Onur Bilgi Kula: “Kitab sərhədləri aşan, nəsildən nəslə keçən dəyərlərin, ən önəmli bilgi, sənət təcrübəsinin mühüm mübadilə vasitəsidir”
   
   II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında qardaş Türkiyə də geniş şəkildə təmsil olundu. Sərgidə iştirak edən Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayınlar baş idarəsinin müdiri, professor Onur Bilgi Kula ilə tədbirin əhəmiyyəti bərədə qısa söhbət etdik.
   
   - Onur bəy, Bakıda artıq ikinci dəfə keçirilən beynəlxalq kitab sərgisini necə dəyərləndirirsiniz?
   - Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana və Yayınlar baş idarəsi olaraq bu beynəlxalq sərgidə iştirakı olduqca mühüm hesab edirik. Azərbaycanlı qardaşlarımızla mədəniyyətin digər sahələrində olduğu kimi, kitab nəşri, yayımı sahəsində təcrübəmizi paylaşmaq hər zaman bizə xoşdur. Artıq ikinci dəfədir ki, Bakıda keçirilən sərgidə iştirak edirik. Bu sərgilər həm də ədəbiyyat, fəlsəfə, estetika sahəsində maraqlı müzakirələr, təcrübə mübadiləsi üçün gözəl mühitdir. Kitab, ədəbiyyat xalqlar, ölkələr arasında münasibətlərdə önəmli körpüdür. Azərbaycanda kitaba böyük marağın olması bizi məmnun edir. Kitab sərhədləri aşan, nəsildən nəslə keçən dəyərlərin, ən önəmli bilgi, estetik, sənət təcrübəsinin mühüm mübadilə vasitəsidir. Onun dəyərini ölçmək çox çətindir.
   Digər tərəfdən nəşriyyatların, kitab yazarlarının, tərcüməçilərin mütəmadi görüşləri mədəni əlaqələrə töhfə verir. Biz də Türkiyə ilə Azərbaycan arasında bu sahədə əlaqələrin genişlənməsini istəyirik.
   - Yeri gəlmişkən, ölkələrimiz arasında kitabxana əməkdaşlığı sahəsində vəziyyət necədir? Sizcə, hansı sahələrdə nəşrlər daha çox mübadilə edilməlidir?
   - Azərbaycan bizə qardaş ölkədir. Burada görə biləcəyimiz çoxlu işlər var. Azərbaycanda nəşr edilən kitabların Türkiyədə yayımlanması, eləcə də Türkiyədə nəşr olunan kitabların burada yayılması mühüm önəm kəsb edir. Çünki bu bizim xalqlarımızın düşüncə və estetik təcrübəsinin məhsullarıdır. Biz iki xalq olaraq bunları paylaşmalı və bölüşməliyik. Məncə, bütün sahələrdə mübadilə olmalıdır. Çünki kitab çapı sahəsində Azərbaycanın inkişafa nail olduğu sahələr var. Biz indi onlardan qürur duyaraq yararlanırıq. Eləcə də Türkiyənin inkişaf əldə etdiyi sahələr mövcuddur.
   - Türkiyə beynəlxalq sərgilərə, tədbirlərə ev sahibliyi etməkdə daha böyük təcrübəyə malikdir. Bu baxımdan Bakıda keçirilən sərgi sizdə hansı təəssüratı yaratdı?
   - İstanbulda da artıq neçə illərdir ki, beynəlxalq kitab sərgisi keçirilir və Azərbaycanın bu tədbirdə iştirakı bizim üçün çox önəmlidir. Azərbaycanın dünyaya açılmaq, tanınmaq istəyən nəşriyyatlarının sərgiyə qatılmasını arzu edirik. Doğrudur, onlar sərgidə iştirak edirlər, amma düşünürəm ki, daha çox sayda gələ bilərlər. Çünki Türkiyə hər zaman Azərbaycanı öz qardaşı kimi görüb, eləcə də Azərbaycanda Türkiyəyə qardaş münasibəti bəsləyirlər. Türkiyə dünya ilə münasibətləri baxımından daha geniş imkanlara malikdir. Azərbaycanda kitab sərgisi hələ ikinci dəfədir ki, keçirilir və düşünürəm ki, növbəti illərdə ölkələrin iştirakı daha geniş olacaq. Bir məqamı da xüsusi olaraq vurğulayım ki, Türkiyə və Azərbaycanın mədəniyyət və turizm nazirlikləri arasında bu sahədə əlaqələr yüksək səviyyədədir. Bu sərgi-yarmarkada da iştirakdan çox məmnunuq.
   - Sərgidə hansı kitablarla iştirak etdiniz?
   - Biz bura sadəcə nazirlik olaraq çap etdiyimiz hədiyyə kitabları, məşhur yazarların əsərləri və ya onlardan bəhs edən kitabları gətirdik. Bundan başqa özəl nəşriyyatların kitabları da çox faydalıdır. Türkiyədə 1700-dən çox nəşriyyat fəaliyyət göstərir və bizim nəşriyyatların bu sərgiyə qatılmaları ən böyük diləyimizdir.
   
   Mehparə