“Oxucuların yaxşı kitaba hər zaman marağı var, sadəcə, bu yaxşı kitabları nəşr etmək lazımdır”
   
   Mətbuat səhifələri və telekanalların vaxtaşırı müzakirə etdikləri məsələlərdən biri də müasir dövrdə Azərbaycan oxucusunun kitaba münasibətidir. İstər ziyalılar, istərsə də naşirlər əhali arasında kitaba marağın azalmasından gileylənirlər. Mütəxəssislər isə məhz geniş oxucu marağının təmin olunacağı təqdirdə kitab işinin inkişafına təkan veriləcəyini düşünürlər.
   
   II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ərəfəsində mövzu ilə bağlı BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Bayram Allahverdiyevlə söhbət etdik. Azərbaycanda mükəmməl oxu mədəniyyətinin formalaşdığını deyən mütəxəssisin fikrincə, bu sahədə problemlər daha çox nəşriyyatların fəaliyyətindən qaynaqlanır, kitaba marağın azalması isə oxucu tələbatına cavab verməyən çap bumu ilə əlaqədardır:
   - Azərbaycanda kitaba münasibət tarixən çox yaxşı olub, ona müqəddəs məfhum kimi dərin hörmət və ehtiram göstərilib. Bu da daha çox müqəddəs kitabımız olan «Qurani-Kərim»lə bağlıdır. Çünki Azərbaycanda kitabın yaranması İslam dininin yayıldığı dövrə təsadüf edir. İslamın təbliği məqsədilə müqəddəs kitabın üzü xəttatlar tərəfindən köçürülərək geniş coğrafiyada yayılırdı. Ölkəmizdə kitab tarixinin əsasını əlyazma kitabları təşkil edir. Zəngin və özünəməxsus əlyazma ənənələri sayəsində fərqli formaya malik Azərbaycan əlyazma kitabları yaranıb, sonradan çap işi, kitabın kütləvi nəşri prosesinin ilkin mərhələsi başlanıb. Azərbaycanda əlyazma kitabları XVIII əsrədək çox məşhur olub, bu gün də dünyanın məşhur kitabxana və muzeylərində minlərlə belə nümunələr qorunub saxlanılır. Məsələn, təkcə Nizami Gəncəvinin əsərlərinin 900-dən çox əlyazma nüsxəsi var. Bunun özü xalqın kitaba, yazılı fikrə münasibətinin göstəricisidir. Bu nümunələr həm də sənət əsəri kimi istər zamanında, istərsə də indi yüksək bədii dəyərə malik olub. Əlyazma sənəti və onun inkişafı dövrün dövlət rəhbərlərinin də diqqət mərkəzində olmuş, məşhur nəqqaş və xəttatlar saraylara dəvət edilərək əlyazma sənətinin inkişafına yönləndirilmişlər. Bu sənətkarların gözəl ornamentlərlə bəzədikləri nümunələr isə, təbii ki, saray kitabxanalarını zənginləşdirməklə yanaşı, həm də Azəbaycan xəttatlıq məktəbini tanıtmışdır.
   - Kitabşünaslar Azərbaycanda kitab çapının geniş təşəkkül dövrü olaraq ötən əsrin 20-30-cu illərini qeyd edirlər. Təbii ki, sovet hakimiyyəti o dövrdə kitabdan həm də güclü təbliğati və ideoloji vasitə kimi istifadə edirdi. Sonrakı dövrləri necə xarakterizə edərdiniz?
   - Kitabdan ideoloji təbliğat vasitəsi kimi hər zaman yararlanıblar. Bu da təbiidir. Çünki kitab digər informasiya vasitələrinə nisbətdə daha əhatəli və məzmunludur. Sovet hakimiyyəti də bunu yaxşı dərk edərək, kitabdan ideoloji vasitə kimi istifadə edib. Təsadüfi deyil ki, 1930-1931-ci illərdə Azərbaycan SSR-də 1576 adda 10 milyon nüsxə kitab çap olunaraq yayılıb. Bununla yanaşı, sovet rejimi kitaba geniş repressiyalar da tətbiq edib. İstər müqəddəs kitablar, istərsə də milli-ideologiyanı təbliğ edən mütəfəkkir və ədiblərin əsərləri ya ciddi senzuradan keçib, ya da ümumiyyətlə çap olunmayıb. Amma bütün bunlarla yanaşı Azərbaycan kitabının intibahı sovet dövrünə tasadüf edib. Ötən əsrin 70-80-ci illərində respublikamızda kitab nəşri daha da genişlənib. 80-ci illərdə 1200-1300 adda 14-15 milyon nüsxə kitab çap olunub.
   - 90-cı illərin əvvəlində, digər sahələrdə olduğu kimi, kitab nəşri sahəsində də zəifləmə özünü göstərdi. Bir tərəfdən kitab nəşri işində ideoloji buxovlardan qurtularaq sərbəstlik əldə etdik, digər tərəfdən kitab çapında, yayımında tənəzzül yarandı...
