Aprelin 16-sı görkəmli bəstəkar, Xalq artisti, professor, “Şöhrət” ordenli Ramiz Mirişlinin doğum günüdür. Ömrünün 78-ci baharında Ramiz Mirişli ilə görüşüb ötən illərdən, ömrünün mahnılarından, bir az da gələcəkdən danışdıq. Ömür yolundan səhifələr
Ramiz Miraqil oğlu Mirişli 1934-cü ildə Naxçıvanda müəllim ailəsində anadan olub. Üzeyir Hacıbəylinin 1937-ci ildə Naxçıvanda açdığı uşaq musiqi məktəbində təhsil alıb. Sonra təhsilini Bakıda, Asəf Zeynallı adına orta Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsində davam etdirib. Burada bəstəkarlıqla da maraqlanaraq kiçik fortepiano pyesləri yazıb. 1954-cü ildə təhsilini başa vurub Naxçıvana qayıdıb, şəhər musiqi məktəbində kamança ixtisasından və musiqi nəzəriyyəsindən dərs deyib. Bəstəkar olmaq istəyi onu rahat buraxmadığından Bakıya gəlib və 1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, Xalq artisti Cövdət Hacıyevin bəstəkarlıq sinfində oxuyub. Diplom işi kimi yazdığı “Simfonik poema” Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən açıq konsertdə ifa olunub.
1962-ci ildə konservatoriyanı bitirən Ramiz Mirişli müstəqil yaradıcılıq yoluna qədəm qoyub. 1964-cü ildə Azərbaycanda ilk dəfə olaraq mahnı janrında “Yallı” rəqsi ritminə müraciət edir və “Bayram axşamlarında” mahnısını yazır. 1965-ci ildə xalq çalğı alətləri orkestri üçün “Konsert”, 1974-cü ildə kamera orkestri üçün I simfoniya, 1984-cü ildə tar və simfonik orkestr üçün “Konsert” yazıb. 1997-ci ildə simfonik orkestr üçün “Şəhidlər” simfoniyasını yazıb. Bu əsərlər müəllifin orijinal musiqi incilərindəndir. Tamaşalara, bədii filmlərə yazdığı musiqilər də orijinallığı və özünəməxsusluğu ilə seçilir. Ramiz Mirişli 500-dən çox müxtəlif səpkili mahnının müəllifidir. Uzun illər F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri işləyib. 40 ilə yaxındır ki, Bakı Musiqi Akademiyasının xalq çalğı alətləri kafedrasında çalışır.
- Ramiz müəllim, ən məşhur mahnılarınızdan biri olan “Dalğalar”ı 50 il bundan əvvəl, 1962-ci ildə yazmısınız. 50 ildir ki, bu mahnı könülləri dalğalandırır. Onu bəstələyərkən dənizə getmişdiniz, yoxsa dənizi qəlbinizə köçürmüşdünüz?
- (gülür). Onda cavan oğlan idim. Konservatoriyada oxuyurdum. Tələbə dostlarımla tez-tez dənizə gedirdik. Həmin mahnı o illərdə yarandı. İslam Səfərli ilə bir məhəllədə yaşayırdıq. Eşitmişdi ki, konservatoriyada oxuyuram, evinə çağırıb mənə “Dalğalar” adlı şeirini verdi, mən də ona musiqi yazdım. Bu, mənim ilk professional mahnım oldu. Mahnı hazır olan kimi ürəyimdən keçdi ki, onu Şövkət Ələkbərova oxusun. Şövkət xanıma zəng etdim, o da böyük məmnuniyyətlə təklifimi qəbul etdi. Mahnı çox xoşuna gəlmişdi. Ancaq o vaxtlar bədii şura vardı. Şeirdəki “çalxalanır dalğalar” sözünə görə mahnı birinci bədii şuradan keçmədi. Dedilər, bu, mahnı sözü deyil. O sözləri rəhmətlik İslam Səfərli “mirvari dalğalar” sözləri ilə əvəz elədi. “Dalğalar”ın taleyi uğurlu oldu. Bu günə kimi onu 30-dan çox tanınmış müğənni ifa edib. Bizim müğənnilərlə yanaşı, türk müğənniləri də bu mahnını ifa ediblər.
“Muğam elə bir xəzinədir ki...”
- Musiqinin bir çox başqa janrlarında əsərləriniz var. Ancaq yaradıcılığınızın tacı mahnılarınız sayılır. Ruhunuz o qədər xalqa yaxındır ki, hərdən mahnılarınızı xalq mahnıları ilə dəyişik salanlar da olur. Bunun sirri nədədir?
