Sentyabrın 23-də onun 60 yaşı tamam oldu. Teatrda uşaq rollarında görməyi öyrəşdiyimiz Məsumə Babayevaya 60 yaşı necə verəsən? Bəstəboylu, şirin, mehriban və gülərüz simalı aktrisa hələ də uşaq rollarında səhnəyə çıxır və diqqət yetirdikdə belə onun 60 yaşı olduğunu təsəvvür etmək çətindir.
   
   Məsumə Babayeva hələ Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsində təhsil alarkən, Dövlət Akademik Dram Teatrında bəzi tamaşalarda böyük sənətkarlarla çiyin-çiyinə çalışıb. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib.
   Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif səpgili obrazlar yaradıb: Süleyman Sani Axundovun «Qaraca qız» əsərinin tamaşasında Qaraca qız, İlyas Əfəndiyevin «Büllur sarayda» əsərində Sədaqət, «Aycan» tamaşasında (Xanımana Əlibəyli) Aycan, «Əlvida, Hindistan»da (Qeybulla Rəsulov) Kiçik Ramo, «Mənim nəğməkar bibim»də (Əkrəm Əylisli) Sadıq, «Sınaq pillələri»ndə (Ramiz Heydər) Hafiz və s.
   Səhnədə daha çox uşaq rollarını canlandıran aktrisa ilk olaraq elə uşaqlığını xatırlayıb, çox erkən yaşlarından aktrisalığa meylli olmasından danışdı:
   - Atam hansı məclisə gedərdisə, məni ora şeir söyləməyə aparardı. Yaxşı şeir deyə bildiyimə görə mənimlə fəxr edirdilər. 1-ci sinifdə «Ana və poçtalyon» şeirinin vurğunu olmuşam. Elə bil o şeirdə baş verənlər sonradan mənim həyatımda baş verdi, həyatıma hopdu. Məktəbdə oxuduğum illərdə dərnəklərə getməyə başladım. Yaşadığım Əmircan kəndindəki klubda səhnəyə qoyulan tamaşalarımıza baxanlar mənim barəmdə deyirdilər ki, bu uşağın gələcəyi var. Böyüdükcə aktrisa olmaq həvəsi məndə güclənirdi. İllər keçdikcə mən bu sənətin vurğunu olurdum. Ailəmizdə isə aktrisalıq sənətini seçməyimi istəmirdilər. Hətta evdə məni Politexnik İnstitutuna hazırlayırdılar. Mən isə aktrisa olacağımı bildirdim və sənədlərimi İncəsənət İnstitutuna verdim. İxtisas imtahanını Rza Təhmasib, Fikrət Sultanov, Əzizağa Quliyev, Müxlis Cənizadə götürürdü. İmtahanı uğurla verib çıxanda içəridən mənim haqqımda bunu dediklərini eşitdim: “Heyf, boyu balacadır”. O biri imtahanlarımı verib, instituta daxil oldum. Yaşar Nuri, Zərnigar Ağakişiyeva və digər sənətkarlarla bir yerdə oxumuşuq. İnstitut vaxtı F.Şillerin «Məkr və məhəbbət», İ.Əfəndiyevin «Bahar suları» tamaşalarında oynamışam.
   Gənc Tamaşaçılar Teatrına 1972-ci ildə təyinatla gəlmişəm. Burada ilk illərdən uğur qazandım. Deyirdilər, başqaları pilləkənləri bir-bir çıxır, sən iki-iki çıxırsan. Debütüm Xanımana Əlibəylinin əsəri əsasında Ulduz Əliyevanın hazırladığı «Aycan» tamaşası oldu. Bu tamaşa ilə qastrollara gedib, çıxışıma görə mükafatlar almışam. Çox uğurlu tamaşadır və burada oğlan rolunda çıxış etmişəm. Sonralar da oğlan rolları oynamaqda davam etdim və «Sehrli yaylıq»da Eldar rolunu canlandırdım.
   - Sənət aləminə daxil olduğunuz ilk gündən boyunuzun balaca olduğu vurğulandı. Sonrakı tamaşalarda da sizə rolu boyunuza görə həvalə edirdilər?
   - Hələ institutda oxuduğum illərdə Akademik Milli Dram Teatrında uşaq rollarında çıxış edirdim. Hökümə Qurbanova, Səməndər Rzayev, Leyla Bədirbəyli ilə tərəf-müqabil olmuşam. Orada hamı mənə məsləhət gördü ki, sənin boyun balacadır və Gənc Tamaşaçılar Teatrında sənə uyğun çox rol olacaq. Belə də oldu. Gənc Tamaşaçılar Teatrında daha çox uşaq rolları oynayırdım. Eyni zamanda televiziyada da çıxış edirdim. «Danışan şəkillər şəhərciyi» verilişində aparıcılardan biri idim, «Hekayə axşamları»na çəkilirdim. Səhnədə uşaq, kiçik qız rolları ilə böyüdüm və sonra ana rolları oynamağa başladım. Bəzən bir tamaşada iki rol oynayıram. «Əcəl atı» (Vaqif Əlixanlı) tamaşasını misal çəkə bilərəm. Həmçinin də Oqtay Mirqasımovun ekranlaşdırdığı «Günaydın, mələyim» filmində də iki rol ifa etmişəm.
   
