obyektləri şəbəkəsinin geniş şəkildə təşəkkül tapmaması ilə bağlıdır. Yəqin ki, turizm müəssisələrinin sayı artdıqca, azad rəqabət sayəsində qiymətlər də nəzərəçarpacaq şəkildə enəcək. Son illər Bakıda və bölgələrdə yeni hotellər, istirahət mərkəzləri açılır. Xüsusilə ölkəmizdə 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə bağlı dövlət başçısı tərəfindən təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulan işlərin həyata keçirilməsi turizmin inkişafına təkan olacaq.
   - Turizm haqqında yeni qanun layihəsi hazırlanır. Yeni qanunun qəbulu, sizcə, hansı zərurətdən irəli gəlir?
   - Turizm Azərbaycanda yeni və əhəmiyyətli bir sahədir. Xüsusilə də regionlarda turizmin inkişafı diqqət mərkəzindədir. Ölkə prezidentinin imzaladığı Tədbirlər Planında da regionlarda turizmin inkişafı haqqında müəyyən işlərin görülməsi bir neçə bənddə öz əksini tapıb. Fikrimcə, əvvəlki qanunda nəzərdə tutulan vəzifələrin bir çoxu artıq həyata keçirilib. Dünyada turizmin inkişaf tendensiyası da daha operativ və daha geniş, yüksək səviyyədə beynəlxalq turizm bazarına inteqrasiya olunmağı, standartlara uyğun turizm xidmətini təşkil etməyi, keyfiyyəti yaxşılaşdırmağı, turizm üçün insan ehtiyatlarının hazırlanmasının beynəlxalq şərtlərə uyğunlaşdırılmasını, ölkənin turizm potensialını daha geniş təbliğ etməyi tələb edir. Ona görə də ölkəmizdə Turizm haqqında yeni qanunun qəbul edilməsi vacibdir. Sənəd Milli Məclisə daxil olduqda biz onunla ətraflı tanış olub, təkliflərimizi verəcəyik.
   - Yeni qanunun regionlarda turizmin inkişafına da zəmin yaradacağını dediniz. Ümumiyyətlə, regionlarda turizmin inkişafını sürətləndirmək üçün hansı tədbirlərin görülməsi vacibdir?
   - Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar artıq ikinci Dövlət Proqramı icra olunur. Proqram 2009-2013-cü illəri əhatə edir. Bu sənəddə hansı regionda nə kimi işlər görülməsi məsələsi öz əksini tapıb. Birinci proqram çərçivəsində çox işlər görülüb. Turizmin inkişaf etdirilməsi regionun iqtisadi inkişafından çox asılıdır. Həmin ərazinin elektrik enerjisi ilə, qazla, su ilə təmin edilməsinin, yollarının təmirinin böyük əhəmiyyəti var. Ölkə ərazisində yol infrastrukturunun qurulması haqqında prezident İlham Əliyevin bir neçə sərəncamı olub. Regionların qazla təmin edilməsi ilə əlaqədar xüsusi proqram qəbul edilib. Hazırda bölgələrimizdə elektrik enerjisi sarıdan elə bir problem yoxdur, su ilə bağlı mövcud çətinliklər də aradan qaldırılmaqdadır. Yəni regionlarda turizm müəssisələrinin normal fəaliyyət göstərməsi üçün birinci növbədə bu problemlər tam həll olunmalıdır ki, bu, yerlərdə iş qurmaq istəyən sərmayədarları da cəlb etsin. Bu gün ölkəmizin müxtəlif regionlarında sahibkarlar turizm fəaliyyəti ilə məşğul olurlar, ayrı-ayrı bölgələrdə iri layihələr icra olunur. Qusarda qış-yay turizm kompleksinin inşası, Qubada, Qəbələdə, Şəkidə, İsmayıllıda, Şamaxıda və digər rayonlarda istirahət mərkəzlərinin, hotellərin tikilməsi də dediklərimi sübut edir. Regionlarda turizmin inkişafı üçün ilk şərt infrastruktur layihələrinin həyata keçirilməsidir ki, bu da həllini tapmaqdadır.
   - “Turizm ili” ilə bağlı Tədbirlər Planında orta və kiçik sahibkarlara güzəştli kreditlərin ayrılması ilə bağlı bənd də var. Bu istiqamətdə hazırda hansı işlər görülür?
   - Turizm fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlara kreditlərin verilməsi ilə bağlı problem yoxdur. Sahibkarlığa Kömək Milli Fondu son illər bu məsələyə daha ciddi yanaşır. Sahibkarlar bununla bağlı bizə - millət vəkillərinə də müraciət edirlər, birbaşa fondla da əlaqə saxlayırlar. Fondun nümayəndələri regionlara gedirlər, təqdim edilən layihələri araşdırır, kreditləri paylayırlar. Bu məsələ artıq öz həllini tapıb. Kreditin alınmasının şərtləri var. Bu şərtlər də banklarla bağlıdır. Müraciət edən sahibkarın girovu və ya əmlakı olmalıdır.
