Pol Maykl Teylor: “Biz təkcə öyrətmirik, həm də öyrənirik, fikir və təcrübə mübadiləsi aparırıq”
   
   Son illər Azərbaycanın müxtəlif ölkələrlə mədəni əlaqələri, qarşılıqlı təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi xüsusilə genişlənib. Aprelin 22-dən 30-dək ABŞ-ın Smitsonian İnstitutunun Asiya Mədəniyyət Tarixi Muzeyinin direktoru, Antropologiya şöbəsinin Asiya, Avropa və Orta Şərq Etnologiyası üzrə kuratoru Pol Maykl Teylor və onun üç həmkarının ölkəmizə səfəri də bu qəbildən idi. Qonaqlar azərbaycanlı muzey əməkdaşlarına interaktiv sərgilər yaratmaq və muzey proqramlaşdırması mövzusunda təlimlər keçiblər.
   
   ABŞ-ın ölkəmizdəki səfirliyinin Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil etdiyi təlimlərdə 120-dən çox muzey əməkdaşı iştirak edib. Proqrama rəhbərlik edən Dr. Pol Maykl Teylor Asiya, Avropa və Orta Şərq Etnologiyası üzrə mütəxəssisdir. Asiya ölkələrinin (xüsusilə İndoneziyanın) etnoqrafiya, etnobiologiya, dil və incəsənəti, mədəniyyəti üzrə kitabların və elmi məqalələrin müəllifidir. 17 muzey sərgisinin və 5 antropoloji sənədli filmin məsləhətçisi olub. Bir çox ölkələrin muzey mütəxəssisləri ilə birlikdə çalışıb. Bakıda olduğu müddətdə Pol Teylor bir sıra muzeylərə baş çəkib və onların kolleksiyaları ilə maraqlanıb. Onunla müsahibəmiz də elə Musiqi Mədəniyyəti Dövlət Muzeyində, qədim musiqi alətləri ansamblının konsertini dinlədikdən sonra baş tutdu.
   