   - 90-cı illərin əvvəli bizə dövlət müstəqilliyini, suverenliyi gətirdi. Onilliklər boyu hökm sürən rejim, ideoloji sistem dağıldı. Təbii ki, bu, iqtisadi və siyasi tərəfləri ilə yanaşı, mənəvi baxımdan da təsirsiz ötüşmədi. Xüsusilə ilk dövrlərdə nəşriyyatların maddi-texniki bazaları zəifləyərək günün tələblərilə ayaqlaşmaqda çətinlik çəkdi, oxucu tələbatını ödəyə bilmədi. Çünki sovet dönəmində nəşriyyatlar birbaşa dövlətdən maliyyələşirdi. Bu maliyyə mənbəyi olmadığından kitab nəşrində həm kəmiyyət, həm də keyfiyyət baxımından problemlər yarandı. Bütün bunlar kitab-oxucu əlaqəsini də zəifləti. Amma 90-cı illərin sonundan vəziyyət düzəlməyə başladı. Ümummilli lider Heydər Əliyevin mətbuatda senzuranın ləğvi ilə bağlı 6 avqust 1998-ci il tarixli fərmanı mətbuatla yanaşı, nəşriyyat işinin inkişafına da təkan verdi. 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, nazirliyin tabeziliyindəki mətbəə və nəşriyyatların əksəriyyəti özəlləşdirildi. Özəl nəşriyyat sektoru yarandı ki, bu da prosesi müsbət yönə dəyişdi. Hazırda Azərbaycanda qeydiyyatdan keçən 400-dən çox nəşriyyat tərəfindən hər il 4-5 min adda kitab buraxılır.
   - Bayram müəllim, mütəxəssis olaraq bu gün kitab nəşrində kəmiyyət və keyfiyyət məsələsində necə, tarazlıq görürsünüzmü? Etiraf edək ki, əksər çap məhsullarına baxdığımızda onların mövzu ilə yanaşı, texniki tərtibatında da qüsurlar görürük. Baxmayaraq ki, ümumilikdə kitab nəşri sahəsində mühüm texniki inkişaf var....
   - Düzdür, istər kəmiyyət, istərsə də keyfiyyət sarıdan ciddi narahatlıq var. Amma əsas nöqsan çap olunan kitabların oxucu sorğularına əsaslanmaması, bu tələbata yönəlməməsidir. Hər nəşriyyat isdədiyini çap edir, oxucu da bu kitabları alıb oxumayanda xalqın kitaba maraq göstərməməsindən şikayətlənirlər. Hələ sən gör, bu kitab alan nə istəyir, sonra gileylən. Əvvəllər kitablar müəyyən oxucu sorğularına əsasən çap olunurdu və elə ona görə də mütaliə problemindən danışılmırdı. İndi bu yoxdur. Bu da onu göstərir ki, hələ naşirlərin işi istənilən səviyyədə deyil. Onlar kitab çapı nöqteyi-nəzərindən oxucu marağını, xalqın mənafeyini düzgün qiymətləndirə bilmirlər. Belə olan halda da kitab nəşri bir çox hallarda sırf kommersiyaya çevrilir. Sifarişçi nə istəyirsə, nəşriyyatlar da onu çap edirlər. Təbii ki, nəticədə bu, Azərbaycan kitabına, kitab işinə ziyan vurur. Bu baxımdan mən kitab nəşri və yayımına dövlət tərəfindən nəzarətin tərəfdarıyam.
   Digər tərəfdən bu, həm də bəzi naşirlərin “xalqın kitaba marağı azalıb”, “mütaliə səviyyəmiz çox aşağıdır” kimi gileylərini azaldar. Necə yəni millətin mütaliə səviyyəsi aşağıdır? Mən bu fikirlə qətiyyən razı deyiləm. Xalqımız tarixən mütaliəyə bağlı olub. Azərbaycanın istənilən ailəsində şəxsi kitabxana, heç olmasa 30-40 adda kitab var. Bunun özü mütaliəyə, kitaba sevgi deyilmi? Oxucuların yaxşı kitaba hər zaman marağı var, sadəcə, bu yaxşı kitabları nəşr etmək lazımdır. Kadr çatışmamazlığından da şikayətlənmək yersizdir. Çünki hər il Bakı Dövlət Universitetini nəşriyyat işi və redaktəetmə ixtisası üzrə onlarla gənc bitirir. Naşirlərin də vəzifəsi o kadrları öz nəşriyyatlarına cəlb etməklə keyfiyyətli kitablar çap etməkdir. İndi kitabların bir çoxu korrektura və redaktə səhvləri ilə doludur, texniki redaktə və bədii tərtibat məsələləri aşağı səviyyədədir. Kitabı sevdirmək üçün kitabın bədii tərtibatını, mövzu gərəkliyini daim diqqətdə saxlamaq lazımdır. Kitab həm də böyük ideologiyadır. Məhz ona görə də kitaba dövlət nəzarəti lazımdır. Heç olmazsa nəşriyyat şurası və ya elə naşirlərin toplaşaraq təsis edəcəkləri bir qurum olmalıdır. Kitabın keyfiyyəti, məzmunu və tərtibatı kompleks şəkildə nəzarətdə saxlanılmalıdır.
   - Bayram müəllim, son olaraq paytaxtımızda keçirilən kitab bayramı, II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası barədə fikirlərinizi öyrənmək istərdik.
   - Mədəniyyət və Turizm Nazirliyi tərəfindən artıq ikinci dəfə belə beynəlxalq tədbirin keçirilməsini müsbət qiymətləndirirəm. Düşünürəm ki, Azərbaycan kitabının beynəlxalq miqyasda təbliğinə yönələn bu tədbir bayaqdan sadaladığımız problemlərin aradan qaldırılmasına da təsir edəcək. Kitaba sevgi və diqqətin təzahürü olan bu tədbiri alqışlayır, sərgi-yarmarkaya uğurlar diləyirəm. Müasir dövrdə Azərbaycan kitabı və oxucusunun, kitabsevərlərin belə böyük tədbirdə bir araya gələrək kitab bayramını qeyd etmələri sevindirici haldır.
   
   Həmidə Nizamiqızı