Əliqismət Lalayev: «Mədəniyyətimizdə baş verən yeniliklər teatr sahəsində özünü daha qabarıq göstərir»
Bu il 102-ci mövsümünü yaşayan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı mütəmadi olaraq sənətsevərləri maraqlı, rəngarəng səhnə quruluşları ilə sevindirir. Ölkə teatrları arasında özünəməxsus yeri olan, daim yeniliklərə can atan sənət ocağında gənc və istedadlı kadrların işə cəlb edilməsinə xüsusi diqqət yetirilir, bununla bağlı müsabiqələr keçirilir. Yanvarın 26-da teatrda daha bir müsabiqəyə yekun vuruldu və nəticədə teatrın həm aktyor heyətinə, həm də xor, balet və orkestr kollektivlərinə istedadlı gənclər qəbul olundu.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev də bizimlə söhbətə bu mövzudan başladı:
- Teatrın heyətində yeniliklər etmək üçün belə müsabiqələrin keçirilməsi çox vacibdir. Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Hazırda teatrımızda əsaslı təmir və yenidənqurma işləri aparılır. İstər yaradıcı qrup, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə isə kollektivi möhkəmlətmək, repertuarı zənginləşdirmək, daha maraqlı səhnə əsərləri hazırlamaq düşür. Bu günlərdə keçirdiyimiz müsabiqənin qalibləri arasında Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Musiqi Akademiyasının, hətta Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Xəzər Universitetinin tələbələri var. Müsabiqə iştirakçılarından Şaban Nəcəfquluzadə, Ruslan Mürsəlov və Elvin Əliyev aktyor heyətinə, Rüstəm Rüstəmov, Rasim Fərəcov, Şəhriyar Hüseynzadə, Afət Orucova, Dilşən İbadova, Nigar İbadlı, Bahar Fərzullayeva xor heyətinə qəbul edilmişlər. Arzu edək ki, bu gənclər etimadı doğrultsunlar.
- Əliqismət müəllim, bu gün ümumilikdə teatr və onun qarşısına qoyulan tələblər dəyişib. Artıq həm teatrlara hər cür şərait yaradan dövlət, həm də tamaşaçılar teatrlardan yeni fəaliyyət gözləyir. Bu barədə sizin fikirlərinizi bilmək istərdik...
- Bu gün ümumən mədəniyyətimizdə baş verən yeniliklər teatr sahəsində də özünü qabarıq göstərir. \"Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının qəbul olunması və uğurla icrası bunun bariz nümunəsidir. Bundan öncə heç vaxt Azərbaycanda teatrın inkişafı ilə bağlı belə bir uzunmüddətli dövlət proqramı qəbul olunmayıb. Məhz bu proqramın sistemli icrası sayəsində bütünlükdə ölkə teatrlarının həyatında bir dönüş, canlanma yaranıb. Teatrlarda əsaslı təmir və yenidənqurma, onların fəaliyyətindəki yeni istiqamətlər artıq öz bəhrəsini verməkdədir.
Digər tərəfdən, bu gün təhkimçilikdən azad olan rejissor və aktyorlar, eləcə də digər yaradıcı teatr təmsilçiləri öz potensiallarını bir teatrla məhdudlaşdırmadan digər sənət ocaqlarında da göstərə bilirlər. Bunun özü çox əlamətdar haldır. Bu sərbəstlik həm yaradıcı şəxslərin maddi təminatına müsbət təsir göstərir, həm də tamaşaçılara yeni, maraqlı təəssürat bəxş edir. Tətbiq olunan yeniliyin sayəsində bizim teatrda digər teatrlardan dəvət etdiyimiz Bəhram Osmanov, Əsgər Əsgərov, Elvin Mirzəyev, Oruc Qurbanov kimi rejissorlar səhnə əsərlərinə quruluşlar verirlər. Ötən il bizim ən uğurlu tamaşalarımızdan biri kimi xarakterizə olunan, rus yazıçı-dramaturqu N.Qoqolun «Evlənmə» əsəri əsasında hazırlanan tamaşanı qeyd edə bilərəm. Əməkdar incəsənət xadimi Bəhram Osmanov bu tamaşada Akademik Milli Dram Teatrının və Musiqili Komediya Teatrının aktyorlarını bir araya gətirdi. Həm uzun illərdən bəri işlədiyi Akademik Milli Dram Teatrının, həm də sənət uğurlarını həvəslə izlədiyi Musiqili Komediya Teatrının yaradıcılıq potensialını gözəl bilən rejissor bu teatrların istedadlı aktyorlarını bir səhnədə tərəf-müqabili etməyi bacardı. Akademik Milli Dram Teatrında maraqlı ifaları ilə yadda qalan xalq artistləri Şükufə Yusupova və Məleykə Əsədova teatrımızın əməkdaşları - Xalq artisti Arif Quliyev, əməkdar artistlər Elçin Həmidov (Allah rəhmət eləsin), Ramiz Məmmədov, aktyorlar Emma Məlikova, Qurban İsmayılov, Çingiz Əhmədov və başqaları ilə gözəl ansambl yaratmağa müvəffəq oldular.