   - Azərbaycana gəlmək istəyən əcnəbilərin turizm şirkətləri vasitəsilə viza almasını asanlaşdırmaq məqsədilə «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» qanuna əlavə və dəyişikliklər qəbul edildi. Viza qaydalarının sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayına nə dərəcədə təsir göstərəcək?
   - Vizaların elektron qaydada rəsmiləşdirilməsi qaydası ölkəmizə gəlmək istəyən əcnəbilərin rahatlığı və prosesin şəffaflığı baxımından mühüm yenilikdir. Bu istiqamətdə ölkə prezidenti tərəfindən mütəmadi olaraq, Milli Məclisə müəyyən sənədlər göndərilir. Təbii ki, viza ilə bağlı məsələdə ehtiyatlı olmaq lazımdır. Amma turistlərin rahat viza ala bilməsinə mümkün qədər şərait yaradılmalıdır. Çünki bu, ilk növbədə, sizin də qeyd etdiyiniz kimi, ölkəyə gələn turistlərin sayına müsbət təsir göstərər. Yeni qaydalar tətbiq edildikdən sonra Azərbaycanın səfirliyi olmayan ölkələrdə insanlar respublikamıza viza almaq üçün daha üçüncü ölkəyə getmək məcburiyyətində qalmayacaqlar. Onun müraciət etdiyi turizm şirkəti rahat şəkildə elektron yolla viza almaq üçün sənədləri üçüncü ölkədəki Azərbaycan səfirliyinə çatdıracaq. Bu isə öz növbəsində ölkəmizə gələn turistlərin sayına müsbət təsir göstərəcək.
   - Hazırda müzakirə olunan məsələlərdən biri də Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük məsələsidir. Sizcə, Azərbaycanın bu quruma üzvlüyü ölkəmizdə turizm sektorunun inkişafına hansı töhfəni verə bilər?
   - Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük məsələsi mütəmadi olaraq müəyyən dairələrdə müzakirə olunur. Biz bu problemi həmişə qaldırırıq. Əlbəttə, Azərbaycan ticarətinin inkişafı üçün ölkəmizin bu quruma daxil olması çox vacibdir. Amma buna mane olan bir sıra problemlər mövcuddur. Bu problemlər həm Xarici İşlər Nazirliyi, həm də İqtisadi İnkişaf Nazirliyi tərəfindən müxtəlif dövlət qurumlarında müzakirə olunur. Həmin nazirliklərin nümayəndələri ilə Milli Məclisin İqtisadiyyat komissiyasının üzvlərinin görüşləri keçirilir. Xarici ölkələrlə də bu istiqamətdə daima müzakirələr gedir. Elə etməliyik ki, Dünya Ticarət Təşkilatına üzvlük bizə ciddi problemlər yaratmasın, əksinə, iqtisadiyyatımızda mövcud olan neqativ halların aradan qaldırılmasında kömək olsun. Bu quruma üzvlük Azərbaycan iqtisadiyyatının, o cümlədən də turizmin inkişafına təkan verər. Dünyanın iqtisadi baxımdan ən qüdrətli dövlətlərinin üzv olduğu bir təşkilatın tədbirlərində yaxından təmsil olunmağımız bizim həmin dövlətlərlə iqtisadiyyatın bütün istiqamətləri üzrə əlaqələrimizin genişlənməsinə səbəb olar.
   - Qarşıdan Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20 illik yubileyi gəlir. Bu illər ərzində Azərbaycan xüsusilə turizm sahəsində hansı uğurları əldə edib?
   - 1991-ci ildə parlamentdə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına imza atan deputatlardan biri də mənəm. Hesab edirəm ki, Azərbaycanın gələcəyini azad, müstəqil, firavan görmək istəyən hər bir şəxs bu addımı atardı. Bu il oktyabrın 18-də müstəqilliyimizin 20 ili tamam olur. Bu illər ərzində ölkəmiz çox şeylərə nail olub. İqtisadi sahədə böyük uğurlara imza atmışıq. Azərbaycan artıq müstəqil dövlət kimi öz sərvətlərinin tam sahibidir, ölkəmiz öz neft və qazı ilə, digər iqtisadi göstəriciləri ilə dünya iqtisadi sistemində layiqli yer tutub. Bu gün dünyada çox ciddi siyasi proseslər, iqtisadi böhranlar baş verir. Amma bunların bizim ölkəmizə ciddi təsiri olmur. Çünki Azərbaycan iqtisadi cəhətdən özünü tam təmin edən, bu sahədə uğurla inkişaf edən güclü bir dövlətə çevrilib. 30 milyard dollara yaxın valyuta ehtiyat fondumuz var. Bu rəqəm növbəti illərdə qat-qat artacaq. Bütün bunlar təbii ki, iqtisadiyyatın mühüm qolu olan turizmin daha da sürətli inkişafına zəmin yaradacaq. Azərbaycan gün-gündən inkişaf edir. Arzu edirəm ki, bu inkişaf, bu tərəqqi əbədi olsun.
   
   Fəxriyyə Abdullayeva