   - Cənab Teylor, Smitsonian İnstitutu və onun Azərbaycanda da həyata keçirilən “Asiya mədəni tarixi” proqramı haqqında nə deyə bilərsiniz?
   - Smitsonian İnstitutu dünyanın ən böyük muzey kompleksidir. O özündə 19 muzeyi birləşdirir. Kompleksdə hətta ilk milli zoopark da fəaliyyət göstərir. Asiya Mədəniyyət Tarixi Muzeyi Smitsonian İnstitutunun bir hissəsidir. Hər il muzeyi 7 milyon insan ziyarət edir. Tədqiqat kompleksi olan muzeyin fəaliyyəti həm də dünya təbiəti haqqında kəşflərə, onun öyrənilməsinə maraq yaratmaqla yanaşı, öz tədqiqat, sərgi və təhsil proqramlarını həyata keçirir. Burada dünyanın bir çox ölkələrindən insanlar elmi tədqiqatlar aparır. Muzeyin proqramlarından biri də “Asiya mədəni tarixi” adlanır. Azərbaycanda həyata keçirdiyimiz “Muzeylərin idarə edilməsi və inkişafı” mövzusunda seminar-treninqləri də bu proqram çərçivəsində gerçəkləşdi. Səfər zamanı görüşdüyümüz səriştəli mütəxəssislərlə gələcək araşdırma və əməkdaşlıq haqqında fikirlərimizi bölüşmək imkanı əldə etmək bizim üçün çox mühümdür. Aprelin 24 və 25-də Muzey Mərkəzində təşkil edilmiş seminar-treninqlərdə Bakı şəhərində və regionlarda yerləşən muzeylərin rəhbərləri və əməkdaşları iştirak edirdilər.
   Seminar-treninqlərdə müasir Amerika muzeylərinin fəaliyyəti, idarəçiliyin mütərəqqi üsulları (müasir menecment), muzey işinə yeni yanaşma, muzey toplularının qorunması, muzey işçiləri arasında əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təcrübənin yerlərdə tətbiqi, açıq kommunikasiya sahəsinin formalaşması, mədəni turizmin inkişafı, habelə müxtəlif mövzularda mühazirələr təqdim edildi. Təlim zamanı çıxışlar slayd şou ilə müşayiət olunurdu. Sonda iştirakçılara Smitsonian İnstitutunun sertifikatları təqdim edildi. Aprelin 26-dan 28-dək isə Naxçıvana səfər edərək orada fəaliyyət göstərən muzeylərin rəhbərlərinin iştirakı ilə treninqlər təşkil etdik. Səfər proqramına əsasən bir sıra muzey və qoruqlarla da tanış olduq. Həmçinin Naxçıvanda Pensilvaniya Universitetinin arxeoloqlarının apardıqları qazıntı ərazisinə baxış keçirdik və bu bizim xoşumuza gəldi. Treninqlərdə müasir muzey işinə dair geniş fikir mübadiləsi aparılması da çox maraqlı idi.
   - Bu sizin Azərbaycana artıq dördüncü səfərinizdir. Maraqlıdır, əvvəlki səfərlərinizin məqsədi nə idi?
   - Birinci səfərim zamanı Azərbaycan, Gürcüstan və Türkiyə mütəxəssisləri ilə birlikdə kitab hazırladıq. Bu kitab Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilişləri zamanı Azərbaycanla Gürcüstanın ərazisində aşkar edilən arxeoloji-etnoqrafik abidələrdən bəhs edir. Olduqca maraqlı və cəlbedici, böyük kitabdır. BP şirkətinə minnətdaram ki, belə böyük layihənin öhdəsindən gələ bildik. Sonra Bakıya əlavə material əldə etmək üçün gəldim və bu da muzey kolleksiyaları ilə tanışlıqla bağlı idi.
   Budəfəki gəlişimizin məqsədi isə, yuxarıda qeyd etdiyim kimi, Bakıda və Naxçıvanda “Muzeylərin idarə edilməsi və inkişafı” mövzusunda seminar-treninqlərin keçirilməsi idi. Onu da qeyd edim ki, biz təkcə öyrətmirik, həm də öyrənirik. Yəni mədəni fikir və təcrübə mübadiləsi aparırıq. Bu mənada bizimlə əməkdaşlığa və göstərilən köməyə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm. Deyim ki, insanlar bu treninqlərə çox böyük maraq göstərdilər. Azərbaycan son dərəcə zəngin mədəniyyəti olan ölkədir. Ölkənizin tarixi həm regiona, həm də dünyaya inanılmaz dərəcədə maraqlıdır. Azərbaycan hökuməti və insanları da bu faktı çox aydın başa düşürlər. Çünki bu ölkədə çoxlu muzeylər, mədəniyyət institutları var və dövlət onlara dəstək verməklə yanaşı, diqqət və qayğı göstərir. Nümayəndə heyətinin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən qəbul edilməsi, görüşdə Azərbaycanda muzey işinin vəziyyəti, gələcək əməkdaşlıq məsələlərinin müzakirə edilməsi də qarşılıqlı əlaqələrə göstərilən marağın göstəricisidir.
   - Səfəriniz müddətində Bakıda və Naxçıvanda tarixi yerlərə, muzeylərimizə baş çəkdiniz. Həm qonaq, həm də mütəxəssis kimi təəssüratınız necədir?
   - Bakıda olduğumuz müddətdə Qala Tarix-Etnoqrafiya Qoruğuna, İçərişəhər qoruğuna, Şirvanşahlar saray kompleksinə, Qız qalası və Atəşgaha, Milli İncəsənət, Xalça, Tarix muzeylərinə baş çəkdik. Naxçıvandakı muzeylərlə tanış olduq. Bundan əvvəlki səfərimdə Qobustan Milli Tarix-Bədii Qoruğunda olmuşdum. Həm Bakıdakı, həm də Naxçıvandakı muzeylər xoşuma gəldi. Məsələn, Musiqi Mədəniyyəti Muzeyində qədim musiqi alətləri ansamblının ifasını dinlədim. Ansambl üzvlərinin milli paltarlarda qədim musiqi alətlərində ifaları məni heyran etdi. Eyni zamanda bu muzeydə Azərbaycanın qədim musiqi alətlərinin qorunması məndə məmnunluq hissi yaratdı.
   - Azərbaycan turizminin inkişafında muzeylərin rolunu necə dəyərləndirmək olar? Ümumiyyətlə, ölkə turizminin bir hissəsi kimi muzeylərin təqdimatında hansı yeni mexanizmlər, yanaşmalar təklif edərdiniz?
   - Ölkənizin turizm sahəsində böyük potensialı və yaxşı inkişaf imkanları var. Bildiyim qədəri ilə, bu sahədə son illər böyük işlər görülür. Muzeylər bütün dünyada turizmin çox böyük bir hissəsidir. Burada daxili və xarici komponentlər var. Muzeylər ölkənin tarixini və mədəni irsini yaşatmaqla yanaşı, eyni zamanda bu irsi xaricdə təbliğ və təmsil edir. Bu baxımdan ölkə turizmini daha çox təbliğ etmək, daha çox turist cəlb etmək üçün muzeyləri də inkişaf etdirmək lazımdır. Azərbaycanda zəngin kolleksiyaları olan muzeylər var. İnsanların çoxu bir ölkəyə turizm səfəri etməzdən öncə internetə daxil olur və səfərini onunla planlaşdırır. Odur ki, muzeylərin internetdə ətraflı təqdimatına da diqqət yetirmək lazımdır.
   
   Mehparə