- Müxtəlif janrlarda əsərlər yazmışam. 4 musiqili komediya, kamera orkestri üçün simfoniya, 3 simfonik poema, 4 simfonik süita, 3 kantata, səs və orkestr üçün 2 vokal məcmuə, fortepiano üçün 12 süita və miniatürlər, 40-dan artıq teatr tamaşasına və kinofilmlərə musiqi. Ancaq mahnı xalq tərəfindən sevilən janrdır. O ki qaldı mahnılarımın xalqın ruhuna yaxın olmasına, yəqin bu ondan irəli gəlir ki, muğamatı yaxşı bilirəm. Muğamat elə bir xəzinədir ki, bəstəkarlar ondan nə qədər götürsə də azalmır, əksinə, artır. Mənə elə gəlir ki, muğam ilahi tərəfindən səmadan göndərilmiş musiqidir. Bu mükəmməl musiqini yaratmaq qeyri-mümkündür. Hindistanda, ərəb ölkələrinin hamısında muğam oxuyurlar, amma bizim muğamımızın əvəzi yoxdur. Ona görə də musiqilərimiz, mahnılarımız bu qədər çox sevilir.
- Qeyd etdiniz ki, 40-a yaxın tamaşaya və filmə musiqi yazmısınız. İstərdim bu barədə danışasınız...
- “Qaçırılmış qız”, “Gəl qohum olaq”, “Qısqanc ürəklər”, “Amerikalı kürəkən” tamaşalarına, Ramiz Həsənoğlunun “Bəylik dərsi” film-tamaşasına, 15 filmə - Arif Babayevin “Alma almaya bənzər”, Tofiq Tağızadənin “Evdə kişi var”, Elxan Qasımovun “Köhnə bərə”, Şahmar Ələkbərovun “Sahilsiz gecə” və s. ekran əsərlərinə musiqi yazmışam. Şahmar Ələkbərovun ”Qəzəlxan” və Vaqif Mustafayevin “Yarasa” filminə isə böyük oğlum Nazimlə birlikdə musiqi yazmışam. Eləcə də bir çox sənədli filmlərə və balacalar üçün “Tık-tık xanım”, “Dost axtarıram”, “Kirpi və alma” cizgi filmlərinin musiqisinin müəllifiyəm.
“Mahnı da sevgi kimi azaddır...”
- Musiqilərinizdə qəribə bir şuxluq var. Bu nə ilə bağlıdır?
- Həyatımızın müxtəlif anlarında çətinliklər olsa da, biz həmişə həyatı sevmişik.
- Yəqin ki, qəlbinizdə böyük məhəbbət olmasaydı, siz bu əsərləri yaza bilməzdiniz. Sevgiyə münasibətiniz necədir?
- Mən sevməsəm heç vaxt yaza bilmərəm. Mahnı da sevgi kimi azaddır...
- Ramiz müəllim, az adam bilir ki, siz orta məktəbi bitirəndən sonra Xarici Dillər İnstitutunun alman dili fakültəsinə daxil olsanız da, 3-4 aydan sonra oranı tərk etmisiniz. Axı bu, ciddi bir qərar idi...
- Orda otura bilməzdim, ürəyim partlayardı. Rəhmətlik anam musiqiçi olmağımı istəmirdi, “Lenin” ordenli Əməkdar müəllimə idi. İstəyirdi nüfuzlu ali məktəblərdən birində təhsil alım. Atam da müəllim idi, müharibədən yaralı gəlmişdi, 1945-ci ildə rəhmətə getdi. Bizim nəsildə ya müəllim olurlar, ya da həkim. Amma mən musiqini seçdim.
1947-ci ildə 12 yaşım vardı. Musiqi məktəbində oxuyurdum. Bir gün bizə də dedilər ki, təmiz geyinib məktəbə gəlin. “Təzə geyinin” demədilər ha, müharibədən sonra ağır illər idi, təzə paltar nə gəzirdi. Təmiz paltarda, qalstuk da bağlamışdıq, getdik məktəbə. Üzeyir bəy məktəbimizə gəlmişdi. 10-15 nəfər şagird idik. Tar, kamança siniflərinə baxdı, gördü pianino yoxdur. Getdi, bir aydan sonra məktəbimizə pianino göndərdi. Oturub o pianinoda bir barmaqla çalırdıq.
Mən kamança sinfində oxuyurdum, orta məktəbi bitirəndə sənədlərimi Xarici Dillər İnstitutuna verdim, qəbul oldum. Amma oxumadım, Asəf Zeynallı adına Musiqi Məktəbinə getdim. Süleyman Ələsgərov məni çox yaxşı qarşıladı. Sonralar o da, həyat yoldaşı da məni oğulları kimi çox istəyirdilər. Burada təhsilimi başa vurdum. O vaxt qərar vardı, gedib rayonlarda iki il işləməli idin. Getdim Naxçıvana. Musiqi məktəbində dərs dedim. Sonra Bakıya gəldim, 1956-cı ildə Konservatoriyanın bəstəkarlıq sinfinə qəbul olundum. Xülasə...
