Müsahibimiz “Şərq-Qərb” nəşriyyat evinin nəşriyyat və beynəlxalq əlaqələr üzrə baş direktorunun müavini Rasim Müzəffərlidir
   
   "Şərq-Qərb" Nəşriyyat evi 1986-cı ildən fəaliyyət göstərir və hər il ümumi tirajı 1 milyondan çox yüksək səviyyəli çap məhsulları istehsal edir. Prezidentin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamın icrası ilə əlaqədar olaraq, "Şərq-Qərb" tərəfindən yüzlərlə kitab nəşrə hazırlanıb və milyonlarla tirajla çap olunub.
   
   Ölkə başçısının "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında" 24 avqust 2007-ci il tarixli sərəncamının icrası ilə bağlı 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" da nəfis tərtibatla burada nəşr edilir.
   "Şərq-Qərb" Nəşriyyat evində 200-dən çox nəşriyyat və poliqrafiya sahəsində təcrübəsi olan yüksək ixtisaslı mütəxəssislər çalışır. Nəşriyyat evi 2007-ci ildə Moskva şəhərində keçirilən MDB ölkələri "Kitab mədəniyyəti" Beynəlxalq müsabiqəsinin I dərəcəli diplomuna layiq görülüb. 2009-cu ildə I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştirakına görə diplomla təltif olunub. 2010-cu ilin oktyabrında "Şərq-Qərb" Nəşriyyat evi Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan şirkətləri arasında ilk dəfə ayrıca stendlə iştirak edib.
   
   - Rasim müəllim, artıq ikinci dəfədir ki, Bakıda Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Bu sərgiyə necə hazırlaşmısınız?
   - Kitab yarmarkalarının, kitab sərgilərinin nəşriyyatlar, kitabsevərlər, ümumilikdə cəmiyyətimiz üçün böyük əhəmiyyəti var. Son zamanlar elektron informasiya daşıyıcıları, internet kitaba, jurnala marağı bir qədər azaldıb. Amma kitabdan alınan zövq hələ uzun müddət yəqin ki, qalacaq. Necə ki, istər kompyuterdə, istər DVD-də filmlərə baxırıq, amma kinoteatra gedib filmə baxmağın və yaxud teatra gedib tamaşaya baxmağın tamam başqa ab-havası, başqa ləzzəti var. Bu nöqteyi-nəzərdən cəmiyyətimizdə, xüsusi ilə də gənclər arasında kitaba, mütaliəyə olan marağın artırılmasında belə sərgilərin əhəmiyyəti, şübhəsiz ki, böyükdür. “Şərq-Qərb” nəşriyyat evi mütəmadi olaraq bu yarmarkalarda, sərgilərdə iştirak edir, öz məhsullarını geniş oxucu kütləsinə çatdırmağa çalışır. Builki sərgi-yarmarkada 2011-ci ildə çap etdiyimiz 200 adda çap məhsulları ilə iştirak edəcəyik.
   
   Nəsiminin şeirləri ilk dəfə alman dilində təqdim olunacaq
   
   Nəşriyyatımız xarici ölkələrdə keçirilən sərgilərdə də fəal iştirak edir. Hər il Frankfurtda dünyanın ən iri kitab yarmarkası keçirilir. 2010-cu ildə biz həmin yarmarkada Azərbaycan şirkətləri arasında ilk dəfə ayrıca stendlə iştirak etdik. Hazırda oktyabrın 12-16-da növbəti Frankfurt sərgisinə də hazırlaşırıq. Bu dəfə xüsusi bir töhfəmiz də olacaq, Frankfurt Beynəlxalq Kitab Yarmarkasında klassik Azərbaycan şairi Nəsiminin alman dilində şeirlər kitabının təqdimatını keçirəcəyik. Bu çox böyük bir layihədir. Artıq bir ildir ki, bu layihə üzərində işləyirdik. Nəsiminin 120 şeiri əvvəlcədən seçilmişdi, sonra Almaniyanın Mayns universitetinin türkoloqları, Almaniyada nəsimişünas kimi tanınmış alimlər tərəfindən bu şeirlər hərfi tərcümə olundu, sonra Almaniyanın tanınmış şairləri bu şeirləri Nəsimi tərzinə uyğun şəkildə hazırladılar. Daha sonra bunun üzərində yenidən türkoloqlar, dilşünaslar işləyib Nəsimi ruhuna daha da yaxınlaşdırdılar. Kitab yaxın günlərdə çap olunub sərgiyə göndəriləcək.
   