- Bu günün tamaşaçısı və teatrı. İlk olaraq repertuar siyasəti və onun tamaşaçı tərəfindən necə qəbul olunması maraq doğurur...
- Əlbəttə, repertuar teatrın güzgüsü, simasıdır. Ona görə də biz repertuarımızın zənginliyinə, səhnə əsərlərinin seçiminə xüsusi diqqət veririk. Tamaşaçılarımız da bunu dəyərləndirirlər. Bu günlərdə, qara-çovğuna baxmayaraq, tamaşaçı zalını dolduran sadiq teatrsevərlərimizi görəndə bunun bir daha şahidi oldum. 2011-ci il böyük yaradıcılıq ənənələrinə malik olan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı üçün çox əlamətdar bir il olmuşdur. Gürcüstandan Rustaveli teatrının aparıcı simalarından biri, tanınmış rejissor Qoça Kapanadzeni dəvət etdik və o, sənət dostları Lomqul Murusidze, Ketevan Titişvili və Tamuna Maçaraşvili ilə bərabər A.Saqarelinin məşhur «Xanuma» əsərini (baş rolda Xalq artisti Afaq Bəşirqızı) tamaşaya qoydu. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşa sənətsevərlər tərəfindən rəğbətlə qarşılandı. Azərbaycan və Gürcüstan sənətkarlarının bu yaradıcılıq əməkdaşlığı öz bəhrəsini verdi.
Yola saldığımız ilin teatrımız üçün maraqlı olan digər bir yaradıcılıq uğuru Mark Kamolletinin «Xoşbəxt ailə oyunu oynayırıq və ya fransızsayağı qarnir» əsərinin tamaşası sayıla bilər. Teatra dəvət etdiyimiz Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərov əsəri rus bölməsinin aktyorları ilə birgə hazırladı. Rejissorun uğurlu tapıntıları, maraqlı səhnə nüansları tamaşaya yeni ruh gətirdi.
- Teatr binasının təmirə dayanması ilə əlaqədar 102-ci mövsümünüzü paytaxtdan uzaqda - Xaçmaz şəhərində açdınız...
- Sentyabrın 18-də - Üzeyir Musiqi Günündə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Xaçmazda böyük musiqi bayramı keçirildi və bizim kollektivimizin çıxışı rayonun mədəni həyatında əsl hadisəyə çevrildi. Həmin gün biz orada Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” tamaşasını oynadıq. Teatrın kollektivi həmçinin sentyabrın 19-da Şabran şəhərində Mədəniyyət və Turizm Nazirliyinin yenicə təmir etdirdiyi Mədəniyyət evində də «Ər və arvad» tamaşasını təqdim etdi. Digər uğurlu səfərimiz respublikamızın cənub bölgəsinə oldu. Lənkəranda keçirilən «Yeni teatr» II Respublika Festivalında teatrımız N.Qoqolun «Evlənmə» tamaşasını uğurla oynadı.
- Ötən ilin oktyabrında yaddaqalan daha bir hadisə baş verdi. Kollektiviniz Azərbaycan teatrının 140 illik tarixi ərzində ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarında çıxış etdi. Uzaq Amerikada tamaşaçılar Azərbaycan teatrını necə qarşıladılar?
- Amerikada fəaliyyət göstərən “Nyu-York-Azərbaycan Assosiasiyası” ötən il oktyabrın 20-dən 27-dək Nyu-York və Vaşinqton şəhərlərində «Amerikada Azərbaycan teatr bayramı» adı ilə tədbirlər keçirdi. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş bu tədbirlərdə Musiqili Komediya Teatrının yaradıcı heyəti yüksək səviyyədə iştirak edərək Amerikada yaşayan soydaşlarımıza böyük gülüş payı bağışladı. Bu tədbirlər incəsənətimizin uzaq Amerikada layiqincə təbliğinə mühüm töhfə oldu.
- Bu gün teatrların qarşısında duran vəzifələrdən biri də təcrübə mübadiləsi və qarşılıqlı əlaqələrin qurulmasıdır. Bu istiqamətdə teatrınızda nə kimi işlər görülüb?