   “Çətin günlərimiz olub, amma sənəti atmamışıq”
   
   - «Günaydın, mələyim» filmində teatr aləmi, aktyor həyatı ilə yaxından tanış oluruq. Bilirik ki, bütün aktrisalar kimi sizin də çətinlikləriniz çox olub. Atanızın məsləhəti ilə başqa peşəni seçmədiyinizə görə peşmanlıq çəkdiyiniz anlar olur?
   - Bilirsiniz, həyat onsuz da enişli və yoxuşlu, çətinliklərlə doludur. Biz özümüz bu yolda irəliləməyi bacarmalıyıq. Mən aktrisalıq sənətini seçdiyimə görə, peşman deyiləm. İnanın ki, yenidən dünyaya gəlsəydim və eyni həyatı yaşasaydım, yenə aktrisa olacaqdım. Yalnız şahzadə ailəsində doğulsaydım, yəqin həyatım başqa cür olardı və mən aktrisa olmazdım. Biz əziyyətlərə dözə-dözə bu günə gəlib çıxmışıq. Bizim çəkdiyimiz əziyyətlərdən tamaşaçılar xəbərdar olmurlar. 1989-1990-cı illərdə çox çətin günlərimiz olub. Burada Gülşən Qurbanova, Şəfiqə Əliyeva və başqaları ilə birlikdə çörəyi sobanın üstündə qızdırır, üstünə cirə səpib yeyir və tamaşa məşqi üçün səhnəyə çıxırdıq. Belə günlərimiz olub, amma sənəti atmamışıq. Çətinliklərə dözmüşük. İnsan dözməlidir, dözə bilməyənlər mədəniyyətdən uzaq insanlardır. Əgər ac və susuzsansa, onu bildirməməlisən. Biz bu həyatı keçmişik, dözmüşük. Amma səhnəyə çıxanda bütün bu problemləri unudursan. Səhnə paltarı geyinib səhnəyə hazırlaşanda, elə bil dünyanı sənə verirlər. Səhnədə müxtəlif həyatlar yaşayırsan və bəlkə də buna görə də çox şeyə aludə olmamışam. Məqsəd naminə bu sənətdə çalışmışam. Ümumiyyətlə, məqsədə çatmaq üçün həmişə dözümlü olmuşam. Həyatda tez sınmaq olmaz. Həyatın acısını görmüşəm. Allah mənə yenə güc verib və yenə səhnəyə çıxa bilirəm. Bizim teatral maskamız var - bir üzümüz gülür, o biri ağlayır. Həyatımız da elədir. Amma bunun tamaşaçıya dəxli yoxdur. Tamaşaçı sadəcə tamaşaya baxmaq üçün teatra gəlir.
   Başqa bir işdə olsaydım, yenə çətinliklər olacaq və problemlərlə qarşılaşacaqdım. Bu həyatın adi qanunlarıdır və bunu olduğu kimi də qəbul etmək lazımdır.
   - Səhnəyə çıxanda bütün problemləri unudursunuz. Maraqlıdır, səhnə maskasını çıxarıb, real həyata qayıdanda hansı hisləri yaşayırsınız?
   - Hər tamaşadan sonra düşünürəm ki, ömürdən daha bir an getdi. Tamaşalar olmayanda özünü çox narahat hiss edirəm. Amma bədbinləşmirəm. Çünki mənim üçün səhnənin işığı heç vaxt sönmür. Pərdə bağlanır və heç zalın qaranlığını da görmürük. Otağımıza qayıdırıq və hərə öz işi ilə məşğul olur.
   - Ömrünüzün 60, səhnə həyatınızın isə 40 ili tamam oldu. Bir aktrisa üçün bu yaş nə deməkdir?
   - Özümü heç də 60 yaşdakı kimi hiss etmirəm. Mən yalnız 40 yaşına çatanda ağlamışam. Bu yaşda mən çox çətinlik çəkirdim. Amma 50-60 mənə adi gəlir. Yarım əsrdən artıq yaşamışam. Əsas odur sağlamıq, bundan önəmli nə ola bilər? Gənclərdən geri qalmıram, onlar kimi lazım gəldikdə rəqs edirəm, tamaşa oynayıram. Məndə belə bir kompleks yoxdur.
   40 illik sənət taleyimdə mənə lazımlı məsləhətlər verənlər olub. Sənət adamlarının mənə ən dəyərli məsləhəti bu teatrı seçməyim olub və gördüyünüz kimi, məsləhəti qəbul etdim və artıq 40 ildir ki, buradayam. Teatr aləmində əlimdən tutan olmayıb. Özüm işləmişəm və öz yolumu özüm tapmışam. Arxamda kimsə olmayıb ki, mənə yardım etsin. Öz zəhmətimlə bu günə gəlib çıxmışam. Kinoda da həmçinin belə olub. Dəvət olunan filmlərə çəkilmişəm, özüm xüsusi cəhd göstərməmişəm. Həyatımda isə yalnız ailəmə, həyat yoldaşıma arxalanmışam.
   
