Müasir dünyaya inteqrasiya edən Azərbaycanda bütün sahələrdə olduğu kimi, kitab nəşri sahəsində də, yeni standartlar tətbiq edilməkdədir. Bu baxımdan məktəblər üçün həm məzmun, həm poliqrafiya baxımından yüksək keyfiyyətli dərsliklərin hazırlanması xüsusi önəm kəsb edir.
Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı ilə söhbətimiz də bu sahədə görülən işlər, dərsliklərin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı oldu. Nazirlik rəsmisinin sözlərinə görə, 1999-cu ildən həyata keçirilən təhsil islahatlarının mühüm tərkib hissəsi təhsilin məzmunu və dərslik siyasəti ilə bağlıdır:
- Bu illər ərzində dünya təcrübəsinə əsasən yeni kurrikulum əsasında dərsliklər hazırlamağa başlamışıq. 2008-ci ildə ibtidai siniflər üzrə biz kurrikulumun tətbiqinə başlamışıq. Artıq 5-11-ci siniflərin də kurrikulumları hazırlanıb və növbəti dərs ilində dərsliklərinin hazırlanması ilə bağlı elan vermişik. Onu da deyim ki, kurrikulum əsasında hazırlanmış dərsliklər komplekt halındadır: dərslik, müəllim kimi metodik vəsait və iş dəftəri. Bu il təkcə 4-cü siniflər üçün 40 adda dərslik və müəllim üçün vəsait, 7-11-ci siniflər üçünsə 38 adda vəsait hazırladıq. Onu da deyim ki, dərsliklərin hazırlanması üçün nazirlikdə Qiymətləndirmə Şurası yaradılıb. Şuraya Milli Məclisin üzvləri, ayrı-ayrı elm sahələrini əhatə edən mütəxəssislər daxildir. Bundan başqa bu il Bakı, Abşeron və Sumqayıtın təxminən 200-ə qədər qabaqcıl müəllimi, eləcə də ekspertlər qiymətləndirməyə cəlb olunub. Məsələn, bu il hər bir dərslik komplektini 3 ekspert qrupu qiymətləndirmişdi. Məqsəd bundan ibarət idi ki, obyektivlik daha yaxşı olsun, şəffaflıq qorunsun.
- Dərsliklərin hazırlanmasında hansı ölkələrin təcrübəsindən yararlanırsınız?
- Uzun müddət bu sahədə çalışan şəxs kimi dünyanın bir çox ölkələrində dərslik nəşri işi ilə tanış olmuşam. Əminliklə deyə bilərəm ki, bizim dərsliklər bu ölkələrin dərsliklərindən geri qalmır. Biz təhsildə qiymətləndirmə mexanizmlərini öyrənmişik. Hər il öz mütəxəssislərimizi xarici ölkələrə göndərib bu təcrübəni öyrənirik. Dünyada qəbul edilmiş meyarlar, standartlar var. Bu mənada deyərdim ki, bizə Türkiyə təcrübəsi daha yaxındır. Bu il Təhsil Nazirliyinin xətti ilə Türkiyədən 7 mütəxəssis dəvət etdik. Onlar qiymətləndirmə ilə bağlı ayrı-ayrı mütəxəssislərlə görüşüb fikirlərini bildirdilər. Dərsliklərimizi həm məzmununa, həm də poliqrafik keyfiyyətinə görə qənaətbəxş hesab etmək olar. Amma təbii ki, bu son hədd də deyil. Dərsliklərimizdə müəyyən qüsurlar da var, xüsusilə, tərcümə dərsliklərində müəyyən xətalara yol verilir. Bu da o sahə üzrə mütəxəssislərin azlığından irəli gəlir. Çünki terminologiyanı bilməyəndə müəyyən səhvlərə də yol verilir. Amma düşünürəm ki, məzmunda qətiyyən səhvlərə yol vermək olmaz. Əlbəttə, bunları aradan qaldırmağa çalışırıq. Biz həmişə deyirik ki, nəşriyyatlar redaktə, korrektə işini gücləndirməlidir. Bu da yavaş-yavaş yoluna düşür. Hər halda biz daha da yaxşı işləməliyik. Onu da qeyd edim ki, biz dərslik hazırlanmasında, məsələn, Türkiyənin təcrübəsindən öyrənməklə yanaşı, bu ölkədə dərsliklərin qiymətləndirilməsində də iştirak etmişik. Onlar bizim dərslik nümunələrimizi yüksək qiymətləndirirlər. Bir sözlə, artıq öz yolumuz və təcrübəmiz var.
- Bəs kitabların çap edilməsi ilə bağlı proseduralar necə həyata keçirilir?
- Bu proses tam müasir, şəffaf formada həyata keçirilir. Nəşriyyatlar bu tenderlərdə iştirak edir. Onlar müəllifləri özü seçir və buna görə də kimin hansı formada seçilməsi artıq onların öz işləridir. Sonda dərsliklər qiymətləndirilir və əgər keçirsə, müqavilələr bağlananda dərsliklərin müəllifinin kim olduğu bilinir. Həmin dərslikləri qiymətləndirdikdə onun müəllifinin kim olduğunu bilmirik. Yalnız sonda qiymətləndirmədən keçən müəlliflərlə müqavilə bağlanan zaman onların kim olduqlarını bilirik. Tenderlərdə «Çaşoğlu», «Xəzər», «Təhsil», «Azpoliqraf», «Kövsər» və digər nəşriyyat-poliqrafiya müəssisələri iştirak edir.
- Faiq müəllim, Bakı ikinci dəfə Beynəlxalq Kitab Sərgi-Yarmarkasına ev sahibliyi edir. Tədbirin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Bu gün dünyanın müxtəlif ölkələrində beynəlxalq kitab sərgi və yarmarkaları keçirilir. Təbii ki, həmin sərgilərə gedərkən özümüzlə nəşrlərimizi, dərslik nümunələrini aparırıq. Məsələn, Litvada olarkən öz dərsliklərimizi göstərdim və onlar inanmadılar ki, Azərbaycanda belə dərsliklər nəşr edilir. Beynəlxalq sərgilər həm də mədəniyyətlərin dialoquna xidmət edir. Qloballaşan dünyada bütün sahələrdə, o cümlədən də, kitab sahəsində mübadilə imkanları yaranıb. Nəhayət, bu tədbirlər nəticə etibarilə kitabın təbliğinə, cəmiyyətin mənəvi inkişafına xidmət edir. Bu baxımdan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə artıq ikinci dəfə ölkəmizdə Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirilməsini yüksək qiymətləndiririk. Mədəniyyət və Turizm Nazirliyinin müraciətinə əsasən nəşriyyat-poliqrafiya müəssisələrinə məktubla tövsiyə etmişik ki, tədbirdə fəal iştirak etsinlər. Sərgi-yarmarkaya uğurlar diləyirik.
Mehparə