Müsahibimiz mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevdir. Onunla sentyabrın 28-dən 30-dək Əl Oyunları İdman Sarayında keçiriləcək II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası barədə söhbət etdik.
   
   - Vaqif müəllim, düşünmək olar ki, Azərbaycan nəşriyyatları və oxucularımız dəyərli bir tədbir ərəfəsindədir...
   - Bəli, doğrudan da belədir. Bakıda keçirilən beynəlxalq kitab sərgisi həm Azərbaycan kitabının təbliği, tanıdılması baxımından, həm də inkişaf etmiş ölkələrin kitab təcrübəsini paylaşmaq baxımından olduqca əhəmiyyətlidir. Yəqin xatırlayırsınız, I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası iki il öncə, 2009-cu ilin sentyabrında təşkil olunmuşdu. Bu tədbirə qədər ölkəmiz dünyanın bir çox məşhur kitab sərgilərində uğurla iştirak etmişdi, kifayət qədər təcrübə toplanmışdı. Artıq Azərbaycanda beynəlxalq kitab sərgisi keçirməyin əsl zamanı idi. 2009-cu il 10-12 sentyabr tarixlərində Muzey Mərkəzində keçirilən I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 20 xarici ölkədən 35-ə yaxın, Azərbaycandan isə 60-dan artıq yerli nəşriyyat və poliqrafiya müəssisəsi iştirak etmişdi. Builki tədbirdə isə ölkəmizdən 100-dən çox, xarici ölkələrdən isə 20-dən artıq çap-poliqrafiya müəssisəsi və kitab mərkəzləri iştirak edirlər.
   - Kitab sərgisində ölkə nəşriyyatlarına yaradılan şərait həm də bu sahənin inkişafına dövlət qayğısının təcəssümüdür...
   - Azərbaycan dövləti mədəniyyətin bütün sahələri kimi nəşriyyat və poliqrafiya sahəsinin inkişafı, kitabın geniş şəkildə təbliğ olunması baxımından bir sıra tarixi işlər görmüşdür. Bu barədə danışarkən, şübhəsiz ki, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli və “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi haqqında” 24 avqust 2007-ci il tarixli sərəncamlarından söz açmalıyıq. Bu sərəncamlar yeni nəsillə həm Azərbaycanın klassik və müasir ədəbiyyatı, həm də dünya ədəbiyyatı arasındakı maneəni qaldırdı, ölkə kitabxanalarının bazasının zənginləşməsinə geniş imkanlar yaratdı. Son 5-6 ildə isə kitabla bağlı ölkəmizin tarixi üçün əhəmiyyətli olan daha çox layihələr həyata keçirilib. Bu barədə saatlarla danışmaq olar. Buraya kitabxana binalarının əsaslı təmiri, ən müasir texniki avadanlıqla təchiz olunması, elektron informasiya mərkəzlərinin yaradılması, yüksək səviyyəli kitabların nəşri və onların ölkə kitabxanalarına hədiyyə edilməsi, kitabla əlaqədar çoxsaylı tədbirlərin, sərgilərin, bayramların keçirilməsi, nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizin iştirakının təmin edilməsi, müsabiqələrdə Azərbaycan kitabının yüksək yer tutması və s. kimi mühüm hadisələr daxildir.
   Təbii ki, həmişə olduğu kimi, bu gün də, lap konkretləşdirsək, elə bu kitab sərgisində də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitab nəşri ilə məşğul olan müəssisələrin hər birinə gözəl şərait yaradılmış, öz stendlərini qurmaq, çap məhsullarının satışını təşkil etmək imkanı verilmişdir. Statistikadan da göründüyü kimi, ötən sərgidən fərqli olaraq çap-poliqrafiya müəssisələri indi daha çox fəallıq göstərir və əlbəttə ki, bu bizi sevindirir.
   - Başa çatan hazırlıq işləri sizi qane etdimi?
   - Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunan II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına çox ciddi hazırlıq gedib, bununla əlaqədar təşkilat komitəsi və işçi qrup yaradılıb. Təşkilat komitəsinin tərkibi Mədəniyyət və Turizm Nazirliyinin məsul işçilərindən və əlaqədar qurumların nümayəndələrindən ibarətdir. Təşkilat Komitəsi və işçi qrupu bir neçə aydır ki, ciddi fəaliyyət göstərir və hesab edirəm ki, kifayət qədər qənaətbəxş işlər həyata keçirilib. Əl Oyunları İdman Sarayında 1200 kvadratmetr sahədə stendlər qurulub, sərginin gedişində bütün zəruri xidmətlər göstəriləcək.
   - Tədbirin proqramı barədə nə deyə bilərsiniz?
   - Sərginin zəngin proqramı vardır. Buraya kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar və s. daxildir.
   Cənab prezidentin sərəncamına əsasən son illərdə teatr binaları, konsert-tamaşa yerləri yüksək səviyyədə təmir edilib. Təmir edilən binalar haqqında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İlham Rəhimlinin “Yeniləşən mədəniyyət - yeniləşən məkanlar” seriyasından beş kitabı çap olunub. Sərgidə ilk təqdimat mərasimi bu kitablarla bağlı olacaqdır.
   Cənab prezidentin daha bir sərəncamı ilə 150 cildlik “Dünya ədəbiyyatı” seriyası nəşr olunur. Sərgidə bu seriyanın indiyə qədər çap olunmuş nümunələrinin də təqdimatı keçiriləcəkdir.
   MDB məkanında həyata keçirilən mədəni layihələr çərçivəsində Azərbaycanda Ukrayna şairi Taras Şevçenko və tatar şairi Abdulla Tukayla bağlı tədbirlər nəzərdə tutulub. Sərgidə hər iki tanınmış şairin yaradıcılığına həsr olunan ədəbi-bədii kompozisiya təşkil ediləcəkdir.
   Daha bir tədbir prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı imzaladığı sərəncamla əlaqədar olacaq. Sərgi çərçivəsində “Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı” mövzusunda simpozium keçiriləcək.
   Bundan əlavə, hər bir nəşriyyata imkan yaradılacaq ki, istədikləri müəlliflərin imza, istədikləri kitabların təqdimat mərasimlərini keçirsinlər.
   Sərgi günlərində Mədəniyyət və Turizm Nazirliyinin iki ildən bir keçirdiyi “Qızıl kəlmə” ədəbi mükafatının 2011-ci ildəki qalibləri və Azərbaycan Yazıçılar Birliyi ilə birgə yaradılan və 2 illik uğurlu fəaliyyəti ilə yadda qalan Gənc Ədiblər Məktəbinin müdavimləri ilə görüşlər də təşkil olunacaqdır.
   - Mədəniyyət və Turizm Nazirliyinin nəşrləri ayrıca nümayiş olunacaqmı?
   - Mədəniyyət və Turizm Nazirliyi dövlət əhəmiyyətli nəşrlərlə bağlı bir neçə layihə həyata keçirəcək. Milli Kitabxana ilə birlikdə Azərbaycanda kitabın bugünkü mənzərəsini əks etdirən böyük ekspozisiyanın təşkili nəzərdə tutulub. Ölkəmizin tarixi və mədəniyyətinin ən aktual problemlərinə həsr edilmiş kitablardan ibarət olan bu ekspozisiya Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunacaq.
   Sərgi-yarmarkada əlamətdar hadisələrdən biri də bu olacaq ki, Naxçıvan Muxtar Respublikasına və Qarabağa həsr olunan ayrıca ekspozisiyalar təşkil ediləcək.
   Sözümün sonunda bir daha bütün oxucularımızı, bütün kitabsevərləri sərgidə fəal iştiraka dəvət edirəm.
   - Müsahibəyə görə çox sağ olun.