   «İndi anlayıram ki, məni yaşadan ailə qayğılarım olub»
   
   - Azərbaycanda nadir hallarda ailə, həyat yoldaşı aktrisalara dəstək olur...
   - Sənət ailəmə heç vaxt mane olmayıb. Yalnız kiçik problemlər yaşanırdı. Amma sonralar sənətdə özümü doğruldandan sonra bu problemlər də çözüldü. Çəkilişlərə bəzən yoldaşım mənimlə gedirdi. Həmin vaxtlarda mənim üzərimdə iş çox idi. Həm işə gəlir, həm də uşaqlarımı məktəbə, musiqiyə çatdırmalı idim. İndi həmin illəri xatırlayanda fikirləşirəm ki, ən gözəl anlar elə onda idi. İşin çoxluğu sənə çətin gəlmir və hər işi çatdırırsan. Özün üçün plan tutursan ki, uşaqlar üçün bunları etməli və işlərin hamısını səhnəyə çıxana qədər çatdırmalıyam. Elə etməli idim ki, həm vaxtında işdə olmalı, həm də evə vaxtında getməli idim. İstəmirdim, işimə görə evdə problem yaransın. Köməyim yox idi və gecə 4-ə qədər ev işləri ilə məşğul olurdum. İndi təkəm, bir qızım var, o da ailəlidir. İnanın ki, özüm üçün heç yemək hazırlamağa həvəsim olmur. Həmin illərdə bu qədər işin öhdəsindən tək necə gədiyimə təəccüb edirəm. Anlayıram ki, həyatda məni yaşadan onlar - oğlum, qızım, həyat yoldaşım olub. Mən onlar üçün çalışmışam. Ailə qayğılarıma görə, heç vaxt işimdə bir əskikliyim olmayıb.
   - Həm teatrda, həm də kinoda rollar oynamısınız. Hansı sizə daha yaxındır?
   - Əlbəttə, teatr. Teatr canlı sənətdir. Film bir dəfə çəkilir. Həmin filmə hər dəfə baxanda səhvlərini görürsən, deyirsən kaş bu yerini belə oynayaydım. Tamaşada səhvimiz olanda isə, tamaşanı növbəti dəfə oynamaq üçün üzərində işləyir və səhvlərini düzəldirsən. Eyni rolu hər dəfə oynayanda bir az da püxtələşirsən.
   
   Gülər Nizamiqızı