- Sərhədlərin bağlı olduğu vaxtlar sizin mahnılarınız sərhədləri aşmışdı. Türkiyədə, İranda mahnılarınızı sevə-sevə oxuyurdular...
- O vaxtlar müxtəlif xarici ölkələrə səfərlərimiz olurdu. Bolqarıstana, Rumıniyaya, SSRİ Bəstəkarlar İttifaqının xətti ilə İngiltərəyə getmişdik. 1984-cü ildə isə ilk dəfə Türkiyəyə getdim. O vaxtlar Türkiyəyə getmək çox çətin idi. Orda Ajda Pekan “Ay qəlbi kövrək” , Nəşə Qaraböcək “Bir könül sındırmışam” mahnılarımı oxuyurdular. Mənim mahnılarımı İranda da oxuyurdular. Ora ilk dəfə gedəndə məni çox təmtəraqla qarşıladılar. Demək olar ki, sonralar dünyanın xeyli ölkəsini gəzib dolaşmışam.
“Baharın gəlişini hiss eləmirəm...”
- Ramiz müəllim, hansı mahnını ömrünüzün musiqisi adlandırardınız?
- Bir gün Fikrət Qoca zəng eləmişdi, biz ikimiz də yaşıdıq, dedim bilirsən nə var, XXI əsrə gəlib çıxmışıq. Bir dənə “Əlvida” yazarsan. O da yazdı. Bu mahnını Nazpəri Dostəliyeva oxuyur. Bir də “Mənim ömrüm” adlı mahnım var, onu da Aygün Bayramova oxuyur. Əslində bütün musiqilərim mənim ömrümün musiqiləridir...
- Bir bəstəkar kimi xoşbəxtliyiniz həm də ondadır ki, mahnılarınız uzunömürlüdür. Zaman keçdikcə bu mahnılar daha da qiymətli olur...
- Mənim mahnılarımı Rəşid Behbudov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, İlhamə Quliyeva, Flora Kərimova, Yaşar Səfərov, Elmira Rəhimova, Zaur Rzayev kimi tanınmış müğənnilər oxuyub. Bir də mahnının sözü uğurlu olsa, o mahnı yaşayar. Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Məmməd Arazın, Fikrət Qocanın, İslam Səfərlinin, Bəxtiyar Vahabzadənin, Rafiq Zəkanın, Nəriman Həsənzadənin və adını çəkmədiyim neçə-neçə şairin sözlərinə musiqilər bəstələmişəm. “Bir könül sındırmışam”, “Bir xumar baxışla”, “Toy olacaq”, “Həyat, söylə sən kiminsən”, “Səndən danışdı”, “Mən sənə neyləmişəm”, “Oxu, tar”, “Səadət”. Xülasə...
- Son vaxtlar nə yazmısınız?
- Ötən ilin dekabrında möhtərəm Prezidentimizin 50 yaşının tamam olması münasibətilə yazdığım “Oda” simfonik orkestrin müşayiəti, dörd nəfər solistin ifası ilə Azərbaycan Televiziyasında nümayiş olundu. Televiziyada “Mürafiə vəkilləri” tamaşasına musiqi yazmışam.
- Övladlarınızdan ikisi bəstəkar, biri rejissordur. Ancaq bildiyimə görə, onlar mahnı yazmırlar...
- Oğlanlarımın ikisi Türkiyədə çalışırdı. Biri gəlib, o biri ordadır. Yusif Xocalı haqqında simfoniya yazmışdı. Fevralın 26-da Ankarada konserti oldu. Simfoniya çox yüksək səviyyədə qarşılandı. Nazim yaxın vaxtlarda İspaniyada açıq dərs verəcək. Hər iki oğlum simfoniya, filmlərə musiqi yazırlar, amma mənə hörmət edib mahnı yazmırlar (gülür)...
- Ramiz müəllim, hər dəfə bahar gələndə hansı hissləri keçirirsiniz?
- Vallah, mən baharı hiss eləmirəm. Mən 90-cı illərdə Filarmoniyada Mahnı və Rəqs Ansamblının bədii rəhbəri işləyirdim. 20 Yanvar hadisələrindən sonra bir il məşq eləmədik. Nə isə, mən o vaxtdan baharı hiss eləmirəm. Həyətimizdə ərik ağacı var, görürəm çiçəkləyib, deyirəm, bu nə vaxt çiçəklədi? İnanın mənə, baharın gəlişini hiss eləmirəm...
...Biz əfsanələri çox vaxt uzaqda axtarırıq. Ancaq ətrafınıza diqqətlə baxsanız, müasirimiz olan canlı əfsanələr görərsiniz. O əfsanələrdən biri də Ramiz Mirişlidir...
Təranə Vahid