- Yola saldığımız ildə teatrımızın baletmeysterləri Zakir və Yelena Ağayevlər Küveytə təcrübə mübadiləsinə dəvət olundular. İstedadlı tenor kimi teatra dəvət etdiyimiz Cavid Hüseyni «Qısqanc ürəklər» (Ramiz Mirişli və M. Haqverdiyev) və «Talelər qovuşanda» (R.Hacıyev və F.Zöhrabov) tamaşalarında işləməklə yanaşı, həm də bir sıra xarici ölkələrdə uğurla çıxış etdi. Amerikada, Avstraliyada, Almaniyada, Malayziyada, Kanadada, İngiltərədə, Belçikada, Hollandiyada, Rusiyada, Türkiyədə solo konsertlər verdi, Azərbaycanın musiqi mədəniyyətini uğurla təmsil etdi. Vokalçı Afaq Abbasova, xor artistləri Türkel Şabanova və Elçin Həsənov Türkiyənin Ordu və Fatsa şəhərlərində keçirilən konsertdə, balet artisti Natella Kadimova Aşqabadda təşkil olunan «Türk xalqlarının mədəni irsi» beynəlxalq festivalında, orkestrin ifaçıları Elxan Həziyev və Tofiq Seyidəmirov isə Tehranda keçirilən beynəlxalq musiqi festivalında iştirak etdilər.
Mədəniyyət və Turizm Nazirliyi «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq digər dövlətlərin teatrları ilə mədəni əlaqələrin qurulması istiqamətində məqsədyönlü iş aparır. İstedadlı gənclərin yaradıcılığının dəstəklənməsi, xüsusən teatr sahəsində qabaqcıl ölkələrin təcrübəsindən istifadə edilməsi və bu sahədə çalışan gənc kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə ayrı-ayrı teatrların əməkdaşları müəyyən müddətə xarici ölkələrə ezam olunur və başqa dövlətlərdə təcrübə keçirlər. Nazirlik tərəfindən bizim teatrın sənətçiləri və texniki işçilərinə də bu sahədə xüsusi diqqət göstərilir.
Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun rəhbərliyi ilə teatrın bir qrup yaradıcı gənci Rusiyada təcrübə mübadiləsində olmuşdur. Gənc rəssamlar Sevinc Həsənova, Novruz Məmmədov və teatrın bədii quruluş hissə müdiri Hüseyn Hüseynov oktyabrın sonunda yeddi gün müddətinə Yekaterinburq şəhərində olmuş, yeni hazırlanan tamaşa ilə bağlı Sverdlovsk Musiqili Komediya Teatrının yaradıcı heyəti ilə fikir mübadiləsi aparmış, zəngin ənənələri olan bu teatrda təcrübə keçmişlər.
- Bildiyimizə görə, teatrınızda uşaq-gənclər studiyası da fəaliyyət göstərir. Teatr mədəniyyətini təbliğ etmək, teatra kütləvi marağı artırmaq məqsədilə yaradılan studiya özünü doğruldurmu?
- Əlbəttə. Buraya müasir və milli səhnə sənətinin hərtərəfli inkişafını təmin etmək məqsədilə teatr sənətinə maraq göstərən, xoreoqrafiya, vokal, aktyorluq və ifaçılıq sahəsində xüsusi bacarığı olan 7 yaşından yuxarı uşaqları və istedadlı gəncləri teatra cəlb edirik. Novator səhnə formalarını tətbiq etmək, müasir və klassik Azərbaycan operetta əsərlərindən seçmələri səhnələşdirmək, habelə operetta janrında yaradıcılıq axtarışları aparan gənc ifaçılar və müəlliflər nəslini yetişdirmək üçün bu studiyanın fəaliyyəti çox önəmlidir.
- Bu il teatrsevərlər teatrda daha hansı tamaşaları izləyə biləcəklər?
- Musiqili Komediya Teatrı artıq ikinci yüzilliyinə qədəm qoyub. Biz tamaşaçılarımızı bu il də yeni tamaşalarla sevindirmək niyyətindəyik. Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə dramaturqun «Hekayəti-Molla İbrahimxəlil kimyagər» komediyası əsasında «Kimyagər» (bəstəkar - Xalq artisti Səyavuş Kərimi, libretto müəllifi - Əjdər Ol) tamaşası hazırlanır. Yeni səhnə əsərinə rejissor Bəhram Osmanov quruluş verir. Bundan əlavə, rejissor Ə.Əsgərovun hazırladığı «Qadınlara məhəbbətlə» (rus bölməsində), O.Kazımi və R.Heydərin «Qızıl toy» (rejissor Yusif Əkbərov), Q.Səidin «Əli və Nino» əsəri də 2012-ci ilin repertuarına daxil edilərək, bu il teatrsevərlərin ixtiyarına veriləcək.
Söhbətləşdi: Həmidə Nİzamiqızı