“Azərbaycan özünün sürətli inkişaf dövrünü yaşayır. Bu tərəqqinin gətirdiyi maliyyə imkanları, sözsüz ki, Azərbaycanın daha da güclənməsinə, sosial dövlətin möhkəmlənməsinə, əhalinin rifah halının yaxşılaşmasına, eləcə də mədəniyyətin, elmin, təhsilin daha da inkişaf etməsinə əlavə zəmin olacaq”
   
   Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 20 il keçir. 1991-ci ilin 18 oktyabrında parlamentdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı”nın qəbul edilməsi ilə ölkəmiz yeni dövrə - milli dövlət quruculuğu mərhələsinə qədəm qoydu. Ölkəmizin istiqlala qovuşması, müstəqillik dövründə Azərbaycanın inkişafı hansı tarixi proseslərlə yadda qalıb? Tarix elmləri doktoru, professor, Milli Məclisin üzvü Musa Qasımlı ilə söhbətimiz bu barədədir.
   
   - Musa müəllim, Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən dövrə nəzər salsaq, hansı tarixi məqamları qeyd etmək olar?
   - Ötən illərin mahiyyətini dərindən dərk etmək üçün yaxın tarixi keçmişə nəzər yetirmək həm praktik siyasət, həm də tarixi, elmi-nəzəri baxımdan böyük əhəmiyyət kəsb edir. Müsəlman Şərqinə cümhuriyyət məfkurəsini və idarə üsulunu gətirən, müstəmləkə zülmü altında inləyən xalqlara nicat yolunu göstərən Azərbaycan xalqının 1918-ci ilin 28 mayında qurduğu Xalq Cümhuriyyəti 1920-ci ilin 28 aprelində bolşevik Rusiyasının istilasına məruz qaldı, milli dövlət süquta uğradı. Azərbaycan Sovet Sosialist Respublikası quruldu. Bundan sonra müstəqil dövlətçiliyin atributları düşünülmüş şəkildə məhv edilməyə başlandı. XX əsrin 20, 30 və 40-cı illəri sovet dövlət quruculuğu adı altında Azərbaycanın mərkəzə daha çox bağlanması, millətçi, pantürkçü, turançı adı altında milli ruhlu ziyalıların məhv edilməsi, amansız təqiblər, repressiyalar və ruslaşdırma siyasəti ilə yadda qaldı. Mərkəz Azərbaycanı daim sıxır, istiqlal fikrini amansızlıqla məhv etməyə çalışırdı. Sovet lideri Stalinin ölümündən sonra ölkədə nisbi yumşalma baş versə də, bu situasiyadan milli məsələlərin həlli üçün lazımınca istifadə etmək mümkün olmadı. Azərbaycan yenidən sıxışdırılmağa başlandı.
   1969-cu ildən sonra vəziyyət dəyişdi. Azərbaycanda Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Moskvanın respublikaya münasibəti tədricən dəyişdi. Azərbaycanın gələcək istiqlalı üçün lazım olan ilkin maddi və mənəvi şərtlər məhz sovet sistemi şəraitində yetişdi. İstiqlal fikrini xarici ölkələrdə qoruyub saxlayan Azərbaycan mühacirətinin nümayəndələri vətənə dəvət olunmağa başladılar. Azərbaycanda xalqla hakimiyyət arasında birlik yaradıldı. Milli kadrların hazırlanmasına və hakimiyyət orqanlarına yerləşdirilməsinə, ana dilindən istifadəyə üstünlük verildi. İstiqlal məfkurəsini əsər və düşüncələrində daşıdıqları üçün əvvəlki illərdə təqib olunmuş alim, şair, yazıçı və jurnalistlər azad nəfəs aldılar. Belə şəxsləri mərkəzi hökumətin cənginə verməyən Heydər Əliyev onlara yüksək fəxri adlar, vəzifələr verərək qoruyur və toxunulmaz edirdi. Tarixi, mədəni və ədəbi irsin qorunmasına xüsusi qayğı göstərildi.
   SSRİ dağılarkən Azərbaycan ağır bir vəziyyətdə idi. Ermənistanın təcavüzü davam edir, Azərbaycanda xaos hökm sürürdü. Sovet rəhbərliyi Azərbaycan xalqını cəzalandırmaq məqsədilə 1990-cı il yanvarın 20-də Bakıda və respublikanın digər yerlərində dinc əhaliyə qarşı qırğın törətdi. Bu, Azərbaycan xalqının istiqlala gedən yolunu kəsmək və gözünü qorxutmaq üçün edilmişdi. Belə bir şəraitdə heç bir rəsmi vəzifə daşımayan Heydər Əliyev xalqının yanında oldu. O, sərt nəzarət altında yaşamasına baxmayaraq, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı 20 Yanvar hadisəsindən sonra Moskvadakı Azərbaycan daimi nümayəndəliyinə gəlib bəyanat verərək, bu qırğına qarşı etiraz səsini ucaltdı. Onun bu hərəkəti minlərlə insana bir nümunə oldu. 20 Yanvardan sonra Azərbaycan xalqı Moskva ilə yolunun bir olmadığı qənaətinə gəldi. Bu, bir dönüş anı idi. Artıq Azərbaycan xalqının dövlət müstəqilliyini bərpa etməsindən başqa yolu qalmırdı. Azərbaycan istiqlalın bərpasının astanasında idi.