   Nəşriyyat işində Almaniya təcrübəsini örnək aldıq
   
   - 2010-cu ildə “Şərq-Qərb” nəşriyyat evi Almaniyanın Frankfurt şəhərində nümayəndəlik də açıb. Niyə məhz Almaniyanı seçdiniz?
    - Almaniya çap texnologiyalarına, keyfiyyətli çap məhsullarına görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Nümayəndəlik açılmamışdan əvvəl də biz Almaniyanın ən qabaqcıl nəşriyyatlarının çap məhsullarını alırdıq və yenə alırıq. ”Şərq-Qərb”in nəşriyyat departamenti ilk növbədə orta məktəb dərslikləri ilə əlaqədar fəaliyyət göstərməyə başladı. Təhsil Nazirliyinin keçirdiyi tenderlərdə iştirak etdik və uğur qazandıq. Bu istiqamətdə Almaniyanın təcrübəsini öyrənmək bizim üçün çox önəmli oldu. Çünki Almaniyanın təhsil sistemi, dərslikləri Avropada ən qabaqcıl təcrübələrdən sayılır. Biz bu nəşriyyatların təcrübəsini öyrənməyə başladıq. Alman dərsliklərinin tərtibatı, materialı təqdim etmək üsulları, formaları ilə tanış olduq, tək dərslik sahəsində yox, ümumiyyətlə, nəşriyyat sahəsində alman təcrübəsini örnək kimi qəbul etdik. Həmin nümayəndəliyin açılmasının da əsas səbəblərindən biri məhz alman təcrübəsini həm çap, həm nəşriyyat, həm kitab biznesi sahəsində öyrənmək idi. Bu addım artıq öz bəhrələrini verməkdədir.
   - “Şərq-Qərb” nəşriyyat evini başqa nəşriyyatlardan fərqləndirən başlıca cəhətlər hansılardır?
   - Bu fərqli cəhətlərdən biri bizim iş təcrübəmizlə bağlıdır. “Şərq-Qərb” vaxtı ilə 4 nömrəli Bakı mətbəəsi bazasında yaranmış bir müəssisədir. Ona görə də bizdə mətbəəçilik ənənəsi çox yüksəkdir və bizim mütəxəssislərimiz var ki, artıq 25 ildən çoxdur burada işləyirlər. “Şərq-Qərb”in daha bir üstünlüyü ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən nəşriyyatların çoxunun mətbəəsi, mətbəələrin də bir çoxunun nəşriyyatı yoxdur. Sözün əsl mənasında nəşriyyat evi deyiləndə daxilində həm mətbəə, həm operativ çap, həm nəşriyyat və digər yardımçı xidmətlərin bir məkanda, müəssisədə mövcud olması nəzərdə tutulur. “Şərq-Qərb”də bu saydıqlarımın hamısı birləşib. Əgər vaxtı ilə bir sıra çap məhsulları Birləşmiş Ərəb Əmirliklərində, Rusiyada, Almaniyada, Türkiyədə, hətta Çində çap olunurdusa, bu gün həmin məhsulları burada və rəqabətə davamlı qiymətlərlə hazırlamaqda və çap eləməkdə heç bir çətinlik yoxdur. “Şərq-Qərb”in adında da bir üstünlük var. Biz Qərb texnologiyaları ilə Şərq qabiliyyətini birləşdirməyə çalışırıq.
   - Nəşriyyatınız 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”nı nəşr edir. Bu sahədə işlər nə yerdədir?
   - 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”ndan 75 kitab artıq hazırdır, onlardan 60-a yaxını artıq çap olunub. Slavyan Universiteti ilə “Şərq-Qərb” nəşriyyat evinin nəşriyyat departamenti bu cildlər üzərində işləyir. Güman edirəm ki, istər tərtibat, istər məzmun nöqteyi-nəzərindən çox müasir kitablar çap edirik.
   
   Təranə Vahid