   Moskvada sovet rəhbərliyinin sərt nəzarəti altında yaşamaq çətinləşdiyindən Heydər Əliyev Azərbaycana döndü, Naxçıvana gedərək xalqın etimadı ilə muxtar respublikaya rəhbərlik etməyə başladı. Beləliklə, Naxçıvanda Azərbaycan milli dövlətçiliyinin bərpası yolunda mühüm addımlar atıldı. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvanda rəsmi şəkildə - parlamentdə (Ali Məclisdə) ucaldıldı.
   1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpa edilməsi, heç şübhəsiz, Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri oldu. Dövlət müstəqilliyinin bərpası xalqın tarixi nailiyyəti idi. SSRİ-nin dağılması və Azərbaycanın yenidən müstəqilliyə qovuşmasından sonra xalqın və dövlətin qarşısında əsasən aşağıdakı vəzifələr dururdu: dövlət müstəqilliyini qorumaq; Ermənistanın təcavüzünü dayandırmaq; diktaturadan demokratiyaya, planlı təsərrüfatdan azad bazar iqtisadiyyatına keçid.
   - Amma bu məqsədlərə nail olmaq asan başa gəlmədi. Müstəqilliyin ilk illəri Azərbaycanda xaos, böhran və daxili qarşıdurmalarla yadda qaldı. Buna səbəb nə idi?
   - Buna səbəb o idi ki, respublikanın bir-birini əvəz edən rəhbərləri bu vəzifələri yerinə yetirə bilmədilər. Hakimiyyət ilə xalq arasında uçurum yarandı. Hakimiyyət qanadları arasında ziddiyyətlər dərinləşdi. Ölkənin daxili və xarici siyasəti ağır vəziyyətə düşərək dalana dirəndi. Xarici düşmən qüvvələr Azərbaycanın müstəqilliyini məhv etmək üçün hərəkətə keçdilər. Ermənistanın işğalının davam etdiyi bir şəraitdə 1993-cü ildə Gəncədə yerləşən hərbi hissədə qiyam baş verdi. Qiyamı yatıra bilməyən Xalq Cəbhəsi hakimiyyəti ölkədə baş verən proseslər üzərində nəzarəti tamamilə itirdi. Azərbaycanın şimalında və cənubunda xaricdən dəstək alan separatçılıq hərəkətləri gücləndi. Ölkə parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Azərbaycanın dövlət müstəqilliyi məhv olurdu. Mənəvi-psixoloji böhran içində boğulan xalqda sabaha ümidsizlik yaranmışdı. O, nicat yolu arayırdı. Ölkəni ağır vəziyyətdən çıxarmaq üçün təşkilati, dövlət idarəçiliyi bacarığına malik olmayan hakimiyyət daxildə xalqın dəstəyini qısa müddətdə itirmiş, beynəlxalq aləmdə ölkəni təcridə gətirmişdi. Nəticədə vəzifədə olanlar bir-birinin ardınca istefa verərək məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular. Xalqın dövləti dağılmaqdan qoruyan güclü liderə ehtiyacı var idi.
   Belə bir çətin, mürəkkəb şəraitdə Azərbaycan xalqı Naxçıvana - Heydər Əliyevə üz tutdu. Respublika rəhbərliyi xalqın tələbləri əsasında Heydər Əliyevi Bakıya dəvət etdi. O, Azərbaycan parlamentinin sədri, daha sonra prezident kimi ağır bir vəzifəni yerinə yetirməli idi. Xalqın inamına görə, yalnız Heydər Əliyev Azərbaycan dövlətini dağılmaqdan qurtara, milləti mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın davam edən işğalını dayandıra, ölkəni fəlakətə düçar etmiş xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi.
   Heydər Əliyev Bakıya gələn kimi qiyamın baş verdiyi Gəncəyə getdi. Xalqın içində oldu. Bundan sonra Gəncədə sabitlik tədricən bərqərar olmağa başladı. Heydər Əliyev ölkənin problemlərinin həllində məhz xalqa, onun dəstəyinə arxalandı. Azərbaycanın cənubunda baş qaldıran separatçılıq bilavasitə xalqın iradəsi ilə dəfn edildi. Xalq ayağa qalxıb milli dövlətini müdafiə etdi. Heydər Əliyev hakimiyyətə gələrkən ölkənin xarici siyasəti böhran içində idi. Diplomatiya xalqın və dövlətin qarşısında duran əsas xarici siyasət vəzifələrini yerinə yetirə bilmir, dövlət quruculuğu və xalqın təhlükəsiz yaşayışını təmin etmək üçün əlverişli beynəlxalq şərait yarada bilmirdi. Xarici siyasət dövləti dalana sürükləyən biristiqamətli xətt üzrə həyata keçirilirdi. Azərbaycan xalqı və dövlətinin maraqlarına cavab verməyən belə xarici siyasət xəttindən imtina olundu və tarazlaşdırılmış xarici siyasət dövlətin beynəlxalq fəaliyyətinin əsasını təşkil etdi. Azərbaycanın tərəfdaş qonşuları, ticarət ortaqları, strateji tərəfdaşları və strateji müttəfiqləri müəyyənləşdirildi. Azərbaycan İran və Rusiya ilə dinc qonşuluq münasibətləri qurmaq üçün addımlar atdı. Türkiyə və Gürcüstan ilə strateji müttəfiqlik xətti seçildi. Qardaş Türkiyə ilə qarşılıqlı münasibətlərin maddi təməlləri möhkəmləndirildi. Azərbaycan Avropa ailəsinin bərabərhüquqlu üzvünə çevrildi. Ölkənin beynəlxalq nüfuzu artdı. Bütün bu addımların Azərbaycanın müstəqillik tarixində müstəsna rolu oldu.
   - Yeri gəlmişkən, əldə edilmiş nəticələr hazırda müasir cəmiyyətimizdə özünü necə büruzə verir?
   - Heydər Əliyevdən sonra hakimiyyətə gələn prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu, ölkə modernləşməyə başladı. Tarixi təcrübə göstərir ki, hər hansı bir ölkənin çoxlu maliyyə vəsaitləri və təbii sərvətləri ola bilər. Lakin əgər bu təbii sərvətlər milli sərvətə çevrilmirsə, yeni texnologiyalar tətbiq edilmirsə, ölkə inkişaf etmiş dövlətlərdən geri qalır, onlarla rəqabətə tab gətirmir. Azərbaycanda bütün bunlar nəzərə alınaraq müasir inkişaf strategiyası müəyyənləşdirildi. Azərbaycanı satış bazarına çevirmək istəyən bəzi ölkələr özləri Azərbaycanda istehsal olunan məhsullar üçün satış bazarına çevrildilər.
   Ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasına, qaçqın və məcburi köçkünlər olmasına baxmayaraq, ölkədə tikinti-quruculuq işləri genişləndirildi. Böyük bir inkişaf dövrü başladı. Azərbaycan borc alan ölkədən borc verən, kapital ixrac edən ölkəyə çevrildi.
   Müstəqilliyin ilk illərində enerji təchizatı sarıdan problemlərlə üzləşən Azərbaycan enerji təhlükəsizliyini nəinki təmin etdi, eyni zamanda “qoca dünyanın” - Avropanın, “yeni dünyanın” - ABŞ-ın, bütövlükdə dünyanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri təkcə iqtisadi deyil, siyasi, strateji əhəmiyyət daşıyaraq Azərbaycanın müstəqilliyinin beynəlxalq təminatlarına çevrildi. Bu kəmərlər Avrasiyanın geosiyasətini dəyişdirdi. Ölkənin paytaxt şəhərinin sakinlərinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi istiqamətində ciddi addımlar atıldı. Oğuz-Qəbələ-Bakı su kəməri çəkildi. Azərbaycan su təchizatı sarıdan təhlükəsizliyini təmin etdi. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin uğurla başa çatması ilə Azərbaycan Avropa-Asiya nəqliyyat dəhlizində, tarixi İpək Yolu üzərində dünyanın nəhəng nəqliyyat qovşağı olan bir ölkəyə çevriləcək. Yüklərin həmin yol ilə daşınmasından dövlət büdcəsinə böyük vəsait daxil olacaq.
   Bu gün Azərbaycan özünün sürətli inkişaf dövrünü yaşayır. Bu tərəqqinin gətirdiyi maliyyə imkanları, sözsüz ki, Azərbaycanın daha da güclənməsinə, sosial dövlətin möhkəmlənməsinə, əhalinin rifah halının yaxşılaşmasına, eləcə də mədəniyyətin, elmin, təhsilin daha da inkişaf etməsinə əlavə zəmin olacaq.
   
   Mehparə